Modern.az

Azərbaycanda 281 ailə övladlığa uşaq götürmək üçün növbədə dayanıb

Azərbaycanda 281 ailə övladlığa uşaq götürmək üçün növbədə dayanıb

8 Aprel 2011, 20:00

Azərbaycanda hər il yetim və valideyn himayəsindən məhrum olan onlarla uşaq övladlığa verilir. Amma faktlar göstərir ki, övladlığa verilən bəzi uşaqlar heç də yeni ailələrində xoşbəxtliyə qovuşa bilmirlər və elə bu səbəbdən də məhkəmələr bir sıra hallarda övladlığa götürməni ləğv edir. Araşdırmalar göstərir ki, bəzi hallarda övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmir, valideynlik hüquqlarından sui-istifadə edir, uşağa qəddar münasibət bəsləyirlər.
Azərbaycanda 1 aydan 3 yaşınadək olan körpələr övladlığa Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evindən verilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 20 sentyabr 2000-ci il tarixli, 172 saylı qərarına əsasən, valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotunu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş uçotunu isə 3 yaşa qədər olan uşaqlar üzrə Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə Təhsil Nazirliyi həyata keçirir.

Azərbaycan respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparır.

Bu qəbildən olan 3 yaşına qədər  uşaqların mərkəzləşdirilmiş uçotunu aparan Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsindən verilən məlumata görə, hazırda 1 saylı Körpələr Evində ümumilikdə 47 uşaq var. Onlardan 14-ü artıq övladlığa verilmək üzrədir, yekün qərar çıxarılması üçün sənədləri yerli məhkəmələrə göndərilib. 9 uşaq xəstədir. Daha 8 nəfər valideyni tərəfindən müvəqqəti olaraq Körpələr Evinə  qoyulub və onlar övladlığa verilə bilməz. Bundan əlavə, 16 nəfər atılmış uşaq var ki, onların  övladlığa verilməsi üçün zəruri olan 6 ay müddəti hələ bitməyib.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin həkim-məsləhətçisi Lalə Ramazanova bildidb ki, xəstələr istisna olmaqla, hazırda övladlığa verilməsi mümkün olan uşaq yoxdur. 9 nəfər xəstə uşaqdan bəziləri əməliyyat olunub, bəzilərinin isə müalicəsi davam etdirilir. Əgər növbədə olanlardan kimsə bu 9 uşaqdan hər hansı birini bəyənsə, övladlığa götürə bilər.

L.Ramazanova Səhiyyə Nazirliyinin “Tibb qəzeti”nə bildirib ki, hazırda uşaq övladlığa götürmək üçün 281 nəfər növbədə dayanıb. Onlardan 24-ü bu il, qalanları isə əvvəlki illərdən müraciət edənlərdir.
“O ki qaldı bu istəkdə olanların sayının artıb-azalmasına, bu baxımdan  son illər demək olar ki, oxşar rəqəmlər qeydə alınır. Daha dəqiq desək, onların sayı hər il təxminən 100-105 nəfər arasında dəyişir”-deyə L.Ramazanova bildirib.

Onun sözlərinə görə, imtina olunmuş və ya atılmış uşaqların sayı getdikcə azalmaqadadır. 2000-ci illərin əvvəllərində hər il təxminən 100 imtina qeydə alınırdısa, son bir neçə ildə bu rəqəm 50-60 nəfərə qədər enib.
“Məsələn, ötən il 1 saylı Körpələr Evinə ümumilikdə 59 uşaq qəbul olunub. Onlardan 30 nəfəri imtina olunan, 24-ü  atılan, 5-i isə müvəqqəti qalan uşaqlardı”.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin həkim-məsləhətçisi deyib ki, valideyn himayəsindən məhrum olan uşaqlar arasında körpələrin sayı daha çoxdur.
“Konkret rəqəmlərlə desək, məsələn, ötən il qəbul olunan 59 uşaqdan 37 nəfəri 3 yaşa qədər, 5 nəfəri isə 3-6 ay arasında, 7 nəfəri 6 ayla 1 yaş arasında, 10 nəfəri isə 1-3 yaş arasında  olanlardır. Onu da qeyd edim ki,  son iki il ərzində ümumilikdə 97 nəfər uşaq övladlığa verilib”.

L.Ramazanova deyib ki, 2005-ci ilə qədər övladlığa uşaq götürənlərin 80 faizi əcnəbilər idi. 2005-ci ildən bəri mənzərə tamamən dəyişib. Hazırda uşaq götürənlərin 99 faizini yerli əhali, 1 faizini isə əcnəbilər təşkil edir.

“Onu da qeyd edim ki, əcnəbilərə yalnız öz vətəndaşlarımızın götürmək istəmədiyi uşaqlar övladlığa verilir. Son 2 ildə əcnəbi vətəndaşlara cəmi 2 uşaq övladlığa verilib”.

L.Ramazanova deyib ki, Nazirlər Kabinetinin 172 saylı qərarına əsasən, övladlığa uşaq götürməyi arzu edən şəxs uçota götürülmək üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidi:
Vətəndaşların (ər, arvadın)  rayon icra hakimiyyəti və ya təhsil idarəsində fəaliyyət göstərən qəyyumluq komisiyasına yazdıqları, notarial qaydada təsdiq olunan ərizə, həm poliklinikadan, həm də  dəri-zöhrəvi, vərəm, onkoloji, psixonevroloji və narkoloji dispanserlərdən sağlamlıq barədə, o cümlədən İİV-ə,  hepatit B və C-yə yoxlanılmaq üzrə arayışlar, yaşayış yerindən arayış və xasiyyətnamə, tutduğu vəzifə,  əmək haqqının miqdarı və başqa gəlirləri barədə məlumat, nikah barədə sənədin surəti, vətəndaşların evdə övladı olduqda, onun doğum  haqqında  şəhadətnaməsinin sürəti, tərcümeyi-hal, ər-arvadın şəxsiyyət vəsiqələrinin sürəti, yaşayış ünvanında qeydiyyatda olan 16 yaşından böyük digər ailə üzvlərinin notarial qaydada təsdiq edilən razılıq ərizələri, evin müayinə aktı, rayonun qəyyumluq komissiyasından    Bakı şəhər Baş Səhiyyə İdarəsinə ünvanlanmış məktub.

Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsində “qaynar xət” də fəaliyyət göstərir. Övladlığa uşaq götürmək istəyənlər süni problemlərlə qarşılaşdıqları, yaxud hər hansı narazılıqları olduğu halda, hər gün saat 10.00-dan 18.00-a qədər  495-40-15 nömrəli telefona zəng vurub məlumat verə, eləcə də istədikləri suala cavab ala bilərlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?