Modern.az

Deputat, Azərkimya"nın rəhbəri Muxtar Babayev: “Biganəlik məni çox narahat edir”

Deputat, Azərkimya"nın rəhbəri Muxtar Babayev: “Biganəlik məni çox narahat edir”

11 Aprel 2011, 12:38

Müsahibimiz Milli Məclisin deputatı, “Azərkimya” İstehsalat Birliyinin Baş direktoru Muxtar Babayevdir.

-  Necə oldu ki, deputat olmaq fikrinə düşdünüz?

- Birincisi,  mən Sumqayıtda fəaliyyətə keçən ilin aprelində başlamışam. Aprel ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse-prezidenti vəzifəsindən “Azərikimya” İstehsalat Birliyinə rəhbər təyin olunmuşam. Mənim əsas vəzifəm “Azərikimya”nın Dövlət Neft Şirkətinin standartlarına uyğun idarə olunmasını, onun strukturuna qoşulmasını, Dövlət Neft Şirkətində olan tələbləri, standartlar və prinsiplərin burada tətbiq olunmasını təşkil etməkdir. Ölkə başçısı, hörmətli Prezidentimiz İlham Əliyev Sumqayıtı Azərbaycanın sənaye mərkəzinə çevrilməsini qarşımızda məqsəd kimi qoyub. Sumqayıt real olaraq böyük perspektivi olan bir şəhərdir. Təəssüflər olsun ki, biz Sumqayıtda fəaliyyətə başlayanda kimya kompleksində, “Azərikimya”da vəziyyət o qədər də ürək açan deyildi.  Perspektivlər demək olar ki, çox da xoşa gələn deyildi. Bəzi planlar vardı, hansı ki, uzun illər gerçəkləşmirdi.
Artıq kimya kompleksi  Dövlət Neft Şirkətinin strukturuna daxil edilib. Çoxlu müsbət pozitiv istiqamətlər açılır. Keçmişdə nəzərdə tutulan, amma həyata keçirilməyən layihələrin artıq həyata keçirilməsinə fürsət yaranıb.
Sumqayıtda, xüsusən “Azərikimya”da insanların problemi ilə tanış olanda görürsən ki, istər-istəməz kimya kompleksi ilə şəhəri bir-birindən ayrı fikirləşmək mümkün deyil. Həmişə deyiblər Sumqayıt kimyaçılar şəhəridir. Demək olar ki, sumqayıtlıların ailələrində heç olmasa bir nəfər kimsə ya kimyaçıdır, ya da vaxtı ilə kimyaçı olub. İstər-istəməz kimya sənayesində nə olacağı hamısının marağındadır. Kimya sənayesi möhkəmləndikcə şəhərimizə necə təsiri olacaqdı. Burada əlil, şəhid ailələri yaşayır. Qaçqınlar məskunlaşıbdı, onlara nə xeyiri olacaqdı. Şəhərin inkişafına, idmanına, mədəniyyətinə nə köməyi olacaqdı.

Sözün açığı, deyə bilərəm ki, biz burada öz komandamızla o fəaliyyətə həmən başladıq. Şəhərdə ictimaiyyətlə müxtəlif, mədəni, idman, ətraf mühitin qorunması ilə bağlı çox tədbirlərdə iştirak etmişik, təşkilatçı olmuşuq. Şəhər ictimaiyyəti ilə görüşlərdən aydın görünürdü ki, kimya sənayesi Sumqayıt sakinlərinin əsas iş yeri olmuşdur və şəhərdə bu sahə ilə bağlılığı olmayan ailələrin sayı çox azdır. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə mənim namizədliyimi irəli sürməsi və partiya namizədlıri  siyahısında adımın yer tutması böyük etimaddı. Partiya rəhbərliyindən belə bir fikir söyləniləndən sonra artıq öz proqramlarımı işləməyə başladım.

Fikirləşdim ki, birinci nədən başlayaq. Partiyanın qüvvələrindən istifadə edərək hansı işləri görmək lazımdır ki, şəhər inkişaf eləsin, bizim insanlarımız daha yaxşı həyat sürsünlər. Seçki qabağı platformamı işləmək üçün YAP Sumqayıt şəhər təşkilatı ilə birgə bu işi apardıq. Doğrudan da, YAP Sumqayıt təşkilatı seçkiqabağı kompaniyada böyük bir iş gördü.  Və biz demək olar ki, 20-dən çox görüş keçirdik. Həyətlərdə, əlillərlə, şəhid ailələri ilə, qadınlarla, tələbələrlə, ayrıca idmançılarla, rus dilli ictimai qurumlarla görüşlər keçirdik. İnsanlar tərəfindən çoxlu suallar vardı. Demək olar ki, bütün görüşlərdə iştirak edən insanlar dövlətə sadiqliyini göstərərək YAP-a dəstək verirdilər və məni partiyanın bir namizədi kimi qarşılayırdılar. Mən şəhərdə hələ çox tanınmırdım, amma birinci növbədə YAP siyahısında olan insan və kimya kompleksinin rəhbəri kimi bu böyük bir güc idi. Bu gücdən, bu addan istifadə edərək bu fəxri işi başlamaq üçün əsas istiqamətləri müəyyənləşdirməyə başlamışdıq.

Şəhərdə çoxlu müzakirələrdə iştirak etdik, kütləvi yığıncaqlar keçirdik. Böyük bir mitinq keçirdik , 12 mindən çox insan yığışmışdı. Demək olar ki, bütün bu işlərin nəticəsi olaraq 7 noyabr tarixində keçirilən seçkilərdə bu öz bəhrəsini verdi. Digər rəqiblərimdən çox səs toplayaraq deputat seçildim. Çox şadam ki, böyük ada layiq görüldüm, xalqın etimadını qazandım. Öz seçicilərimə minnətdaram. Fəaliyyətimdə birinci növbədə partiyanın və seçicilərimin etimadını doğrultmaq üçün əlimdən gələni etməliyəm. Artıq buna başlamışam. İnsanlar mənə deyəndə ki, hə, oğlum, mən səni seçdiyimə görə yanılmamışam, artıq bu mənim üçün böyük sözdür, dəstəkdir. Ona görə də geniş və böyük işlər planlaşdırmışıq. Öz fəaliyyətimi deputat kimi ancaq 43-cü dairədə məhdudlaşdırmıram. Digər dairələrdən seçilmiş deputatlarla görüşürük, köməkləşirik, onlara əlimdən gələn köməyi edirəm, müxtəlif tədbirlərdə bir yerdə iştirak edirik. Bir yerdə çalışırıq Sumqayıtın ictimai həyatı daha da yaxşı istiqamətdə yönəldilsin. Mədəni həyatında müsbət dəyişikliklər, idmanda və s. yaxşı uğurlar qazanılsın.

- Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə Sumqayıt şəhərinin rəhbərliyi dəyişdirilib. Yeni təyin olunmuş icra başçısı şəhərdə yenidənqurma işlərinə start verib. Şəhər əhalisinin bəziləri bu yenidənqurma işlərindən narazılıq edir, onlara aid olan köşklər, tikililərin sökülməsini istəmirlər. Buna necə baxırsınız, sizə müraciət edənlər varmı?

- Sözün açığı, belə böyük narazılıq hiss etmirəm. Əlbəttə ki, bəzi insanlar müraciət edərək hansısa tikililərlə bağlı problemlərinin yarandıqlarını deyirlər. Deməzdim ki, bu məsələlərlə bağlı mənə çox adamlar müraciət edir. Amma əsasən burada insanların düzgün sənədləşdirilməmiş tikililərindən söhbət gedir. Sənədlərin düzgün olmaması əsas səbəb kimi göstərilir. Hesab edirəm ki, görülən işlər şəhərin inkişafı,  infrastrukturunun yaxşılaşdırılması üçün görülür. Şəhərin icra başçısı Eldar Əzizov nə tələb edir ki, ticarət olmasın? Siz özünüz də istəməzsiniz ki, sanitar normalara və yaxşı xarici görünüşə uyğun olmayan şəraitdə aparılan ticarət obyekti görəsiniz, bu kimin xoşuna gələr ki? Ayrı məsələdir ki, insanların hansısa fəaliyyəti ilə bağlı ola bilər ki, sənədləşdirilmiş mülkü var. O mülkü şəhərin infrastrukturunun yaxşılaşdırılması üçün dövlət işləri naminə harasa ayrı yerə köçürürlərsə, ayrı yer verilməlidir. Amma qeyri-qanunidirsə, onda günah sahibkarın özündədir. Hər narazılıq faktı yoxlanılır, insanlara müvafiq köməklik edilir. Mənə müraciət edən seçicilərimin şikayətinə uyğun olaraq müvafiq təşkilatların rəhbərlərinə müraciət edirəm, onların hüquqlarının pozulmamasına çalışıram. Amma gəlin biz artıq düşünək ki, XXI əsrə qədəm qoymuşuq. Şəhərimizin inkişafı barədə fikirləşməliyik. İnfrastrukturunun genişləndirilməsi haqqında düşünməliyik. Küçələrimiz daha geniş, daha gözəl və təmiz olsun. Şəhərimiz tipik sovet şəhəri kimi yox, müasir şəhər kimi inkişaf etsin. Bunun üçün də mütləq hər hansı dəyişikliklər olunmalıdır. 

- Muxtar müəllim bu yaxınlarda Milli Məclisdə hökumətin hesabatı dinlənildi. Bir millət vəkili kimi siz hökumətin fəaliyyətini necə dəyərləndirirsiniz? Bu hesabat sizi qane etdimi?

- Bizim iqtisadiyyatımız ildən-ilə artım ilə inkişaf edir. Azərbaycan istehsalın artım tempinə görə dünyada bir neçə qabaqcıl ölkələrin sırasındadır. Burada istər şəhər, istər rayon fərqi yoxdur, ümumilikdə respublika infrastrukturuna sərmayələr yatırılır. İldən-ilə büdcəmiz artır,sosial proqramlar artır, ordumuz güclənir. Bütövlükdə götürəndə hesab edirəm ki, bu hesabat yaxşı, düzgün iqtisadi sənəd kimi  müzakirəyə verilmişdir. Hökumətin fəaliyyəti məni qane edir.

- Siz parlamentdə indiyə qədər bir dəfə də olsun çıxış etməmisiniz. Hansısa məsələ barədə fikirnizi bildirməmisiniz. Bunu necə qiymətləndirmək olar?

- Yeni seçilmiş deputatam. Milli Məclisin iclaslarında artıq təcrubə toplamış deputatlarla yanaşı, çıxış etməyə hələlik çətinlik çəkirəm. Digər tərəfdən də daha çox öyrənirəm. Lakin bizim komitə iclaslarında çox fəal çalışıram, çoxlu müzakirələr aparırıq. Artıq komitədə müzakirə olunmuş layihələri  plenar iclasda müzakirəyə çıxardaraq orada həmin fikirləri yenidən səsləndirməyi çox lüzum görmürəm. Seçicilərim tərəfindən qaldırılan məsələlərin həll olunmasına çalışıram. Bu, yalnız çıxışlarla yox, əməli işlərlə görülür. Deputat sorğuları verirəm, müxtəlif təşkilatlara, müxtəlif insanlara xahiş edirəm, məktub da yazıram, müraciət də edirəm, qapı da döyürəm.

- Qarşıda hələ 4 ildən çox vaxtınız var. Hansısa qanun yaradıcılığı ilə çıxış etmək fikriniz varmı?

- Əlbətdə ki, çoxlu ideyalar var. Bu ideyaları birinci növbədə komitədə müzakirə etməliyik, zəruriliyi barədə fikirləşməliyik, ondan sonra ortalığa çıxara bilərik.

- Sizcə deputatla seçici arasında münasibətlər necə qurulmalıdı?

- Ən yaxşı, birbaşa münasibətdi. Mən hər həftə insanları qəbul edirəm. Onların məktubları ilə tanış oluram, bu çox effektlidir. Ona görə ki, ola bilsin ki, insan öz hisslərini məktubla tam ifadə edə bilmir. Amma görüşəndə görürsən ki insanların əksəriyəti istəyir ki, onu ilk öncə eşitsinlər. Danışanda bir də görürsən ki, çox aqressiv gəlib, hansısa öz problemlərini ifadə etməyə başlayır. Çalışıram sona gədər ona qulaq asım. Görürəm danışır, axırda yumuşalır. Çalışıram bütün müraciətlərə baxıb tədbirlər görüm, kömək edim.

- Deputatın təsir etmək imkanları varmı? Hansılardı?

- Əlbətdə ki, var, çoxdur. Birinci növbədə biz millət vəkili kimi sorğular verə bilirik, arayış tələb etmək, cavab tələb etmək, insanların müraciətlərinin baxılması üçün onlara dəstək vermək imkanımız var. Çox vaxt insanlar elementar problemlərlə üzləşir. Sənədi düzgün tərtib edilmir, kiməsə düzgün müraciət edə bilmir, məsələsi yubadılır. Deyək ki, hansısa sənədin düzgün hazırlanmaması, düzgün tərtib olunmaması, ya hansısa işin düzgün qurulmaması insanların probleminə gətirib çıxarır. Oxşar məsələlər  çoxdur.

- Ölkəmizin sosial-siyasi həyatında deputatın rolunu necə görürsünüz?

- Bu sahədə deputatın rolu çox böyükdü. İstər ictimai-siyasi işlərdə, istərsə də sosial işlərdə fəal bir qüvvədir. Millətin səsini, sözünü gəlib çatdırır, həm parlamentdə, həm siyasi arenada. Hesab edirəm ki, ən böyük qüvvədir.

- Muxtar müəllim, bu gün işsizliyin qarşısını almaq üçün hansı zəruri tədbirləri həyata keçirmək lazımdı?

- Bilikli insan, işi bilən, işə can atan, işə fədakarlıqla yanaşan insanları işə cəlb etməyə hər zaman hazırıq. Bu gün bizim cavanların peşə seçiminə çox böyük fikir vermək lazımdı. Sumqayıtda işsizlik problemi mövcuddur. Amma mən insanlarla görüşəndə görürəm ki, çox insanlar peşəsizdi.  Hər hansı peşəyə yiyələnmək istəmir, təmbəllik edənlər də çoxdur. Deyir məni hər-hansı bir fəhlə götür, deyirəm, ay cavan oğlan bu gün 20-21 yaşın var, niyə  ixtisası olmayan fəhlə olmaq istəyirsən? Cavab ala bilmirəm. Deyir öyrənərəm. Təəssüflər olsun ki, son illərdə peşə məktəblərində ixtisaslı kadrlar yaxşı səviyyədə hazırlanmır. Bizə kifayət qədər kadr verə bilmir. Biz burada yerləşən peşə liseyləri ilə görüş keçirmişik. Bu bir tərəfdən  bir tələb, bir tərəfdən də bir sifarişdi ki, bizim üçün kadr hazırlayın. Yaxşı qaynaqçı, tornaçı, montajçı, avtokran sürücüləri axtarırıq. Bizim kimya kompleksində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var.

- İnsanlarda daha çox hansı keyfiyyətləri qiymətləndirirsiniz?

- Necə deyim, istehsalatda iş bacarığı çox vacibdir. İşə sədaqətli olmağı, iş kollektivində düzgün mövqe tutmağı, yaxşı komanda şəklində işləmək və öyrənmək bacarığını çox qiymətləndirirəm. Güclü insanları xoşlayıram...

- Özünüzü güclü sayırsınızmı?

- Hesab edirəm, bəli.

- İradəcə, yoxsa fiziki cəhətdən...

- Çalışmışam ki, yaxşı işçi olum, yaxşı rəhbər olum. Komandada  yer tutum, kollektivi irəli aparım. Hesab edirəm ki, bu olmasaydı, mən bu gün burada olmazdım...

- Sonda nə demək istərdiniz, sizi  daha çox narahat edən hansı məsələlərdir?

- Məsələ çoxdur. Biganəlik məni çox narahat edir. Çox hallarda biganəliklə üzləşirəm. Hansısa tapşırılan işə, ya insanlara biganəlik hesab edirəm ki, işin irəli getməyinə çox böyük zərbədir, arxaya çəkməkdir. Mən hesab edirəm ki, bir çox məsələlərdə səbrli olmaq, öz işini düzgün qurmaq, insanlara maksimum yaxın olmağa çalışmaq, kömək olmaq vacibdir. Nə qədər insana yaxın oldun, o qədər həm problemin içində olursan, həm də problemin çıxış yollarını daha tez tapa bilirsən.

İstərdim ki, həyatımız daha yaxşı olsun. Hesab edirəm ki, ölkəmiz düzgün istiqamətdədir. İqtisadiyyatımız daha güclü olmalıdır. İqtisadiyyatımız daha güclü olsa insanlarımız daha yaxşı yaşayacaqdır, dövlətimiz daha güclü olacaqdır. Ulu öndərimiz Heydər Əliyev demişdir ki, iqtisadiyyatı güclü olan dövlət çox şeyə qadirdir. Bu sözdən çox xoşum gəlir.

İdmana daha çox fikir verilməlidir. Bu barədə Sumqayıtda çox işlər görürük. Mədəni həyatda çalışmalıyıq ki, Sumqayıtın mədəni həyatı daha maraqlı keçsin. Biz tez-tez teatrlara gedirik. Çalışıram insanları teatra cəlb edək. Mədəni tədbirlərə daha çox meylli olsunlar. Tək yox, ailələri ilə gəlsinlər teatra. Çox istərdik ki, şəhərimizdə ətraf mühitlə bağlı köklü dönüş olsun. Sumqayıt artıq demək olar ki, zərərli istehsalatlardan qurtarıb. Bu gün istehsalatda demək olar ki, tullantıların maksimum azaldılmasına nail olunub. Fabriklər, zavodlar, istehsalatlar ən yeni texnologiyaların əsasında qurulacaqdır. Təbiətə  yaxın, dost bir formada tikiləcəkdir. Mən çox istərdim ki, bizim insanlarımız təhsilə daha çox fikir versinlər, bilikli olsunlar. İqtisadiyyata, istehsalata maraqları daha çox olsun. Son vaxtlar görürəm humanitar sahələrə daha çox fikir verirlər. Amma ölkəmizə mühəndislər çox lazımdır.

Şəmsiyyə Musaqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi