Modern.az

Böyük Britaniya tarixinin ən qanlı TERROR AKTLARI

Böyük Britaniya tarixinin ən qanlı TERROR AKTLARI

Dünya

22 Mart 2017, 22:21

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxs 2 nəfərin ölümü, 10-dan artıq insanın yaralanması ilə nəticələnən qanlı terror hadisəsi törədib. Dumanlı Albion bundan öncə də qanlı hücumlara hədəf olmuşdu.

 

Modern.az Böyük Britaniya tarixinin ən qanlı terror hücumlarının xronologiyasını təqdim edir.

 

2013-cü il 22 may – Cənubi Londonda radikal dini qruplaşmanın üzvü olan  2 şəxs britaniyalı hərbçi Li Reqbiyə hücum etmişdilər. Avtomobillə onu vuran terrorçular sonradan yaralı hərbçini bıçaq və maçetedən istifadə etməklə qətlə yetirmişdilər. Radikallar bu hücumu Britaniya ordusunun İraq və Əfqanıstandan çıxarılmamasına görə atdıqlarını bildirmişdilər.

Hadisəyə görə Nigeriya mənşəli Maykl Adebolaco və Maykl Adebovale həbs olunaraq ömürlük həbs cəzasına məhkum olunmuşdular.

 

 

2005-ci il 7 iyul – Londonun 4 ayrı nöqtəsində koordinə olunmuş terror aktları baş vermişdi. Həbib Onf, Məhəmməd Sadiq Xan, Cermen Lindsi və Şəhzad Tanver ayrı-ayrılıqda London metropoliteninin 3 stansiyasının və ictimai avtobusu partladaraq 52 nəfərin ölümü, 700-dən artıq insanın isə yaralanmasına səbəb olmuşdu.

 

 

1989-cu il 22 sentyabr – Britaniyanın Dil şəhərində yerləşən hərbi kazarma Şimali İrlandiyanın azadlığı uğrunda döyüşən İrlandiya Respublika Ordusunun (İRA) hücumuna məruz qalmışdı. İRA üzvləri bombanı kazarmanın otaqlarından birinə yerləşdirərək saatlı mexanizmlə işlək vəziyyətə gətirmişdilər. Partlayış zamanı 11 britaniyalı hərbçi həlak olmuş, 21-i isə xəsarət almışdı.

 

 

1988-ci il 21 dekabr – Londondan Nyu-Yorka uçan Boeing 747 təyyarəsinin havada partlaması nəticəsində 270 nəfər (259 sərnişin və 11 nəfər yerdə) həlak olmuşdu. Şotlandiyanın Lokerbi şəhəri yaxınlığında qalıqları aşkar olunan təyyarənin terror aktına məruz qaldığı müəyyənləşmişdi. Faktla bağlı Liviya xüsusi xidmət orqanlarının 2 üzvü – Əbdülbaset Əl-Meqrahi və Lamin Fəlih Limaha həbs olunmuşdular. Onlar ömürlük azadlıqdan məhrum olunmuşdular.

 

 

1980-ci il 5 may – Londondakı İran səfirliyi “Ərəbistanın Azadlığı Uğrunda Demokratik Hərəkat” tərəfindən tutulmuşdu. Terrorçular 26 səfirlik işçisi və qonaqları girov götürərək İran həbsxanalarında saxlanılan 91 tərəfdarının azadlığını tələb edirdilər. Aprelin 30-da başlayan girov hadisəsi mayın 5-də britaniyalı xüsusi təyinatlıların əməliyyatı ilə yekunlaşdı. Binaya hücum zamanı 6 terrorçudan 5-i məhv edilmiş, 1-i isə yaralı halda polisin əlinə keçmişdi. Əməliyyat zamanı 2 girov da həlak olmuşdu. Yeganə sağ qalan terrorçu 22 yaşlı Fouzi Neyad 2008-ci ildə azadlığa buraxılmışdı.

 

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi