Modern.az

Ermənistan beynəlxalq təşkilatdan xaric edilib

Ermənistan beynəlxalq təşkilatdan xaric edilib

11 Aprel 2011, 11:23

Bir neçə gün öncə - martın 31-dən aprelin  4-dək  Litva Respublikasının Vilnyus şəhərində Avropa Gənc Alimlər Şurasının (Eurodoc)  Baş Assambleyasının İllik Yığıncağı  keçirilib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin prezidenti, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fəlsəfə doktoru İlqar Orucovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də həmin tədbirdə iştirak edib.

İlqar Orucovun verdiyi məlumata görə, baş qərargahı Brüsseldə yerləşən Avropa Gənc Alimlər Şurası Avropa Birliyinin və Avropa Şurasının 34 ölkəsindən olan gənc  alimlərin və gənc tədqiqatçıların milli assosiyasiyalarını birləşdirən beynalxalq təşkilatdır. Avropa Gənc Alimlər Şurası Avropa  gənc alim və elmi tədqiqatçılarının  səsini və fikirlərini bir çətir altında birləşdirir. Avropa Gənc Alimlər Şurası Avropanın doktorantura programlarına və keyfiyyətli tədqiqatların aparılmasına dəstək verir. Eurodoc, həmçinin, Avropanın təhsil siyasətinin yüksəldilməsində mühim rol oynayır. Eurodocun əsas  əsas məqsədlərindən biri də Avropa səviyyəsində yüksək məsləhətlərin verilməsi üçün önəm daşıyan gənc alimlərin karyera perspektivliyini, mobilliyini və iş şəraitinin öyrənilməsidir .

Martın 31-də tanışlıq görüşü və ölkələrin təqdimatları keçirilib. Avropa Gənc Alimlər Şurasının Baş Assambleyasının İllik Toplantısında isə Litva Respublikasının elm və təhsil naziri Gintaras Stepanoviç, Litva Gənc Alimlər Birliyinin prezidenti Piotras Cimmperman və Avropa Gənc Alimlər Şurasının prezidenti İzabella Stanislaviç açılış nitqi ilə çıxış ediblər.

Şuranın İdarə Heyətinin və Katibliyin 2010-cu il ərzinə gördüyü işlərin hesabatı dinlənilib. 2011-ci il üçün Şuranın büdcəsi və üzv dövlətlərin üzvlük haqqlarının ödənilməsi ilə bağlı vəziyyət  müzakirə edilib. Daha sonra Şuraya üzvlüklə bağlı məsələlərin müzakirəsi başlanıb. Azərbaycanın Şurada üzvlüyü ilə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təqdimatını üzvü Səidə Əliyeva təqdim edib. Cəmiyyətin təqdimatda Azərbaycan Respublikası haqqında ümumi tanışlıq, Azərbaycanda elmin vəziyyəti və həyata keçirilən islahatlar, Azərbaycan Milli Elmlər Akademiyası haqqında məlumat, Azərbaycan Respublikasında gənclər işi sahəsində görülən işlər və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi haqqında məlumat, gənc alimlərlə bağlı dövlət siyasəti haqqında, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti haqqında informasiya öz əksini tapıb. Ölkəmizin təqdimatından sonra Azərbaycanın Şuraya üzvlüyü səsə qoyulub və yekdilliklə üzv seçilib. Daha sonra Serbiya üzv qəbul edilib. Türkiyə Respublikasının üzvlüyü Türkiyəni qurumda təmsil edəcək təşkilatın fəaliyyətinin bütün ölkə ərazisini əhatə etməməsi səbəbindən qəbul edilməyib.

Daha sonra Ermənistan Respublikasını qurumda təmsil edən Ekososium təşkilatının son beş il ərzində  fəaliyyətinin olmaması səbəbindən Ermənistanın üzvlükdən xaric olunması səsə qoyulub və böyük səs çoxluğu ilə Ermənistan qurumdan xaric edilib.

Həmçinin,  illik toplantıda Şuranın Nizamnaməsinə bəzi dəyişikliklər edilməsi, yeni İdarə Heyətinin, Katibliyin və maliyyə komissiyasının seçilməsi  məsələləri də müzarirə edilib. Yeni İdarə Heyəti və digər seçkili qurumlara nümayəndələr seçilib. Fransa Gənc Alimlər Konfederasiyasının prezidenti  Lüdovik Garattini  Avropa Gənc Alimlər Şurasının yeni prezidenti seçilib. 

İllik toplantının sonunda Polşada keçiriləcək növbəti - 2012-ci il üçün Baş Assambleyanın İllik Yığıncağına hazırıq, təşkilatın gələcək fəaliyyəti ilə bağlıplanlar, üzv dövlətlərin aktivliyi məsələləri də müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin səfəri AMEA və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən dəstəklənib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?