27 aprel 2017, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Dünyanın tanıdığı tanımadığımız azərbaycanlı – “Nazir olmaqdan imtina etmişəm” – MÜSAHİBƏ
Dünyanın tanıdığı tanımadığımız azərbaycanlı – “Nazir olmaqdan imtina etmişəm” – MÜSAHİBƏ
23.03.2017, 11:29

Modern.az saytı milli.az-a istinadən Avropa Parlamentinin nümayəndəsi, beynəlxalq dərəcəli hüquqşünas Aysel Həmidovanın müsahibəsini təqdim edir.

 

– Sizi oxuculara necə təqdim edək?

 

– (Bir neçə saniyəlik pauzadan sonra) … Sadəcə – Aysel Həmidova.

 

– Bəs Aysel Həmidova kimdir?

 

– (Daha uzun pauzadan sonra) … Avropada yaşayan, əslən azərbaycanlı olan bir xanım.

 

– Avropada Aysel Həmidovanı nə ilə, hansı keyfiyyətlərinə və ya işinə görə tanıyırlar?

 

– Əsasən peşəsi, sənəti, işi ilə tanıyırlar. Mən ixtisasca hüquqşünasam. Yeri gələndə diplomat kimi çıxış edirəm. Təvazökarlıqdan uzaq olmasın, amma bu qazandığım mövqeyi də, şöhrəti də peşəmi gözəl bildiyimə görə əldə etmişəm. Aysel Həmidova bu gün Avropa Parlamentində peşəkar hüquqşünas və diplomat kimi çalışan bir xanımdır. Yəni mənim uğurlarım peşəmlə bağlıdır. Gənc olmağıma baxmayaraq, artıq dünyanın demək olar ki, bütün ölkələrində, hətta bəzilərində bir neçə dəfə olmuşam, həmin ölkələrin mühüm siyasi, rəsmi şəxsləri məni tanıyır, qəbul edir.

 

 

– Dediniz ki, dünyanın demək olar ki, bütün ölkələrini gəzmisiniz. Bəs heç olmadığınız ölkə var?

 

– Bu yalnız okeanda hansısa uzaq bir balaca adada və ya kiçik bir şəhərdən ibarət ölkələr ola bilər. Əgər varsa da, onlar əhəmiyyətli hesab edilmir və ya heç tanınmır. Yəni gəzdiyim ölkələrdə gördüklərimlə, öyrəndiklərimlə müqayisə etsək, çox şey itirdiyimi düşünmürəm. Amma ümid edirəm ki, yaxın gələcəkdə həmin ölkələrdə də olaram.

 

 

– Avropa Parlamentində sizdən başqa da azərbaycanlı kimsə çalışır və ya bunadək çalışıb?

– Məncə yox, çalışmayıb. Mənə elə gəlir ki, burada çalışan ilk azərbaycanlı məhz Aysel Həmidovadır. Amma bir şey var ki, mən azərbaycanlı hesab edilsəm də, damarlarımda azərbaycanlı qanı axsa da, Azərbaycanda doğulmamışam, orada böyüyüb boya-başa çatmamışam.

 

– Harda doğulmusuz? Harda təhsil almısınız?

 

– Norveçdə doğulmuşam. Uşaqlıq və yeniyetmə çağlarım bu ölkəyə təsadüf edir. Daha sonra həyatımın 4-5 ili Türkiyədə İstanbulda keçib. Sonra ailəmizlə birgə gəlib İtaliyanın kiçik, amma gözəl və rahat şəhərlərindən Ostunidə yaşamışıq. Amma artıq bir neçə ildir ki, ailəmizlə birgə bəzən dünyanın mərkəzi və ya gözü hesab edilən Romada yaşayırıq. Həyatımdan da, işimdən də məmnunam.

– Məndə olan məlumata görə, valideynlərimiz Azərbaycanda doğulublar, sonra Avropaya köçüblər.



– Bəli, onlar Azərbaycanda doğulublar. Valideynlərimin Avropaya gəlməsi və qalması isə tələbəlik illərinə təsadüf edir. Onlar əsl azərbaycanlıdırlar, qəlbən də Azərbaycana çox bağlı insanlardır. Ümumiyyətlə, bizim ailəmiz soyuna, kökünə, adət-ənənəsinə çox bağlıdır. Ailəmizdə hələ də hətta Azərbaycanın özündə belə çoxlarının unutduğu əsl milli adət-ənənələr qorunur saxlanır, onlara əməl edilir.

 

– Valideynləriniz vaxtilə Azərbaycanda tanış olub ailə qurublar, yoxsa Norveçdə?


– Bəli, Noveçdə.


– Yeri gəlmişkən, ata-ananızın adları nədir?

 

– Atamın adı Ədalət bəy, anamın adı Məryəm xanımdır.

 

– Avropada doğulub boya-başa çatsanız da, Azərbaycan dilində yaxşı danışırsız…

 

 – Bunun bir neçə səbəbi var. Əvvəla, bizim ailəmiz milli adət-ənənələri qoruyub saxlayan ailədir. Amma mən Azərbaycan dilini mükəmməl bilmirdim. Sonradan buna istəkmi, yoxsa zərurətmi deyək, bilmirəm, ondan doğaraq Azərbaycan dilini daha mükəmməl öyrənməyə çalışdım.

 

 – Yaxşı, zəif də olsa, Azərbaycan dilini uşaqlıqdan bilirdiniz, yoxsa yeniyetməlikdən?

 

– Yox, bunu yalnız son illərin uğuru adlandırmaq olar.

 

– Ümumiyyətlə, hansı dilləri bilirsiniz?

 

– Əhəmiyyətli sayıla bilənləri…

 

– Onda gəlin sayaq…

– Bu bizim vaxtımızı çox almaz ki?

 

– Məncə yox. Gəlin sadalayaq…

– İngilis dilini mükəmməl bilirəm. Bundan başqa ərəb, norveç, fransız, rus dillərində oxuyur, yazır, danışıram. Təbii ki, italyan dilini bilirəm, sevdiyim dildir. İspan dili də sevdiyim dillərdəndir.

 

– Daha sonra?


– Başqaları da var, amma hamısını sadalamağa ehtiyac görmürəm. Bir şeyi qeyd edim ki, biz səfərlərə sakit oturmağa, istirahətə və ya hansısa muzeyə baxmağa getmirik. Mən çox azlıq təşkil edən şəxslərdənəm ki, görüşlərdə, tədbirlərdə tərcüməçidən istifadə etmirəm. hansı ölkədə oluramsa, onlarla sərbəst şəkildə, çəkinmədən dialoq qura bilirəm. Ola bilsin ki, hansısa dildə kobud olmasa da, müəyyən səhvlərə yol verim. Bu da əsasən yerli insanlarla ünsiyyət zamanı onların ləhcəsində danışarkən ola bilər.

 

– Bəs hansı dildə düşünürsüz?

 

– Mən italyan dilində düşünürəm. Amma düşündüklərimi Azərbaycan dilində də pis ifadə etmirəm… (gülür)

 

– İtaliyada, Norveçdə, eləcə də Avropanın digər ölkələrindəki digər azərbaycanlılarla dostluğunuz, ünsiyyətiniz varmı?

– Mən insanları sevirəm, həyatı sevirəm. Bununla bərabər, insanları özümə çox yaxın buraxmağı xoşlamıram. Amma bəli, dostluq etdiyim, ünsiyyət qurduğum azərbaycanlılar təbii ki, var. Həm azərbaycanlılarla, həm türklərlə, həm ərəblərlə və digərləri ilə çox gözəl münasibətlərimiz var. Dini bayramlarda biz bir yerdə oluruq. Bəzən yardım məqsədilə toplaşırıq. Yəni buradakı azərbaycanlılarla əlaqələrimiz var. Bunu da vurğulamaq istəyirəm ki, onlar həmişə mənə güvəniblər, hörmət bəsləyiblər, sözümü də yerə salmayıblar.

 

– Bəs xanım olmağınız sizə işinizdə, karyeranızda mane olmayıb ki? Heç təəssüflənmisinizmi ki, gərək mən qadın yox, kişi olaydım? 


– Qətiyyən! heç vaxt buna təəssüflənməmişəm. Ümumiyyətlə, mən təəssüf hissi yaşamıram. Uğursuzluq qarşıma çıxsa belə mən onu yaşamıram.

 

– Sizin üçün uğur nədir?

 

– Hər hansı bir müşkül bir işi tamamlamaq mənim üçün uğurdur. Özü də onu məhz özüm edirəmsə və nəticəsini də görürəmsə, bu, artıq mənim üçün uğurdur. Nəticə də bilirsiz nə deməkdir? Həmin işin tamamlanmasının arxasında insanların taleləri, onların həyatı, sevinci dayanır.

 

– İşinizin əsas mahiyyəti nədən ibarətdir?

 

– İşimin əsasında beynəlxalq səviyyədə hüquqi müdafiə, siyasi mövqeyimin bildirilməsi və s. dayanır. Siyasi məsələni həll etmək isə iqtisadi razılıq əldə etməkdən dəfələrlə çətindir. Açığı bunu geniş ifadə etməkdə bir az çətinlik çəkirəm…

 

– Amma adətən hüquqşünas deyəndə göz önünə ilk növbədə hüquqi fəaliyyət, sənədlərlə iş, yaxud da kiminsə hüquqlarının müdafiəsi, vəkillik işləri gəlir.

 

– Mənim vəkillik fəaliyyətim də var. Amma bu, əsasən hələ iş stajımın olmayan vaxtlarına təsadüf edir. Mən daha enerjili, daha həvəsli idim. O vaxt mən buna ehtiyac duyurdum. İndi isə bu artıq adət halına keçib. Ümumiyyətlə, öz işimi sevirəm. İstənilən sahədə çalışmağı sevirəm. Yetər ki, lazımlı olum və hiss edim ki, məhz məndən asılı olan məsələlər var. Heç zaman öz işimdən yorulmamışam. Bayaq soruşdunuz ki, qadın olduğuma görə peşman deyiləm ki? Düşünürəm ki, mənim qədər çalışan hər hansı bir şəxs yorğunluğunu dərhal büruzə verərdi, amma mən yox. Bundan narazı da deyiləm. Tutaq ki, səfərdən evə dönməmiş oradan birbaşa başqa səfərə də gedirəm. Düzdür, belə iş rejimi səhhətimdə bəzən müəyyən problemlər yaradır, buna baxmayaraq, işimi çox sevirəm.

 

– Siz həftə ərzində bəzən həm Amerikada, həm Asiyada, həm Afrikada, daha sonra da Avropada olursuz. Bu isə istər-istəməz yuxusuzluq, qida rejiminin pozulması deməkdir. Bu qədər çətinliyə, təzyiqə necə dözürsüz?

 

– Düzdür, dediyim kimi, səhhətimlə bağlı çətinliklərim olur. Amma bu işdir. Burada geriyə addım atmaq olmaz.

 

– Adətən xanımlar daha incə, zərif məxluqlar hesab edilirlər. Onlar daha tez yorulurlar, daha çox qayğıya, istirahətə ehtiyacları olur, naz-qəmzəyə daha çox meyllidirlər.


– Elə mən də özümü o cür qadınlardan hesab edirəm… Amma işimi də sevirəm. (gülür)

 

– Bildiyim qədər şəxsi biznesiniz də var. Elədir?

 

– Bəli var, amma mən bu haqda danışmağı sevmirəm…

 

– Siz həm Avropa Parlamentində işləyir, həm vəkillik edir, həm bizneslə, eyni zamanda diaspor və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olursunuz. Bildiyimə görə, bundan əlavə hələ bəzi hobbiləriniz də var. Elədir?

 

– Bəli, var.

 

– Onlar nədən ibarətdir?

 

– Bəlkə də hamısını sıralasam, çox vaxt aparar… (gülür)

 

– Hər halda gəlin cəhd edək…

 

– Məsələn, rəsm çəkməyi, şeir yazmağı çox sevirəm. Son illərdə aparatla foto çəkməyi də xoşlayıram. İnsanlar çox zaman öz fotoşəkillərini çəkib sosial şəbəkələrdə paylaşmağı sevirlər. Düzdür, mən də son zamanlar bəzən bunu edirəm, amma daha çox getdiyim ölkələrdə rastlaşdığım maraqlı, gözəl, düşündürücü şeylərin, hadisələrin fotolarını çəkib paylaşması daha çox sevirəm. Bir də sevirəm ki, paylaşdıqlarımın altında məhz öz imzam olsun.

 

– Bəs idman?


– İdman mənim sağlamlığım üçündür. İnsanlar bilməlidir ki, onların sağlamlığını qoruya biləcək şeylərdən biri də idmandır və bunu təbliğ etmək lazımdır.

 

– Başqa?


– Qolf oynamaqdan, at çapmaqdan zövq alıram. Sürəti, avtomobili sürətlə idarə etməyi, ekstrimi çox sevirəm. Bundan əlavə, əvvəllər boş vaxtlarım nisbətən çox olanda oturub pianoda da ifa edərdim…
Mənim yaxşı əl qabiliyyətim də var. Lazım gələndə evdarlığı da bacarıram. Bəlkə də çoxları bunu absurd hesab edəcək, amma bu belədir. Məncə bəs edər… (gülür)

 

– Belə çıxır ki, Aysel Həmidova həm də gözəllik aşiqidir…

 

– Mən ümumilikdə həyatı, insanları çox sevirəm! Bəli, gözəl olan hər şeyi sevirəm! Mənə belə gəlir gözəl olan nə varsa, onları öz ətrafımda cəmləşdirməyi də bacarıram.

 

– Sizi ən çox sevindirən və kədərləndirən nədir?

 

– Həyatım məni sevindirir, bütün bəhs etdiklərimizin hamısı sevinməyimə səbəbdir. Mən yarpağın ağacdan qopub düşməsinə də sevinə, yaxud da əksinə, kədərlənə bilərəm. Başqalarının sevincinə sevinib, kədərinə kədərlənə bilən insanam. Açığı başqalarının kədərlənməsini görmək istəmirəm, çünki bu adamı çox incidir. Həmin an o insanın taleyini içimdə yaşayıram…

 

– Yeri gəlmişkən, ailəlisiniz?

 

– Xeyr.

 

– Səbəb nədir? İşlərin çoxluğu, vaxtın azlığı, yoxsa digər məsələlər?

 

– Yox, işlərin çoxluğunun şəxsi həyata aidiyyatı yoxdur. Ən azından bunu səbəb kimi göstərilməsini qəbul etmirəm. Yəqin hələ ailə quracağım insana rast gəlməmişəm. Sevmədən ailə qurmaq olmaz. Qətiyyən! Ola bilsin ki, gözümü şöhrət, ətrafımda olan sevgi o qədər tutub ki, başqa şeyə  ehtiyac duymuram. Çünki ehtiyacım olan şeylərin hamısı həyatımda var.

 

– Dediniz ki, ərəb ölkələrinə dəfələrlə səfər etmisiz. Bildiyimə görə, Məkkədə də olmusunuz. Məkkədə Həcc ziyarəti məqsədilə olmusunuz, yoxsa işlə bağlı?

 

– İş məqsədilə də olmuşam, amma ziyarət məqsədilə də dəfələrlə olmuşam. Atamla da olmuşam, tək də getmişəm.

 

– Deməli, siz həm də müsəlman bir xanımsız…

 

– Əgər belə demək olarsa, bəli. Bilmirəm bu kənardan necə görünür və buna necə nail oluram, amma çalışıram ki, bacardığım qədər müsəlman xanımı olum. Hər halda bu ürəyimdə olan sevgi qədərdir. Şəxsən mən belə başa düşünürəm.

 

– Bəzən deyirlər ki, Avropada bəziləri dini mənsubiyyətinə görə ayrıseçkiliyə məruz qalır. Bu belədirmi? İslam dininə mənsubiyyət həqiqətən Avropada problem yaradırmı?


– Bu deyilənlərdən mənim də xəbərim var. Əgər söhbət yaşadığım ölkədən – İtaliyadan gedirsə, yox, burada belə bir şey yoxdur. Hər halda mən belə bir problem yaşamamışam və şahidi də olmamışam.
İtalyanlar xaraktercə, eləcə də ənənələr baxımından azərbaycanlılara çox yaxındırlar. Onlar istiqanlı insanlardır. Bu, bizdə də var. Onların qonaqpərvərlikləri, mehribanlığı, hətta çılğınlıqları belə bizimkinə çox bənzəyir. Müşahidə etmişəm, italyanların söhbət edərkən yüksək səslə, əl-qolla danışaraq qarşısındakına nəyisə izah etməyə çalışması bizdə – azərbaycanlılarda da var. Onların əxlaq barədə düşüncələri, yanaşması da bizə çox yaxındır. Onlar hətta ailə, əxlaq münasibətlərində bizdən daha sərt yanaşırlar. İtalyanlarda ailə institutu çox güclüdür.

 

– İtalyanlardan ailəvi dostluq etdikləriniz, gediş-gəlişiniz olanlar varmı?


– Biz hamımız ailəlikcə iş adamlarıyıq deyə çox zamanımız olmur. Buna baxmayaraq, dostluq etdiklərimiz var. Axı biz özümüzü insanlardan təcrid etməmişik. Onların əksəriyyəti heç bizim kökümüzün haradan gəldiyini belə bilmirlər. Yəni bizi sadəcə özünkü kimi qəbul edirlər. Mənim bir çox ölkədən, o cümlədən İtaliyadan olan tələbə yoldaşlarım var. Çox istiqanlıdırlar. İtalyanlar digər millətlərə nisbətən bizə çox yaxındırlar.

 

– Bayaq dediniz ki, İstanbulda da müəyyən qədər yaşamısınız. Bu nə ilə bağlı olub?

 

– Həm təhsillə, həm də işimlə. Mən orda yaşamaya da bilərdim, amma iş elə gətirdi ki, 4 il də orda yaşadım və buna peşman da deyiləm.

 

– Sizin üçün nisbətən fərqli, daha gözəl olan ölkə varmı? Yoxsa düşünürsüz ki, hər ölkənin özünə görə fərqliliyi, gözəlliyi var?

 

– Təbii ki, hər ölkənin özünəməxsus ayrıca gözəlliyi var. Olmadığım ölkələr barmaqla sayılacaq qədərdir. Məncə getdiyim ölkələrin mədəniyyətini də, ənənələrini də bilirəm. Otellərdən daha çox kimlərinsə evində qonaq qalıram. Bunu da bilərəkdən edirəm. Çünki aylarla oteldə qalmaqla sən o ölkə haqqında heç öyrənə bilməzsən, amma bircə gün kiminsə evində qalmaqla oranın mədəniyyətinin, tarixinin müəyyən hissəsini öyrənmiş olursan.
Bir şeyi də deyim. Bütün dünyanı gəzmişəm, amma heç bir yerin mətbəxi Azərbaycanınkı kimi deyil, heç bir yerdə bizimki kimi dadlı yeməklər yoxdur. Yəni mənim üçün ən fərqli şeylərdən biri öz mətbəximizdir. Mənim belə zərif, incə görünməyimə baxmayın, mən ləziz, dadlı yeməkləri çox sevirəm. (gülür)

 

– Bəs Azərbaycanda tez-tez olursuz?

 

– Bəlkə də çoxlarına təəccüblü gələr, amma son illərə qədər Azərbaycanda heç vaxt olmamışdım. İlk dəfə dövlət xətti ilə dəvət əsasında 2010-cu ildə qısa müddətli ezamiyyətə getmişdim. O zaman demək olar ki, heç yeri görə bilmədim. Amma 2014-cü ildən bəri Azərbaycanda bir neçə dəfə, hətta bir çox rayonlarında olmuşam.

 

– Azərbaycana gələndən sonra tarixi Vətənlə bağlı hisslərinizdə nə dəyişdi? Nə sizi sevindirdi, nə sizi peşman etdi?

 

– Yox mən heç zaman peşman olmuram. Əgər nəyinsə nəticəsi, sonluğu yaxşı alınmırsa, deməli mənə görə elə olur.

Amma Azərbaycanda olandan sonra indi artıq ora barədə daha çox anlayışım var. Səfərlərim isə həm işlə və müəyyən dəvətlərlə bağlı olub, həm də sadəcə istirahət məqsədilə.

 

– Bu qədər aktiv fəaliyyətinizin olmasına baxmayaraq, mediada çox görünmürsüz. Hətta deyərdim ki, demək olar ki, görünmürsüz. Nədir bunun səbəbi – güvənsizlik, yoxsa üzdə olmaq istəməmək?

 

– Mənim üzdə olmağa ümumiyyətlə ehtiyacım yoxdur. Bunu sevmirəm. Çünki bu mənə əlavə heç nə verməyəcək. Öz həyatımı yaşayıram, işlərimlə məşğulam. Mediadan çox az münasibət saxladığım şəxslər var. Çox az. Amma güvəndiyim ümumiyətlə yoxdur. Güvənsizliyim var. Ötənlərdə Azərbaycan haqqında geniş məlumatım olmadığım vaxtda bir jurnalist mənimlə adicə yazışıb söhbət elədi. Mən bu söhbətin media üçün olduğunu qətiyyən bilmirdim. Sonra onu xəbərim olmadan müsahibə kimi yaydı. Bu məni çox əsəbiləşdirdi. Hətta o yazıda özüm özümü tanımadım. Guya mən çox böyük gücə malik imişəm, əstəğfrullah, az qala Allah imişəm…
Mən şou adamı deyiləm. İnsanlar məni tanısa nə olacaq, tanımasa nə olacaq? Düzdür, müəyyən dairələrdə müəyyən qədər tanıyırlar, amma heç zaman çalışmıram ki, məni tanısınlar. Təbii ki, istər-istəməz insanlarla üz-üzə gəlirəm, ünsiyyətda oluram və etdiklərim, edəcəklərim müsbət və ya mənfi əks-səda doğurub. Bu da istər-istəməz insanı tanıtmağa aparır.

 

– Bəs İlkin İzzətə nə əcəb müsahibə verməyə razılaşdınız?

 

– Yəqin ki, qazandığınız güvənə, inama və etibara görə. Deməli, bu da onun gücüdür…

 

– Onda belə çıxır ki, bu, sizin medaiaya ilk müsahibənizdir?

 

 – Azərbaycan mediasına bəli, ilk müsahibəmdir.

 

– Qarşınızda hansı məqsədlər qoymusuz? Sizin də çoxları kimi dövlət başçısı olmaq və ya öz biznes imperiyanızı qurmaq kimi məqsədləriniz var?


– Dövlətə, millətə kömək etmək üçün mütləq prezident olmağa ehtiyac yoxdur. İnsanlar prezidentin ətrafında birləşsələr, bacardıqlarını etsələr, daha yaxşı olar. Yəni heç kim gözləməsin ki, gələcəkdə mütləq prezident olacaq və bundan sonra nəsə edəcək.

Yeri gəlmişkən, artıq bütün dünya bilir ki, Azərbaycanın dahi bir şəxsiyyətin davamçısı olan, çox vətənpərvər, uğurları bitməyən prezidenti var. Məncə, millət üçün nəsə etmək istəyənlərə yetər ki, onun ətrafında birləşsinlər. Yəni xalqı üçün nəsə yaxşı bir şey etmək istəyənlər mütləq prezident olacağını gözləməli deyillər.
Mənim məqsədlərim var. Məsələn, hazırda 17 ölkəni əhatə edən böyük bir siyasi layihə üzərində iş gedir. O layihə mənə təkliflərimlə, görəcəyim işlərlə böyük uğura gətirə, istəməsəm belə, imkanlarım indikindən daha çox, geniş ola bilər. Məqsədim o layihə ilə böyük uğurlar qazanmaqdır.

Mənəvi baxımdan isə məqsədim Allahın rizasını qazanmaqdır. Bu, davamlı olub və inanıram ki, Allah ömür versə, bundan sonra da davam edəcək. Amma etdiklərimin qarşılığını gözləmək qətiyyən xasiyyətimə uyğun deyil. Düzdür, həyatda çox iddialı insanam və mənim üçün orta olan heç nə yoxdur. Mənim üçün bir şey ya var, ya da yoxdur. Ya o şey çox olmalıdır, ya da ümumiyyətlə olmamalıdır. Amma böyük biznes iddiasında deyiləm. Ümumiyyətlə, mən qadın və biznesi yanaşı tuta bilmirəm. Xüsusən də böyük biznesi qadına yaraşdırmıram. Qoy qadının biznesi onun savadı, təhsili, incə qəlbi olsun. Deyəcəksiz, axı sizin də biznesiniz var. Biznes mənim üçün sadəcə olaraq bir hobbidir. Mən biznesə heç vaxt oradan mütləq qazanc götürmək məqsədi ilə yanaşmamışam, qazandıqlarımı da birə-bir haralarasa sərf edirəm. Yəni Allahın verdikləri ilə kifayətlənəm adamam və düşünürəm ki, onları ehtiyacı olanlarla bölüşməliyəm…

 

– Sizə İtaliyada dövlət qurumlarında və ya digər ölkələrdə hansısa vəzifə tutmaq təklif olunub?

 

– Çox olub. Hətta birbaşa nazir postu təklif edilib. Yaxın ölkələrdən də belə bir təklif almışam. Amma fikirləşmişəm ki, indiki mövqeyim həmin o nazir vəsifəsindən daha yüksəkdədir. Mənim imkanlarım daha genişdir. Düzdür, nazir vəzifəsi özü yüksək mövqedir, amma hazırda mənim ölkələrə birbaşa çıxış imkanlarım daha çoxdur, daha genişmiqyaslı, daha əhatəlidir. Belə təkliflər Avropada da, ərəb ölkələrində də olub. Amma hazırki məsuliyyətlərim, yerim mənə kifayət edir və bu işimdən zövq alıram.

 

– Xarici ölkələrdə əsasən kimlərlə görüşürsüz?


– Görüşlərim dövlət başçıları ilə də, nazirlər səviyyəsində də, səlahiyyətli nümayəndələrlə də olur. Hər halda görüşlərim həmin ölkəni idarə edən, mühüm qərarlar qəbul edən insanlarla olur.

 

– Məsələn, inkişaf etmiş və aparıcı dövlətlər hesab edilən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Rusiya və digərlərinin dövlət və hökumət başçıları ilə görüşləriniz olub?

 


– Olub, çox olub. Məsələn, elə ABŞ prezidenti Barak Obama ilə çoxlu görüşlərimiz olub. Qalanlarını isə artıq saymağa ehtiyac görmürəm. Bəlkə də başqaları günlərlə bunun sevincini yaşayardı, amma yəqin ki, gənc yaşlarımdan bu sahədə olduğum üçün belə şeylər mənim üçün adiləşib. Bununla yanaşı, bu görüşlərin əhəmiyyətini və dəyərini də gözəl anlayıram.

 

– Neçə yaşından bu sahədəsiniz?

 

– Mən artıq hələ tələbəlik illərindən bilirdim ki, kim olmalıyam. O zaman qarşıma ciddi məqsədlər qoymuşdum. Bəzən düşünürəm ki, hamı kimi yeniyetməlik, gənclik yaşamamışam. Başqaları vaxtını əyləncələrə sərf edəndə mən hər zaman oxumuşam, üzərimdə işləmişəm. Bu gün isə çəkdiyim həmin əziyyətin bəhrəsini görürəm, onu böyük zövqlə hiss edirəm.

Tələbə olanda o qədər ciddi idim ki, mənə yaxın düşməyə belə cəhd etmirdilər, hətta çəkinirdilər. Bilmirəm niyə, amma çoxları elə bilirdi ki, mən hansısa ölkə prezidentinin və ya kralının qızıyam. Amma əslində daxilən çox sadə insanam. Düşünürdüm ki, axı bunu hansı kobudluq nəticəsində qazanmışam?

 

– Bəlkə kənardan quru insan təsiri bağışlamısız və ya çox sərt insan kimi görünmüsünüz, ona görə? Yeri gəlmişkən, sərt insansınız?

 

– Mən çox sərt, həddindən çox tələbkar və dəqiq insanam. İşdə də, həyatda da. Hərtərəfli. Və mən bağışlamağı bacarmıram… Yəqin ki, bu mənim qüsurumdur. Səhvləri bağışlamıram. Çünki biz o yaşda deyilik ki, düşünmədən nəsə edək. Deməli, biz düşünüb nəyisə edirik. Əgər kimsə onun nəticəsinin yaxşı olmayacağını bilirsə və yenə edirsə, bunu niyə bağışlamalıyam?! İstəyirəm ki, verdiyim alım. Yəni mən sənə qarşı dəqiqəmsə, eyni dəqiqliyi səndən də tələb edirəm.
İndiki gənclər əyləncə ruhlu insanlarla kontaktda, münasibətdə olmağı daha çox sevirlər. Bu isə məni qane eləmir. Əksinə, elə məclislər, elə xasiyyətli insanlar məni tez yora bilər. Bayağı əyləncələr qətiyyən mənlik deyil. Ona görə də elə yerlərdən və insanlardan kənar gəzirəm.

 

– Bəs sizi ən çox əyləndirən nədir?


– Bəlkə də çoxlarına qəribə gələr, amma nəticəsi pis gözlənilən və ya mümkün olmayan hansısa işin, məsələnin öhdəsindən gəlmək və gözəl nəticə əldə etməkdən çox böyük zövq alıram. Mənə elə gəlir ki, əsl zövq məhz budur. Əgər mümkün olmayan bir şeyi həll edə bilirəmsə, özü də təkcə işdə yox, ümumilikdə həyatda, o zaman onun nəticəsi zövq verir.
Amma digər mənalarda mənə musiqi dinləmək də, fırçanı götürüb rəsm çəkmək də böyük zövq verir. Məsələn, hansısa xoş, səviyyəli bir söhbətin təəssüratı da məni əyləndirə bilər. Onda rahat oluram.

 

– Ümumiyyətlə, heç darıxırsızmı?

 


– Xeyr, qətiyyən! Heç vaxt darıxmıram. Yəqin ki, buna yaşadığım maraqlı həyat tərzi, vaxtımın azlığı imkan vermir. Hər halda mən darıxmıram. Mənim üçün heç nə cansıxıcı deyil.

 

– Dediniz ki, Azərbaycan mədəniyyətinə, mentalitetinə bağlı bir ailənin qızısız. Eyni zamanda müxtəlif ölkələrə səfərə gedirsiz, özü də günlərlə, bəzən həftələrlə evdə olmursuz. Ailənizdə buna necə yanaşırlar?


– Mənim atam da, qardaşlarım da siyasət adamlarıdırlar. Bəlkə bir alışqanlıq var, bəlkə evin kiçiyi olduğuma görə, bəlkə xarakterimdəki kəskinlik, bəlkə də mənə güvən olduğuna görə heç zaman etiraz etmirlər. Təbii ki, valideynlər hər yaşda övlad üçün narahat olurlar, o cümlədən də mənə görə. Amma ən əsası odur ki, onlar anlayırlar ki, işim olmasa, başqa heç nə düşünə bilmərəm. Yəni ailəmizdə mənə tam dəstək var. İnsanın uğuru o vaxt tam olur ki, ona ailəsindən dəstək olsun. Əlbəttə ki, ailəmizdə mənə dəstək olmasaydı, bu uğurları qazana bilməzdim.

 

– Tələbkarlıqda, sərtlikdə, nəyə nail olmaqda ailədə əsasən kimə oxşamısız?

 

– Atama. bu cəhətimə görə o məni hər zaman müdafiə edir.

 

– Ailədə neçə övladsız?

 

– Dörd.

 

– Onlar da sizin kimi xarakterdədirlər, yoxsa fərqlənirlər?

 

– Övladların hamısı fərqli olur. Heç kim heç kimə bənzəmir. Qardaşlarımın xasiyyəti daha sərtdir. Bacım isə çox mülayim xanımdır.

 

– Yəqin bacınız daha çox ananıza oxşayıb…


– Yəqin ki. (gülür) Bəzən müqayisə edəndə fikirləşirəm ki, yəqin anam və bacım yerə enmiş mələkdirlər. Onlar çox mülayim insanlardır.


Bizim evdə çox qəribə və bəlkə də indiki dövrdə başqalarına gülməli görünən bir adət var. Hələ də mənim atam evə gələndə evdə kim varsa, hamı onu qarşılayır, işə gedəndə isə eyni şəkildə yola salır.
Bununla bağlı bir əhvalat danışım. Bir dəfə biz Azərbaycanda rayonların birində idik. Bir qonşu gəldi və anama ilk sualı bu oldu ki, sənin yoldaşın hara gedir ki? Anam cavab verdi ki, heç yerə. Qadın qayıtdı ki, sən hər gün yoldaşını yola salırsan və ona xeyir-dua verirsən. Bəs sən bilirsən ki, buna görə bizim ailəmizdə söz-söhbət yaranıb? Anam dedi ki, mənim dediklərimin, etdiklərimin sənin ailənə nə dəxli var? Qonşu dedi ki, sən hər dəfə yoldaşına deyirsən ki, sağ-salamat get, sağ-salamat gəl, işin uğurlu olsun və s. Mənim yoldaşım da mənimlə dalaşır ki, bax, gəlmə bir xanım ərini gör necə yola salır, özü də işə yox, elə-belə. Amma mən çətin işdə işləyirəm, hər gün gedirəm, sizinçün əziyyət çəkirəm, sən isə məni nəinki yola salır və qarşılayırsan, heç günümün necə keçdiyi ilə də maraqlanmırsan…
Yəni bizim ailədə ənənələr bu dərəcədə yaşayır.

 

– Hazırda Novruz bayramı ərəfəsindəyik. Novruz bayramında nə edirsiz? Ümumiyyətlə, milli-dini bayramları necə qeyd edirsiz?

 

– Biz bütün milli-dini bayramlari bir cox xalqların nümayəndələrini dəvət etməklə qeyd edirik. Xüsusən, milli bayramlarda daha cox bir olmağa calışırıq. Dini bayramlarda isə burada yaşayan müsəlman olan hər kəs bir olur. Çalışırıq istənilən bayramda ölkəmiz haqqında geniş məlumat verək. Uğurlarımızı sevinclə insanlara catdırırıq. Əvvəlki illərlə muqayisədə indi ölkəmizi nəinki tanıyırlar, hətta Azərbaycan haqqında çox ürəklə gözəl fikirlər söyləyirlər. Hətta Azərbaycanda heç vaxt olmayan çox insanlar onu görmək həvəsindədirlər.

Novruz bayramına gəlincə, o, cox sevdiyim bayramlardandır. Novruz bayramının özunəməxsus, özəl adətləri var. Onlar çox dəyərlidir. Biz də burada bu gözəl adətləri qoruyub saxlayırıq. İstər Avropada, istərsə də Azərbaycanda olsun, kimsəsizlər evinə ziyarət, atılmış uşaqlara baş cəkmək, şəhid ailələri ilə görüşlər təşkil edirik.Yeri gəlmişkən, bu işdə mənə Azərbaycanda yaxından kömək edən Orxan Bayramova minnətdarlığını bildirirəm! Buradan ona göndərdiyi Novruz sovqatı, şəkərbura və paxlavaları üçün ailəmiz adından, o cümlədən buradakı azərbaycanlılar adından təşəkkür edirəm!
Mən bütün Novruz bayramını qeyd edən insanları bu bayram münasibəti ilə təbrik edirəm! Bütün dünya xalqlarına, o cümlədən bütün azərbaycanlılara sülh və əminamanlıq arzulayıram!

 

– Çalışdığınız yerlərdə, xüsusən də Avropa Parlamentdə sizin Azərbaycan kökənli olduğunuz bilinirmi, yaxud da siz bunu məxsusi vurğulayırsınızmı?


– Hətta mən istəməsəm belə, bu, özünü bəzi davranışlarımda da açıq şəkildə göstərir. Amma mənim bunu gizlətmək kim kimi bir niyyətim, fikrim heç zaman olmayıb. Əksinə, bəzən hətta lazım olmayan yerdə belə fəxrlə, qürurla milli kimliyimi ortaya qoymuşam və bundan heç zaman çəkinməmişəm.

 

– Arzularınız var?

 

–  Desəm arzum yoxdur, insanmayacaqsınız. Doğrudan da ciddi bir arzum yoxdur. Həyatda maddi baxımdan hər şeyi görmüşəm. Özü də öz zəhmətimin sayəsində. Maddiyyatı da, hörməti də, mövqeyi də özüm qazanmışam. Amma onu da deyim ki, şan-şöhrəti çox sevirəm. Yəqin ki, bu, mənim xoşa gəlməyən xasiyyətimdir. Arzum isə yalnız odur ki, əzizlərim sağ-salamat olsun, ölkəmiz – Azərbaycan firavan olsun. Mən nə zaman eşidirəmsə ki, Azərbaycanda hansısa rayona şəhid gedib, həmin gecə səhərə qədər rahat ola bilmirəm. Bir neçə gün əvvəl cəbhədə bir neçə şəhidimiz oldu. Bu məni çox narahat elədi. Təlaşlanıram, xəbər tutmağa çalışıram. Arzum budur ki, Dağlıq Qarabağ məsələsi də sülh yolu ilə, özü də tezliklə həll olunsun. Mən ilk növbədə bunu arzulayaram və bundan böyük arzum yoxdur.

 

– Siz Avropa Parlamentinin nümayəndəsisiniz və müxtəlif ölkələrin rəsmiləri ilə görüşlərdə, təmaslarda, danışıqlarda, tədbirlərdə olursuz. Ermənistan nümayəndələri və ya erməni əsilli şəxslərlə görüşlərdə necə davranırsız?

 

– İnsan belə halda necə davrana, özünü tam ələ ala bilər? Bu, mümkün deyil. Xüsusən də mənim kimi çılğın insanlarda bu, ümumiyyətlə alınmır. Bir çox hallarda aramızda konflikt yaranır. Tutaq ki, hansısa tədbirdə zala girəndə, qeydiyyatdan keçəndə azərbaycanlı olduğumu bilmirlər, amma sonra istər-itəməz bilirlər. Bir çox ölkələrdə isə dəfələrlə hətta yersiz halda, adicə söhbət edəndə azərbaycanlı olduğumu qəsdən büruzə vermişəm. İnsandan asılı deyil, qarşı tərəfə olan öz kinini nə qədər boğsan da, bu özünü göstərir. Mən elə insanam ki, bunu gizlətməyi ümumiyyətlə bacarmıram. Bacarsam da, bunu etməyi sevmirəm. Kiməsə qarşı nifrətim varsa, niyə onu gizlətməliyəm? Onlarla çox konliktlərim olub, hətta təhlükəyə qədər gedib çıxıb. Mən çox təəssüf edirəm ki, bir çox ölkələr həqiqətin nədən ibarət olduğunu hələ də bilmir.
Bir dəfə Dağıstanda olanda bir nəfər mənə iradla dedi ki, biz olsaydıq, başqa cür edərdik. O bizi qınadı ki, azərbaycanlılar heç nə eləmir. O sözlər indiyədək qulaqlarımda cingildəyir…
Düzdür, bizim Avropada mərd gənclərimiz var ki, Türkiyədə, Fransada, başqa ölkələrdə Qarabağla, Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirirlər. Bu məni çox sevindirir. Adamın ürəyi dağa dönür. İstər-istəməz onlara qoşulmağa, başqalarını da sövq etməyə çalışırsan. Amma təəssüf ki, bu çox azdır…

– Belə çıxır ki, ermənilərin təsir gücü və təbliğatı bizimkilərdən daha çoxdur?

 


– Bəli. Biz azərbaycanlılar hər məsələdə əxlaqımıza sığınan insanlarıq. Bizim əxlaqımız, mədəniyyətimiz yol vermir ki, hətta öz başımıza gələnləri olduğu kimi çatdıra bilək. Amma başa düşmək lazımdır ki, bizim başımıza gələnləri bir başqası öz adından ortaya qoyursa, hətta kənardakılar onlara acıyırlarsa və buna görə bizi qovurlarsa, artıq biz də bütün gücümüzlə başımıza gələnləri ortaya qoymalıyıq. Mən heç bir ölkədə azərbaycanlı kimi əxlaqına sadiq, abır-həya gözləyən, böyük-kiçik yeri bilən heç bir millətin nümayəndəsini görməmişəm. Amma yenə deyirəm ki, biz daha artığını etməliyik. Biz olduğumuz haldan çıxmalıyıq. Onsuz da bizi halımızdan çıxarırlar…

 

– Ümumən Avropadakı azərbaycanlıların, diasporumuzun fəaliyyətini necə qiymətləndirirsiniz?

 

– Açığı bunu qiymətləndirmək istəmirəm. Məncə daha güclü ola bilərdilər. Deyə bilərəm ki, başqa millətlərlə müqayisədə zəifdirlər.

 

– Sizcə bu məsələdə çatışmayan nədir?

 

– Təşkilatçılıq, iş bacarığı, həvəs çatışmır. Mənə elə gəlir ki, bəzilərinin doğma Vətənə sevgi hissinin azlığı da özünü göstərir…

 

– Belə olan halda bəs siz özünüz Azərbaycan adına nə edirsiz? Diasporla, Azərbaycanla bağlı hansı işləri görürsünüz?

 

– Bu bir az da vaxtdan asılı olan məsələlərdir. Mənim isə iş qrafikim belədir ki, özümdən asılı olmayaraq diasporla birgə iş görməyə əlavə vaxtım demək olar ki, olmur. Lakin bu o demək deyil ki, heç nə eləmirəm. Düzdür, dağı da dağ üstə qoymuram, amma təkbaşına bacardığım qədər istər maddi, istərsə də digər baxımdan çox şeyləri etməyə çalışıram, amma bunu heç zaman açıqlamıram. Düzdür, bu barədə bəzən etdiklərim barədə başqaları deyir, yazır. Açığı mən tərifi sevsəm də, belə şeyləri açıqlamağı xoşlamıram. Hər halda Azərbaycanla bağlı xeyriyyə aksiyalarına, Vətənimizin tanıdılması üçün lazım olan tədbirlərə, təşəbbüslərə bacardığım qədər qatılıram. Yəni ümimi işlərdən kənardan qalmıram. Amma daha çox şəxsi qaydada nəsə etməyə çalışıram. Çünki ümumi işin nəticələri məni bir o qədər də qane eləmir. Şəxsi deyəndə ki, onu da təkcə özüm etmirəm, mütləq kimlərinsə əli ilə, vasitəsilə nəyəsə nail oluram.

 

– Bütün bunların arxasında duran gücünüz nəyə söykənir – məmur və hüquqşünas olmağınıza, siyasi fəaliyyətinizə, biznesə və ya başqa şeyə?


– İnsan nəyəsə nail olmaq istəyirsə, yetər ki, onu etmək istəsin. Onda sadaladıqlarınızın nə dərəcədə olmasından asılı olmayaraq insan onu eləyəcək.


Gəlin sizə həyatımdan bir hadisə, epizod danışım. Ərəb ölkələrindən birində küçədə gördüm ki, bir qadın yerdən didilmiş, qurumuş bir çörək tikəsi götürdü. O çörək tikəsi demək olar ki, qida kimi yararsız, hətta insanın sağlamlığı üçün təhlükə törədə biləcək bir vəziyyətdə idi. Ərəb, eləcə də Avropa ölkələrində tanımadığın insana birbaşa yanaşmaq ədəbsizlik sayılır, bəzən isə insanın öz həyatı üçün təhlükəli ola bilər.

 

Buna baxmayaraq, mən həmin qadına yaxınlaşıb onu çağırdım və sual verdim. O isə mənə nəinki cavab, heç hər hansı reaksiya belə vermədi. O zaman qəfildən qadının əlindən tutdum. Bu, qəbulolunmaz bir şey idi, amma bunu elədim. Ətrafdakılar da təlaşla, həyəcanla baxırdılar.

Qadının əlindən tutub soruşdum ki, bu nədir və onu hara aparırsız? O dedi ki, bu mənim bu günlük azuqəmdir və aparıb onu yeyəcəm. Mən dedim axı bunu yemək mümkün deyil. O zaman qadın mənə onu necə yeyəcəyini izah eləməyə başladı. Dedi ki, həmin çörək tikəsini ağ isti suda isladıb yeyəcək. Mən həmin çörəyi o qadının əlindən aldım. Halbuki, o tikə haradan götürməsindən asılı olmayaraq artıq həmin qadının idi. Düzdür, alandan sonra onun əvəzini artıqlaması ilə verdim. Sonra həmin tikəni otelə gətirib həmin qadının izah etdiyi kimi elədim – çörəyi ağ isti suda isladıb yedim. Bu hadisənin üstündən bir neçə il keçib, amma onun dadı hələ də damağımdan getməyib. Həmin an o qadının nə yaşadığını hiss elədim və həmin anın içində bir xoşbəxtlik tapdım.

 

Sözümün canı odur ki, maddiyyatdan asılı olmayaraq, insan nəsə eləmək istəyirsə, onun gözünə artıq heç nə görünməyəcək.
Mən azərbaycanlıyam. Azərbaycanda yaşamasam da, Vətənim haqqında çox bəsit məlumatım olsa da, mən oralıyam. Nəinki Azərbaycan, hətta anlayışım almayan başqa ölkə haqqında mənə danışsalar, istənilən insanın taleyinə biganə qala bilmirəm. Bəlkə də bu sentimallığımdan irəli gəlir, bəlkə də qadın olduğuna görə zaman-zaman öz zəifliyimi büruzə verirəm. Və mən bu günədək də harada quru çörək görürəmsə, ürəyimdən çox keçir ki, onu götürüm. Çünki bilirəm ki, o bir tikə quru çörəyə də möhtac olan insanlar var…

 


YusifSuleymanov
24.03.2017, 08:59

Aysel Hemidova ! Sizinle fexr etmeye deyer! Esq olsun Size! Aferin! Uqurlar olsun! Amin!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.04.2017, 01:22

Putin Trampla mayda görüşə bilər – Gizli danışıqlar aparılır

27.04.2017, 01:01

Lənkərandakı qəzada ölənlərin kimliyi bilindi, Yenilənib

27.04.2017, 00:44

Ukrayna  Prokurorluğu Azərbaycan şirkətləri barədə...    

27.04.2017, 00:29

Rusiyada 12 terrorçu saxlanıldı

27.04.2017, 00:14

Tailandda qasırğa xəbərdarlığı

26.04.2017, 23:46

İran Pakistan sərhədində silahlı toqquşma: 10 ölü

26.04.2017, 23:31

Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır - VİDEO

26.04.2017, 23:23

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

26.04.2017, 23:16

NASA-dan önəmli AÇIQLAMA: “Fundamental kəşfin astasasındayıq”

26.04.2017, 23:10

Dünya çempionatında videotəkrardan istifadə ediləcək

26.04.2017, 22:57

Daha 19 PKK terrorçusu zərərsizləşdirilib

26.04.2017, 22:42

Qoca yaşda yenidən aşiq olan məşhurlar - MARAQLI    

26.04.2017, 22:40

Avropada qızılca epidemiyası - Xəbərdarlıq

26.04.2017, 22:24

Lerikə iki gündür qar yağır

26.04.2017, 22:12

Türkiyədə rusiyalı generalın 140 illik məzarı tapılıb

26.04.2017, 22:06

İŞİD-lə Əl-Qaidə-nin FƏRQİ

26.04.2017, 21:53

Paytaxtda yeni salınan yolla bağlı məsələyə aydınlıq gətirildi - VİDEO

26.04.2017, 21:37

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib

26.04.2017, 21:26

Azərbaycanda bu saytlara giriş qadağan olunur

26.04.2017, 21:11

Səfirlik açılan cinayət işindən xəbərsizdir

26.04.2017, 20:58

Həbsxanada dustaqlar arasında kütləvi dava: 12 ölü

26.04.2017, 20:43

Gəncə sakini qatarın altında qalıb

26.04.2017, 20:29

Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur

26.04.2017, 20:14

Rusiyadan alınan müasir hərbi texnika ölkəmizə gətirildi - VİDEO

26.04.2017, 20:01

"Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir" - Fransa XİN rəsmisi

26.04.2017, 19:30

"Abşeron" Gənclər Şəhərciyinə təbii qaz verilişi dayandırıldı - ETİRAZ

26.04.2017, 18:53

Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq

26.04.2017, 18:48

Bakıda imtahanlarda məzunların 8,51 %-i Ana dilindən “2” alıb

26.04.2017, 18:44

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

26.04.2017, 18:25

Fransa bankları TAP-ı maliyyələşdirmək istəyir

26.04.2017, 18:17

Prezident Niderland kralını və CAR prezidentini təbrik edib

26.04.2017, 18:08

İŞİD sıralarında 4,5 min MDB vətəndaşı vuruşdu

26.04.2017, 18:00

ADU-da SABAH qruplarına seçimlə bağlı görüş keçirilib

26.04.2017, 17:51

Çernobıl faciəsi bu gün də davam edir - Faciənin 31-ci ili

26.04.2017, 17:50

Azərbaycanla Avropa İttifaqı arasında rəsmi danışıqlar prosesi BAŞLAYIR

ARXİV