Modern.az

Tanınmış imzaların “Mövlud”undan sonra adamın intihar etməyi gəlir

Tanınmış imzaların “Mövlud”undan sonra adamın intihar etməyi gəlir

Aktual

17 Mart 2017, 12:08

Üzeyir Şəfi,
sosioloq

 

Xoşlamadığım mövzudur – intihar. Haqqında düşünmək, danışmaq, yazmaq da ürəyimcə deyil. Ünüm yetən media əməkdaşlarını həmişə bu mövzudan uzaq olmağa səsləmişəm. Çünki elə hadisələr var ki, onların mətbuat mövzusu olması arzuolunan və məqsədəuyğun deyil.  Mətbuat  bu hadisələrə ancaq nəfəs verə bilər. Populyar insanların intihar halları cəmiyyət üçün daha zərərli olub epidemik səciyyə daşıyır.  Elə də çox yaşım olmasa da yaxşı xatirimdədir, bir qərinə qabaq yaşadığım kənddə, köydə intihar halları necə qarşılanırdı. Çox nadir hal olan intihar insanların nifrət, yazıqlıq, peşmançılıq, təəssüf hissi və.s. ilə çulğaşmış qarışıq münasibəti ilə müşayiət olunurdu. Açığı ömrünü başa vurmuş bir qocanın ölümü belə, intihara məruz qalan insanın qətlindən daha təsirli və təəssüfdoğurucu idi. İntihar edənin üstünə molla çağrılmaz, müsəlman qaydası ilə dəfn edilməzdi. Kənd camiyyəsinin qınağı da öz yerində. Kəndimizin din adamları söhbətlərində, moizələrində dinin intiharı pislədiyini qeyd edir, Qurani Kərimin ən-Nisa surəsinin 29-cu ayəsində bu halların qəbuledilməz olduğu vurğulanırdı. Sevinc və kədərlərini eyni səxavətlə bölüşməyi bacaran bu kəndə intihar nadirən söhbət mövzusu olardı.


Sonra Başkəndə gəldim. Meqapolis dəyərləri tam fərqli oldu. İntihar hadisəsi həm statistik baxımdan, həm də özünə qiymət baxımdan fərqliliklərlə heyrətamiz idi. Başkənddə nə yazıqlar ki, intihar edənləri özlərinə kumir seçənlər, intihar edən intelektualların, yaradıcı adamların, bir sıra siyasilərin statistikasını xatırladaraq, bu halı iradənin təntənəsi sayanlar gördüm.


Sonra bu mövzuyla bağlı ixtisasımdan asılı olaraq nəzəri araşdırmalarla tanış oldum. Emil Dürheymin “İntihar”ı ilə tanışlıq mənə problemin bitkin mənzərəsini verdi. Bu barədə sizi yormaq istəmirəm. Çünki “Strategiya az” saytında problemlə bağlı geniş bir məqalə ilə çıxış etmişəm. Ancaq məni narahat edən məqam məşhurların intihar etmələri və tanınmış ziyalıların intihara verdiyi qiymətdir.


Saytlarda intelektinə böyük hörmət bəslədiyim  bəzi yazarların suisid qurbanı gənc yazarla bağlı yazıları təqdir doğurduğu qədər təəssüf də doğurdu. Doğrusu sizi bilmirəm, bəzi tanınmış imzaların təqdimatında Mövludun ölümü  dünyanın ənyaxşı ölümü kimi məndə təsir yaratdı və məncə  iradə böhranı yaşayanlar, çətinlik qarşısında səbr kəsri olanlar  belə ölümü sevə-sevə seçməyə meyillənər.


Digər yazar Kənan Hacının da intihara meyilli statusu zənnimdə yanılmadığımı təsdiq etdi. Zarafat deyil intihar etmiş gənc yazar haqqında intelektualların təssüfü, həm də bu təəssüf onun kaş sağ qalaydın şəklində deyil, bu cür ölümə təqdir dolu vəsf qiyafəsində bəraət?! Axı  intihar edən belə insanlar eqoist olub cəmiyyəti, yaxınlarını, dini nəzərə almırlarsa, onlar niyə nəzərə alınmalıdır, qiymətləndirilməlidir?!

Hərçənd mövludların ölümündə  sosial  problemlərdən daha çox uşaqlıq psixoloji  travmalarının, ailə psixoloji iqliminin də eyni dərəcədə günah payı olmamış deyil. Bunu Mövludun yazılarında da görmək çətin deyildi. Elə bir cəmiyyət yoxdur ki, sosial problemi olmasın və bütün insanlar eyni dərəcədə xoşbəxt olsun. Ancaq heç bir səbəb intihara əsas verə bilməz. İntihar edən insanlar hörmətə layiq deyil . İntihar iradənin gücü deyil, rüsvayçı məğlubiyyətidir. Əsl iradə yiyəsi həyat onu təkcə güldürəndə gülən deyil, ağladanda belə gülməyi bacarandır. Onu sevənlərin xətrinə və ən başlıcası ALLAH eşqinə.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır