Modern.az

“Banklarda kredit faizləri aşağı salınsın” - Deputatdan TƏKLİF

“Banklarda kredit faizləri aşağı salınsın” - Deputatdan TƏKLİF

Aktual

17 Mart 2017, 15:17

“Hökumətin bugünkü hesabatından göründüyü kimi, 2016-cı ildə istehsal sahələri, ümumdaxili məhsul və digər sahələr üzrə azalmalar olub, bütün bunlar bizə təqdim olunan sənəddə rəqəmlərlə açıq-aşkar göstərilib və onları sadalamağa gərək yoxdur. Bu onu göstərir ki, hesabat obyektiv və prinsipial kriteriyalar üzrə hazırlanıb. Biz millət vəkillərinə real iqtisadi və maliyyə vəziyyətini doğru-dürüst göstərdiyi üçün hesabat müəlliflərinə təşəkkürümü bildirirəm”.

Modern.az xəbər verir ki, bu sözləri deputat Elmira Axundova Milli Məclisin bugünkü iclasında çıxış edərkən söyləyib.


O deyib ki, çətinliklərə rəğmən dövlət bir sıra layihələrini, xüsusən sosial layihələri dayandırmadı ki, bu da yaxşı haldır.

“Bir çox vacib işlər həyata keçirildi. Bu barədə hörmətli Artur Rasizadənin çıxışında ətraflı qeyd edilib. Ona görə də keçən dövrdə hökumətin fəaliyyətini əsasən qənaətbəxş hesab edirəm. Amma irad və təkliflərim də olacaq.

Əvvəlcə onu qeyd edim ki, keçən illərdə bank sistemində xoşagəlməz proseslər getdiyi üçün banklara əhali tərəfindən inam xeyli dərəcədə azalıb. Qiymətli mütəxəssislər, yəni bağlanan bankların işçiləri işsiz qaldılar, kreditlər məsələsində əhali çox əziyyət çəkdi, insanlar öz problemləri və banklarla üz-üzə tək qaldı, bunun nəticəsində intihar edənlər də oldu. Əhali banklarda topladığı vəsaitləri banklardan kütləvi şəkildə geri götürdü. Son məlumatlara görə daha bir neçə bankın ləğv edilməsi və ya birləşdirilməsi prosesi gözlənilir. Mənə elə gəlir ki, bu çıxış yolu deyil. Bankların özündə hal-hazırda mövcud olan ən böyük neqativ hal kreditlərinin faizlərini 29-30 faizə qalxmasıdır. Təklif tələbi üstələyir, lakin heç bir sahibkar risk edib banklardan kredit götürmür. Buna görə təklif edərdim ki, banklarda kredit faizləri aşağı salınsın. Kredit borcların qaytarılmasında əhəliyə əməli köməklik göstərilsin. Çünki bu sahədə böyük bədbinlik var.

İndi ən əsası Mərkəzi Bankın rəhbərliyi tərəfindən bu və digər neqativ halları aradan qaldırmaq üçün çox ciddi və düşünülmüş siyasətin aparılması, əhalinin banklara olan etimadının bərpa edilməsidir. Prezidentimiz də öz çıxışında deyib ki, keçən il bizim iqtisadiyyatımıza ən çox ziyan gətirən bank sistemi olub. Ona görə bu sistemi düzəltmək kimi ağır məsuliyyət yenə də Mərkəzi Bankın rəhbərliyinə düşür. İndiki zamanda bu bəlkə də ən zəif yerimizdir”.


Elmira Axundova maaşlarla bağlı məsələyə də toxunub:


“Ölkədə maliyyə böhranı olmasına baxmayaraq digər qeyd etmək istədiyim məsələ əhalinin bəzi təbəqələrinin maaşları ilə bağlıdır. Bildiyiniz kimi hal-hazırda hökumət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Keçən illər ərzində hüquq mühafizə orqanı işçilərinin, hakim, prokurorluq və polis əməkdaşlarının əmək haqları əhəmiyyətli dərəcədə artırıldı. Bu tədbirlər həmin orqanlarda rüşvətxorluq və korrupsiya faktını xeyli dərəcədə azaltdı. Lakin bir sıra dövlət qulluqçularının, əsasən aşağı pillələrdə işləyənlərin, həmçinin rayon ərazi nümayəndəliklərində və rayon  icra hakimiyyətlərində çalışanların maaşları çox aşağıdır – 190-300 manat arasında. Əlbəttə, bu məbləğ bir tərəfdən onların gündəlik tələbatını ödəmək iqtidarında deyil, digər tərəfdən də korrupsiyaya yol açır. Çünki həmin işçilər insanlarla birbaşa ünsiyyətdə olan şəxslərdir. Bilirəm ki, maliyyə çətinliklərimiz çoxdur, lakin xahiş edirəm bəzi infrastruktur layihələrinin dayandırılması hesabına olsa da, bu dəyərli və dövlətçiliyə sadiq insanlar layiqli həyata imkan verən maaşlarla təmin edilsinlər ki, dövlət qulluğuna maraq artsın”.


Səhiyyədən danışan deputat  deyib: “Dövlət tərəfindən dərman preparatlarının qiymətləri tənzimləndikdən, qiymətləri aşağı düşdükdən sonra bir sıra dərmanlar, xüsusən orijinal mallar, xaricdən gələn yüksək keyfiyyətli dərmanlar Azərbaycanda yoxa çıxdı, onları tapmaq mümkün deyil. Ölkəmizə əsasən orijinal dərmanların Türkiyə, Polşa, Hindistan və s. dövlətlərdən ucuz qarşılıqları və əvəzediciləri gəlir. Bəzən ən sıravi, lakin vacib olan dərmanı tapa bilmirsən. Xahiş edərdim ki, bu məsələ ciddi araşdırılsın, dərmanların çeşidləri genişlənsin, çünki bizdə dərman seçimi çox məhduddur”.


E.Axundova dəm qazından ölən insanların sayının xeyli artmasına da diqqət çəkib:

“Təklif edərdim ki, “Azəriqaz” İstehsalat Birliyi qaz xətləri yeni qurulan zaman evlərdə sayğacla yanaşı dəm qazını hiss edən avtomatik təhlükəsizlik qurğusunu da yerləşdirsin. Artıq mövcud olan abonentlərin mənzillərində isə bu qurğular məcburi qaydada quraşdırılsın. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq.

Digər məsələ məişət tullantılarının yığılması və təkrar emalı ilə əlaqədardır. Mən plenar iclaslarda bu barədə çıxış etmişəm, hörmətli Əli Əhmədov və Hüseynqulu Bağırova müraciətim olub. Xüsusi minnətdarlığım Ekologiya nazirinədir ki, o, bu məsələdə bizə daima dəstək olur. Söhbət məişət tullantılarının Bakı və ətraf rayonlarda yığılması və daşınmasından gedir. Bakı ətrafı rayonlarda, xüsusən bağ massivlərində, sahilboyunda, həmçinin ictimai çimərliklərdə zibil topaları yenə də qalaqlanır. Nədənsə həmin ərazilərdə zibil maşınları gözə dəymir, zibillər vaxtlı-vaxtında daşınmır, boş olan bağ sahələri zibillənir, qanunsuz zibilxanalara çevrilir.

Zibillər daşınan yerlərdə, hətta Bakının özündə də vəziyyət ürəkaçan deyil, belə ki, orada ətraf təmizlənmir, zibil qablarının içində zibil qalır, zibil konteynerləri qapaqsız olduğuna görə ora milçəklər toplaşır, ətrafa üfunət iyi yayılır. Bütün bunlar turistik məkanı olan Bakının imicinə ciddi zərbə vurur.

İstərdim ki, Avropa dövlətlərinin bir çoxundakı kimi zibillərin müxtəlif növlərinin ayrı-ayrı qablara yığılması təşkil olunsun, bu prosesə artıq başlanılıb, amma o çox ləng gedir.

Başqa bir məsələ: biz təkrar emal məsələsi ilə ciddi məşğul olmuruq. Bir tərəfdən, şüşə butulka və bankaların, plastik qabların, karton qutuların, qəzet-jurnalların qəbulu məntəqələri demək olar ki yoxa çıxıb, digər tərəfdən onları təkrar emal edən müəssisələr də çox az və zəifdir. Halbuki bütün dünya həmin tullantılardan yararlanıb böyük mənfəət götürür, biz isə onları sadəcə olaraq məhv edirik.

Ümid edirəm ki, bütün bu qeyd etdiyim məsələlər ciddi nəzərdən keçiriləcək və müvafiq tədbirlər görüləcək. Fürsətdən istifadə edərək Artur müəllimə də hər zaman təkliflərimizə həssaslıqla yanaşdığı üçün ayrına təşəkkür edirəm. Hökumətin hesabatına da səs verəcəyimi bildirirəm”.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı