Modern.az

“İcbari sığortalar haqqında” qanun layihəsi qəbul olunsa belə, işləməyəcək... (Ekspert rəyi)

“İcbari sığortalar haqqında” qanun layihəsi qəbul olunsa belə, işləməyəcək... (Ekspert rəyi)

11 Aprel 2011, 15:48

Milli Məclisin ötən plenar iclasında “İcbari sığortalar haqqında” qanun layihəsi ikinci oxunuşdan təsdiqlənib. Ancaq layihənin təsdiqi, həm millət vəkilləri, həm ekspertlər, həm də siravi insanlar arasında birmənalı qarşılanmayıb.

Bir çox ekspertlər hesab edir ki, əhalinin yeni qanun layihəsi ilə bağlı nazarılığı sosial vəziyyətdən doğur. 

“İcbari sığortaların, xüsusilə da daşınmaz əmlaka icbari sığortaların tətbiqi ilə bağlı narazılıqların böyük bir qismi sosial vəziyyətlə bağlıdır. Əhalinin yoxsul olduğu şəraitdə çox sayda insanın bu imkanı daşıyacağı çətin görünür. Şübhəsiz ki, belə bir mexanizm də olmayacaq ki, icbari sığortada əhalinin güzəştli katoqoriyası müəyyənləşdirilsin. Narahatçılıq ilk növbədə daha çox bununla bağlıdır”.

Bu sözləri Modern.az saytına iqtisadçı ekspert Rövşən Ağayev “İcbari sığortalar haqqında” qanun layihəsini şərh edərkən deyib. Onun sözlərinə görə, hazırda mövcud olan sığorta tariflərini insanlar öz imkanları ilə qarşılaya bilmir: “Əmlakın dəyərinin yüksək olduğu şəraitdə, sığorta tarifinin əmlakın dəyərinə tətbiq olunacağını da nəzərə alsaq, belə şəraitdə insanların xeyli hissəsinin həmin imkanda olmamsı məsələsi qarşıya çıxır”.

Rövşən Ağayev hesab edir ki, bu, daha çox sadə insanların narahatçılığından doğan məsələdir: “Azərbaycanda peşəkar sığorta bazarının tam formalaşmaması, peşəkar sığorta institutlarının olmaması narahatlıq yaradan məqamlardandır. Faktiki olaraq uzun müddətdir ki, avtomobil sahiblərinin üçüncü şəxs qarşısında icbari sığortası tətbiq olunur. Yəni insanlardan məcburi qaydada sığorta haqqı alırlar, avtomobilini icbari sığorta etdirməyən insanlar yol müfəttişləri tərəfindən cərimə olunur. Ancaq avtomobilini sığorta etmiş insanlar problemlə üzləşəndə sığorta şirkətindən vəsait ala bilmirlər”.

Ekspertin sözlərinə görə, bu çür sığortalar formal xarakter daşıyır: “İnsanlardan sığorta haqqları yığırlar, amma sonra hər hansı hadisə baş verdikdə ona yardım edilmir. Bu problemin digər bir səbəbi isə ixtisaslaşmış sığorta bazarının və institutlarının formalaşmaması ilə bağlıdır. Bu vəziyyətin özü də narahatlıq yaradır”.

Peşəkar sığorta bazarının və bu sahədə institutların olmamasının səbəblərindən danışarkən R.Ağayev bildirdi ki, bunun bir sıra səbəbləri var: “İqtisadi, psixoloji səbəblərlə yanaşı,  xüsusilə də dövlətin basqısı altında olan TV-lərdə sığorta işinin inkişafı ilə bağlı təbliğat işinin aparılmaması, mükəmməl qanunveriçilik bazasının olmaması, müştəri ilə sığorta institutları arasında münasibətləri tənzimləyən mükəmməl qanunveriçiliyin olmaması və eləcə də müstəqil məhkəmə sisteminin yoxluğu əsas səbəblər sırasındadır”.

Daha çox iqtisadi səbəblərə diqqət çəkən müsahibimiz bildirdi ki, sığorta bazarı təkcə vətəndaşın mülkiyyətini sığorta etməkdən ibarət olmamlıdır: “Sığorta bazarının yükünü sahibkarlıq institutları çəkməlidir, vətəndaşlar bu bazarın bir o qədər də əhəmiyyətli müştəriləri deyil. Bu bir qayda olaraq bütün dünyada belədir. Azərbaycanda sığorta bazarı maliyyə bazarının tərkib hissəsidir. Mükəmməl maliyyə bazarı yoxdur, eyni zamanda sığorta mədəniyyəti xeyli dərəcədə aşağıdır. Sığorta bazarı təkcə vətəndaşın mülkiyyətini sığorta etməkdən ibarət deyil, bu onun kiçik bir elementidir”.

R.Ağayev hesab edir ki, rəqabətli sahibkarlıq mühiti olsa, sahibkarlar öz əmlaklarını sığortalatmağa meyilli olar: “Azərbaycanda faktiki olaraq sığorta haqlarının Ümumi Daxili Məhsulda payı olduqça aşağıdır. Bu, artıq onu göstərir ki, sığorta bazarına yetərincə etimad yoxdur. Rəqabətdə uduzmamaq üçün, azad sahibkarlıq mühitində sahibkarlıq institutları sığorta  bazarından gen-bol istifadə etməlidirlər. Belə bir vaxtda vətəndaşları da özlərinin yüksək kontingenti kimi görürlər. Amma bizim ölkədə əhali yoxsuldur, hökümətin  bütün bəyanatlarına baxmayaraq, əhali sosial baxımdan zəifdir. İndiki şəraitdə əhali sığorta bazarı üçün geniş miqyaslı maliyyə modelinə çevrilə bilmir”.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi