Modern.az

Biləsuvarlı jurnalistlər: "Biləsuvar məktəblərində çoban əlifba öyrədir..."

Biləsuvarlı jurnalistlər: "Biləsuvar məktəblərində çoban əlifba öyrədir..."

11 Aprel 2011, 13:07

Media nümayəndələri doğma rayondakı vəziyyətdən danışılar


Modern.az
xəbər portalının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsinin bu həftəki ünvanı Biləsuvar rayonudur. Biləsuvarlı jurnalistlər rayonun sosial-iqtisadi vəziyyəti, inkişaf və problemləri, təhsil, səhiyyə sistemi və s. məsələlər barədə bizə danışıblar.

“Biləsuvarlılar deputatlarından narazıdır”

Biləsuvarın kiçik rayon olduğunu deyən “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Kəbutər Haqverdiyeva uzun illər – SSRİ vaxtında orada pambıqçılığın inkişaf etdiyini bildirib: “Kənd təsərrüfatı rayonu kimi iqtisadi uğurları olmadığına görə, Biləsuvarın əhalisi kasıb yaşayıb. Həm də gözdən uzaq rayon olduğu üçün elə gözə çarpan işlər görülməyib. Regionların inkişafi ilə bağlı Dövlət Proqrami çərçivəsində son illər bütün rayonlarda olduğu kimi Biləsuvarda da çox böyük işlər görülüb”.

Bununla belə, jurnalist kənd təsərrüfatı sahəsində hələ də problemlərin qaldığını qeyd edib. Onun sözlərinə görə, bu problemlər ilk olaraq insanların həyat tərzində, qazancında hiss olunur: “Kiçik fermer təsərrüfatının inkişafı ilə bağlı problemlər mövcuddur. Biləsuvarda ən böyük problem isə elektriklə bağlıdır. Rayon əhalisi son bir ildə elektrik enerjisi təminatının tez-tez kəsilməsini müşahidə edirlər. Elə vaxt olur ki, rayondan kəndlərə 5-6 saat işıq verilmir. Qazlaşdırılma ilə də bağlı porblemlər var. Sovet vaxtı rayonun bütün kəndlərində təbii qazdan istifadə olunub. Amma həmin sistem indi hələ bərpa olunmayıb. 2012-ci ildə Azərbaycanda qazlaşdırılma işi başa çatmalıdır. Yəqin ki, Biləsuvara da  qaz xətlərinin çəkilməsi sonuncu da olsa reallaşacaq” deyə K.Haqverdiyeva əlavə edib.

Həmkarımız problemlə yanaşı, rayonda inkişafın da müşahidə olunduğunu deyib: “Biləsuvarda abadlıq işləri aparılır, kəndlərə yollar çəkilir. Xeyli modern binalar tikilib, parklar salınıb. Biləsuvarın hətta ən ucqar kəndlərində ya yeni məktəb binaları tikilib, ya da köhnələr təmir olunub”.

Kəbutər Haqverdiyeva rayonun təhsil, səhiyyə sistemi barədə də danışıb: “Biləsuvarın təhsil sistemi barədə heç bir məlumatım yoxdur. Çünki ailəmizdə məktəb yaşlı uşaqlar yoxdur.

Səhiyyə sahəsində isə düşünürəm ki, problemlər mövcud deyil. Biləsuvarda son bir ildə yeni model tətbiq ediblər. Belə ki, tələblərə cavab verməyən xəstəxanalar ambulator mülaciyə keçib və poliklinika kimi fəaliyyət göstərir. Ümumiyyətlə, əhaliyə rayonumuzda tibbi xidmətlər göstərilir. Bundan əlavə, Biləsuvar İranla sərhəddə olduğuna və ora yoluxucu xəstəliklər gəldiyinə görə, burada səhiyyə hər zaman diqqət mərkəzində olub”.

K.Haqverdiyevanın sözlərinə görə, rayon əhalisinin əsas dolanışıq mənbəyi kənd təsərrüfatıdır: “Torpaqların işğalından sonra Fizuli və Cəbrayıldan olan məcburi köçkünlər bizim rayona köçürüldü. Əhalinin dolanışığı bir az da o sarıdan çətinləşdi. Torpaqlar, otlaq sahələri əllərdən alındı. Amma son illər “Azərsun” şirkəti tərəfindən böyük konserv zavodu tikilib. Sovetdən qalma quşçuluq fabriki BP-nin dəstəyi ilə təmir olunub. Bu fabrik 100 nəfəri işlə təmin etmək gücünə malikdir. Bankların filialları açılıb, müxtəlif muzey mərkəzləri yaradılıb. Biləsuvar kiçik bir rayondur, orada hər ailədən bir nəfər işləyirsə, məncə bu onların dolanışığına bəs edər” deyən həmkarımızın fikrincə rayon son 10 ildə çox dəyişilib.

Jurnalistin sözlərinə görə, Biləsuvarın hətta kəndlərinə belə internet xətləri çəkilib. O hesab edir ki, internet vasitəsilə kənd sakinləri bütün qurumlara, o cümlədən Prezidentə şikayət məktlubları yaza bilərlər.

Kəbutər Haqverdiyeva rayonun icra başçısının və Biləsuvardan seçilən millət vəkilinin fəaliyyəti barədə də danışıb: “Rayonda yaşamadığım üçün icra başçısının əhalinin problemləri ilə maraqlanıb maraqlanmadığını bilmirəm. Yəqin ki, maraqlanar, çünki bütün bölgələrdə olduğu kimi, bizim rayonun da icra başçısının qəbul günləri var.

Amma Biləsuvardan seçilən deputatdan Biləsuvar camaatı narazıdır. Hər dəfə rayona gedəndə mən bunu seçicilərdən eşidirəm”.

“Biləsuvar yeganə rayondur ki, icra başçısı, polis rəisi, prokuroru, bələdiyyə rəisi, deputatı biləsuvarlı deyil...”

Biləsuvarın Nərimankənd kəndində anadan olan “Qafqazinfo” saytının baş redaktoru Elbrus Seyfullayev oranın düzənlik və şoran torpağa malik rayon olduğunu bildirib. Onun sözlərinə görə, qış burda quru soyuq, yay isə həddindən artıq isti keçir: “Biləsuvarda insanların inteqrasiyası da zəifdir. Ötən əsrin 60-70-ci illərində bir çox bölgələrinin əhalisinin Rusiyaya getdiyi vaxtda hələ Biləsuvar yerində sayırdı. Bu gün Azərbaycanın hər yerindən dünyaya inteqrasiya edirlər, biləsuvarlılar hələ indi Rusiyaya, Bakıya gəlirlər. Camaatı oturaq camaatdır”.

E.Seyfullayev rayon camaatının əkinçilik, maldarlıqla məşğul olduğunu qeyd edib: “İnsanları onunla seçilir ki, burada yerlibazlıq kifayət qədər aşağıdır. Azərbaycanda Biləsuvar yeganə rayondur ki, icra başçısı, polis rəisi, prokuroru, bələdiyyə rəisi, deputatı biləsuvarlı deyil. Rayon camaatının vəzifəyə elə də maraqlı olmamasının özü maraqlı faktdır. Bu o demək deyil ki, Biləsuvardan bilikli insan yoxdur. Rayondan kifayət qədər ziyalı var. Amma təəsüf ki, bu proseslərdə iştirak etmirlər”.

Həmkarımız Biləsuvarın qaz, işıq, yolla bağlı problemləri barədə də danışıb: “Biləsuvarın əksər kəndlində qaz yoxdur. İşıq problemi isə təzəlikcə həll olunub. Rayonun yolları orta səviyyədədir. Kəndarası yolların bəzilərinə asfalt çəkilib, amma bir çox kənd yolları hələ də torpaq yoldur. Ümumiyyətlə, Azərbaycanın bir çox bölgələri inkişaf edib, amma Biləsuvarda bu inkişafdan danışmaq olmaz”.

Jurnalist hesab edir ki, Biləsuvarda insanların dolanışığı ilə bağlı xeyli problemlər var: “Rayonda işsizlik mövcuddur. Biləsuvar gənclərinin böyük hissəsi Lökbatandakı ticarət mərkəzlərində  alver edir. Rayonda yaşayanların isə əkinçilik və maldarlıqla bağlı problemləri var. Torpaq islahatı zamanı Biləsuvar camaatına da torpaqlar paylanıldı, amma heç kim əkə bilmir.

Bundan əlavə, Biləsuvarı böyük faciə gözləyir. Belə ki, sovet vaxtı rayonda torpağı şorandan təmizləmək üçün kollektorlar çəkirdilər. İndi həmin kollektorların heç biri işləmir, nəticədə torpaqlar sürətlə şoranlaşır”.

Elbrus Seyfullayevin fikrincə, Biləsuvar həmişə şagirdlərin yüksək balla ali məktəblərə qəbul olunması ilə seçilib:

“Yeni məktəblər tikilir və ya bərpa olunur. Bununla belə, qəza vəziyyətində olan təhsil ocaqları da mövcuddur. Məsələn, oxuduğum orta məktəbin divarına dirək qoyublar. 4 və ya 5 növbəli məktəbdir, az qala gecə də orda dərs keçirlər. Həmin məktəbdə şagirdlərə hansı şəraitdə dərs keçildiyini kim görsə, dəhşətə gələr.

Heydər Əliyev Fondu vasitəsilə tikilən məktbələrdə isə müəllim tapılmır. Hətta maraqlanmışam ki, həmin kəndlərdə çoban uşaqlara əlifba öyrədir”.

Baş redaktor rayonda səhiyyənin də ürəkaçan vəziyyətdə olmadığını deyir: “Bu yaxınlarda  qohumumuz əməliyyat olunmuşdu, həm ona baş çəkməyə, həm də xəstəxanadakı vəziyyətə baxmağa getdim. İnanın ki, orda sağlam adamı bir dəqiqə uzatsalar, həqiqətən onun əməliyyata ehtiyacı olacaq. Xəstəxana çox pis vəziyyətdədir. Ancaq o fakt da var ki,  yeni uşaq xəstəxanası tikiblər”.

E.Seyfullayev Biləsuvarın bütün kəndlərində vətən yolunda qurban olan şəhidlərinin olduğunu vurğulayıb: “Son qəhrəmanımız Mübariz İbrahimov da Biləsuvardandır. O nəinki Azərbaycanda, bütün dünyada Biləsuvarın adını ucaltdı”.

Sonda həmkarımız rayonda mövcud olan problemlərin nə icra başçısının, nə də Biləsuvardan seçilən deputatın həll edə biləcəyini qeyd etdi: “Bu problemlər icra başçısından asılı deyil. O nə edə bilər ki? Uzaq başı öz oturduğu binanı təmir etdirə bilər. Regionlarin İnkişafi Dövlət Proqramı belə problemləri həll edə bilmir, qaldı ki, icra başçısı.

Bakıda yaşadığım üçün millət vəkilinin seçicilərlə maraqlanıb və ya maraqlanmadığı barədə xəbərsizəm. Ümumiyyətlə, deputatın işi parlamentdə oturub qanun qəbul etməkdir. Bizim millət vəkilimiz də Xanhüseyn Kazımlıdır. Qoca kişidir, Allah canını sağ etsin. Başqası olsa da, fərq etməz. Bu problemlərin həlli nə icra başçısından, nə də deputatdan asılı məsələ deyil”

“Muğam teatrını söküb yerində mağaza tikdilər”

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlov hesab edir ki, Biləsuvar sosial-iqtisadi cəhətdən zəif rayonlardan biridir: “Həm də torpağı əkib-becərmək baxımından vətəndaşların problemləri yaranır. Biləsuvarda torpağın əkilməsi çətindir, çünki oranın torpağı şorandır. Bundan əlavə, bəzi yerlər var ki, orada quruqlıqdan əkin-biçin işləri ilə məşğul olmaq mümkün olmur. Bunun üçün İcra Hakimiyyəti, digər icra orqanları vətəndaşlara kömək etməlidir. Hətta bildiyim qədər bu çərçivədə sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan sadə kənd camaata kömək edilməsi ilə bağlı dövlət proqramları da var. Ancaq bunların heç biri rayonda müşahidə olunmur, ona görə də insanlar orada maddi cəhətdən çətin durumdadırlar. Məsələn, rayonda qaçqın və məcburi köçkünlərin yaşayış şəraitləri həddindən artıq aşağıdır”.

E.Bədəlov Biləsuvarın qaz, işıq, yol problemlərindən də danışıb:

“Rayonun mərkəzinə qaz xətləri çəkilsə də, kəndlər hələ qazlaşdırlmayıb. Mavi yanacaqla yanaşı, kəndlərə elektrik enerjisinin verilməsi ilə bağlı problemlər də mövcuddur. Yollardan isə heç danışmağa dəyməz. Ancaq rayon mərkəzinə asfalt örtüyü çəkilib, divarlar rənglənib ki, kimsə gələndə Biləsuvarda hər şeyin yaxşı olduğu görünsün. Qaçqın şəhərçiyinə və ətraf ərazilərə çatanda görürsən ki, vəziyyət nə dərəcədə bərbaddır, kənd yolları necə pis gündədir”.
Həmkarımız vurğulayıb ki, bir necə kəndə yolların çəkilməsi ilə bağlı vəsait ayrılsa da, hələ asfalt örtüyü çəkilməyib və pulların kimlər tərəfindən mənimsənildiyi bilinmir.

Jurnalist hesab edir ki, Biləsuvardan yaxşı təhsilli şagirdlər, tələbələr olur, hətta Pprezident təqaüdünə layiq görülənlər də var: “Ancaq məktəblərdə o qədər də güclü təhsilin olduğunu deməzdim. Çalışqan şagirdlər yalnız məktəbdən əlavə hazırlıqlara, kurslara getməklə tələbə olublar. Rayon məktəblərində təhsil, yaxşı kadrların olmaması problemi mövcuddur. Bu problemlər hələ  aktual olaraq bu gün də qalmaqdadır”.

Elmin Bədəlovun sözlərinə görə, rayonda səhiyyə sahəsi elə də ürəkaçan deyil: “Bildiyim qədər xəstəxanalar təmir olunub və yeni texnikalarla təhciz edilib. Amma xəstəxanalarda kadr baxımından problemlər var. Həkimlərin əksəriyyəti köhnə kadrlardır.

Yəni Biləsuvarın xəstəxanalarında olmuşam, müşahidə etmişəm ki, hər cür aparatlar var, amma onlardan istifadə edə bilmirlər. Düzdür, orada insanları sağaldan, sadə yolla tibbi müalicə edən həkimlər var, amma onlar yaşlıdırlar, gətirilən texnikaların dilini bilmirlər. Bu da onu göstərir ki, kadrlar yenilənməlidir”.

E.Bədəlov Biləsuvarda iş yerlərinin olmadığını və mədəniyyət baxımından çətinliklərin olduğunu bildirib: “İş yerləri yalnız insanların əkin sahələrinin olması ilə əlaqədardır, dediyim kimi o da bərbad vəziyyətdədir. Rayon insanlarının əksəriyyəti-cavanlar işləmək üçün Bakıya axışır. Rayonda yeganə iş yeri zavodda idi, amma yeni icra başçısı gələndən sonra onu nədənsə bağladılar. Bildiyim qədər zavodda ən azından 100-dən çox insan işləyirdi.

Biləsuvarda bir çox mədəniyyət evləri var idi ki, onlara ziyan vurdular. Hətta Muğam teatrını söküb yerində mağaza tikdilər”.

Həmkarımızın fikrincə, rayonun icra başçısı əhali ilə maraqlanmır:

“Hətta bir neçə dəfə İcra Hakimiyyətinin qarşısında etirazlar olub ki, icra başçısı ən azından rayon camaatını qəbul etsin. Amma icra başçısı insanları qəbul etmir. Bir çox rayonlarda icra başçıları bəzi görüntü xarakterli tədbirlər keçirir, məktəb direktorlarunu toplayır. Biləsuvarın başçısı bunu da etmir. Əhalinin şikayət məktbuları cavabsız qalır, qalmışdı ki, onların problemnlərini həll etsinlər, nəsə ümidverici bir söz desinlər”.

E.Bədəlov onu da vurğulayıb ki, narazı olan vətəndaşların əksəriyyətinin problemi ünvanlı sosial yardımla bağlıdır: “Əvvəllər əhali yardımın yalnız 6 ayını ala bilirdi, indi bir çox vətəndaşlar heç o 6 ayı da ala bilmirlər”.

Sonda jurnalist Biləsuvardan seçilən deputatın fəaliyyətindən danışıb:
“Xanhüseyn Kazımlı artıq üçüncü dəfədir ki, millət vəkili seçilir. Ancaq seçildiyi illərdə bircə dəfə də olsun rayonda olmayıb. 10 il ərzində insanlar onu 10 dəfə görməyiblər. Özü rayonda olmur, nümayəndələri olur, vətəndaşlar onlara müraciət edirlər, heç onlar da insanları dinləmirlər”.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!