Modern.az

“Elə bilirdik ki, Kəlbəcəri işğal edə bilməzlər” - Kəlbəcərli şahid 24 il əvvəldən DANIŞIR

“Elə bilirdik ki, Kəlbəcəri işğal edə bilməzlər” - Kəlbəcərli şahid 24 il əvvəldən DANIŞIR

28 Mart 2017, 12:38

Aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 24-cü ili tamam olacaq.

1993-cü il aprelin 2-də Kəlbəcərin 1936 kvadrat kilometr ərazisi düşmən tapdağı altına düşüb, 70 minə yaxın əhalisi məcburi köçkün olaraq Azərbaycanın 59 rayonuna səpələnib.

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Ermənistan hərbi birləşmələrinin 1993-cü il martın 27-də başlayan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb.

 

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevirilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla da, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatıb.


Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Modern.az saytı Kəlbəcərin növbəti işğal ildönümü ilə bağlı silsilə yazılara start verib.

Budəfəki müsahibimiz Mərdəkanda yerləşən Kəlbəcər rayonu 14 saylı məktəbin direktoru Tahir  Rəhimovdur. Tahir müəllim 1993-cü ilin 28 martını ürək ağrısı ilə xatırlayır.

Novruz bayramından sonra gərginlik artdı

“1993-cü ilin mart ayının sonları Kəlbəcərdə vəziyyət gərgin  idi. Daha doğrusu, Novruz bayramından sonra gərginlik artmağa başladı. Atışmalar dayanmasa da, insanlar buna alışmışdı. Həmin vaxt Kəlbəcər Təhsil şöbəsində çalışırdım. Mart ayının axırlarında Bakıya ezamiyyətə gəldim.

 

Lakin martın 31-də baş verən hadisələri eşidib dərhal rayona qayıtdım. Təsəvvür edin: heç kəsin ağlına gəlməzdi ki, Kəlbəcər işğal oluna bilər. Camaatın əhval-ruhiyyəsi o baxımdan yerində idi ki, ermənilərin Kəlbəcəri işğal edə biləcəyinə kimsə inanmırdı. Kəlbəcər alınmaz bir qalaya bənzəyirdi. Sadəcə, o vaxtkı hakimiyyətin, hərbi hissələrin səriştəsizliyindən Kəlbəcər sanki qurban getdi.

 

Kəlbəcər rayonu həm Ermənistanla, həm Laçın rayonu ilə, həm də Ağdərə ilə həmsərhəd idi. Murovdağın içi ilə Xanlar rayonuna yol var idi. Əgər Kəlbəcər sakinləri bilsəydilər ki, rayon işğal olunacaq, güman ki, özləri ilə nəsə çıxara bilərdilər. Belə bir təlaş yox idi. Mən də ailəmlə birgə Xanlar rayonuna piyada gəlmişik. 60-70 km yolu 2 günə gəlib çata bildik. Həmin ərəfədə maşınların hərəkəti yolda mümkün deyildi. Yolları qar örtmüşdü. Maşın cığırı da yox idi”.

“Ordu xalqdan qabaq Kəlbəcəri tərk etdi”

Kəlbəcər sakini deyir ki, işğaldan öncə insanlar özünü çətinliyə alışdıra bilmişdi.

“Murovdağ istiqamətində bir yol açılmışdı. Çətinliklə də olsa gediş-gəliş vardı. Sanki Kəlbəcər camaatı neçə ildir hər şeyə alışdığından ərzaq tədarükünü öncədən görmüşdü. İnsanlar aylıq ərzaqlarını qısa vaxt ərzində ehtiyat üçün yığırdı. Çünki hər an nəsə ola bilərdi. Yol bağlanardı. Həmin vaxtlarda yaxın dost-tanış, qohum-əqrəbadan ordu sıralarında xidmət edənlər vardı. Heç kəsin ağlına da gəlməzdi ki, Kəlbəcər işğal olunar və insanlar öz dədə-baba yurdlarından didərgin düşə bilər. Təəssüf ki, biz bu hadisəni yaşadıq.

 

1993-cü ilin 28 martında kimsə gəlib bizimlə maraqlanmırdı. Bir dəfə Müdafiə Nazirliyindən nümayəndə gəlib sakinlərlə maraqlanmışdı. O da elə vaxt idi ki, insanlar bir kəndi tərk etmək məcburiyyətində qalmışdı. Şahidiyəm ki, həmin vaxt sakinlərdən qabaq ordu hissələri Kəlbəcəri tərk etmişdi. Bu da ürəkağrıdan məqam idi. Tanklarla birgə rayonu tərk edən hərbçilərdən soruşanda ki, “hara gedirsiz?”, cavab da vermirdilər. Xalq ordudan kömək gözlədiyi bir vaxtda, ordu Kəlbəcəri birinci tərk etmişdi”.

Aşıq Şəmşirin dağılan yurdu

Müsahibimiz ermənilərin 1992-ci ilin 8 aprelində törətdikləri Ağdaban hadisəsisini də xatırladıb.

“1992-ci ilin 8 aprelində ermənilər Ağdabanda soyqırımı törədiblər. Həmin kənddə  Aşıq Şəmşir yaşayıb. O soyqırımı zamanı nə qədər insan öldürülmüşdü. Ermənilər dinc insanlarla vəhşicəsinə rəftar etmişdilər. Bizimkilər erməni hücumlarına qarşı müqavimət göstərmişdilər. Bizim magistral yolumuz Ağdərənin içindən keçirdi. Dəfələrlə orada atışma olub. Pusqu qurulub. Çoxlu sayda oğullarımız şəhid olub.

 

1992-93-cü illər Kəlbəcər sakinləri üçün çox çətin keçib. Kəlbəcər rayonu neçə il işıqsız yaşayıb. Ağdərədən keçən  işığımızı kəsmişdilər. Hamı evində neft lampasından istifadə edirdi”.

“Bizə yalan vədlər verirdilər”

Tahir  Rəhimovun sözlərinə görə, o vaxtkı hakimiyyət yalan vədlər verirdi.

“1992-ci ildə Kəlbəcərin işğalı ərəfəsində kəlbəcərlilər yuxarıda oturanlara müraciət edirdi. İnsanlar narahat idi. Amma bu narahatlıq təkcə ev-eşiklərini dolu qoyub çıxmaqla deyil, daha çox qadınların, uşaqların, yaşlıların təhlükəsizliyinə görə idi. Hər müraciətə belə cavab verilirdi: “Narahat olmayın, Bakıdan sabah kömək gəlir”.

Bizə elə vədlər verirdilər ki, hamımız elə bilirdik ki, ermənilər Kəlbəcəri işğal edə bilməz. O vədlərin qarşısında ümidsiz ola bilmirdik.

 

Haqqımızda tez-tez belə kəlmələr eşidirik: torpaqları atıb gəldilər, qaçdılar...
Heç də belə deyil. Kəlbəcərin işğalından 24 il keçməsinə baxmayaraq, yurdumuz, böyüdüyümüz kənd, evimiz yuxularımızdan çıxmır. Nə qədər acınacaqlı vəziyyət olsa da, kim öz torpağından, evindən çıxmaq istəyər ki?! Biz Kəlbəcərə qayıdacağımız günü gözləyirik!..”.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir