Modern.az

Ucqar kəndin gənc müəllimi:Burdakı uşaqlar şəhərdəkilər kimi şanslı doğulmayıb” - LAYİHƏ

Ucqar kəndin gənc müəllimi: “Burdakı uşaqlar şəhərdəkilər kimi şanslı doğulmayıb” - LAYİHƏ

18 Mart 2017, 09:09

“İki qız şagirdim təhsilini davam etdirə bilməyəcəklərini deyəndə,  gözləri doldu”

 

Bu gün bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə də yorulmadan yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

 

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.

 

Bu dəfəki müsahibimiz Xaçmaz rayonu Yalama kənd Mahmud Əbilov adına məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Rəfilidir. Gənc müəllim əvvəlcə işlədiyi məktəb, yaşadığı ucqar kənd  haqqında ilk təəssüratını bölüşdü. Anlayırıq ki, o, uşaqlara dərs keçməzdən qabaq, oranın hava şəraiti əvvəlcə ona dərs keçir. Bərkdən-boşdan çıxararaq, məktəbə yola salır:

 

 

-1992-ci il yanvarın 7-də anadan olmuşam. 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialını bitirib, müəllimlər üçün təşkil olunmuş imtahanda iştirak etdim.

Amma kənddə işləməyim düzünü desəm, bir təsadüfün nəticəsidir. Sırf kənd məktəbi yazacam deyə, bir planım yox idi . Bir qohumumun məsləhəti ilə kənd məktəblərini yazdım və hazırki iş yerimə - Xaçmaz rayonu Yalama kənd Mahmud Əbilov adına məktəbə qəbul olundum

Fərqli mühitlərə tez uyğunlaşan biri olduğum üçün bu kəndə də öyrəşmək elə də çətin olmadı.

Kəndin əhalisinin tərkibini ləzgilər təşkil etdiyi üçün ən böyük problemim dil problemi olub. İlk xatirələrimdən birini danışım:
Aran rayonunda böyüdüyüm üçün demək olar ki, şiddətli qar görməmişdim. Əvvəldə qeyd etməyi unutdum, ikinci turla qəbul olunmuşam bu kənddəki işimə. Deməli, dekabrın 9-u işə çıxdım. İki gün idi ki, işə gedirdim. Bir səhər də oyanıb işə hazırlaşıram, amma çöldən  xəbərim yox. Evdən çıxanda həyətə baxıram ki, dizə qədər qar yağıb. Kənd yerlərində həyətlər böyük olur. Evin qapısından həyətin qapısına çatana qədər özümü qəhrəman kimi hiss etdim - zarafat deyil dizdən yuxarı qarı yara- yara qapıya çatmışdım (gülür). Ən pis tərəfi isə o boyda qəhrəmanlığımın qarşısında həmin gün şiddətli şaxta səbəbindən dərsdən uşaqların buraxılması idi, yəni, məktəbə getməyimlə qayıtmağım bir oldu.

İlk dəfə qarı görəndə uşaq kimi ağlamaq istəyən müəllimə sonralar qara öyrəşdi.

 

Kəndlə ilk tanışlığım məndə pis təəssürat oyatmadı, baxmayaraq ki, aran bölgəsinə uyğun olmayan  hava şəraiti var, amma insanları çox istidir .

 


İlk dərs günləri ucqar kəndin müəllimi üçün heç zaman yaddan çıxmaz. Hələ öyrəşmədiyi bir məkanda, bir ortamda başlanan iş insanın yaddaşına əbədi həkk olunur. Amma həmin ərəfədə Gülnarə xanımı bir amil ucqar kənd məktəbinə alışdırıb - SEVGİ:

 

-İlk dərs günü ilk dərsimin 10-cu sinifdə olacağını öyrəndim. Əsla yadımdan çıxmayacaq bir hadisə deyərdim ki, bu məktəbdə o oldu. Müəllimlər otağında yeni müəllimlə tanışlıq bilirsiniz də sual yağışı ilə başlayır və hansı sinifə gedəcəyimi soruşanda, “10a”, dedim. Müəllimlər yerbəyerdən, “oooo, o sinif çox dəcəldir, illah ki, Fərid adlı bir oğlan var o sinifdə, məktəbin bəlasıdır”, bu tipli cümlələrlə sinif haqqında məni məlumatlandırdılar. Praktikada bizlə birgə müəllimlər də olub deyə, çətin siniflərdə onların köməyini almışıq. İlk dəfə belə bir sinfə tək gedəcəkdim, özümü döyüşə gedən əsgər kimi hiss edirdim, müəllimlərin o "ruhlandırıcı" sözlərindən sonra.
Nəsə, tədris işləri üzrə direktor müavini məni siniflə, sinfi mənlə tanış etdikdən sonra uşaqlarla baş-başa qaldım. Siniflə tanış olduqdan sonra ilk bomba atəşinin hansı şagirddən gələcəyini gözləyirdim. Amma düşündüyüm kimi olmadı, sinif məni çox sakit qarşıladı və çox gözəl ünsiyyət qurduq. İlklər həmişə unudulmaz olur, bu baxımdan kimsə o sinif haqqında pis söz deyəndə özlüyümdə pis olurdum, hətta içdən-içə küsürdüm.

 

Amma məni ən xoş qarşılayan 5-cilərim oldu. İlk tanışlıqdan sonra hər gün qapıda biri durub, mən gələndə qapını açırdı. Lövhədə isə "sizi sevirik, Gülnarə müəllimə" yazısı ilə qarşılanırdım. Özümü o sinfə gedəndə lap prinsessa kimi hiss edirdim.
Sevgilərini göstərmək üçün sanki bir- biri ilə yarışa girirdilər. Kənd həyatına öyrəşməyimin əsas səbəbkarı onların sevgisi oldu.

 

Müsahibimiz fəaliiyətinin bir ayı tamam olmamış uşaqların sevgisini qazanır. Aşağıdakı iki epizodda bunun əyani sübutunu görmək olar:

-Deməli , yanvarın 7-də doğum günüm idi. İş gününə təsadüf etdiyinə, yad bir yerdə keçirəcəyimə görə içimdə bir buruqluq var idi. Jurnalımı götürüb 5-ci sinifə dərsə gedirdim, amma vərdiş etdiyim  kimi qapıda mənimçün qapı açan "cücələrim" yox idi. Bir az həssas biri olduğumdan bu mənə lap pis təsir etdi. Amma sinfə girməyimlə şarlarla bəzənmiş otaqda “ad gününüz mübarək, müəllimə!” qışqıran uşaqları görəndə sevincimin həddini sözlərlə ifadə etmək həqiqətən, mümkünsüzdür.

Şagirdlərimin sevgisini göstərmək üçün belə jestləri də olub.

 

Dərsə uşaqların diqqətini artırmaq, sinifdə rəqabət yaratmaq üçün hər ayın son günündə şagirdlər ay ərzində aldıqları qiymətləri sayır, ən çox yaxşı qiymət alan şagird isə ayın qalibi elan olunur. Ayın qalibi olan şagirdi isə bir həftə hansı fəndən qalib olubsa, yanımda "mənim balaca müəllimim" adı ilə oturduram. Bir dəfə orta oxuyan bir şagirdim təsadüfmü, ya öz əməyimi sayəsində hər iki fəndən-Azərbaycan dili və ədəbiyyatdan ayın qalibi oldu. Digər şagirdlərdə bir həftə sürən yanımda müəllim partasında əyləşmə hədiyyəsi bu şagirddə bir ay sürdü – “Müəllimə bu gün əyləşim keçən gün dərsə az uşaq gəlmişdi”, “müəllimə bu gün də əyləşim keçən gün hazırladığım sualları uşaqlara tam verə bilmədim”, “müəllimə keçən gün bayrama düşdü, dərs yox idi” bəhanələri ilə uşaq tam bir ay mənimlə yanaşı əyləşdi. Alanın – həmin şagirdin bəhanələri sinifdə əməllicə yumoristik gülüşə səbəbə olmuşdu.

 

 
Şagirdləri bildik, bəs, kəndin özü, insanları necədir? Orada günləri necə keçir, nə kimi çətinliklərlə üz-üzə durur? Yaxşısı budur ki, bu suallara müəllimənin cavabını eşidək. Azərbaycan dilini zəif bilən etnik tərkibin arasında yaşamaq və çalışmaq yəqin, çətindir:

 

-Kənd camaatı çox istiqanlıdır. Rusiya ilə həmsərhəd olduğundan oradakı düşüncə tərzinə çox yaxındılar. Bu hardasa məni çox sevindirir. Qız uşaqlarının erkən yaşda təhsildən yayındırılıb ailə qurmağı bu kənddə demək olar, yoxdur. Bilirsiniz ki, bu amil günümüzün aktual problemlərindən biridir.

Burda ən sevdiyim cəhətlərdən biri də tanıdın-tanımadın fərq etmir, bir biri ilə rastlaşarkən insanların mütləq salam verməsidir.

Həyət evində qalıram, vurğuladığım kimi, buradakı insanlarda qismən, rus düşüncəsi var, onlarda bəzi bölgələrimizdəki kimi saray tikmək sevdası yoxdu. Buradakı evlər sanki nağıllardakı kənd evlərindəndir. Bina evində yaşayışa vərdiş olan biri üçün təbii ki, burdakı evə öyrəşmək bir az çətin oldu. Pozitiv düşünsək, yayda sizin soyuducuda soyumağını gözlədiyiniz suyu biz bulaqdan hazır götürürük (gülür).

Get-gedə odun qoxusuna vərdişkar olursan, onu hətta sevirsən. Od qalamağı bacarmadığım üçün - hələ də öyrənə bilməmişəm, ən yaxşı halda odunun arasına yığdığım kağızlar yanır, mən də bu dəfə alındı deyə sevinirəm, iki dəqiqəlik- arada bu çətinlik yaranır.

Qışda evdən məktəbə getmək çox çətin olur. Qışı adətən, buzlu hava ilə keçən bu kənd üçün hər gün məktəbə getmək ayrı bir macəradır, hər addım atanda ayağıma baxıram, hələ də yerə dəyirsə, sürüşüb yıxılmamışamsa, o birini atıram. Beləcə, addımlarımı güdərək, hər gün xəbər tuturam ki, məktəbə çatmışam

 

Ucqar kənddə şagirdlərin təhsilinə mənfi təsir edən məsələlər varmı? hansı səbəblər şagirdlərin normal təhsil almasına mane olur?

 

-Bizim kənd üçün deyə bilərəm ki ən böyük problem dildir. Şagirdlərin əksəriyyəti ləzgi olduğundan Azərbaycan dilində olan dərslikdəki çətin sözləri anlamaqda çətinlik çəkirlər. İkinci ən böyük çətinliyimiz isə bu kurrikulum bəlasıdır: dərsliklər kurrikulumla olduğu halda bizim kənd məktəblərində bunun üçün heç bir şərait yoxdur. Üçüncü çətinliyimiz istiliyin olmamasıdır. Şagirdlər odunla yarıisti - yarısoyuq otaqlarda qızınmaqla öyrədilən dərsi anlamaq arasında qalır. Bədəni soyuqdan donan şagird dərsi nə qədər mənimsəyə bilər?! Şəhərdə oxuyan şagirdlər daha şanslıdırlar. Əslində, burda ali məktəbə hazırlşan abituriyentlər sınaq imtahanlarına gedib özünü yoxlamaq üçün ən yaxşı halda bir saat məsafədə yerləşən şəhərin mərkəzinə getməlidirlər. Nəqliyyat problemini də əlavə etsək, şagird özünü il ərzində cəmi bir-iki dəfə yoxlaya bilir, çünki gedib şəhərin mərkəzinə çıxmaq ona  baha başa gəlir.
Kənd yerində isə imkanlı valideyn yoxdu ki, hər ay övladını sınağa yollasın. Bu təbii ki, kiçik bir nümunədir. Müəllimlər məni qınasa da,  etiraf edək ki, şəhər müəllimləri daha savadlı olur. Çünki orda savada  tələbat daha çoxdur. Burda müəllim dərsi keçib evə gəlir, şagird də dərslikdəkini öyrənir. Şəhərdə isə sınağa gedən şagirdlərə izah vermək, onlara  cavab vermək üçün müəllim öz üzərində daha çox işləyir. Kəndlərdə isə bunun mahiyyətini dərk edən müəllim şəhərlə nisbətdə azdır.

 


Maraqlıdır, görəsən, Gülnarə müəlimənin sadaladığı bütün bu problemlər kənddəki şagirdlərin dərsə barmaqarası baxmasına səbəb olurmu? Özünü dinləyək:

 

-Əslində, təhsilə maraq həm müəllimdən, həm də valideyndən, daha dəqiq desək, ikisinin birgə əməkdaşlığından qaynaqlanır. Özüm üçün deyə biıərəm ki, siniflərdə şagirdlərimin təhsilə marağını artırmaq üçün yoxlamadığım yol qalmayıb. Müəllim həm psixoloq, həm də pedoqoq olmalıdır. Əlbəttə, bir yerdə şagirdlərin təhsilə marağı ölür, amma şagirdi ruhlandırsaq, bir şagird qazansaq da, bunu böyük qələbə kimi görsək, uğurlu nəticə əldə etmiş oluruq. Bəzən, rəqabət yaratmağa görə etiraf edim ki, şagirdlərim arasında ayrı-seçkilik də edirəm. Belə deyim də, şagirdlərin sevgisini qazandığıma əmin olduğum üçün bir yaxşı oxuyan şagirdimi təhsilini nümunə çəkərək, bütün siniflərdə tərifləyirəm. “Ən sevimli şagirdim filankəsdir”, deyirəm, artıq digər şagirdlərdə rəqabət hissinin verdiyi paxıllıq və sevimli müəllimlərinin sevimli şagirdi olmaq həvəsi ilə hiss edirəm ki, daha çox çalışaraq gözümə girəyə çalışırlar. Maneələri əlimizdə bayraq edib təhsili aşağı səviyyəyə salmaq sadəcə, bəhanə olar.

Şagirdlərə maraqlı gəldiyi üçün öz şəraitimin əl verdiyi qədəri ilə dəfələrlə dərslərimdə yeni təlim texnologiyalarından istifadə etmişəm . Əslində, maneələri yaradan da onları ləğv edən də biz müəllimlərdir.

 

Müsahibimiz söhbətin bu yerində müəllimlərin maaşından, onun vaxtlı-vaxtında verilib-verilməməsindən, bir də vahid müəllim formasının olub-olmamasından- bir sözlə, təhsillə bağlı bəzi inzibati məsələlərdən də danışır:

 

-Vahid forma yoxdur, düzü, heç olmasını da arzulamıram. Maaşlar isə kommunal üçün ödənilən məbləğ mütəmadi balansa vurulmasa da, şükür, maaş cəhətdən gecikmə yaşamırıq. İnsan psixologiyası belədir ki , əlində çox olanda təlabatı da çox olur, az olanda ayağını ona görə uzadır. Nəzərə alaq ki, həyata yeni atılmış biri üçün öz arzularını və planlarını həyata keçirmək baxımından müəllim maaşı azdır. Amma buna da şükür…

 

Gülnarə xanım kənd məktəbinin müəlliməsi olsa da, həmin kəndin özü ona müəllimlik edib – özünün həyat qaydaları və çətinliklərə alışdırmaq məharəti ilə:

 

-Günorta ikinin yarısına kimi məktəbdə oluram ondan sonra günün digər hissəsi mənimdir. Dərsdən sonra hər gün iki saat repititorluqla məşğul oluram, qalan vaxtı öz işlərimə sərf edirəm. Etiraf edim ki, bir az tənbələm, təbii ki, iş görmək cəhətdən.  Evdə tək olduğum üçün elə çox işim də olmur. Ağır işləri həftəsonuna saxlayıram, gündəlik işləri isə hər gün axşamtərəfi edirəm.

Tələbəlik adama nə qədər həyatı öyrətsə də, ən böyük dərslərimi həyatımın Xaçmaz mərhələsində aldım, bir çox ilklərimi də bu kənddə yaşadım. İlk dəfə burada “elektriçka”dan istifadə etdim; ilk dərs dediyim sinif olan  10-cularla Xaçmaza gəzməyə gedirdik guya, ilk dəfə burada kimsə məni görəndə qaça-qaça sevinərək üstümə gəlirdi -şagirdlərimi nəzərdə tuturam-ilk dəfə burada böyüdüyümü hiss etdim ...

Burda bəzi oxumaq istəyən uşaqların çəkdiyi çətinlikləri görəndə o qədər heyfislənirəm ki… Təsəvvür edin, biz marşrutla şəhərdə gedəndə getdiyimiz yoldan şikayətlənib yoruldum deyərkən, hər gün 3 km yolu piyada gəlib-qayıdan onlarla uşaq var burda. Kəndlərdə sırf maddi vəziyyətin çətinliyindən onlarla arzular puç olur.

 

Bir də üstəlik, təmayülləşməni əlavə etdilər. Uşaqların arzularının puç olmasının üzərində bu da gəldi. Neçə şagird var ki, təmayül almış məktəb çox uzaqda olduğu üçün ali təhsil sevdasından əl çəkdi. Burdakı uşaqlar şəhərdəki kimi şanslı doğulmayıb, təəssüf ki…

 


Haşiyə - Tüstülü fırıldaq

-Siniflərdə odun peçi olduğu üçün dərs keçirilməsin deyə, sinfi tüstü ilə doduran uşaqları yığıb, onlara müəllimlər otağında dərs keçdim.

 

Qış sezonunun ən sıx yaşanan hadisəsi budur.  Uşaqlar sinifdə odunu neçə edirlər, bilmirəm, bütün sinfi tüstü bürüyür, dərs keçmək mümkün olmayacaq dərəcədə içəridə tüstü olur. Müəllim yeni otaq tapana qədər təbii ki dərsin xeyli hissəsi gedir. Uşaq düşüncəsi ilə bu da onların əyləncəsidir guya. Vaxt aparmadan hamısını saldım müəllimlər otağına ki, buyurun bu da otağımız, çıxarın kitabları dərsə başlayaq.

 

-Bu cür çətin şəraitdə təhsil alan şagirdlərin gələcəyi ilə bağlı nə dərəcədə nikbin düşüncədəsiniz?

 

-Əslində, bu günə qədər nikbin düşüncədə idim, hətta kənd məktəbinə görə tələbə adını qazanan şagirdlərimiz də az olmayıb. Amma bu təmayülləşmədən sonra burdakı uşaqlarçün təhsili davam etdirmək ümidi çox azdır. İnandırım sizi ki, “təmayülləşməyə görə məcburam təhsilimi yarıda saxlayım” deyən iki qız şagirdin gözləri doldu. Texnikuma sənəd verin dedim, izah etdim ki, ordan da ali təhsil almaq üçün getmək olar, bu haqda maarifləndirdim.Təmayül ideyası uşaqlarda nisbətən həvəsi öldürdü.

 

Təmayülləşmə - uşaqları müəyyən istiqamətdə təhsilə yönəldir, artıq humanitar təmayüllü uşaqlar ayrı, texniki təmayüllü uşaqlar ayrı siniflərdə təhsil alacaq . Təmayül siniflərində təhsil almayan uşaqlar isə ali məktəbə sənəd verə bilməyəcək . Əslində, ideya maraqlı ideyadır,  çünki təmayül sinfinə daxil olan şagirdlərin qiymət göstəricisi “4”-“5” olmalıdır. Sinifdə ancaq yaxşı oxuyan şagirdlər olduğuna görə daha zəif oxuyanlara görə dərsi aşağı səviyyədə keçməyə ehtiyac olmur.

Xüsusən, qız uşaqları üçün ideya cəhətdən təmayülləşmə çox maraqlı və effektli bir təhsil formasıdır. Amma Azərbaycandakı sosial vəziyyət üçün əlverişsizdir. Reallıqla yanaşsaq, heç kim 9-da oxuyan qızının o qədər uzaq yol getməyinə razı olmaz, nə də o imkanın sahibi deyillər ki fərdi maşın tutalar.

 

-Tədris metodikanız necədir? dərs zamanı nə kimi fərqli metdolardan yararlanırsınız?

 

-Bayaq da qeyd etdiyim kimi, məktəblərdə şərait olmadığından kurikulumla ənənəvini qarışdırıb keçirəm, dərslərim düzü pis effekt də vermir. Mümkün qədər yeni təlim texnologiyalarından istifadə edirəm. Dərslərdə əsərlərin səhnələşdirilməsinə önəm verirəm, çünki şagird əsəri səhnələşdirərkən, xəyal dünyası xeyli genişlənir. Azərbaycan dili dərslərimdə isə şagirdlərin yaddaşında əcaib suallarımla qalacağıma əminəm. Qrammatika ilə bağlı ən çətin, ən düşündürücü sualları tapıb CEKPOT qoyaraq şagirdlərin cavablandırması üçün gözləyirəm. Verdiyim suala görə, bir dəfə gecə saat 11-də bir şagirdim əlaqə saxlamışdı ki, müəllim üzrlü sayın səhəri gözləyə bilmədim cavab budur? (gülür). Artıq Azərbaycan dilini 15 dəqiqə oxumurlar, bütün günü o düşündürücü suallarım sayəsində onların beynində Azərbaycan dili olur. Mümkün qədər şagirdlərimi təşkil olunan olimpiadalara, yarışmalara aparıram ki, həm xoş xatirə qazansınlar, həm də dünyagörüşləri təhsilə maraqları artsın. Ən əsası isə şagirdlərimlə imtahan həyəcanına qalib gəlməyi öyrətmişik. Valideynlərin ən böyük nöqsanı uşağa imtahan həyatının çevriliş nöqtəsi olaraq anlatmağıdır. Bunun sayəsində uşaq imtahandan keçməsə, həyatın bitəcəyini düşünür . Hər imtahan əvvəlində onlarla söhbət edərək, imtahanın sadəcə, bilik ölçən vasitə olduğunu, imtahanda məğlub olmaq həyatda məğlub olmaq demək olmadığını, imtahanı həyatlarının idareəedicisi olaraq görmək lazım olmadığını anlatmışam. Uşaqlar imtahana gedəndə artıq gündəlik dərsə gedirmişcəsinə rahat olurlar. Adətən qayıdandan sonra “ay müəllim, orda sizdən asan sual verirlər” kimi cümlə ilə qarşılaşıram.

 


Haşiyə-2- Yazılmamış kitab

 

-Burdakı həyatımı adları dəyişərək, bir əsər kimi yazmağı planlaşdırıram. Təbii ki, həyatımın sonrakı mərhələlərində…

Ədəbiyatda var olan hər bir kəs üçün müşahidələrinin nəticəsi bur əsərdir. Mən niyə bu müşahidələrimi qələmə almayım?! Bir az bədiilik, bir az fantaziya, bir az da öz müşahidələrimi və ya burda yaşananları əlavə etsəm, məncə oxunaqlı bir əsər ərsəyə gətirmək olar.

Düzü, xeyli əsər mütaliə etmişəm, amma əsla fikrimdən kimisə təkrarlamaq keçməyib, mən öz əsərimi yazacam, təkrarlasam, daha əsərim üçün mövzu olmayacaq deməkdir.

 

Məktəb direktoru olmaq istəyirəm, bu, həm xəyalım, həm də planımdır.

Buranı çox sevdim, amma “həvəsdir, bəsdir”, deyib atalar. Müəyyən pillələr var ki, onlar həll olunandan sonra burdakı fəaliyyətimi başqa yerdə davam etdirəcəm, Allahın izniylə.
 

-Bəlkə, bu kənd, buranın məktəbi sizdən nələrisə aldı?

-Kənd həyatı insanın dünyagörüşünü ləngidir. Bu baxımdan yanaşsaq, bəlkə də nələrisə aldı. Amma şəxsi həyatımda elə böyük itkilərim olmadı, bircə ailəmi az görürəm, onlara az vaxt ayırıram deyə heyifislənirəm.


E.Nazimoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?