Modern.az

Azərbaycanda rüşvətə görə cəza sərtləşdirilir

Azərbaycanda rüşvətə görə cəza sərtləşdirilir

28 Mart 2017, 14:44

Azərbaycanda rüşvətə görə cəza ağırlaşdırılır. Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilib.

Belə ki, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə cəza ağırlaşacaq.


Məcəllənin  312.1-ci bəndinə əsasən, bu əməllərə görə, min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

312.2 Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

Bundan sonra 312.1-ci bəndinə təklif edilən dəyişikliyə əsasən,  bu əməllərə görə, beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin, 312.2-ci bəndinə təklif edilən dəyişikliyə əsasən isə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzanın verilməsi təklif edilir.

Milli Məclis bu layihəni müzakirəyə çıxarmağa hazırlaşır...

 

 Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi