Modern.az

Ermənistanda oturaq aksiyaya qərar verildi - VİDEO

Ermənistanda oturaq aksiyaya qərar verildi - VİDEO

18 Mart 2017, 00:31

Bu saatlarda Ermənistan paytaxtında növbəti etiraz aksiyasına start verilib. Modern.az xəbər verir ki, Musavat.com-un erməni mediasına istinadən məlumatına görə, İrəvanın Azadlıq meydanına toplaşan nümayişçilər oturaq aksiyaya başlamağı qərarlaşdırıb. Fəallar ötən ilin yayında silahlı qiyam qaldırmış “Sosna Tser” silahlı dəstəsinin “çörəkdaşıyan”ı Artur Sərkisyanın xatirəsinə ehtiram əlaməti olaraq bu addımı atıblar. Mitinq iştirakçıları tələb edir ki, A.Sarkisyan Qarabağ müharibəsində öldürülənlərin dəfn olunduğu “Yeablur” hərbi məzarlıqda dəfn edilsin. Bu gün həmin tələblə aksiyaçılar İrəvan küçələrində yürüş ediblər.

Azadlıq meydanında bəyan olunub ki, eyni tələblə daha bir aksiya sabah saat 18.00-da mərkəzi meydanda keçiriləcək.

Ermənistan vaxtı ilə saat 20 radələrində polislə qarşıdurma yaranıb. Aksiya iştirakçıları polis kartonunu yarıb irəliləməyə nail olub. Nəticədə Tiqran Meçe prospektində hərəkət dayanıb. Bundan bir neçə saat əvvəl isə Ermənistanın baş nazirinin köməkçisi Ayk Zoqrabyan aksiyaçılarla görüşə gəlib. Aksiya fəallarından Şaqen Arutyunyan A.Sarkisyanın hərbi məzarlıqda dəfn olunması barədə tələbi çatdırıb. Baş nazirin köməkçisi bu tələbi baş nazirə çatdıracağına söz verib. Erməni mətbuatı xəbər verir ki, hökumət evinin ətrafına əlavə polis və xüsusi təyinatlı qüvvələr gətirilib.

Qeyd edək ki, martın 16-da aclıq aksiyası nəticəsində ölən A.Sarkisyanın ölümü ilə bağlı cinayət işi qaldırılıb. Bundan əvvəl başqa tələblər irəli sürən aksiyaçılar indi “çörəkdaşıyan”ın hərbçilər məzarlığında dəfnini tələb edir. Proseslərin hansısa mahir ssenaristlər tərəfindən körükləndiyini demək mümkündür. Artıq müxalifət də bu proseslərə reaksiya verməyə başlayıb. Bu gün parlament seçkilərində əsas rəqiblərdən sayılan sabiq xarici işlər naziri Vardan Oskanyan da görünüb və olaya münasibət bildirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi