Modern.az

Fuad Ələsgərov: “Bundan sonra axtarışı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi özü həyata keçirəcək”

Fuad Ələsgərov: “Bundan sonra axtarışı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi özü həyata keçirəcək”

11 Aprel 2011, 13:56

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Prokurorluq haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar müvafiq fərmanlara dair müsahibə verib.

Modern.az APA-ya istinadən müsahibəni təqdim edir.

- Ötən həftə Azərbaycan prezidenti tərəfindən Prokurorluq haqqında və Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlara dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar müvafiq fərmanlar imzalanıb. Qəbul edilmiş bu normativ hüquqi aktların məqsədləri barədə nə deyə bilərsiniz?

- Son illər Azərbaycan dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf etmiş ölkələrdən biri olub. Dünyada hökm sürən iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatımız öz yüksək artım tempini qoruyub saxlayıb.

Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin iqtisadi inkişafına mane olan bəzi neqativ halların aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər barədə tapşırıqlar verilib. Bu məqsədlə bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılması üçün bir sıra qanunvericilik, institusional və praktiki tədbirlər görülüb. Bu ilin mart ayında bir neçə qanun layihəsi, o cümlədən Prokurorluq və Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlara dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə göndərilib.

Qanunlara edilən dəyişikliklər ölkədə korrupsiyaya qarşı aparılan mübarizənin daha səmərəli formada təşkil edilməsini nəzərdə tutur. Belə ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun fəaliyyətinə baxmayaraq, korrupsiyaya cinayətləri ilə bağlı əməliyyat-axtarış tədbirləri müxtəlif dövlət orqanları tərəfindən həyata keçirilirdi. Qanunvericiliyə edilən dəyişikliklərdən sonra əməliyyat-axtarış tədbirləri yalnız Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılacaqdır.

Bundan əlavə, korrupsiyaya qarşı cinayət təqibinin vahid orqan tərəfindən həyata keçirilməsi beynəlxalq təşkilatların, xüsusilə İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının (OECD) tövsiyələrinə uyğundur. Qanun layihələri hazırlanarkən, qabaqcıl beynəlxalq təcrübədən, xüsusilə Latviya və Litvanın tətbiq etdiyi modellərdən istifadə edilib.

- Qeyd edilən normativ hüquqi aktların qəbulundan sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətində hansı yeniliklər gözlənilir?

- Dəyişikliklərdən sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti daha çevik şəkildə təşkil ediləcək. Əvvəllər İdarə əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün digər dövlət orqanlarına müraciət edirdi. Bu zaman bürokratik formallıqlar müəyyən vaxt aparır və belə vəziyyət korrupsiyaya qarşı mübarizənin vahid orqan tərəfindən aparılması prinsipi ilə ziddiyyət təşkil edirdi. Bundan sonra İdarə özü birbaşa əməliyyat-axtarış tədbirlərini həyata keçirəcək. Eyni zamanda, istintaqın keyfiyyətini artırmaq məqsədilə İdarə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar digər dövlət orqanlarına da tapşırıq verə bilər.

Bildiyiniz kimi, Azərbaycan prezidentinin bu ilin 11 mart tarixində imzaladığı Fərmanla Korrupsiyaya qarşı mübarizə İdarəsinin işçilərinin sayı əsaslı şəkildə artırılıb. Qanunun qəbul edilməsi ilə əlaqədar İdarənin strukturunda dəyişiklərin edilməsi və yeni struktur bölmələrin yaradılması nəzərdə tutulur. Bundan əlavə, əməkdaşların aylıq vəzifə maaşlarının artırılması, fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görülməsi də təmin ediləcək. İdarə üçün hazırda yeni inzibati bina tikilməkdədir.

Dəyişikliklər, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirlərinin əlaqələndirməsini və bu sahədə əməliyyat tədbirlərinin qanunvericiliyə uyğun həyata keçilməsinə nəzarəti asanlaşdıracaq.

- Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində hansı digər qanunvericilik aktlarının qəbul edilməsi nəzərdə tutulur?

- Azərbaycan prezidenti tərəfindən bu ilin fevral ayında Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi barədə digər qanun layihəsi Milli Məslisə təqdim edilib. Layihə korrupsiya cinayətləri subyektlərinin dairəsini genişləndirməyi, rüşvət alma və rüşvət vermə, o cümlədən nüfuz alveri cinayətlərinin tərkiblərinin genişləndirilməsini nəzərdə tutur.

Qanunvericilik tədbirləri ilə yanaşı, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin prioritet istiqamətlərindəndir. Bu məqsədlə yaxın günlərdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə Forum keçiriləcək.

Korrupsiyaya qarşı mübarizə ardıcıl bir prosesdir. Azərbaycan prezidentinin tapşırıqlarına əsasən bu sahədə tədbirlərin davamlılığı daim təmin ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir