Modern.az

Lalə Şövkət: “Təcili başlamaq lazımdır….”

Lalə Şövkət: “Təcili başlamaq lazımdır….”

11 Aprel 2011, 13:37

Dünən Vətəndaş və İnkişaf  Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) fəallarının birgə geniş müşavirəsi keçirilib.  Müşavirədə ALP lideri xanım Lalə Şövkət və VİP sədri Əli Əli Əliyev çıxış edib. Bu barədə Modern.az-a VİP-in mətbuat xidmətindən məlumat verilib.

Müşavirənin aparıcısı, Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri Eldəniz Quliyev açılış nitqindən sonra VİP sədri Ə.Əliyev çıxış edib.

Ə.Əliyev ilk öncə diqqəti VİP ilə ALP arasında uzun müddətdir davam edən və getdikcə dərinləşdirilən müttəfiqlik münasibətlərinə yönəldib. VİP sədri ölkədəki ümumi durumun son dərəcə ağırlaşdığını, vəziyyətin belə davam etməsinin mümkünsüzlüyünü vurğulayıb. Ə.Əliyev mövcud duruma görə Azərbaycan hakimiyyətinin birbaşa məsuliyyət daşıdığını bildirib, ölkədəki vəziyyətin köklü sürətdə dəyişdirilməsi üçün hakimiyyəti təcili addımlar atmağa çağırıb. 
Müxalifətdaxili proseslərə də toxunan Ə.Əliyev bir müddət əvvəl VİP ilə ALP-nin əsas müxalifət qüvvələrinin bir araya gəlməsinə təşəbbüs etdiyini, lakin bəzi partiyaların buna qarşılıq vermədiyini vurğulayıb. Ə.Əliyev VİP və ALP arasında münasibətlərin daha da sıxlaşacağını, bu partiyaların ölkədə köklü dəyişikliklərə nail olunması istiqamətində birgə, ardıcıl mübarizə aparacaqlarını diqqətə çatdırıb.

Müşavirədə çıxış edən Lalə Şövkət ölkədəki antidemokratik mühiti, korrupsiyanı və məmur özbaşınalığını kəskin tənqid edib. O, korrupsiyanın  mövcud hakimiyyətin dövlət ideologiyasına çevrildiyini, ölkəni və xalqı acınacaqlı vəziyyətə saldığını qeyd edib.  

ALP lideri bildirib ki, uğursuz və milli maraqlara cavab verməyən siyasəti ilə iqtidar ölkədə inqilabi vəziyyəti yetişdirir,  bununla da baş verə biləcək inqilabi proseslərin  “hərəkətverici” qüvvəsinə çevrilir. O, qeyd edib ki, inqilab pis keçmişin sonu olur, amma, heç də həmişə xoşbəxt gələcəyin başlanğıcı olmur. Odur ki, iqtidar ölkəni xaosa , vətəndaş qarşıdurmasına sürükləməmək, vətəndaş qarşıdurmasından xilas etmək üçün təcili  inqilabi dəyişikliklərə, islahatlara başlamalıdır. L.Şövkət müxalıfətdaxili inteqrasiyaya böyük ehtiyac olduğunu, lakin bəzi siyasi qüvvələrin əməkdaşlıq məsələsində qeyri-səmimi olduqlarını təəssüflə vurğulayıb. ALP lideri məhz bu qeyri-səmimiliyin yaratdığı qarşılıqlı etimadsızlığı müxalifətin bir araya gəlməsinə mane olan faktor kimi göstərib.

 

 

 


 Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər