Modern.az

V Qlobal Bakı Forumunun iştirakçılarına ziyafət verilib - Yenilənib, Foto

V Qlobal Bakı Forumunun iştirakçılarına ziyafət verilib - Yenilənib, Foto

17 Mart 2017, 00:38

Bu gün Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib. Modern.az xəbər verir ki,  Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstan prezidentləri, Səudiyyə Ərəbistanının şahzadəsi, eləcə də bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynayan ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq beşinci dəfədir baş tutur və budəfəki Forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə edilir.

Forumda 50-dən çox ölkədən 300-dək nümayəndə iştirak edir. Artıq Qlobal Bakı Forumu ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.

Ziyafətdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa yüksək səviyyədə qonaqpərvərliyə görə nümayəndələr adından minnətdarlığını bildirib, Azərbaycana hər səfərlərində daha böyük tərəqqi və uğurların şahidi olduqlarını vurğulayıb. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasında Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirib.

Qlobal Bakı Forumunun mühüm əhəmiyyətini qeyd edən Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə rolunun get-gedə artdığını bildirib. Xalqımızın ümummilli lideri Heydər Əliyev ilə ilk görüşünü məmnunluqla xatırlayan qonaq Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Vayra Vike-Freyberqa bildirdi ki, hər bir ölkə öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun surətdə bərpa etmək hüququna malikdir. Bütün Avropa İttifaqı ölkələri, o cümlədən Latviya belə bir ideyanı güclü surətdə dəstəkləyirlər.

Latviyanın sabiq Prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ayrı-ayrı dövlət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillərdən ibarət xatirə albomunu Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin təmsil etdiyi qurumun fəaliyyətinə hərtərəfli dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı ilə ölkəmizlə Misir arasında mədəniyyət sahəsinə dair məsələləri müzakirə etdiklərini xatırlatdı, belə görüşlərin davam edəcəyinə ümidvar olduğunu söyləyib. İsmail Serageldin növbəti Qlobal Bakı Forumunun daha möhtəşəm olacağına əminliyini vurğulayıb.

Dəyərli hədiyyəyə və ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla andığına görə Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya minnətdarlığını bildirib. Dövlət başçısı Azərbaycan tarixinin istər sovet dövründə, istərsə də ölkəmizin müstəqilliyinin bərpa olunması və dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna rolunu və misilsiz xidmətlərini xüsusi vurğulayıb. Prezident İlham Əliyev hazırda Azərbaycanın nüfuzlu dövlətlərdən birinə çevrildiyini, çoxlu dostlarının olduğunu və gələcəyə nikbinliklə baxdığını bildirib.

Dövlət başçısı qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq mötəbər quruma çevrilib və bu da dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin daha geniş təbliğinə əlverişli imkanlar yaradır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 

20:33

 

 

Bu gün Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib. Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ziyafətdə iştirak ediblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi