Modern.az

"EU Observer" Rövşən Rzayevin müsahibəsini yaydı - "Ermənistan Dağlıq Qarabağı işğal altında saxlayır"

"EU Observer" Rövşən Rzayevin müsahibəsini yaydı - "Ermənistan Dağlıq Qarabağı işğal altında saxlayır"

Aktual

17 Mart 2017, 10:54

Avropa İttifaqı ilə bağlı məsələlərin işıqlandırılması üzrə ixtisaslaşan “EU Observer” portalında Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvü Rövşən Rzayevin geniş müsahibəsi dərc edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu xüsusda Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyindən bəhs edilən müsahibədə R.Rzayev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı barədə məlumat verir, münaqişənin tarixinə ekskurs edərək 1980-ci illərin sonundan etibarən sovet rəhbərliyi ilə yaxınlıq edən erməni mənşəli şəxslər tərəfindən Azərbaycana qarşı təcavüz planının hazırlandığını xatırladır, Sumqayıt şəhərində baş vermiş hadisələrin bu mənfur planın tərkib hissəsi olduğunu bildirir. O, 1992-ci ilin fevralında Xocalıda baş verənlərin Ermənistan tərəfindən törədilmiş soyqırımı aktı olduğunu və bunun “Human Rights Watch” və “Memorial” kimi qeyri-hökumət təşkilatlarının sənədlərində də göstərildiyini vurğulayır.

R.Rzayev 2009-cu ildə Şuşaya etdiyi səfərinə toxunur, buradakı çoxəsrlik Azərbaycan məscidinin, eləcə də tarixi məqbərələrin necə dağıdıldığının şahidi olduğunu, qısamüddətli səfərindən sonra doğma şəhərini tərk etməsinin onun qəlbində dərin iztirablı izlər buraxdığını qeyd edir.

Ötən ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrdən bəhs edən deputat bunun erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhəyanı kəndlərində yaşayan dinc sakinləri atəşə tutması nəticəsində baş verdiyini, Ermənistan tərəfinin bu hadisələrlə bağlı yaydığı məlumatların yalan olduğunu diqqətə çatdırır.

Deputat Azərbaycana qarşı beynəlxalq müstəvidə aparılan qarayaxma kampaniyalarının arxasında əksər hallarda erməni lobbisinin və ona yaxın qüvvələrin dayandığını bildirir.

Münaqişənin tezliklə həllinin, eləcə də keçmişə deyil, gələcəyə baxmağın vacibliyini önə çəkən R.Rzayev Dağlıq Qarabağın erməni icmasını bölgənin azərbaycanlı icması ilə dialoqa dəvət edir. Təmsil etdiyi Azərbaycan icmasının sülh üçün müzakirələrə hər zaman hazır olduğunu vurğulayır, belə dialoqun Dağlıq Qarabağda, Tbilisidə, Moskvada, eləcə də istənilən Avropa şəhərində təşkil oluna biləcəyini qeyd edir.

Yazıda münaqişənin 1988-ci ildən başlandığı və 20 mindən çox insanın həyatına son qoyduğu vurğulanır. Genişmiqyaslı hərbi əməliyyatların 1994-cü ildə əldə edilən atəşkəs razılaşmasından sonra dayandırılmasına baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu hələ də işğal altında saxladığı vurğulanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir