Modern.az

"İnşaatçılar", "Əzizbəyov" və "Ulduz"un adı dəyişdirilir

"İnşaatçılar", "Əzizbəyov" və "Ulduz"un adı dəyişdirilir

11 Aprel 2011, 16:26

Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib. İclasda Abşeron, Ağcabədi, Şamaxı və Tovuz rayonlarının inzibati ərazisinə daxil bəzi yaşayış məntəqələrinə ad verilməsi, bəzilərinin dəyişdirilməsi məsələlərinə, həmçinin Bakı Metropolitenindən metro stansiyalarının adları ilə bağlı daxil olan müraciətlərə baxılıb.

Komissiya üzvləri Teymur Bünyadov, Həsən Mirzəyev, Nizami Xudiyev, deputatlardan Yaqub Mahmudov, Musa Quliyev, Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və digərləri təqdim olunan təkliflər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Bakı metropoliteninin "Məşədi Əzizbəyov", "Ulduz", "Bakmil", "İnşaatçılar" stansiyalarının adları dəyişdiriləcək. Metropolitenin komissiyaya ünvanlandığı təkliflərdə "Məşədi Əzizbəyov"un "Heydər Əliyev Prospekti", "Böyükşor" və ya "Xəzər" adlandırılması, “Ulduz”un "Araz", “Bakmil"in "Əlağa Şıxlinski", yaxud "Səməd bəy Mehmandarov", "İnşaatçılar"ın "Yasamal", yeni istifadəyə veriləcək Biləcəri qəsəbəsi, Sumqayıt şosesindəki stansiyaya “Avtovağzal”, Binəqədi rayonu 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsindəki stansiyaya "Dərnəgül", Binəqədi rayonu Cavadxan küçəsindəki stansiyaya “Cavadxan”, həmin rayondakı xarici dairəvi küçəsində yerləşən depoya isə "Dərnəgül" elektrik deposu adının verilməsi təklif olunur.

Komissiya üzvləri bu təkliflərin bəzilərinə tərəfdar çıxıblar, bəziləri ilə bağlı yeni təkliflər səsləndiriblər. "Məşədi Əzizbəyov" stansiyasının  "Heydər Əliyev Prospekti" stansiyası, "Ulduz"un "Şıxlinski", Biləcəri qəsəbəsində salınan yeni stansiyanın “Biləcəri qəsəbəsi”, həmin rayonda Axundov küçəsindəki stansiyanın "Mehmandarov" adlandırılması daha məqsədəuyğun sayılıb. "Bakmil" və "Dərnəgül" elektrik deposu ilə bağlı yeni adların seçilməsi tövsiyə olunub.

Abşeron rayon İcra Hakimiyyətindən Masazır kəndinin adının dəyişdirilib “Vahidabad” adlandırılması ilə bağlı komissiyaya daxil olan təklif isə qəbul olunmayıb. Əlağa Vahidin adına bu kəndə yaxın ərazidə salınan digər bir yeni yaşayış massivinin verilməsi təklif edilib.

Ağcabədi rayonunda yeni salınan bir yaşayış massivinə “Aşağı Mehrablı” kəndi adının verilməsi ilə bağlı müraciət qəbul olunub.

Komissiya Goranboy rayonunun Cinli Boluslu kəndinin “Boluslu”, Şamaxı rayonunun Nağarakəndinin “Pirqulu”, Tovuzun  Qazqulu kəndinin “Qazi qulu”, Azaplı kəndinin “Azaflı”, Oskən kəndinin “Öskən” adlandırılması ilə bağlı müraciətləri  məqsədəuyğun sayıb. Digər bir neçə təklif isə tövsiyələrlə birgə yenidən yerlərdə baxılması üçün geri qaytarılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?