Modern.az

Xürrəmilər, yoxsa hürrəmilər?

Xürrəmilər, yoxsa hürrəmilər?

Ədəbi̇yyat

17 Mart 2017, 10:12

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru                                                                                
e-mail: [email protected]

 

Tarixdə həmişə milli azadlıq hərəkatlarına müxtəlif mövqelərdən yanaşılmış, müxtəlif tərəflərdən qiymət verilmişdir. Hakim sinfin mövqeyi nəzərə alındığından, əksər hallarda tarix kitabının vərəqləri əsl tarixi həqiqəti əks etdirə bilməmiş, ağı qara, qaranı ağ göstərməyə məcbur olmuşdur. Məhz bu baxış Azərbaycan tarixində milli-azdlıq mübarizəsinin ən bariz ifadəsi olan, öz torpağının müdafiəsinə qalxan, 30 ilə yaxın bir dövrü əhatə edən Xürrəmilər hərəkatının əsl mahiyyətini və əhəmiyyətini danmış, öz milli müqəddəratını təyin etməyə çalışan bir xalqın böyük milli mübarizəsinə ləkə salmışdır. Xürrəmilər və Babək haqqında olan əksər mənbələrdə bu üsyanın iştirakçıları və başçısı milli mübariz və yadellilərə qarşı öz torpağını qoruyan vətənpərvərlər kimi yox, hər hansısa uydurma bir təlimin müdafiəçiləri, tələbkarları kimi təhlil olunur, xarakterizə edilir. Bu üsyanı doğuran səbəb mənbələrdə nə yolla olursa olsun, ört-basdır edilir, əsl məqsəd yarımçıq və bəzəkli şəkildə təqdim olunaraq xalqın fikri azdırılır.

Xürrəmilər hərəkatının şübhə altına alınması əsasən “Xürrəm” termini ilə bağlı dır. Bu barədə akademik Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” ( Bakı: Azərnəşr, 1989, 336 s.) kitabında ətraflı məlumat verilmişdir. Tarixçilər Xürrəm sözünün  fars dilində şən, şad, sevinc mənasını başqa mənada açaraq xürrəmilərin əxlaqdan kənar saxta bir din yaratmasını iddia edir, buna yalnız fakt və dəlil kimi “Xürrəm” terminini misal gətirirdilər. Xürrəm sözünü yüngül, bivec mənasında işlədərək fikirlərini əsaslandırmağa can atırdılar. Əlbəttə tarixçilər nə qədər çalışsalar da “xoruzun quyruğu”nu gizlətməyə nail ola bilməmişlər. Buradan aydın görünür ki, bu əsassız yozum öz ləyaqəti və müstəqilliyi uğrunda mübarizə aparan xalqın əsil məqsədini və ideyasını danmaqdan başqa bir şey deyildir.

  Müstəmləkəçiliyə qarşı milli mübarizəni dini mübarizəyə, yəni iki din arasında gedən mübarizəyə çevirmək cəhdi aydındır. Öz azadlığı uğrunda mütəşəkkil şəkildə mübarizə aparanlara süni bir din qondarma, sonra bu dinin puçluğu və qeyri-təbiilyini sübut edərək belə çürük əqidənin uğrunda mübarizə aparanları tərki-silah etmə və bu mübarizənin əsas xarakterini dəyişdirmə hər bir hakim sinfin ideoloqlarının istifadə etdiyi köhnə üsuldur. Məlumdur ki, mövcud üsuli-idarəyə qarşı yönələn etiraz səsini boğan dövlət aparatının öz təbliğat vasitələri vardır ki, onun hərəkətinə haqq qazandırsın və nüfuzunu bərpa etsin. Bu mənada xürrəmilərin ideyalarını təhlil edərkən, bu ideyalara ziyan gətirən məlumatların təsdiq edilməsində ən azı məntiq yoxdur. Unutmayaq ki, Babək üsyanı haqda olan mənbələrin əksər hissəsi ərəb və erməni mənbələridir. Birincilər bu hərəkatın və bu mübarizənin ziddini təşkil edən və 30 illik bir dövrdə ziyan çəkən tərəfin tarixçiləri, bəlkə də təblğatçıları, ikincilər türk tarixinin saxtalaşdırılmasında artıq ənənə qazanan həvəskar tarixçilərdir. Çox təəssüf ki, biz bu dövr haqqında söhbət açarkən həmişə bu mənbələrə istinad etmiş, özümüz də bilmədən xalq hərəkatı üzərinə atılan böhtanı və ləkəni təmizləmək əvəzinə, müəyyən mənada təsdiq etmişik. Xüsusilə o dövrün erməni mənbələrinə təhlilsiz yanaşmaq, bu gün erməni tarixçilərinin türk milləti üzərinə atdıqları böhtanların ( vəhşi tayfa və s) min ildən sonra həmin türk nəsli tərəfindən həqiqət kimi qəbul edilməsinə bərabərdir. Elə buna görə də hər bir tarixi məxəzi kor-koranə həqiqət kimi qəbul etmək olmaz. Təəssüf  ki, böyük dramaturqumuz C.Cabbarlının da bu cəhət diqqətindən qaçmış, Babək və xürrəmilər üzərinə atılan böhtanı “Od gəlini” əsərində məsələnin səhv qoyuluşu ilə bədii şəkildə təsdiq etmişdir.

Bu gün İslam dininə, İslam ənənəsinə bağlılığından asılı olmayaraq heç kəs Babək hərəkatını şübhə altına almaqda haqlı deyildir. Artıq yeni dövrün “ab-havası”n da buna cəhd göstərilir, bəziləri özü də bilmədən bu mübarizəyə dini mübarizə paltarı geydirirlər. Artıq mətbuatda bu barədə yazılar görünməyə başlanmışdır. Lakin bir cəhət yaddan çıxmamalıdır ki, Babəkin apardığı mübarizə dinə (İslama ) qarşı deyil, xalqını qarət edən ərəb işğalına, ərəb üsuli-idarəsinə qarşı idi. Buna görə də bu mübarizə əsl milli-azadlıq mübarizəsi idi. Nədənsə bəzi tarixçilər dini qəbul etməni onu gətirənlərin ağalığını qəbul etmə kimi hər hansı bir dinə malik olanların yatardığı məcburi aparatı qəbul etməməyi isə din əleyhinə mübarizə kimi başa düşür. Halbuki, bunların arasında fərq böyükdür. Xürrəmilər bu dini qəbul etsəydilər belə, onu gətirənlərin ağalığını qəbul etməyəcəkdilər. Çünki xalqın milli təfəkkürü onun ləyaqətini təyin edir. Ləyaqətini özgələrin ayağı altına atmaq istəyən xalq isə yoxdur.

Nəhayət “Xürrəm” termininin də şən, şad, sevinc sözlərindən götürülməsi də həqiqətə uyğun deyildir. Bizə elə gəlir ki, bu hərəkatın adı xürrəmilər deyil, hürrəmilər kimi deyilməli və yazılmalıdır. Güman ki, üsyançılara ərəblər hürrəmi adını vermiş, bu söz “üsyan edənlər”, “üsyançılar” mənasında işlənmişdir. Hürrəmi sözünün kökü “hürr” ərəb sözü olub azad, azadə deməkdir. “Azadlıq istəyən” ifadəsinin etiraz edən, üsyan edən mənasına, ifadəsinə yaxınlığı göz qabağındadır.Yaxşı mənada bu adı hərəkat özü də götürə bilər, çünki hürr sözü, hürr istəyənlərin ideyasına uyğundur.              

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?