Modern.az

YAP müxalifətin mitinqini təşkil edən qüvvələrin adlarını elan etdi

YAP müxalifətin mitinqini təşkil edən qüvvələrin adlarını elan etdi

11 Aprel 2011, 14:08

Əli Əhmədov: “Dövlətlərin səfirliklərini mən kənar qüvvələr hesab edirəm”

“Martın 12-də və aprelin 2-də göstərilən mitinq cəhdləri bir çox reallıqları ortaya qoydu”. Bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. YAP icra katibinin fikrincə, bu reallqıardan biri odur ki, Azərbaycan vətəndaşları ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxara biləcək hər hansı aksiyanı qətiyyətlə rədd edirlər”.
Ə. Əhmədov müxalifəti kənar qüvvələrə arxalanmaqda ittiham edib.  
“Həm martın 12-də, həm də aprelin 2-də aksiya keçirilməli olan küçələrdə ayrı-ayrı səfirliklərin çoxlu sayda nümayəndələrini müşahidə etmək olardı. Bir neçə gün əvvəl bir neçə ölkənin səfirliyinin nümayəndələrinin İctimai Palata deyilən qurumun rəhbərliyi ilə görüşməsi, onların tədbirində iştirak etməsi də ondan xəbər verir ki, mitinq cəhdlərində bulunanlar təkcə bir sıra müxalifət partiyaları deyil, eyni zamanda ayrı-ayrı ölkələrin səfirlikləri və nümayəndəlikləridir. Müxalifət partiyaları bu faktı gizlətmək belə istəmir, bununla da, açıq etiraf edirlər ki, keçirdikləri hər bir tədbir Azərbaycandan kənar ayrı-ayrı qüvvələr tərəfindən istiqamətləndirilir, yəqin ki, həm də maliyyələşdirilir. Güman edirəm ki, müxalifətin həmin radikal qanadının aprelin 16-na təyin etdiyi mitinqin vaxtının aprelin 17-nə dəyişdirilməsi də bu sifarişi verənlərin mitinqin vaxtı ilə bağlı mövqelərindəki dəyişikliklə əlaqədardır. Mitinqin vaxtının dəyişdirilməsinin cavabını yəqin ki, mitinq cəhdlərindən sonra biləcəyik. Azərbaycanda akkreditə olunmuş ayrı-ayrı dövlətlərin səfirlikləri onların mandatında nəzərdə tutulmayan işlərlə məşğul olmamalıdırlar. Mitinqlər, kütləvi aksiyalar və buna bənzər məsələlər Azərbaycan hakimiyyətinin, hökumətinin və cəmiyyətinin yalnız özünə məxsus olan hadisədir. Ayrı-ayrı dövlətlərin səfirliklərini mən kənar qüvvələr hesab edirəm. Həmin kənar qüvvələrin ölkənin daxilində mitinqlərin, kütləvi aksiyaların keçirilməsi kimi çox ciddi bir məsələyə müdaxilə etməsi tamamilə yersiz sayılır. Hesab edirəm ki, Azərbaycan xalqı bu cəhdlərdə bulunan ayrı-ayrı ölkələrin səfirliklərinin nümayəndələrindən çox kəskin şəkildə belə hərəkətlərə son qoymağı tələb etməlidir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir