Modern.az

“Şurikin sərgüzəştləri" filmində çəkilən yeganə azərbaycanlı - Hüseyn Axundov haqda nə bilirik?

“Şurikin sərgüzəştləri" filmində çəkilən yeganə azərbaycanlı - Hüseyn Axundov haqda nə bilirik?

Mədəni̇yyət

16 Mart 2017, 23:10

Rəssam və aktyor Hüseyn Axundovun adı Azərbaycanda çox az adama tanış gələ bilər. Halbuki, həmyerlimiz  SSRİ Rəssamlar İttifaqının üzvü, Böyük Vətən Müharibəsi veteranı və Leonid Qaydayın şedevr əsərlərindən sayılan “I əməliyyatı və Şurikin digər macəraları” filmində rol alıb. Buna görə ən azından mərhum Hüseyn Axundovu tanımağa dəyər.

 

Modern.az saytı Hüseyn Axundov haqda yazını təqdim edir.

 

Hüseyn Məmməd oğlu Axundov 1921-ci il aprelin 28-də Bakının Balaxanı kəndində anadan olub. Yeddinci sinifdə oxuyarkən bacısı onu Azərbaycan Rəssamlıq Texnikumuna gətirir. Beləcə, Hüseyn Axundov məktəbdən kənar vaxtlarını texnikumda keçirir. Burada onun tələbə yoldaşları arasında Azərbaycanın tanınmış incəsənət xadimləri Ağa Mirzəzadə,  Əbdül Xaliq, Mikayıl Abdullayev və Oqtay Sadıqzadə olur.

 

Texnikumu uğurla başa vurduqdan sonra həyatını incəsənətə həsr etməkdə qərarlı olan Axundov 1941-ci ilin yayında Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olur. Lakin gənc rəssamın təhsilini davam etdirmək arzusu Böyük Vətən Müharibəsinin başlanması ilə yarımçıq qalır. O dərhal vətənini qorumaq üçün könüllü olaraq Qırmızı Ordu sıralarına yazılır.

 


Gənc rəssam Moskvanın müdafiəsində iştirak edir və 2 dəfə ağır yaralanır. Onunla birlikdə xidmət etmiş yazıçı-publisist Əbdül Hüseynov dostunun 90 illik yubileyində hər ikisinin yaralandığı döyüşü belə xatırlamışdı:

 

“Tam 65 il əvvəl Hüseynlə tanış olmuşdum. Danışacağım hadisə isə 1943-cü ildə baş verib. Böyük Vətən Müharibəsi davam edirdi. Elə oldu ki, biz ikimiz də eyni vaxtda yaralandıq. Hadisə Kursk ətrafında baş vermişdi. Ərazilərdən birini alman snayperi nəzarətdə saxlayırdı və mən döyüş yoldaşlarımla birlikdə həmin açıq ərazidən tez qaçaraq keçməli idim. Bu zaman qəfil atəş açıldı və mən huşumu itirdim. Ayılanda qarşımda Hüseyni gördüm. O mənim yaramı sarıyırdı. Həyatımı Hüseynə borcluyam. Hadisədən 2 saat sonra onun özü də ağır yaralanmışdı”.

 

Müharibədəki xidmətlərinə görə Hüseyn Axundov 1944-cü ildə “Cəsarətə görə” medalı və “II dərəcəli Böyük Vətən Müharibəsi ordeni” ilə təltif olunub.

 

Yaralı Axundov Bakı hospitalına gətirilir və burada müalicəsini bitirdikdən sonra “Arşın mal alan” filminin çəkilişlərində rəssam kimi iştirak edir. O sonradan Moskvaya köçür və müharibənin yarımçıq qoyduğu təhsilini bitirərək SSRİ paytaxtında yaşamağa davam edir. 
Tezliklə, “Mosfilm”də dekorasiya eskizlərinin tərtibatı işinə başlayan Hüseyn Axundov Sovet kinosunun İvan Pıryev, Qriqori Aleksandrov, Aleksandr Ptuşko kimi titanları ilə birgə çalışır. “İdiot”, “Ağ gecələr”, “Yaz”, “Sampo” və s. filmlərdə dekorasiyaların eskizlərini, kinoplakatları və s. hazırlayır. Azərbaycanlı istedad ümumilikdə, studiyada çəkilən 20-dən artıq filmin hazırlanmasında iştirak edir və hətta 1965-ci ildə rejissor Leonid Qaydayın çəkdiyi “I əməliyyatı və Şurikin başqa sərgüzəştləri” filmində rol alır. 

“Mosfilm”in pavilyonunda azərbaycanlı rəssamla rastlaşan rejissor onu statist kimi (ümumi səhnə) filmin “Ortaq” novellasında  13 nömrəli avtobusun sərnişini roluna çağırır. Qayday bu səhnəyə üçün Hüseyn Axundov kimi fərqli tipaja və keçəl olan bir nəfərə ehtiyac duyurdu.

 

Hündür, ortayaşlı skripkalı kişi obrazını canlandıran Hüseyn Axundov  avtobusda dava-dalaş salan Fedya obrazına qarşı (Aleksey Smirnov) milis idarəsində ifadə verir. Məşhur səhnədə milisin “siz bunu təsdiqləyirsinizmi?”  sualına Hüseyn Axundovun və Rina Zelenoyanın obrazları eyni anda intonasiya ilə “təsdiqləyirik” cavabını verirlər.

 

Sovet kinosunun ən uğurlu ekran əsərlərindən sayılan “I əməliyyatı və Şurikin digər macəraları” filmi Hüseyn Axundov üçün son olmur. O, elə həmən il “Pasportsuz insan”, “ŞKİD respublikası" (1966), “Altıncı” (1981) və “DAM inspektoru”  (1982) filmlərində statist kimi rol alır. Təbii ki, bu səhnələr bir neçə saniyə davam edirdi və Axundovun personajları heç bir replika söyləmirdi. Lakin zahiri görkəminin xeyli fərqli özəllikləri olduğu üçün bəzi tamaşaçılar onun simasını yadında saxlayırdı və həmyerlimizin azsaylı pərəstişkar ordusunun yaranmasına səbəb olurdu.

 

Bununla belə, Hüseyn Axundovun əsas sevgisi rəssamlıq idi. O, rəngarəng peyzajlar və natürmortlar çəkirdi. Azərbaycanlı istedadın daha bir özəlliyi flomasterlə professional portret rəsmlərini çəkməklə seçilirdi.

Manej, Kuznetsk körpüsündəki qalereya və Krım dənizkənarı parkında keçirilən sərgilərə qatılan Hüseyn Axundov Moskvada knyaz Yusupovun sarayının restavrasiyasında da iştirak edir. 1953-cü ildə isə baş rəssam qismində VDNX-nın pavilyonlardan birinin tərtibatı ilə məşğul olur

 

Xüsusən, Polşada yaradıcılığı böyük maraqla qarşılanan Hüseyn Axundovun bir çox rəsm əsərləri yerli incəsənət kolleksiyaçıları tərəfindən satın alınıb.

 

Hüseyn Axundov Moskvada Azərbaycan diasporunun fəaliyyətində də yaxından iştirak edib. Onun 90 illik yubileyi “AzərRos” təşkilatı tərəfindən 2011-ci ildə təntənəli sürətdə qeyd olunmuşdu. Böyük rəssam və aktyor 2015-ci il fevralın 6-da vəfat edib.

 

Hüseyn Axundov 18 yaşında Bakıda ailə həyatı qurmuşdu. Onun 1941-ci ildə Tofiq adlı oğlu anadan olub. Hazırda Tofiq Axundov Rusiyada məşhur sirk ustasıdır. O, həyat yoldaşı Lyudmila Axundova ilə birlikdə “Rəqs edən  begemotlar” proqramı ilə dünyanın 30-dan artıq ölkəsində çıxış edib. 2011-ci ilin martında Bakı Dövlət Sirkinin dəvəti ilə Tofiq Axundov Bakıda da konsert proqramı ilə çıxış etmişdi.


Azərbaycanın və Rusiyanın Xalq artisti Tofiq Axundov doğma şəhərinə yenidən vurulduğunu demişdi: “1984-cü ildən bu yana ilk dəfədir ki, Bakıdayam. Şəhər çox gözəlləşib. Amma bir az milli yeməklərimizin dadı dəyişib (zarafatla gileylənir). Yəqin, qərbin “fast food”u milli mətbəxə təsir edib. Mən bütün qitələrdə olmuşam, ən məşhur şəhərləri gəzmişəm, lakin Bakını görəndə yaxşı mənada təəccübləndim. Bura çoxdan gəlmək istəyirdim. Bilirsiniz ki, sirk artistinin həyatı ancaq qastrollarda keçir. Nəhayət, doğma şəhərimdəyəm”.

 

Tofiq Axundovun oğlunun vaxtsız vəfat etdiyi, qızının isə incəsənətdən uzaq fəaliyyətdə məşğul olduğu məlumdur.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır