Modern.az

Prezident: “Bizim işlərimiz yarımçıq qala bilərdi”

Prezident: “Bizim işlərimiz yarımçıq qala bilərdi”

28 Mart 2017, 13:35

Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir.

Bu sözləri Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır. Biz bu nümunəni göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir.

“Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahələr üzrə strateji yol xəritələri tərtib olunub, dərc edilib. İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret proqramlar var və biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.


Ölkə başçısı daha sonra deyib:

"Biz keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bugünkü müşavirə ikinci müşavirədir və bu müşavirələrin keçirilməsi özündə bu dəstəyin təzahürüdür".

Dövlətimizin başçısı bildirib ki, pambıqçılıq sahəsində vətəndaşları və fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görülür:

“Pambığın alış qiyməti keçən ilki 41 qəpikdən 50 qəpiyə qaldırılıb, eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pullarını alırlar”.

Prezident vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yarandığını, bunun çox önəmli amil olduğunu qeyd edib:

“Dövlət öz dəstəyini göstərir və göstərəcək. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur”.

Azərbaycan Prezidenti gələcəkdə pambıqçılığın daha da sürətlə inkişaf etdiriləcəyini, daha geniş vüsət alacağını, bunun həm vətəndaşlara, həm də dövlətə böyük xeyri olacağını bildirib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir