Modern.az

Həbsdə olan sabiq müstəntiq valideynləri ilə görüşüb

Həbsdə olan sabiq müstəntiq valideynləri ilə görüşüb

27 Mart 2017, 21:52

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov ailə üzvləri ilə görüşüb. Modern.az xəbər verir ki, bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

 

Onun sözlərinə görə, R.Səfərovun saxlanma şəraiti normaldır, heç bir şikayəti yoxdur: "Dünən valideynləri ilə görüşüb. Bir az səhhətində problem var, soyuqdəymədən müalicə alır. Ümumi vəziyyəti normaldır, saxlanma şəraitində heç bir problem yoxdur".

 

B.Bayramov bildirib ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayəti hələ icraata götürülməyib.

 

Xatırladaq ki, R.Səfərovun müdafiəsinə daha iki vəkil - Fariz Namazlı və Yalçın İmanov da qoşulub. Bundan sonra R.Səfərovun hüquqlarını 3 vəkil müdafiə edəcək.

 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.

 

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

 

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi