Modern.az

Azərbaycanda “Novruz”, farslarda “Nouruz”, özbəklərdə “Navruz”, qazaxlarda “Naurız”..

Azərbaycanda “Novruz”, farslarda “Nouruz”, özbəklərdə “Navruz”, qazaxlarda “Naurız”..

Aktual

20 Mart 2017, 10:06

Bu gün Novruz bayramıdır, qış öz yerini bahara təhvil verir. Türk-müsəlman dünyasında geniş miqyasda qeyd edilən Novruz bayramı həm də yeni ilin gəlişini bildirir.

Modern.az-ın məlumatına görə, elmi araşdırmalar Novruz bayramının qədim tarixə malik olduğunu sübut edib. Bu bayramın İslam dini yaranmazdan öncə, Zərdüşt peyğəmbərin yaşadığı dövrdə qeyd edilməsinə dair məlumatlar onun yaşından xəbər verir. İlk yazılı mənbələr Novruz bayramının bizim eradan əvvəl 505-ci ildə yarandığını bildirir. Vaxtilə bəzi İslam xadimləri Novruza dini rəng verməyə çalışsalar da, bunu qəbul etdirməyə nail ola bilməyiblər. Tədqiqatçılar bu bayramın məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini qeyd edirlər.


Sovet dövründə SSRİ-nin tərkibində olan digər türkdilli respublikalar kimi Azərbaycanda da Novruz qeyri-rəsmi bayram kimi qeyd olunurdu. Çünki hökumət orqanları buna icazə vermir, bayramı açıq şəkildə qeyd etmək təklifi irəli sürən ziyalıları təqib edirdi. Təqib və təzyiqlərə baxmayaraq, azərbaycanlılar əsrlərdən qalmış ənənələrə sadiq qalaraq hər il Novruzu təmtəraqla qarşılayırdılar.


1967-ci ildə isə Novruz Azərbaycanda dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olundu. Onun təşəbbüskarı isə Azərbaycan Kommunist Partiyasının ideoloji məsələlər üzrə katibi, yazıçı-dramaturq, dəyərli vətənpərvər Şıxəli Qurbanov idi. Həmin il Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi. Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında heç kim belə bir cəsur addım atmamışdı. 


Bu addım milli təəsübkeş Şıxəli Qurbanova baha başa gəldi, elə 1967-ci ilin mayında o, müəmmalı şəkildə vəfat etdi. Heç şübhəsiz onu öldürdülər. Ondan sonra ta sovet imperiyası dağılanadək Novruz rəsmi səviyyədə qeyd olunmadı. 

Xalq ədət-ənənəsinə görə Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Torpaq çərşənbəsində evlərdə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni göyərmiş olur.


Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən «Kos-kosa» oyununu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.


Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Bahar qızı, Kosa və Keçəl Novruzun əsas atributlarıdır. 


Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da «s» hərfi ilə başlayan yeddi şey olmalıdır. Bura sumax, sirkə, süd, səməni, su, səbzi, «s» hərfi ilə başlayan xörəklər daxildir. Bunlardan başqa masanın üstünə içərisi qoz-fındıq, şabalıd, şirniyyatla dolu xonça qoyular güzgü və şamlar düzülər. Güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir. 


Ənənəyə görə bayram vaxtı hamı evdə olmalıdır. Xalq arasında deyirlər: «Əgər bayram günü öz evində olmasan, yeddi il evdə olmayacaqsan». 
Keçmişdə Novruz bayramı günləri bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, çünki sönmüş od, yanmayan işıq bədbəxtçilik əlaməti sayılardı. 


Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini (quru və ya yağıntılı),  məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü yaz, ikincini günün yay, üçüncünü günün payız, dördüncü gününü isə qış sayırlar. 


Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli həmin yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu. Novruzda həyət-bacanı təmizləyər, paltar-palazı təmiz suya çəkər, ağacların dibini belləyər, quru budaqlarını kəsib atar, bağların xəzəlini yığıb yandırır, təzə paltar geyinər, qəmgin oturmazlar. Küsülülər barışar, qohum-qardaşa qonaq gedərlər, söyüş söyməz, qiymət və qarğış etməzlər.


Azərbaycanda Novruz bayramı adətən martın 20-21-i qeyd edilir. 


Qeyd edildiyi kimi, Novruz bayramı türk-müsəlman dünyasında da təmtəraqla keçirilir. Bu bayramı farslar «Nouruz», özbəklər «Navruz», türkmənlər «Novruz», qazaxlar «Naurız», qırğızlar «Nooruz», türklər «Nevruz», Krım türkləri «Navrez» adlandırırlar. 
Hər bir xalq bu bayramla bağlı etnik, yerli milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm adətləri, mərasim nəğmələri yaradıb. Ümumilikdə, Novruz Azərbaycan, İran, Türkmənistan, Tacikistan, Özbəkistan , Pakistan , Qazaxıstan, Qırğızıstan, Türkiyədə xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Novruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd edilir.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, 2010-cu ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-də Bakı vaxtı ilə təxminən saat 21:32 radələrində baş verəcək. 

Bayramınız mübarək!



A.Qorxmaz

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır