Modern.az

Nazir müavinləri kimlərdir: onlar neçə ildir eyni vəzifəni tuturlar? (I yazı)

Nazir müavinləri kimlərdir: onlar neçə ildir eyni vəzifəni tuturlar? (I yazı)

12 Aprel 2011, 10:59

Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin marağını cəlb edib.
Hakimiyyətin ən yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da.
Modern.az saytı bir müddət öncə mərkəzi icra hakimiyyəti orqanlarına – nazirliklərə, komitələrə və onlara bərabər olan qurumlara rəhbərlik edən məmurların yaşı və neçə ildir eyni vəzifədə qaldıqlarını araşdırmışdı. Bu dəfə nazirlərin müavinlərinin kimliyini araşdırdıq.
Beləliklə, nazir müavinləri kimlərdir, onlar neçə ildir eyni vəzifə kürsüsündə əyləşirlər..?

Nazirin özü 13, müavinləri 12 ildir vəzifələrini dəyişmirlər

Başlayaq 13 ildir (1998-ci ildən) Azərbaycan Respublikasının təhsil sahəsinə rəhbərlik edən nazir Misir Mərdanovun müavinlərindən.

Təhsil nazirinin 3 müavini var. Onlardan biri - İsgəndər İsgəndərov digər müavinlərə nisbətən bir qədər yaşlıdır.
1946-cı ildə anadan olan (65 yaş) İ.İsgəndərov əmək fəaliyyətinə 1968-ci ildə Sumqayıt şəhərində müəllim kimi başlayıb. Sonralar vəzifə kürsüsündə pillə-pillə irəliləyən İ.İsgəndərov 1999-cu ildə təhsil nazirinin müavini təyin olunub. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının idarə heyətinin üzvü olan İsgəndər İsgəndərov öz nazirindən bir il az - 12 ildir eyni vəzifədə çalışır.


Elmar Qasımov təhsil nazirinin digər iki müavinindən biridir. 1973-cü ildə doğulan Elmar müəllim əvvəlcə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini, 2002-ci ildə isə həmin Universitetin hüquq fakültəsini bitirib.
O da əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1996-cı ildən BDU-nun coğrafiya fakültəsində dərs deyib. O zamanlar BDU-nun rektoru işləyən Misir Mərdanov təhsil naziri vəzifəsinə təyin olunandan sonra Elmar Qasımovu da öz yanına aparıb. E.Qasımov 1999-cu ildən təhsil nazirinin müavini kürsüsündə əyləşir. 12 ildir vəzifə kreslosunu dəyişməyən nazir müavini Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Təhsil nazirinin digər müavini İradə Hüseynova 1963-cü ildə anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2004-cü ildən elmlər doktorudur. Digər iki həmkarından fərqli olaraq onun nazir müavini kimi iş stajı bir qədər azdır. İradə xanım 2002-ci ildən təhsil nazirinin müavinidir.
“Əməkdar müəllim” fəxri adına layiq görülən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Bakı Dövlət Universiteti YAP Qadınlar Şurasının sədri olan İradə Hüseynova 9 ildir həm də nazir müavini postunu tutur.

***

Komitə sədrinin 4 müavini var, hamısı da naxçıvanlıdır...

2006-cı ilin fevral ayından (5 ildir) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində əyləşən gömrük xidməti general-leytenantı Aydın Əliyevin 4 müavini var.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavinidir.  Gömrük xidməti general-leytenantı 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə  Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlayıb.
1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini  vəzifələrində çalışıb.
2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib. 2006-cı ilin fevral ayından komitə sədrinin birinci müavini vəzifəsində çalışır.
Səfər Mehdiyevin  artıq 7 ildir komitə sədrinin müavini postunu tutur.

Əsgər Abdullayev Dövlət Gömrük Komitəsi sədrinin müavinlərindən biridir. Gömrük xidməti general-leytenantı Ə.Abdullayev 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
1985-ci ildə Kiyev İnşaat Mühəndisləri  İnstitutunu bitirib.
1985-1996 –cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləyib.
1996-2006-cı illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib.
2006-cı il iyunun 21-dən Dövlət Gömrük  Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Ə.Abdullayev 5 ildir eyni vəzifə kürsüsündə əyləşir.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Rza Həsənəliyev 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Gömrük xidməti general-leytenantı rütbəsinə malik olan R.Həsənəliyev 1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1978-ci ildə Ordubad baramaaçan fabrikində fəhlə kimi başlayıb.
1995-1999-cu illərdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor, Komitənin İşlər İdarəsinin rəis müavini, sonradan həmin İdarənin rəisi vəzifələrində işləyib.
1999-cu ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini  təyin edilib.
Rza müəllim 12 ildir Gömrük Komitəsi sədrinin müavini  olaraq eyni vəzifədə çalışır.


Nazim Məmmədov Dövlət Gömrük Komitəsi sədrinin sonuncu müavinidir. O da gömrük xidməti general-leytenantı rütbəsi daşıyır. 
N.Məmmədov 1951-ci il oktyabrın 8-də Naxçıvan MR Ordubad şəhərində anadan olub.
1999-cu ildə “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb.
1976-cı-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.
1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır.
2007-cı ilin 28 dekabrından Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edir.
Nazim Məmmədov artıq 4-cü ildir bu vəzfəni daşıyır.
Sırada digər nazirlik və komitələrin rəhbərlərinin müavinləri barədə məlumatlar yer alır. Bizi izləyin...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?