Modern.az

“Bakı Metropoliteni”nin 2 kilometrlik yolu qeyri-qənaətbəxşdir - FOTO

“Bakı Metropoliteni”nin 2 kilometrlik yolu qeyri-qənaətbəxşdir - FOTO

28 Mart 2017, 12:07

“2014-2016-cı illər ərzində 43 min 200 metr rels, 7200 uzun və 756 gödək şpal yenisi ilə əvəzlənib, 1200 metr yolda qaldırma təmiri aparılıb”.

 

Bu haqda Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O qeyd edib ki, həmin dövrdə xüsusi əhəmiyyət kəsb edən “İçərişəhər-28 May” sahəsində və “Cəfər Cabbarlı-Xətai” mənzilində yolların tam sağlamlaşdırılması işləri başa çatdırılıb:

“2015-ci ildə qeyri-qənaətbəxş yolların uzunluğu dəfələrlə azaldılaraq, cəmi 2 km-ə endirilib. Keçən ilin sonuna isə qeyri-kafi qiymətli yol qalmayıb. "Yaxşı" və "kafi" qiymətli yolların uzunluğu 2015-ci ildə 30 km-ə yüksəldilmişdisə, artıq həmin yollar "əla" kateqoriyasına keçdiyindən, bu rəqəm də 6 km-ə endirilib”.

 

Qurum rəsmisinin sözlərinə görə, bir çox ölkələrdə şpalların təmirində geniş yer alan kompozit maddənin tətbiqi əsas yeniliklərdəndir:

 

“Metropolitenin tərəfdaşlarından birinin təklifi olan bu maddə də "Gənclik - “28 May" mənzilində sınaqdan keçirilib. Ondan şpallardakı çatların, köhnə şurup yerlərinin və şpalla beton arasındakı boşluqların doldurulması üçün istifadə edilir. Əvvəllər şpalın köhnə şurup yerləri adi taxta tıxaclarla doldurulurdu. Bu tıxaclar suyun, palçığın təsiri altında çürüyüb dağılırdı. Yeni maddənin tətbiqi ilə belə hallar aradan qaldırılıb. Hazırda yeni üsulla artıq 1500-dən çox şpal təmir olunub.

Bundan başqa, metropoliten yollarında müasir dünya standartlarının tətbiqi ilə bağlı ən əhəmiyyətli yenilik yeni inşa olunan xətlərdə beton blokların tətbiqi olacaq. Sonrakı dövrlərdə isə hazırda istismarda olan yollarda da beton blokların tədricən taxta şpalları əvəz etməsi bu işlərin yekunu nəzərdə tutulub”.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı