Modern.az

Hay ver mənə, cənab general!

Hay ver mənə, cənab general!

Media

22 Mart 2017, 15:26

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


"Ulduz" hərbi yataqxanasında yaşamaq qəbahət deyil, əksinə şərəfdir. Amma bu məkan gənc zabitlər üçün nəzərdə tutulduğu halda, saçını ordu quruculuğu yolunda ağartmış bir zabitə 25 il bəs deyilmi? 

 

Hərbçi deyiləm, sadəcə Sakit Okean sularında bir çoxları kimi 3 illik hərbi xidmətimi başa vurmuş ehtiyatda olan "baş gəmi çavuşu"yam.

Amma hazırda 2003-cü ildən indiyədək jurnalistikadan dərs deyən, ixtisasca jurnalist - müəllim kimi etiraf edim ki, tələbələrlə Azərbaycan telekanallarında hərbi-vətənpərvərlik proqramlarından söz düşəndə Rahib Qərib adlı hərbi jurnalistin ad və soyadından yan keçməmişəm. Çünki o, hələ ANS-də "Marş"a başlamazdan əvvəl Müdafiə Nazirliyinin studiyasında hazırlanan və AzTV-də yayımlanan "And" verilişindən hamıya tanış idi.Görünür bu, əsl hərbçi taleyinin məntiqidir ki, Rahib əvvəlcə "And" içib, sonra "Marş"a başlayıb. 

 

Əgər xatırlayırsınızsa, hərbçi jurnalist öz "Marş"ında - "Müharibə olduğu kimi" rubrikasını təqdim edəndə, müharibəni şərhsiz, olduğu kimi göstərməyə çalışırdı.

Doğrusu elə mən də istərdim Rahibi bu yazıda sizə olduğu kimi təqdim edim, amma belə imkanım yoxdur. Çünki biz onunla şəxsi tanış deyilik, sadəcə sosial şəbəkədə virtual dostluğumuz var. Elə məni bu yazını yazmağa vadar edən də o "dostluq" səhifəsində paylaşılmış Rahib Qəribin ölkə prezidentinəmüraciəti oldu. Bir neçə saat sonra isə bəzi saytlar bir-birinin ardınca bu müraciəti "xəbər"ə çevirdilər.

 

Gəlin etiraf edək ki, bu gün hər birimizin evində az-çox firavan yaşaması və  ölkəmizdəki nisbi-sabitlik sinəsini düşmənə sipər etmiş hərbçilərimizin hesabınadır. Belə olduğunu bildiyimiz halda, bəs niyə biz hərbçilərimizə qarşı soyuqqanlı, biganə, laqeyd münasibət bəsləyirik?

 


Məgər bugünədək Rahib Qəribin xanımının ağır xəstə, özünün işsiz, maddi durumunun çətin olduğunu onun "yuxarıda" əyləşən "paqon" yoldaşları bilmirmi? Əgər bilmirlərsə təəssüf, yox əgər bilib kömək etmirlərsə, onda çox təəssüf!

 

Biz yaxşı bilirik ki, hərbçilər üçün zabit şərəfi hər şeydən üstündür. Sözsüz ki, bunu hər kəsə şamil etmək olmur. Amma Rahib Qərib əsl zabit şərəfi  daşıyıcılarından olmasaydı, yəqin ki bu gün onun nəinki 4-5 otaqlı xüsusi mənzili, hətta bağ evi, villası, imarəti olardı.

 

Hamımız yaxşı bilirik ki, insanı dərdə-azara salan elə imkansızlıq olur. Yataqxana şəraitində 25 ildən artıq yaşamaq, bu müddət ərzində min cür əzaba qatlanmaq, haqsızlıqlara tab gətirmək, ağır yataq xəstəsinin sağalması üçün dərman qoxulu dar bir otaqda dayanmadan mücadilə aparmaq, heç kimə asan gəlməsin.

 

Ölüm haqdır, bu əmrdən çıxmağa da heç kimin nə cürəti, nə də haqqı var. Elə Rahib Qərib də bir zabit kimi şübhəsiz ki, komandirlərin əmrindən heç vaxt çıxmayıb. Amma iş-işdən keçəndən sonra sabah onun qoluna girib, tərifləyib - "Sən yaxşı oğlansan, Başın sağ olsun, Allah rəhmət eləsin..." demək istəyənlərə bəri başdan deyim ki, baş sağ olmaq üçün gərək başçın, yəni komandirin bir az diqqətli ola, onu qayğıdan uzaq edib ağrımağa və ya ağarmağa qoymaya. O ki, qaldı Allahın rəhmətinə, çox güman böyük yaradan bağışlayan olduğundan, inkir-munkirin bir-iki sorğu-sualından sonra öləndə hamıya rəhm edir, kaş yerdə özlərini "Allah" sayanlar da hamıya rəhm etməyi bacaraydılar, daha adamı ömür boyu süründürməyəydilər.

 

Mən həmişə zabitlərimizin əyilməz qüruruna, ümüdvericilik qabiliyyətlərinə yaxşı mənada qibtə etmişəm. Amma görün haqsızlıq, ədalətsizlik, biganəlik bizi nə hala salıb ki, bu gün - 1993-cü ildən cəbhədə isti-soyuq demədən süjetlər çəkib ordu quruculuğunu təbliğ edən, hərbi-vətənpərvərlik verilişləri hazırlayıb bütün Azərbaycanı qələbəyə ümidləndirən bir zabit, özü ümüdsüz vəziyyətə düşüb.

 

Axı, niyə Azərbaycan jurnalist-zabitini belə bir ruha salıb - "İndi işsizəm. Xərçəng xəstəsi həyat yoldaşımla Müdafiə Nazirliyinin yataqxanasında çətin məişət şəraititndə yaşayıram. Mətbuat rəhbərlərimiz fəaliyyətsiz olduğundan və dəfələrlə yazdığım müraciət məktublarını sizdən gizlətdiklərindən Sizə burdan müraciət etməli oldum. Köməyinizə ehtiyacım var…" - yazmağa məcbur edirsiniz, cənab generallar?

 

Doğrusu, onun indiyədək yazdığı məktubların qarşını alanları heç anlamaq olmur. Məgər müraciət məktubları Xəzər dənizidir ki, "hasarlana?" Əlbəttə, "Ulduz" hərbi yataqxanasında yaşamaq qəbahət deyil, əksinə şərəfdir. Amma bu məkan gənc zabitlər üçün nəzərdə tutulduğu halda, saçını ordu quruculuğu yolunda ağartmış bir zabitə 25 il bəs deyilmi? 

Cənab generallar, siz ola-ola niyə ehtiyatda olan mayor Qəribov ölkə prezidentinə müraciət etməlidir? Yəni siz bu kiçik məsələni özünüz həll etmək iqtidarında deyilmisiniz? Axı, bu insan sıradan olan biri deyil. O, üç körpə uşağını və ailəsini şəraitsiz vəziyyətdə - dar bir otaqda saxlayıb böyütməklə yanaşı, Qarabağ savaşından, onun qəhrəmanlarının döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifi, müharibə veteranı, tanınmış müharibə telereportyorudur...

 

Anlamaq olmur, biz niyə beləyik? Azərbaycan zabitinə belə sözləri yazmağa vadar edənlərin heçmi insafı yoxdur? Doğrudur o, sizin qohumunuz, yerliniz, doğmanız olmaya bilər, amma siz ki, ən azı paqondaşlarsınız. Bəlkə çiyinlərinizdəki "ay- ulduz"ların ağırlığını hiss edib insafsızlıq daşını ətəyinizdən töküb, bu müraciətə özünüz hay verəsiniz cənab generallar?!

 

Rahib Qərib sosial şəbəkədəki statuslarının birində yazır ki, "Biz vaxt öldürürük, vaxt da bizi öldürür." Odur ki, tələsin, bu müraciətə hay verin cənab generallar!

 

P.S. Düşünürəm ki, vaxtından-vədəsindən asılı olmayaraq hər bir Azərbaycan ziyalısı, bu torpağın övladı olan hər bir kəs, özünü daim Azərbaycanın şərəfli zabit və əsgərlərinin yanında hiss etməlidir. Bu, ən azı hər birimizin vətəndaşlıq borcudur, "daşlıq" yox!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir