Modern.az

Ukrayna ŞOKDA: Diversantlar ən böyük silah-sursat anbarını partlatdı - VİDEO

Ukrayna ŞOKDA: Diversantlar ən böyük silah-sursat anbarını partlatdı - VİDEO

23 Mart 2017, 11:46

Xarkov vilayətində döyüş sursatlarının saxlandığı anbarda yanğın olub.

 

Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, Balakleya şəhərində yerləşən silah bazasında yanğın gecə saatlarında qeydə alınıb. Bundan sonra döyüş sursatları partlamağa başlayıb və hazırda partlayışlar davam edir.

 

Anbarda 138 min ton mərminin saxlandığı bildirilir.

 

Ölkənin hərbi prokuroru Anatoli Matios hadisəni təxribat adlandırıb. Anatoli Matios bildirib ki, ilkin qənaətə görə yanğına və partlayışa diversiya səbəb olub.

 

O, yanğının başladığı meydançada 125 və 152 millimetrlik tank və artilleriya mərmilərinin saxlanıldığını, ərazisi 368 hektar olan anbarda 138 min ton sursat olduğunu açıqlayıb. Hazırda hərbi bazanın ətrafında 7 kilometrlik təhlükəsizlik zonası yaradılıb. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə xüsusi texnika göndərilib.

 

Yanğına görə yaxınlıqdakı yaşayış məntəqələrindən 20 min nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

 

Bildirilir ki, Xarkov vilayətində yanan anbardan 40 km radiusda uçuşlar qadağan olunub.

Ukraynanın Baş naziri Vladimir Qroysmanın hadisə yerinə yollandığı bildirilir.

 

Məlumatlara görə, ölkənin ən iri silah-sursat anbarında baş vermiş yanğın və partlayışlar hələ də davam edir. Hadisə yerinə müdafiə nazirinin müavini İqor Pavlovskinin və Baş qərargahın zabitlərinin iştirakı ilə təcili komissiya gedib.

Yerli telekanallar bildirir ki, anbarda yanğın səhərə yaxın, saat 4 radələrində başlayıb. Ardınca hərbi sursatın detonasiyası baş verib və partlayışlar o qədər güclü olub ki hərbi bazanın bir neçə kilometrliyində yerləşən evlərdə salamat şüşə qalmayıb. Partlayışın dalğası ətraf şəhərlərdə və kəndlərdə hiss olunub, yanğının alovu onlarla kilometr uzaqdan görünür. Əhali yaxınlıqdakı yaşayış məntəqələrini tərk edir, yollarda böyük tıxaclar yaranıb.

 

Balakleya sakinləri şəhərdə bütün evlərin pəncərələrinin sındığını deyir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir