Modern.az

Türkün bayraqlarına tüpürən poqonlu adam cəzasını almalıdır!!!

Türkün bayraqlarına tüpürən poqonlu adam cəzasını almalıdır!!!

10 Aprel 2011, 22:47

Bu yazım prezidentə müraciət kimi də qəbul edilə bilər...

1990-cı il yanvarın 20-də rus əsgərlərinin ermənilərlə birləşərək Bakıda törətdiyi məlum vəhşət sonradan həbslər, sorğulamalar və bu kimi hüquq və azadlıqların qısıtlamalarıyla davam edirdi. Mən o zaman Bakı Baza Energetika Texnikumunun tələbəsi idim. 22 yaşın içində, dəli-dolu bir gənc kimi xalq hərəkatında fərd olaraq əlimdən gələni edirdim. Həm də Azərbaycan Xalq Cəbhəsinin üzvü, olaylar zamanı “Salyan kazarması” adlanan yerdə yanvarın 17-dən başlayaraq gecələr növbə çəkənlərdən biri də mən idim. Elə yanvarın 20-nə keçən gecə hadisələrin ən qaynar nöqtəsində, “Xəzər” kinoteatrının tam önündə güllə altında bağıra-bağıra insanları səfərbər etməyə çalışan, hələ də nə baş verdiyini belə zamanında anlamayan birisiydim. Ancaq sözüm bunda deyil…

20 yanvar sonrası şəhərdə hökm sürən komendant saatı üzündən hər kəs qeydiyyatda olduğu yerdə gecələməli, gecələr heç kim küçələrə çıxmamalı idi. Mən də daha iki tələbə yoldaşımla Haqverdiyev küçəsindəki 5 saylı çörək zavodu ilə üzbəüz yerləşən 14 saylı yataqxanada kirayədə qalırdım. Bəli, məhz kirayədə. Çünki yataqxana bizə aid deyildi və komendanta ayda hərəmiz 15 manat verib orada yaşayırdıq. Qeydiyyatımız isə texnikumun Dərnəgüldəki yataqxanasına idi. Təbii ki, şəhərdəki hərbi rejimə görə gecələri Dərnəgüldə keçirməli idik. Ancaq orada yerimiz olmadığı üçün bunu edə bilmirdik…

Fevral ayının əvvəlləri olardı. Axşam qaranlığında bir tabor əli silahlı əsgər bizim qaldığımız yataqxananı mühasirəyə aldı. Bütün giriş-çıxış qapadıldı və axtarış başlandı. Yataqxanaya qeydiyyatı olmayanları avtomat altında həyətə toplamağa başladılar. Təbii ki, bizi də o sıradan. Aşağıda hər kəsin üzərini tək-tək aradıqdan sonra “Ural” markalı yük maşınına mindirdilər. Sıram çatanda əsgər əlinin üzərimdə bir şeyə ilişdiyini görüncə məni işığa sarı çəkib, “Bu nədir?” deyə soruşdu. Mən də özümü sındırmadan, “Azərbaycan bayrağıdır!” dedim. Boyu məndən xeyli yüksək olan rus əsgər, “Yoldaş mayor, tapdım!” deyə bağırdı. Mayor da öz növbəsində, “Nə tapdın?” deyə soruşunca, əsgər, “Xalq cəbhəsi!” deyə cavab verdi. Bundan sonra məni digərlərindən ayırıb nəzarət altına aldılar. Hamını maşına mindirəndən sonra ən sonda məni də mindirdilər və həmin əsgər silahıyla yanımda oturdu. Beləcə bizi Oktyabr (indiki Yasamal) rayonunun milis idarəsinə gətirdilər. İdarə o zaman Nizami metrosunun yaxınlığında yerləşirdi. Nə isə, anlaşılan sorğu-sual, hədə-qorxu, tövsiyələr, protokol və s. Təbii ki, döşümdə gəzdirdiyim indiki Azərbaycan bayrağının əksi olan nişanla bağlı da suallar oldu. Mən də uyğun izahatı verdim və buna görə rus zabit və əsgərləri heç bir hörmətsizlik etmədilər. Sadəcə qanun-filan haqqında danışıb kommunist rejimini təriflədilər və döş nişanımı da müsadirə etdikdən sonra sərbəst buraxdılar. Göründüyü kimi, hələ o zaman üçrəngli bayrağımız yasaq olsa da işğalçı ruslar belə ona sayğıda qüsur etmədilər.

Və bu gün! Bu gün çox dəhşətli bir söhbət eşitdim! Həqiqətən dəhşətlidir! 2 aprel mitinqi zamanı polisin saxladığı satirik-şair Mirzə Sakit danışdı, mən dəhşətə gəldim! İndi nəql edim, siz də xəbərdar olun.

Mənim də döşümdə gəzdirdiyim bir nişan var. Bu nişanın üzərində yeddi bağımsız türk dövləti – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Kuzey Kıbrıs, Özbəkistan, Türkiyə və Türkmənistanın bayraqları dairə şəklində düzülüb. Ortasında da BTDB yazılıb. Açması Bağımsız Türk Dövlətləri Birliyidir. Yəni mənim və əqidə arxadaşlarımın uğrunda çalışdığı bir məqsəd. Həmin nişandan Azərbaycanda hardasa üç min nəfər üzərində gəzdirir və onların arasında həm iqtidar, həm müxalifət tərəfdarları var. Yəni biz bu məsələni ölkəiçi siyasi çəkişmələrin fövqündə tutmağı bacarmışıq.

Sözünü etdiyim nişanlardan birini də Mirzə Sakit daim üzərində gəzdirirdi. Ancaq ötən gün onunla bir məclisdə rastlaşdığım zaman nişanı görməyincə nə olduğunu soruşdum. Mirzə Sakit də nə olduğunu danışdı…

2 aprel mitinqi zamanı tutuqlanan Mirzə Sakiti Səbail polisinə aparıblarmış. Təbii ki, burada ona qarşı zorakılıq da edilib. Ancaq işimiz bunda deyil. Heç Mirzənin özü də buna bənd olmur. Deyir ki, kürd olduğunu təxmin etdiyi polislərdən biri onun pencəyindəki nişanın nə olduğu ilə maraqlanıb. Mirzə də Azərbaycan daxil olmaqla yeddi türk dövlətinin bayraqlarının təsvir olunduğunu, bu dövlətlərin birliyini arzu etdiyini deyib. Elə olan da bundan sonra olub. Həmin “poqonlu qəhrəman” nişanı Mirzənin yaxasından qopararaq ayağının altına atıb və tapdalayaraq deyib: “Tüpürüm sənin türkünə də, onun dövlətlərinə də!” Bax belə!

İndi yenidən yaxın tarixə nəzər salaq. Kürd olduğu deyilən polisin ayaq altına atıb tapdaladığı, Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan üçrəngli bayrağımızı yenidən rəsmiləşdirən ilk şəxs Heydər Əliyevdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev bu bayrağı rəsmiləşdirərkən həm də Azərbaycan Respublikasının belə bir qərar verməsi üçün tövsiyəyə imza atmışdı. Elə bunun ardınca 5 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağımızı bütün dövlət üçün rəsmiləşdirdi…

Prezident İlham Əliyev də bayraqla bağlı bir ilkə imza atıb. Bu da dünyanın ən hündür bayrağının ölkəmizdə qurulmasıdır. Hazırda Bakıdakı Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli müqəddəs rəmzimiz dünyanın ən hündür bayrağı kimi rəsmən tanınıb. Bir daha vurğulayırıq ki, bu təşəbbüsün altındakı imza İlham Əliyevə aiddir…

Məmməd Əmin Rəsulzadənin qurduğu dövlətin yüksəltdiyi, xalq hərəkatının öndəri Əbülfəz Elçibəyin yenidən dalğalandırdığı, Heydər Əliyevin təkrar rəsmiləşdirdiyi və İlham Əliyevin ən yüksəyə qaldırdığı Azərbaycan bayrağını kürd olduğu deyilən poqonlu birisi indi digər bağımsız türk dövlətlərinin bayraqları ilə birlikdə ayağının altına atıb tapdalayır! Buna nə ad verək?! Bu adam təkcə bayrağımıza deyil, onu başımızın üzərinə qaldıranlara, lap elə Azərbaycan dövlətinə də tüpürür!

Məncə dövlətin rəsmiləri, elə prezident İlham Əliyev şəxsən bu məsələyə diqqət ayırmalıdır. Bu adam kimdirsə polis sıralarından uzaqlaşdırılmalı, Azərbaycan dövlətinin rəmzini təhqir etdiyi üçün cəzalandırılmalıdır! Cəzalandırılmalıdır ki, onun cinayətinə ondan yuxarıda duranların ortaq olmadığı təsdiqini tapsın!

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir