Modern.az

Deputat Məlahət İbrahimqızı: "İqtidar-müxalifət dialoqunu parlamentdə müzakirə edə bilərik"

Deputat Məlahət İbrahimqızı: "İqtidar-müxalifət dialoqunu parlamentdə müzakirə edə bilərik"

9 Aprel 2011, 11:46

Modern.az saytının sualarını millət vəkili Məlahət İbrahimqızı cavablandırır.

- Məlahət xanım, siz bir çox ölkənin parlamentində olmusunuz. Dünyanın əksər ölkəsində parlamentdə dinləmələr keçirilir. Bunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda ölkə prezidentinin həyata keçirdiyi islahatlar çərçivəsində, xüsusi ilə də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə prosesində parlament dinləmələrinin çox böyük əhəmiyyəti var. Qeyd edim ki, mən beynəlxalq təşkilatlara üzv olduğuma görə, dəfələrlə ayrı-ayrı ölkələrin parlament dinləmələrində iştirak etmişəm. Və həqiqətən də parlament dinləmələri çox böyük əhəmiyyətə malikdir. Parlament dinləmələrinin cəmiyyətdə mövcud olan problemlərin həlli istiqamətində, aparılan islahatların sürətlənməsində, cəmiyyətin irəli getməsində mühüm rolu var. Məsələn, mən bu yaxınlarda Böyük Britaniyanın parlamentində “Ana ölümü, ana sağlamlığı, uşaq ölümü” ilə bağlı parlament dinləməsində oldum. Minilliyin inkişaf sammitində əsas 8 məqsəddən üçü ana ölümü, uşaq ölümü və digər məsələlərlə bağlı dinləmələr idi. Mən həmin tədbirdə iştirak edirdim. Təsəvvür edin ki, dinləmələrdə bu problemlə əlaqəsi olan bütün dövlət qurumları, eyni zamanda donor təşkilatların, beynəlxalq təşkilatların təmsilçiləri və eləcə də İngiltərənin özündə olan iş adamları da iştirak edirdilər. Elə bil orada hər kəs biri-birinə hesabat verirdi. Burada məqsəd kimisə tənqid etmək, kimisə təhqir etmək  deyildi. Sanki hamı bu məsələnin həllinə çalışırdı. Demək olar ki, həmin problemin həlli dövlət üçün, cəmiyyət üçün böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, qeyd edim ki, parlament dinləmələrində çox səmərəli müzakirələr olur. Mən təkcə İngiltərədə yox, hətta Norveç və Almaniya kimi ölkələrdə dinləmələrdə iştirak etmişəm.

- Qeyd etdiniz ki, bir çox ölkələrin parlament dinləmələrində iştirak etmisiniz. Bu ölkə parlamentlərində daha çox hansı məsələlər diqqətinizi çəkib?

- Dinləmələr onlarda bir ənənədir. Bu ənənə həmin ölkələrdə yeni bir şey deyil. Ənənə olduğuna görə, burda dinləmələr zamanı heç kim heç kimdən incimir, küsmür. Onlarda tənqiddən qorxmaq yoxdur. Sanki insanlar dostcasına bu məsələlərə münasibət bildirirlər. Mən kənardan bir başqa ölkənin nümayəndəsi kimi görürəm, burada bir konsensus var. Təsəvvür edin, Azərbaycanda kimisə tənqid edəndə az qalır səninlə buna görə düşmənçilik aparsın. Ancaq yenə deyirəm, parlament öz qanunvericiliyində olan bütün boşluqları görə bilməz. Bu qanunlarla bağlı cəmiyyətdə işləyən qurumlar görürlər ki, parlamentdə harada boşluq var. Mən bu ölkələrin parlament dinləmələrində iştirak edən zaman şahidi olurdum ki, insanlar tənqidə, təklifə və ümumi müzakirələrə çox tolerant, anlaşılan səviyyədə yanaşılır. Bu mənim çox xoşuma gəlirdi. Hətta ən kəskin  problemlərin müzakirələrində belə görürdüm ki, müzakirələr çox gözəl, faydalı  keçir və sonda gözlənildiyi kimi yaxşı nəticələr verir.

- Deməli, dinləmələr ən böyük problemin həllində yaxşı mənada böyük rol oynaya bilir...

- Bu gün bir çoxları fikir bildirirlər ki, Azərbaycan  parlamentli ölkə deyil. Millət vəkili əgər 50 mindən çox seçici tərəfindən seçilirsə və o, seçicilərinin problemlərini bilməlidir, gücü çatdığı qədər bu problemlərin həllinə dəstək verməlidir. XXI əsrdə bütün dünyada parlamentarilərin rolu da artır. Problemlərin həlli ilə bağlı müzakirələrdə onların iştirakının zəruriliyi hiss olunur. Son on ildə dünya təbiət dəyişikliyi ilə bağlı hədsiz dərəcədə təşvişdədir. Keçən il İslandiyada baş verən vulkan püskürməsində gördünüz ki, bütün dünya iflic oldu. Bu gün beynəlxalq təşkilatlkarın saytlarına baxsanız, görərsiniz ki, iqlim dəyişkənliyi və parlamentarilərin ictimai vəkillikdə rolu ilə bağlı çoxlu sayda məlumatlar yayılır. Sadə bir insan fikirləşə bilər ki, təbiət dəyişib parlamentarilərin buna nə dəxli var. Bu gün parlamentarilərin istənilən məsələdə iştirakının zəruriliyi hər dəqiqə görünür. Son illər dünyanın ayrı-ayrı ölkələrində parlament dinləmələri daha da aktivləşib.

Baxın, prezidentimiz sadə insanlarla görüşlərində ən xırda  problemlərə toxunur. Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı verdiyi göstəriş çox təqdirəlayiq haldır. Bundan başqa, bildiyimiz kimi, Azərbaycanda uzun illərdir korrupsiya ilə bağlı mübarizə aparılır, amma son zamanlar buna qarşı mübarizə daha da gücləndirilib. Biz hər şeyi Prezident tərəfindən gözləməməliyik. Dövlətin siyasəti, iradəsi bəllidir. Fikir verirsiniz, bu nə qədər ictimailəşib. Hər hansı problemi biz həll etmək istəyiriksə, cəmiyyətdə problemlərin azalmasını istəyiriksə, bu məsələləri ictimailəşdirməliyik. İqtidar-müxalifət dialoqu məsələsini də parlamentdə müzakirə edə bilərik. İstənilən problem parlament dinləmələrində müzakirə olunmalıdır.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir