Modern.az

İlham Əliyev Bakıətrafı qəsəbələri gəzir

İlham Əliyev Bakıətrafı qəsəbələri gəzir

11 Aprel 2011, 18:09

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün aprelin 11-də ayrı-ayrı yaşayış sahələrində olub.

Martın 31-də Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində görülən işlərlə tanış olarkən sakinlər Bülbülə kəndindən Heydər Əliyev prospektinə çıxmaq üçün yeni yolun salınmasını dövlət başçısından xahiş etmişdilər. Prezident İlham Əliyev həmin yolun salınması ilə bağlı yerində tapşırıqlar vermişdi. Dövlət başçısının tapşırıqları qısa vaxt ərzində yerinə yetirilib. (AzərTAc)
Aprelin 11-də Bülbülə kəndini Heydər Əliyev prospekti ilə birləşdirən yeni əlavə yol istifadəyə verilib. İlham Əliyev mərasimdə iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Yolun 4950 kvadratmetrlik hissəsində asfalt işlərinin aparıldığı, piyadaların rahat hərəkəti üçün qranitdən 110 metrlik uzunluğunda xüsusi səkilərin düzəldildiyi qeyd olunub. Girişli-çıxışlı yolun kənarlarındakı 2000 kvadratmetr ərazidə yaşıllıq zolaqları salınıb, 200-dən yuxarı müxtəlif ağac və gül kolları əkilib. Yolda müasir işıqlandırma sistemi də quraşdırılıb. Bütövlükdə Suraxanı rayonunun ayrı-ayrı kənd və qəsəbələrinin məhəllədaxili yolların 36,5 min kvadratmetrlik hissəsinə yeni asfalt döşənib. Yolların 17 min kvadratmetrlik hissəsində asfalt döşəmək üçün hazırlıq işləri görülüb, əlavə olaraq 35 min kvadratmetrlik hissəsinə yeni asfalt örtüyünün döşənəcəyi nəzərdə tutulub.
Həyata keçirilən tədbirlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.

Bülbülə qəsəbəsində yeni yol istifadəyə verildikdən sonra Prezident İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gəlib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Biləcəri qəsəbəsinin sxemi əsasında qəsəbədə asfalt örtüyü vurulmasına ehtiyac olan məhəllədaxili küçələr barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, 60 min nəfər sakini olan Biləcəri qəsəbəsində uzunluğu 25,3 kilometr, sahəsi 159,3 min kvadratmetr olan məhəllədaxili yolların əsaslı şəkildə təmir olunması nəzərdə tutulur. Hazırda qəsəbədaxili yolların 10 min 500 kvadratmetr hissəsinə yeni asfalt döşənib. Altı min kvadratmetr hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatıb.
Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşüb.
Biləcəri qəsəbəsində su, kanalizasiya, enerji və qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirən sakinlər görülən işlərlə bağlı Prezidentə minnətdarlıq ediblər. Sakinlər dövlət başçısından qəsəbədə yeni məktəb binasının inşa olunmasını və əhalinin istirahəti üçün lazımi şəraitin olmadığı Dəmiryolçular parkında yenidənqurma işlərinin aparılmasını xahiş ediblər.
Sakinlərlə görüşdən sonra Prezident İlham Əliyev Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkına gəlib və buradakı vəziyyətlə yerində tanış olub.
Böyük bir ərazini əhatə edən park vaxtilə qəsəbə sakinlərinin ən çox istirahət etdiyi guşələrdən biri olub.
Parkdakı mövcud vəziyyətlə tanış olan dövlət başçısı sakinlərin istirahəti üçün burada tələb olunan müasir infrastrukturun yaradılması, bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı müvafiq göstərişlərini verib.

Sonra Prezident İlham Əliyev Binəqədi rayonunun Sulutəpə yaşayış sahəsinə gəlib. Bu qəsəbədə də məhəllədaxili yolların əsaslı şəkildə təmirinə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib. Sulutəpə qəsəbəsində məhəllədaxili yolların 5600 kvadratmetrinə asfalt örtüyü döşənilib, yolların 7 min kvadratmetrlik hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatdırılıb.
Qəsəbədə su və kanalizasiya məsələlərinin həll ediləcəyi, məhəllədaxili küçələrdə müasir işıqlandırma sisteminin qurulacağı bildirilib.
Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev sakinlərlə görüşüb.
Sulutəpə qəsəbəsinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıq edən sakinlər qəsəbədə fəaliyyət göstərən orta məktəb binasının əlavə korpusa ehtiyac olduğunu deyiblər və yeni korpusun inşa edilməsini dövlət başçısından xahiş ediblər. Prezident İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir