Modern.az

Qocalar Evinə atılmışlar: Akademiya işçisi, universitet müəllimi... - REPORTAJ

Qocalar Evinə atılmışlar: Akademiya işçisi, universitet müəllimi... - REPORTAJ

18 Mart 2017, 16:57

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan “Sosial iş” ixtisasının tələbələri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionata (Qocalar Evi) ahılların ziyarətinə gedib və bayram sevinclərini onlarla bölüşdülər.

“Sosial işçilər” sosial planda müdafiəyə daha çox ehtiyacı olan təbəqələrə - yaşlılar, əlillər, ailə mühitindən məhrum olmuş uşaqlar, QİÇS-ə yoluxmuş insanlar, qanunla münaqişədə olan insanların maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə ediməsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. 


Tələbələr ahıllarla davranış qaydaları və etik prinsipləri nəzəri olaraq bildikləri üçün bu görüşə həvəslə hazırlaşmışdılar. Pansionatda tənha vətəndaşlar və əlillər yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə daimi təmin olunurlar. Burada yaşayan insanların tibbi problemlərinin həlli nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir.

 
Sabunçu rayonu Bilgəh qəsəbəsində  yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin  Müharibə və Əmək Əlilləri Pansionatının rəhbərliyi tələbələri  mehribanlıqla qarşıladı. Pansionatın rəhbəri Qətibə Əsədova bildirdi ki, Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar Evi) hazırda 241 nəfər yaşayır. Onlarda 150 nəfəri qadın, 91 nəfəri isə kişidir. Pansionata yaşı 63-dən çox olan insanlar qəbul edilir və təəssüf ki, bəzi hallarda qocalar dünyasını dəyişəndə belə övladları gəlib onlarla maraqlanmır. Bəzənsə, valideynləri öləndən sonra onların əmlakını ələ keçirmək üçün gəlib pansionatdan ölüm kağızlarını istəyirlər.


Gələcəyin sosial işciləri ahıllara qayğı ilə yanaşaraq tez bir zamanda onların sevgisini qazana bildilər. Tələbələrdən Səməd Şirinli Qəbələ rayonundan gəlib burada yaşayan həmyerlisi Nərminə xanım  ilə tez bir zamanda ünsiyyət quraraq bayram sevinclərini bölüşdü. Nərminə xanım buradakı şəraitdən razılıqla danışdı.


Tələbə Arzu Ağamirova pansionatın digər sakini Əbülfəz Süleymanovla həmsöhbət oldu. Əbülfəz dayı söylədi ki, 2015-ci ildən pansionatda yaşayır: "Mənim üçün bura çox rahatdır. Burada sakit yaşayıram. Bir qızım, bir oğlum vardı. Oğlum könüllü şəkildə müharibəyə getdi, 1993-cü ildə şəhid oldu. Sonra yoldaşım xəstələndi, dünyasını dəyişdi. Qaldım tək. Özüm qərara gəldim ki, gəlim qocalar evində yaşayım".

Aytac Hüseynova isə Həbib Qənbərov ilə həmsöhbət oldu. Övladları olsa da, sakit yaşamaq üçün burda qalmağa üstünlük verib: "Məni saxlamaq üçün gərək bir otaq olsun. Həm də mən sakitliyi sevirəm. Buradakı vəziyyətim çox yaxşıdır. Prezidentimizin diqqət və qayğısını daim hiss edirik”.


Pansionatın 1933-cü il təvəllüdlü sakini Sona Rəhimbəyova taleyi barədə qısa danışdı: "Mən  akademiyada işləmişəm. Orden-medallarım da var. Evim də var idi. Amma uşaqlarım evi satıb xaricə köçdü. Mənə bu günümdə övladım yox, pansionat sahib çıxdı. Bura gələndən sonra anladım ki, mən indiyə qədər heç yaşamamışam. Otaqlarımızda hər bir şərait var".      


Zəminə müəllimə uzun illər universitetdə çalışdığını qeyd edərək, tələbə və müəllim heyətini daha böyük sevgiylə qarşıladı. Tələbələri görəndə böyük ruh yüksəkliyi keçirən Zəminə xanım bura öz istəyi ilə gəldiyini qeyd etdi. Burada yaradılan şəraitdın çox razı qalan xanım ölkə prezidentinə, birinci vitse-prezidentə təşəkkür etdi. Qeyd etdi ki, ömrünün çox hissəsi gənclərin arasında keçdiyi üçün tələbələri çox sevir və arzulayır ki, onlar ahılları daha tez-tez ziyarət etsinlər.

“Burda  bizim bütün ehtiyaclarımızı ödəyirlər. Bura ziyarətə gələnlər də çoxdu. Bizim ünsiyyətə, deyib-gülməyə, başqa insanlarla təmasda olmağa ehtiyacımız var. Tələbələrin, ələxsus da gələcək sosial işçilərin bizim yanımızda olması bizə ruh yüksəkliyi verir. Çox sağ olun ki, gəldiniz! Bizim təşəkkürlərimizi akademiya rəhbərliyinə çatdırmağınızı xahiş edirəm”.

        
Müəllimlər və tələbələr qocalarla bayram süfrəsi ətrafında şirin söhbətlər etdilər, müxtəlif mövzulara toxundular, onları maraqlandıran məsələlər və suallara cavab verdilər, ölkədə  aparılan quruculuq, bərpa, abadlıq işlərindən danışdılar.

 

Tələbələr şeirlər söylədi, mahnı töhfə etdilər, qocalarla bolluca rəqs edərək əsl bayram əhval-ruhiyyəsi yaratdılar və gətirdikləri bayram sovqatını onlara payladılar. Ahıllar görüşdən razı qaldığı çöhrələrindən görünürdü. Akademiya kollektivi bir daha görüşmək ümidi ilə ahıllarla vidalaşdı.

 

Nurəngiz Mikayılova
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının
“Sosial İş” ixtisası üzrə məsul şəxsi

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?