Modern.az

Milli Məclisin deputatları: “Bu hələ çiydir, materialı da bərkdir, amma gəlin onu bişirək”

Milli Məclisin deputatları: “Bu hələ çiydir, materialı da bərkdir, amma gəlin onu bişirək”

8 Aprel 2011, 21:01


“Bu qanun hələ çiydir, onu bişirmək lazımdır”. Bu iradlar Milli Məclisin aprelin 9-də keçirilən iclasında “İcbari sığortalar haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində səslənib. Layihə haqqında ən çox irad bildirən deputat Vahid Əhmədov olub.

Qeyd edək ki, bu qanun əsasən vətəndaşların daşınmaz əmlak və nəqliyyat vasitələrinin məcburi sığortasını nəzərdə tutur. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanunun qəbulunu zəruri hesab etsə də, bəzi həmkarları onun fikirləri ilə razılaşmayıblar.
Vahid Əhmədov bildirib ki, bu qanun nə Azərbaycan ictimaiyyətinə, nə də dövlət büdcəsinə o qədər də vacib deyil: “Qeyd olundu ki, qəza vəziyyətində olan əmlak sığorta oluna bilməz. Azərbaycanda isə belə əmlakların sayı çoxdur. Ən ciddi məsələ də qiymət məsələsidir. Bu məqsədlə elə ekspertlərdən istifadə olunmalıdır ki, qiymətləndirmə məsələsindən başı çıxsın”. Layihənin ikinci oxunuşda qəbuluna qarşı çıxan Vahid Əhmədov onu “bişməmiş, tam çiy bir sənəd” adlandırdı.

İclasa sədrlik edən vitse-spiker Ziyafət Əsəgorov isə qanunu “bişirməyi” təklif edib: “Biz də bura ona görə yığışmışıq ki, qanunu “bişirək”. Gəlin, bunu birlikdə “bişirək”. İkinci oxunuşda sonra ayrıca bir komissiya yaradılacaq. Qoy, bu komissiya ikinci oxunuşun nəticələrinə uyğun yekun bir sənəd hazırlasın. Nə qədər ki, “bişirə” biləriksə, “bişirək”. Sonra üçüncü oxunuşda biləcəyik ki, hansı müddəalar dəyişir”.

Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də “bişmək” məsələsini davam etdirib. Deyib ki, bu qanunun materialı elə “bərkdir” ki, onu saatlarla danışmaqla “bişirmək” mümkün olmayacaq:
“Təəssüf ki, qanunda xüsusi bir sahənin marağı üstün götürülür, dövlətin və vətəndaşın marağı nəzərə alınmır. Bu qanunun işləməsində və aztəminatlı ailələrə aid edilməsində çox ciddi problemlər var. İlk növbədə qanunun adı dəyişməlidir, mahiyyətinə uyğun olmalıdır. Sənədin dili də çox qəlizdir, ondan yalnız peşəkarlar baş çıxardar. Sonra gələcəkdə sığorta şirkətlərinin sui-istifadəsinə yol açar”.

Musa Quliyev qanunda yoxsulluq həddində olan insanların mənafeyinin qorunmadığını söyləyib: “Belə ailələrin evlərinin sığortalanması dövlət hesabına həyata keçirilməlidir. Yoxsa bu insanlar aldıqları ünvanlı yardımın bir hissəsini icbari sığortaya yönəltsə, onda narazılıq yaranacaq”.

Təəssüf ki, deputatların əksəriyyəti bu qanunun müzakirəsinə qatılmamışdı. İclas fasiləsiz davam etdiyindən, millət vəkillərinin əksəriyyəti bu layihənin müzakirəsinə qatılmaq əvəzinə zalı tərk etmişdilər. Müzakirələrin uzanmasından hövsələsi daralan bəzi deputatlar isə çıxış etmək istəyənlərə etirazlarını bildirirdilər. Onlara təklif edilib ki, çıxış əvəzinə tövsiyələrini yazılı şəkildə komitəyə təqdim etsinlər. Beləliklə, mübahisəli sənəd ikinci oxunuşda təsdiqlənib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?