Modern.az

Eldar Mahmudovun həbs etdiyi DİN-in generalı niyə əfv olundu...  

Eldar Mahmudovun həbs etdiyi DİN-in generalı niyə əfv olundu...  

Hadisə

16 Mart 2017, 23:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da əfv sərəncamı imzaladı.

Modern.az saytı xəbər verir ki, əfv sərəncamına düşən məhkumlar arasında Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, general Zakir Nəsirov da var.

O Zakir Nəsirov ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2005-ci ildə həyata keçirdiyi məşhur "Qara kəmər" əməliyyatı zamanı həbs olunmuşdu.

Zakir Nəsirov həbs edilərkən Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarışı İdarəsinin rəisi postunu tuturdu. O zaman general rütbəli DİN rəsmisinin həbs edilməsi ölkədə əməlli-başlı rezonans doğurmuşdu. Z.Nəsirov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. 

2005-2007-ci illərdə davam edən istintaq hərəkətləri və məhkəmə prosesləri zamanı Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-dəki çete general Zakir Nəsirovu həbsdə sıxışdırmaqla ondan hazırki daxili işlər naziri Ramil Usubovun əleyhinə ifadə almağa çalışsa da, buna nail ola bilməmişdi... Ona təklif olunmuşdu ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin adam oğrusu və qanqster Hacı Məmmədovu himayə etməsi və bu işlərdən xəbəri olması haqda ifadə versin.

Lakin Zakir Nəsirov bu təkliflə razılaşmayanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili, bir sıra qətllər və adam oğurluqlarına görə ittiham olunan Hacı Məmmədov MTN-dən gələn təlimatla onun əleyhinə müxtəlif ifadələr vermişdi.

Və məhz MTN-dəki quldur dəstəsinin təkidi ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə general Zakir Nəsirov ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.

Ümumən bu iş üzrə 26 nəfər mühakimə olunub, bir çox şəxs uzunmüddətli həbs cəzası alıb. Məhkəmə Hacı Məmmədova, Zakir Nəsirova və daha 8 nəfərə ömürlük həbs cəzası kəsib.

Zakir Nəsirov dövlət təltiflərindən və general-mayor rütbəsindən də məhrum edilib.

Nəhayət 2015-ci ildə Eldar Mahmudov nazir vəzifəsindən alındı, MTN isə ləğv edildi, oradakı quldur dəstəsi zərərsizləşdirildi, onun üzvləri həbs olundu. MTN-nin ləğvindən sonra general Zakir Nəsirovun əfv olunacağ gözlənilirdi. Və bu, baş verdi...

Ölkə baçısının 16 mart 2017-ci il tarixli əfv sərəncamı ilə 1947-ci il təvəllüdlü Zakir Əsəd oğlu Nəsirovun ömürlük azadlıqdan məhrumetmə cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzləndi....

Beləliklə, həyatının son 12 ilini türmədə keçirən Daxili İşlər Nazirliyinin 70 yaşlı sabiq generalı həbsdən çıxmağa hazırlaşır, vaxtilə onu qandallayan MTN generalları isə həbsə gedir...


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub