Modern.az

Türkiyənin səs-küylü yeni serialında Azərbaycanın “Əsgər marşı”ndan istifadə olundu - VİDEO

Türkiyənin səs-küylü yeni serialında Azərbaycanın “Əsgər marşı”ndan istifadə olundu - VİDEO

Mədəni̇yyət

21 Mart 2017, 14:31

Türkiyənin “Star” telekanalı hərbçilərdən bəhs edən yeni serial yayımlamağa hazırlaşır.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Söz” adlanan serialın artıq kiçik fraqmenti də yayımlanıb. İnternetdə bir neçə dəqiqəlik fraqmenti izləyənlərin sayı sürətlə artaraq 2 milyonu keçib.

İndidən serialın yüksək reytinq qazanacağı iddia olunur.

TIMS&B şirkətinin istehsal etdiyi “Söz” serialının aktyor heyəti də diqqət çəkən adlardan ibarətdir. Belə ki, filmin əsas qəhrəmanlarından birini “Survivor 2016”nın çempionu Atakan Arslan canlandıracaq. Onunla yanaşı, serialda Tolqa Sarıtaş, Aybükə Pusat, Mustafa Yıldıran, Görkəm Sevindik, Eren Vurdem kimi tanınmış aktyorlar da yer alıb.

“Söz” serialının nə zaman ekrana gələcəyi isə hələ dəqiq deyil. Hazırda “Star” telekanalı ekran işinin anonsunu verməklə kifayətlənir.


Təqdimatdan görünür ki, bir qarşıdurmanın ortasında qalan və 100-ə yaxın terrorçu ilə döyüşməyə məcbur olan 12 türk əsgərindən ibarət Xüsusi Təyinatlı Dəstə şəhdət andı içir. Terrorçuların əhatəsində ümidsiz anlar yaşayan, ölümün astanasında dayanan mehmetciklər komandirlərinə həyatda qalacaqlarına və vəzifələrini başa çatdıracaqlarına dair "Söz" verirlər.


Modern.az saytının məlumatına görə, türk əsgərinin xain terrorçularla apardığı çətin müharibədən bəhs edən “Söz” serialında azərbaycanlı bəstəkar Cavanşir Quliyevin “Əsgər marşı”nın musiqi və sözlərindən istifadə olunub.

Belə ki, “Söz”ün yaradıcı heyəti “Əsgər marşı”nın sözlərini türkcəyə çevirərək, onu filmə salıb.

Bu, filmin fraqmentində görünür. Hərbi musiqinin müşayiətilə səsləndirilən “Yastığımız Vətən daşı, yorğanımız qar olsun, Biz bu yoldan dönər olsaq, namus bizə ar olsun” sözləri Azərbaycanın“Əsgər marşı”ndan götürülüb.

Qeyd edək ki, serialın ssenari müəllifi Ethem Özışık, rejissoru sə Yağız Alp Akaydındır.   



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir