Modern.az

Azərbaycanlı tələbələrin əbədi PROBLEMİ...

Azərbaycanlı tələbələrin əbədi PROBLEMİ...

18 Mart 2017, 10:36

Azərbaycan ali məktəblərində təhsil alan tələbələrin bir çətinliyi var ki, onu son 25-30 ilin “əbədi problemi” də adlandırmaq olar. Söhbət yataqxana problemindən gedir. Keçmiş sovetlər dönəmində hər bir ali təhsil ocağının öz yataqxanası vardı. Rayonlardan şəhərə təhsil arxasınca gələn tələbələrin çoxu həmin yataqxalarada pulsuz qala bilirdilər. Amma müstəqillik əldə ediləndən, Qarabağın işğalı nəticəsində Bakıya qaçqın-köçkün axını başlayandan sonra yataqxanalarda yer tapmaq tələbələr üçün əlçatmaz oldu. İndi demək olar ki, bütün ali məktəblərin tələbələri bu böyük problemdən əziyyət çəkir.

Tələbələr kirayə evlərdə yaşamaq məcburiyyətində qalıblar. Doğrudur, son illər dövlət məcburi köçkünlər üçün çox sayda yeni evlər inşa edərək, onları məskunlaşdıqları yataqxana, uşaq bağçaları və digər yerlərdən yeni mənzillərinə köçürüb. Lakin tələbələrin yataqxanaları nəinki özlərinə qaytarılıb, əksinə, bəzi ali təhsil ocaqlarının yataqxana binaları yerlə-yeksan edilib. Bəzi yataqxana binaları isə təmir edilərək başqa təyinat üzrə istifadə olunur.
Bir müddət əvvəl dövlət rəsmiləri yataqxanaların tələbələrə qaytarılacağı barədə bəyanatlarla çıxış etsələr də, bu problem hələ ki açıq qalır.

Baş verən son hadisələr isə bir daha onu göstərir ki, Azərbaycanda universitetlərin tələbə yataqxanasının olmasına çox böyük ehtiyac var. Söhbət tələbələrin yol qəzalarında və kirayə mənzillərdə dəm qazından kütləvi ölümündən gedir. Əgər o tələbələr yataqxanalarda qalsaydılar, nə yol qəzalarında həlak olardılar, nə də dəm qazından zəhərlənib ölərdilər.
 

Hansı universitetlərimizin tələbə yataqxanası var? Yaxın zamanlarda tələbə yataqxanalarının tikintisi başlana bilərmi, ali məktəblərin bununla bağlı nə planları var?


Öncə təhsil eksperti Kamran Əsədov Modern.az-a bu mövzuda danışıb.


Təhsil eksperti bildirib ki, dünyanın əksər ölkələrində ali təhsil müəssisələri qəbul etdiyi tələbələrin sayına müvafiq olaraq tələbə şəhərciklərində yer ayırır, ya da kirayə evlərlə müqavilələri var.

“Azərbaycanda demək olar ki, tələbələr yataqxanalar ilə təmin olunmayıblar. Bizim ali təhsil müəssisələrinin rəhbərləri heç bir halda tələbələrin şəraiti ilə bağlı məsələlərdə maraqlı deyillər. Onlar bilmirlər ki, tələbələr universitetlərə hansı yolla və necə gəlirlər. Ali təhsil müəssisələrinin rəhbərləri tələbələrin nə sosial, nə də ictimai fəaliyyəti ilə maraqlanırlar. Onlar öz işlərini ancaq universitet içində bitmiş hesab edirlər. Təəssüflər olsun ki, təkcə tələbələr arasında ölümlə bitən qəzalar yox, digər cinayət işləri, neqativ hadisələr baş verir”.

 Kamran Əsədov qeyd edib ki, bu gün Azərbaycanda cəmi 6 universitetin yataqxanası var.

“Onların da böyük əksəriyyətində məcburi köçkünlər qalır. Bu da xoş hal deyil. Dövlətimiz onlar üçün binalar tikib və onların köçürülməsi gecikir. İlk növbədə dövlət universitetlərə lisenziya verən zaman birinci baxmalıdır ki, həmin universitetin tələbə yataqxanası var, ya yoxdur. Dünyada belə bir təcrübə var ki, tələbə təhsil aldığı müəssisədən 20 km uzaq məsafədə qala bilməz. Niyə görə, Sumqayıt Dövlət Universitetində oxuyan tələbə uzaq məsafədən dərsə getməlidir. Tələbə universitetə gedən zaman bir neçə avtobus dəyişir. Bu da onu yorur. Mən hesab edirəm ki, ali məktəblər öz maddi hesablarına tələbə yataqxanaları tikə bilərlər. Sonra da onu daimi gəlir əldə etmək üçün tələbələrə kirayə verə bilərlər. Bu da onların üstünlüyü olar”.


Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da bu problemdən danışıb:

“Hal-hazırda Bakı Dövlət Universitetinin tələbə yataqxanası yoxdur. Köhnə yataqxanada isə söküntü işləri aparılır. Bakı Dövlət Universitetinin tələbə şəhərciyinin tikilməsi ilə bağlı layihə var. Bu layihə həyata keçirilərsə, 5-6 min tələbə yataqxana ilə təmin ediləcək. Yaxın zamanlarda bu layihə həyata keçiriləcək”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

“Azərbaycan Texniki Universitetinin (AzTU) 5 mərtəbəli 6 korpuslu tələbə yataqxanası mövcuddur. Lakin bu yataqxananın çox az bir qismi tələbələrin ixtiyarındadır. Belə ki, yataqxananın 5 korpusunda tamamilə məcburi köçkünlər yerləşib. Qalan 1 korpusunda 1-ci mərtəbəsində məcburi köçkünlər üçün məktəb fəaliyyət göstərir. Həmin korpusun da II və III mərtəbələrində məcburi köçkünlər yaşayır. Tələbələr yataxananın yalnız bu korpusunun IV və V mərtəbələrində yaşayırlar. Yeni yataqxananın inşasına gəlincə isə bununla bağlı bir məlumat verə bilmərəm. Onu da qeyd etmək istərdim ki, dövlət vəsaiti hesabına məcburi köçkünlərimiz üçün evlər tikilir, şəhərciklər salınır. Bizim yataqxanada yaşayan məcburi köçkünlər də evlə təmin olunduqdan sonra tələbələr Azərbaycanın ən böyük tələbə şəhərciyi olan bu yataqxanalardan tam şəkildə istifadə edə biləcəklər”.


Azərbaycan Universitetindən
verilən məlumata görə, bu özəl ali təhsil ocağının öz yataqxanası var. Yataqxana 88 yerlikdir və hazırda doludur. Yataqxananın aylıq ödənişi 140 AZN-dir. Tələbələr gündə 3 dəfə yeməklə, 24 saat internet, məişət avadanlıqları ilə təmin edilir. Əlavə yataqxana tikintisi isə nəzərdə tutulmur.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir