Modern.az

Əli Əhmədovdan ABŞ-a ittiham: “Vaxtilə kütləvi qırğın silahı axtarırdılar, indi də başqa bir ölkəni dağıdırlar”

Əli Əhmədovdan ABŞ-a ittiham: “Vaxtilə kütləvi qırğın silahı axtarırdılar, indi də  başqa bir ölkəni dağıdırlar”

11 Aprel 2011, 18:19


“ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Azərbaycan reallıqlarının ciddi şəkildə təhrif edilməsi məqamlarına rast gəlmək mümkündür. Ümumiyyətlə, hər hansı dövlətin ayrı-ayrı ölkələrdə ictimai-siyasi vəziyyətlə əlaqədar hesabat hazırlanmasına onların nə qədər mənəvi-əxlaqi cəhətdən haqqı olub-olmaması məsələsinə də aydınlıq gətirmək lazımdır».
Bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov hakim partiyanın rəsmi saytına deyib.

Əli Əhmədov bildirib ki, istənilən ölkədə bu və ya digər nöqsanları tapmaq mümkündür. Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan reallıqlarının kifayət qədər təhrif olunması məqamlarına rast gəlmək mümkündür.

«Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyat yüksəlir, insanların rifahı yaxşılaşır. Azərbaycan insan haqlarının qorunması istiqamətində öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Bir il bundan əvvəl keçirilən parlament seçkilərində də Azərbaycan vətəndaşları öz iradəsini ortaya qoydu və istədikləri namizədə səs verərək onlara deputat mandatı verdilər. Bütün bunların hamısı Azərbaycanın reallıqları və gerçəklikləridir. Hesab edirəm ki, hər hansı dövlətin Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlanmasına haqq qazandırmaq mümkün deyil. Burada qərəz də, qeyri-obyektivlik də aydın şəkildə görünməkdədir.

Bilirsiniz ki, bir sıra hallarda dünyada baş verən nəinki narazılıqlarda, qarşıdurmalarda, insanların tələf olmasında da ayrı-ayrı dövlətlərin bu cür qeyri-obyektiv hazırlanmış hesabatları çox ciddi rol oynayır. Vaxtilə hansısa dövlətdə kütləvi qırğın silahı axtarırdılar, bunun üçün ölkəni dağıtdılar, minlərlə insan həlak oldu, amma kütləvi qırğın silahı da tapılmadı. İndi də hansısa dövlət başçısını devirməkdən ötrü başqa bir ölkəni dağıdırlar, yenə də xeyli sayda insan öldürülür. Mənə elə gəlir ki, dünya birliyi bütün bu suallara, bu hadisələrin səbəbkarlarının kimlər olması barədə suallara cavablar axtarmağa çalışmalıdır. Ölkələrdə baş verən daxili proseslər onların daxili işidir. Hər bir ölkənin hökuməti və hakimiyyəti öz xalqı qarşısında hesabat verir və eynilə də daxili siyasətlə bağlı olan bütün məsələlər hökumətlə xalq arasındakı münasibətlərdə həllini tapmalıdır»- deyə YAP Sədrinin müavini vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir