Modern.az

Yeni prorektor: “Burada görüləsi işlər çoxdur”

Yeni prorektor: “Burada görüləsi işlər çoxdur”

Aktual

17 Mart 2017, 13:11

Xəbər verdiyimiz kimi, dünən “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru bəzifəsindən çıxarılan Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib.

Yeni prorektor Bayram Hüseynzadə təəssüratlarını Modern.az-la bölüşüb.  

“Uzun illər Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmuşam. Daha sonra “Azərbaycan müəllimi” qəzetində baş redaktor vəzifəsində çalışmışam. Dünən təhsil naziri cənab Mikayıl Cabbarov  mənə etimad göstərərək Bakı Mühəndislik Universitetinin prorektor vəzifəsinə təyin edib. Ümumiyyətlə, bu işdə mənə etimad göstərən bütün insanlara təşəkkür edirəm”.

B.Hüseynzadə bildirib ki, Bakı Mühəndislik Universiteti Azərbaycanda xüsusi ali təhsil ocağıdır.

“Düşünürəm ki, bu universitetə yanaşma da fərqli olmalıdır. Burada inzibati qaydada idarəetmə metodu seçə bilmərik. Sadəcə, tələbələrlə dost olmalıyıq. Bu universitetin çox gözəl ənənələri var. Çalışmalıyıq ki, o ənənələri də qoruyaq. Burada görüləsi işlər çoxdur. Çalışacağam ki, hörmətli rektorumuzun rəhbərliyi ilə bütün işləri birgə həyata keçirim.

Dediyim kimi, uzun illər İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmuşam. Bu sahə mənə bir az da yaxın sahədir. Çalışacağam ki, bu sahə ilə bağlı bütün məsələləri, xüsusilə, tələbələrin fəaliyyətini  diqqətdə saxlayım. Proseslərə yaxından köməklik göstərim”.

Bayram Hüseynzadə siyasi elmlər üzrə fəlsəfə doktorudur.
 

Xatırladaq ki, Bakı Mühəndislik Universiteti ölkə başçısının sərəncamı ilə 2016-cı ilin noyabrında keçmiş Qafqaz Universitetinin bazasında yaradılıb. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovdur.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi