Modern.az

26-ları əslində kim güllələyib?

26-ları əslində kim güllələyib?

Aktual

25 Mart 2017, 16:33

Zaqafqaziya seyminə seçkilərdə Müsavat partiyasının qələbə çalması daşnak ermənilərin, daha doğrusu ermənilərin və daşnaksütun partiyasının, eyni zamanda onların havadarları olan rus bolşeviklərinin Bakıda qırğın törətməsinə səbəb oldu.

 

Bu qırğın tarixə məşhur mart qırğını adı ilə daxil oldu. O zaman Bakıda Çəmbərəkənd qəbristanlığı quruldu. Sonralar ruslar bu qırğını yaddaşlardan silmək üçün şəhidlər xiyabanını əyləncə mərkəzinə-dağüstü parka çevirib, şəhidlərin məzarları üzərində bu qırğının ən aktiv iştirakçılarından biri olan S.M.Kirovun heykəlini ucaltdılar. İndiki şəhidlər xiyabanının bir hissəsi məhz həmin qəbristanlığın ərazisi kimi müstəqillik dövrü ərəfəsində bərpa olundu. Bakıdan çıxmağa məcbur olan Müsavat partiyası fəaliyyətini başqa regionlarda davam etdirdi və Tiflisdə Azərbaycanı müstəqil dövlət elan etdi. Bakıda isə mart qırğınından 20 gün sonra əksəriyyəti ermənilərdən ibarət olan 26-lar Bakı Xalq Komissarlar Soveti ( qısa adı Bakı Soveti) adı altında rus-erməni hakimiyyətini qurdular. Təəssüf ki, o zaman onlara N.Nərimanov və M.Əzizbəyov da qoşuldu.

 

 

Halbuki erməni olmayan bu iki şəxsə Bakı sovetində çox əhəmiyyətsiz mövqelər verildi. M.Ə.Rəsulzadə və arxadaşları qardaş Türkiyəyə yardım üçün müraciət etdi. Türk ordusu bu dəvəti qəbul etdi və türk qardaşlarına köməyə gəldi. Məhz Türklər Bakını 15 sentyabrda tutdular. Sentyabrın 19-dan 20-nə keçən gecə 26-lar Ağcaqum çölündə güllələndilər. Bolşeviklərin iddiasına görə guya onları ingilislər güllələmişdi. Düzdür, 26-ların türklər gələndə ingilislərlə Hindistana qaçması kimi faktlar artıq meydana çıxmışdır. İddia olunur ki, ingilislər 26-ları güllələmiş və o əraziyə türkmən ( oxu türk) əsgərinin formasını atmışdılar ki, şübhə türk-türkmən əsgərlərinin üzərində qalsın. Ancaq xoruzun quyruğu burada açıq görünür. Çünki məlumdur ki, 26-lar (əldə olanlar) məhz türklər Bakını tutduqdan 4 gün sonra güllələnmişdilər. Elə onlar Bakını mart qırğını üzərində hakimiyyətə gələn 26- lardan təmizləməyə gəlmişdi. Burada tarixi məntiq aşkar şəkildə 26-ların türklər tərəfindən güllələndiyini göstərir. Məhz Xalq Cumhuriyyətimiz bundan sonra Müsavat partiyasının rəhbərliyi ilə Bakıda yerləşə bildi.

 

Şovinist ermənilər 26-ların 19-dan 20-nə keçən gecə güllələnməsinin əvəzini 72 il sonra Qanlı yanvar gecəsində qisasçılıq adı altında Azərbaycan türklərindən aldılar. Çünki Azərbaycan bütün halda onlar üçün türk ölkəsidir. Hətta millətimizin bir sıra alimcığazları öz adımız ətrafında mübahisə açsalar da, sadə ermənilər belə bizim türk olduğumuzu yaxşı bilirlər. İndi isə bu tarixi keçmək əvəzinə bizim

 

Təhsil nazirliyimiz 15 sentyabrı bilik günü elan etməklə başqa tədbirləri həyata keçirir. Hər kəsə də məlumdur ki, Bilik günü bütün dünyada ( istisnaları çıxmaqla) sentyabrın 1-i qəbul olunmuşdur. İndi görürsünüzmü ki, 15 sentyabrda bizə hansı tarixi günü unutdururlar? Yaxşı olmazdımı ki, biz bu gündə şagird və tələbələrimizə bu tarixi gerçəklikdən danışaq?!

 

 

 

ATİF İSLAMZADƏ

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi