Modern.az

Vitse-admiral Şahin Sultanova hökm oxundu

Vitse-admiral Şahin Sultanova hökm oxundu

Aktual

17 Mart 2017, 17:37

Bu gün Nəsimi rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Vəkil Telman Abdiyevin Modern.az verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Sultanov 8 il 6 ay azadlıqdan məhrum edilib, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

 

Qeyd edək ki, ötən prosesdə Ş.Sultanov son söz deyib və məhkəmədən bəraət istəyib. Dövlət ittihamçısı isə Ş.Sultanovun 13 il, digər təqsirləndirilənlərin isə 5-7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, prokuror iş üzrə təqsirləndirilən 3 nəfərə şərti cəza istəyib.

 

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müxtəlif hərbi rütbəli daha 27 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Ş.Sultanov və digər təqsirləndirilən 27 nəfər hərbi qulluqçu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir