Modern.az

18 yaşlı vəhhabi

18 yaşlı vəhhabi

10 Aprel 2011, 22:34

Qatarda onunla yanaşı əyləşmişdik. Saqqalının uzunluğu təxminən bir qarış olardı. Səliqəsiz bitən tüklər şabalıdı rəngə çalırdı. Əynində vəhhabilər arasında dəbdə olan qısa şalvar və tünd rəngli köynək vardı. Gözlərinin dərinliyində bir yığın kədər gizlənmişdi...
Jurnalist marağı güc gəldiyi üçün onu söhbətə tutdum. Suallarıma əvvəlcə könülsüz cavab versə də, bir müddət sonra daha həvəslə danışmağa başladı. Söhbət əsnasında öyrəndim ki, cəmi 18 yaşı var. Dedi ki, heç bir ali məktəbdə oxumur, "Binə" Ticarət Mərkəzində bir qohumunun mağazasında satıcı işləyir. "Binə"də görünüşcə ona bənzəyən gəncləri tez-tez gördüyüm üçün sözlərinin doğruluğuna şübhə etmədim. Dini görüşü ilə bağlı verdiyim sualları cavabsız buraxdı. Bəlkə də əlimdəki qəzetlərin çoxluğu onu şübhəyə salmışdı. Bircə onu dedi ki, əqidəsi uğrunda ölməyə də, öldürməyə də hazırdır.
Növbəti stansiyada sağollaşıb ayrıldı. Bəlkə də qarşısındakı adamın suallarından canını qurtarmaq üçün vaqonu tez tərk etdi. Xəyal məni qeyri-ixtiyari olaraq, ötən illərə qaytardı. 18 yaşım olanda universitetin birinci kursunda oxuyurdum. Qardaş Türkiyədə tələbə yoldaşlarımla birlikdə Azərbaycan həqiqətlərini yaymaq üçün gecə-gündüz çalışırdıq. Sinif yoldaşlarım, dostlarım, yaxın qohumlarım isə cəbhədə ermənilərə qarşı vuruşurdular. Onların bir neçəsi şəhid oldu. Bəziləri isə erməni vandalizminin bariz nümunəsi olan soyuq qəlpələri hələ də bədənlərində gəzdirir. Onlar bizim azadlığımız uğrunda vuruşurdular. Mən və sağ qalan sinif yoldaşlarım 30 yaşımızı çoxdan ötmüşük. Onlar isə elə 18 yaşda qalıblar. Onlar 18 yaşlı qəhrəmanlardı...
İndi məni bir sual düşündürür: Azərbaycanda dünyaya gələn bir gənc uzaq ərəb ölkəsində meydana çıxan dini cərəyanın təsiri altına necə düşüb? Niyə bəzi gənclərimiz özlərini təsdiq etmək üçün ümumbəşəri ideyaların deyil, hətta müsəlmanlar arasında belə populyar olmayan bir dini görüşün arxasınca gedirlər?
Bəlkə də diqqətli oxucularımız xatırlayırlar. Bir neçə il əvvəl Samir Mehdiyev adlı gənci radikal "Meşə qardaşları" dəstəsilə əlaqədə günahlandıraraq, həbs etdilər. Mən, Samiri yaxşı tanıyırdım. Samirin atası Cəbrayılda ermənilərə əsir düşmüşdü. Rəhmətlik İlqar öz qorxmazlığı ilə erməniləri heyrətləndirməyi bacarmışdı. Vaxtilə erməni əsirliyində olan cəbrayıllılar mənə İlqar Mehdiyevlə bağlı maraqlı bir hadisə danışmışdılar. Bir dəfə ermənilər üç gündən bəri ac saxladıqları əsirləri sıraya düzürlər. Onların arasında İlqar da olur. Ermənilər ocağın üstündən yenicə götürdükləri yeməklə dolu üç qazanı əsirlərin qarşısına qoyurlar. Saqqallı, yekəpər erməni üzünü əsirlərə tutub deyir: "Kim Azərbaycan bayrağına tüpürüb Ermənistan bayrağını öpsə, ona istədiyi qədər yemək veriləcək". Heç kimdən səs çıxmır. Həmin erməni eyni sözləri bir də təkrar edir. Bu dəfə İlqar sıranı tərk edir. O, iti addımlara Azərbaycan bayrağına yaxınlaşır. Üçrəngli bayrağımızın qarşısında diz çöküb, onu öpür. Sonra isə qalxıb Ermənistan bayrağına yaxınlaşır. Ermənilərin özlərini itirdiyini görən İlqar düşmən ölkənin bayrağını ayaqları altına salıb, tapdalamağa başlayır. Bu hərəkəti İlqar Mehdiyevə baha başa gəlir. Həmin gün ermənilər onu vəhşicəsinə döyürlər. Bir müddət sonra İlqar Qızıl Xaç Cəmiyyətinin təşəbbüsü ilə Bakıda saxlanılan bir erməni əsirlə dəyişdirilir. Amma əsirlikdən azad olduqdan sonra o, uzun müddət yaşaya bilmir. Çünki erməni əsirliyindən qurtulanda canında bircə vətən sevgisi salamat qalmışdı...
Üç il əvvəl Samir Mehdiyevin həbs olunduğunu eşidəndə bərk sarsılmışdım. Samir bizə bir şəhidin əmanəti idi. Amma biz onun əmanətinə sahib çıxa bilmədik. Buna görə də ona yad əllər sahib çıxdı. Həmin vaxt "Qəhrəman atanın vəhhabi oğlu" adlı bir məqalə yazdım. Aradan uzun müddət keçdiyi üçün indi o yazının məzmununu xatırlamıram. İdeya xətti isə belə idi: əgər gənclərimizə biz sahib çıxmasaq, onlara başqaları sahib çıxacaq.
İndi o vaxtdan ən azı üç il keçir. Bəs, nə dəyişib? Təəssüf ki, yaxşılığa doğru heç nə dəyişməyib. Əksinə, özlərini təsdiq etmək istəyən gənclərin meydanı bir az da daralıb. Gəlin, açıq danışaq. Cəmi 18 yaşı olduğu halda 18 santimetr uzunluğunda saqqal saxlayan gənci qınaya bilmədim. Guya, həmin gənc siyasi fəaliyyətlə məşğul olsaydı, nə qazanacaqdı? YAP-çı olsaydı, qoltuğuna xoruz verib, tanınmış müxalifət liderinin evinin qarşısına göndərəcəkdilər. Müxalifət partiyalarının üzvü olsaydı, mitinqdə şil-küt edib, həbsə atacaqdılar. Bəlkə də bunu bildiyi üçün o, öz hücrəsinə çəkilib. Hücrədə isə təkcə şeir yazmırlar... 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür