Modern.az

Vahid Əhmədov: “ Mənə dedilər ki, ya ora getməlisən, ya da türməyə…”

Vahid Əhmədov: “ Mənə dedilər ki, ya ora getməlisən, ya da türməyə…”

12 Aprel 2011, 13:05

“Prezident İlham Əliyevi müadfiə edirəm, amma komandanı qəbul eləmirəm”

“İmkan və şəraitim olmadığına görə, xeyli gec evlənmişəm - 33 yaşında...”


Modern.az
saytı “Sərbəst söhbət” layihəsi çərçivəsində Milli Məclisin üzvü Vahid Əhmədovla müsahibəni təqdim edir. V.Əhmədov 90-cı illərin əvvələrində tutduğu dövlət postları ilə çağdaş siyasi tarixdə adını yaza bilib. Onunla söhbətdə ölkənin və özünün həyatında baş vermiş bir çox maraqlı məqamlara toxuna bildik. Vahid müəllimlə sovet dövründən, zavod direktoru olduğu illərdən ta deputat olduğu zamana qədərki dövrü birgə xırdaladıq..

“Zavod direktorları 1988-ci ildə başlanmış etiraz aksiyalarına dəstək verirdi”

- Vahid müəllim, siz ölkənin 80-90-cı illərin siyasi palitrasında adı çəkilən fiqurlarından olmusunuz.  Necə olunb ki, zavod direktoru siyasi tarixə düşə bilib?

- Mən 1983-cü ildən ildə  “Bakı fəhləsi” adına Maşınqayırma zavodunda direktor işləyirdim. Karyeramda mərhum Heydər Əliyevin böyük rolu olub. 1985-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müavini və siyasi büronun üzvi kimi “Bakı fəhləsi” zavoduna gəlmişdi. İki saat yarımdan çox zavodda oldu. İndiki kimi yadımdadır ki, hətta çıxış elədi və dedi ki, “bu cavan oğlan bizə lazım olacaq”.

Bizim zavod  onda avadanlıqlarını 30-a yaxın xarici dövlətə və o cümlədən SSRİ-nin bütün respublikalarına göndərirdi. Hə, bizim zavodun adı ilə bir əhvalat da var. Onu sizə də danışım.

Məlum olduğu kimi, mərhum Heydər Əliyevin Mixail Qorbaçovla aralarındakı münasibətlərdə gərginlik var idi.
Demək, Qorboçov Tümenə gedir. Orada ona zay mancanaq dəzgahları göstəirlər və deyirlər ki, bu dəzgahlar Azərbaycanda istehsal olunub. Əslində bu Heydər Əliyevə qarşı qurulumış oyun idi. Qorboçov Tümendən qayıdıb gələndən sonra Azərbyacan Mərkəzi Komitəsinin II katibi Konovalov bizi - beş altı zavod direktorunu məsələ ilə bağlı Moskvaya çağırdı. İclasda başladlılar bizi ittiham eləməyə ki, niyə zay məhsul buraxırsınız. Bizim zavoda cavabdeh mən idim. Həmin iclasda Siyasi Büronun iki üzvü də iştirak edirdi. Mənə dedilər ki, "gəl tribunaya çıxış elə". Sual vedilər ki, "zavod niyə zay məhsul buraxır?". Mən cavab vedim ki, "biz zay məhsul buraxmırıq" və bunu əsaslandırdım... Ordan yaxşı qutardıq. Gəldik Bakıya və gördük ki, burda vəziyyət daha da gərginləşib.
Keşlə Maşınqayırma zavodunun direktoru həbs edilib. Yerinə adam axtarırdılar. Bilmirdilər kimi ora göndərsinlər. Mənə təklif etdilər. İmtina etdim. İsrarla dedilər ki, "sən ora getməlisən". Mən dedim ki, “beş ildir burda əziyyət çəkirəm, getməyəcəm”.
Sonra məni “yuxarı” çağırdılar və açıq şəkildə dedilər ki, “ya ora getməlisən, ya da türməyə”. Gəldim Keşlə zavoduna direktor...
İnandırım sizi gecə saat 2-də, 3-də mən iclas keçirirdim. Düzdü, hökumət də mənə kömək edirdi. Tezliklə zavodda hər şeyi yoluna qoyduq. SSRİ maşınqayırma naziri, Sosialist Əməyi Qəhrəmanı Lukaşenko dostum idi. Onun da müəyyən köməyi ilə işlərimizi yoluna qoyduq. Zavod direktoru kimi çox hadisələrin içində olmuşam, elə siyasi proseslərin içinə düşməyimin də bir səbəbi zavod olub.

1988-ci ildə başlanmış mitinqlərin əsas iştirakçıları fəhlələr idi.  Keçmiş leytenant Şmidt adına zavod(sonradan Səttarxan adına red.), Keşlə Maşınqayırma zavodu və bir də Bakı Kondisioner zavodu mitinqlərdə fəal idi. Biz zavod direktorları Qarabağla bağlı başlanmış bu etiraz aksiyalarına dəstək verirdik.
1990-cı ildə də Azərbaycan SSRİ Ali Sovetinə keçirilən seçkilərdə deputatlığa namizədliyimi Nizami rayonundan verdim. Seçkiləri uddum və  o zamandan da ciddi siyasi proseslərin içinə düşdüm. Həm deputat, həm də Keşlə Maşınqayırma zavodunun direktoru idim. Bu arada nazir məni çağırdı Moskvaya. Bakıdakı 3 zavodu birləşdirib və məni ora direktor təyin elədi. Ali Sovetdə isə məni İqtisadiyyat komissiyasının sədri təyin etdilər. Sizə deyim ki, siyasi proseslərin ən qaynar və ciddi məqamları 1988-93-cü illərdə olub. Tale elə gətirdi ki,  “istiqlalçı deputat” adını da qazandım.

Ali Sovetdə SSRİ-nin saxlanması haqqında referendum sənədi müzakirəyə çıxarılmışdı. Mən də daxil olmaqla 43 deputat SSRİ-nin əleyhinə, müstəqilliyin lehinə səs verdik. 365 deputatdan 43-ü...  
İndi bəlkə də asan görünür. Amma o zaman yüksək vəzifələrdə işləyirdim. Həm Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvi, həm də birləşmiş zavodların direktoru idim. SSRİ-nin əleyhinə çıxdığım üçün çox sıxdılar məni.

“Altı bina tikdirib hamısını payladım fəhlələrə....”

-Haranı bitirmisiniz?

- Azərbaycan Texniki Universitetini bitirmişəm, 1971-ci ildə əsgərliyə getmişəm. Sonra da mən həmin zavodlarda işləyən zaman 3 il gedib Almaniyada oxumuşam. SSRİ vaxtında Nazirlər Sovetinin sədri Nikolay Rıjkov idi. Qorbaçovun islahatları təzə-təzə başlayanda SSRİ Nazirlər Sovetinin sədri Rıjkovun müavini ölkə üzrə 49 nəfər zavod rəhbəri yığmışdı. Azərbaycandan da məni çağırmışdılar. O bizi göndərdi Almaniyaya oxumağa. Azərbaycandan ilk mən oldum orda. 90-cı ildə qutardıq, diplom alıb qayıtdıq. Mən texnika ilə işləmişəm. Özümün bir-iki ixtiram var. SSRİ vaxtında almışam. Sertifikatım da var. Sovet vaxtında mənə əməkdar mühəndis adını vermişdilər. Fəxri fərmanlarım var.

- Vahid müəllim, siz uşaqlıqdan elə maşınqayıran olmaq istəmisiniz, yoxsa istəyiniz başqa idi?

- Mən Qubanın Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişəm. Ailədə 9 uşaq olmuşuq. Deyim ki, orta məktəbi çox yaxşı oxumuşam. Riyaziyyata meylli idim. Sonra Texniki Universitetə daxil olmuşam. Özü də axşam fakültəsində oxumuşam. Gündüzlər işləyirdim, axşamlar oxuyurdum . Ailədə 9 uşağıq. Tələbəlik illlərində yataqxanada qalmışam. İmkan və şəraitim olmadığına görə, xeyli gec evlənmişəm - 33 yaşında...Ev alandan sonra evlənmişəm. Xeyli müddət nişanlı qalmışam.

- Böyük zavodlara rəhbərlik eləmisiniz. O zamankı  idarəetmə prinsipi necə necə idi?

- O vaxt planlı iqtisadiyyat idi. Gərək sən də planı müdafiə edəydin. Deyim ki, biz məsuliyyətlə işləyiridik. Sovet dövründə nizam-intizam çox ciddi idi. Elə yoxlamalar olurdu ki... Müəyyən nəzarət edən orqanlar var idi. Bu baxımdan intizam güclü idi. Zavodlar da  böyük idi. Məsələn, Keşlə Maşınqayırma zavodunda 4 min adan işləyirdi. Ümumi götürəndə isə 6 mindən çox adam işləyirdi. Təsəvvür edirsiniz bu nə deməkdir?

- Fəhlələr sizdən qorxurdular?

- Məncə qorxmağa ehtiyac yox idi. Ortalıqda qarşılıqlı hörmət var idi. Bu işdə əsas odur ki, sən insana çörək verəsən. Misal üçün, mən Keşlə Maşınqayırma zavodunun fəhlələri üçün 6 bina tikdirdim. O binalar indi də "Xalqlar Dostluğu" metrostansiyasının yanındadır. Hamısını payladım ehtiyacı olan fəhlələlərə... İşçilərə baxasan gərək. Hamıya bacardığım qədər kömək edirdim. Rayonlarla əlaqələrim var idi. Qubada, Laçında  zavodun filialın tikdirmişdim. Biz qapalı adamlar deyildik. Zavodda direktor işləmək çox ağır işdir. Zavodda işə baxmağa çıxırdım. Sexdə görürdün ustalar mazutun içində işləyirlər. Yanlarında keçəndə görürdüm biri çay içir... Oturub onunla çay içirdim, söhbət edirdim. Mən işçilərimə qarşı qapalı olmamışam.

Onlar mənim indi də hörmətimi saxlayırlar. Yanıma gəlirlər, məsləhət alırlar, çətinliyə düşəndə kömək üçün gəlib-gedənlər çoxdur. Çalışmışam ki, insanlara kömək edim.

- Bakı o zaman beynəlmiləl şəhər adlanırdı. Ermənilər yəqin zavodda çox olub?

- Sizə deyim ki, Azərbaycanda ən çox erməni iki zavodda olub. Bu zavodlar Keşlə və “Bakı fəhləsi” zavodu idi. Hər iki zavod Nərimanov rayonu ərazisində yerləşirdi. Burada yaşayanların əksəriyyəti ermənilər idi. Deyim ki, mənim müavinim erməni idi. Əlbəttə, ermənilər çox idi, amma yavaş-yavaş azaldılar. 90-cı ildə artıq bizdə erməni yox idi, hamısı azərbaycanlı idi.  

“Rus generalı Mütəllibova dedi ki, "icazə ver AXC liderlərini bir dəqiqəyə tutaq""

- Bəs Kommunist Partiyasının üzvü, böyük zavod rəhbəri olaraq Azərbaycanda 90-cı illərin əvvəllərində başlamış milli azadlıq hərəkatına münasibətiniz necə idi? Müstəqillik ideyası sizin üçün gözlənilməz olmadı?

- Müstəqil olmağı çox yaxşı qəbul eləmişəm. Zavod direktoru, büro üzvi, evim-eşiyim, cəmiyyətdə yerim, vəzifəm ola-ola mən Ali Sovetdə Azərbaycanın müstəqilliyinə səs verdim. SSRİ hələ o zaman dağılmamışdı. Mən arxayın idim ki, biz müstəqil olacağıq. SSRİ-nin dağılacağını gözləyirdim. Çünki Moskvada, dünyada gedən prosesləri izləyirdik və görürdük ki, məsələ hara gedir. Azərbaycanda başlanan xalq hərəkatına ilk gündən dəstək vermişəm.

1989-cu ildə SSRİ-ni titrədən Bakı tətilləri zamanı AXC liderləri ilə söhbətimdə deyirdim ki, mümkün qədər zavodlar işləsin. Çünki işləməyəndə əmək haqqı yazılmırdı. Fəhlə də maaş almasa, nə edər? Biz onlarla müəyyən danışıqlara gedirdik. Bundan başqa 1990-cı ilin yanvar hadisələrində biz bu prosesin içində idik. Ən çox da buna görə çalışırdım ki, zavodların işi dayanmasın. Amma elə vaxt olurdu ki, görürdün 10 gün işləmir. İmkan daxilində onlar bizə imkan yaradırdılar ki, işləyək. Bakıda keçirilən mitinqlər zamanı AXC-yə çox köməklik eləmişik. Buna görə biz bu işlərin içində olmuşuq.

- Siyasi rəhbərlik bilirdimi zavod direktoru kimi siz ölkə üçün müstəqillik arzusundasınız?

- Bəli, bilirdi. Hətta rəhbərlikdə də müstəqillik istəyənlər vardı. O zaman öndə gedən insanlar var idi ki, çoxları cəbhəçilərlə əlaqədə idilər. Məsələn, baş nazir Həsən Həsənovun AXC ilə çox yaxşı əlaqələri vardı.  

Bilirdik ki, universitetdə milli qruplar yaranır. “Çənlibel” və s. belə qruplar barədə məlumatlı idik. Biz bu işlərin aparılması üçün müəyyən köməkliklər edirdik. Bilirsiniz, çətin dövrlər əsasən 88-93-cü illərdə olub. Ən çətin dövrlər bu vaxtlar olub. Vəzirovun vaxtında da, ondan sonra Mütəllibov zamanında da çətin idi. Mütəllibovun vaxtında mən baş nazirin müavini işləyirdim. Siyasi proseslərin nəticəsi kimi 1989-ci ildə AXC yarandı, milli azadlıq hərəkatında Elçibəy irəli çıxmağa başladı. Əbülfəz Elçibəy lider idi, hamı onu qəbul edirdi. O istəyirdi milləti azad olsun.

- Sizin baş nazini müavinliyi ilə bağlı təqdimatınızı kim verdi?

- Müavinliyə namizədliyim o zaman Ali Sovetin sədri olan Yaqub Məmmədov tərəfindən verildi. Sonra birinci müavin təyin elədilər məni. Çətin dövrlər idi. Siyasi rəhbərlik sürətlə dəyişirdi...
Sizə bir hadisəni də danışım: 14 may 1992-ci ildə Ayaz Mütəllibov ikinci dəfə hakimiyyətə qayıdan gün prezidentin köməkçisi rəhmətlik Gülşad Zərbəliyev zəng vurdu mənə və dedi ki, "cənab prezident çağırır səni". O vaxt da vəziyyət çox gərgin idi. Mütəllibovun qayıtmasına etiraz edən AXC yığışıb hücum eləmək istəyirdi.

Getdim Prezident Aparatına... Mütəllibovun kabinetinə girəndə gördüm ki, otaqda baş nazir Rəhim Hüseynov, Rusiyanın Azərbaycanda yerləşən 4-cü ordu birləşməsinin komandanı general Popov, MTN naziri İlhüseyn Hüseynov oturublar... Mütəllibov mənə dedi ki, “Vahid, cəbhəçilərlə sənin yaxşı münasibətin var. Sən onlarla görüş və de ki, hökümət binalarına hucum eləməsinlər”.
Amma rus generalı dedi ki, “Ayaz Niyazoviç, siz rəsmi icazə verin biz məsələni həll edək”...
Popov soyuqqanlıqla bildirdi ki, “zaxvat qrup” lazımi adamları zərərsizləşidrəcək və hər şey yoluna düşəcək. Ola bilsin ölüm də olsun.  Mütəllibov buna qəti etiraz etdi. Dedi ki, “mənim işləməyimə görə qan töküləcəksə, burada qalan deyiləm. Adamların öldürülməsini istəmirəm”.  Sonra üzünü mənə tutub “Vahid, sən danış onlarla. Mən gözləyirəm” dedi...

Mən çıxdım kabinetdən. Elə maşına minib AXC-nin Səbailldəki qərargahına gedirdim ki, gördüm ki, AXC-nin tərəfdarları artıq Milli Təhlükəsizlik Nazirliyinin yanından Ali Sovetə tərəf gəlirlər. Görüş artıq mümkün deyildi. Gecikmişdik.  

- Amma istəsəydi, rusların girmək imkanları var idi?

- Əlbəttə... O zaman elə Prezident Aparatının həyəti rus desantları ilə dolu idi. AXC-də nə vardı?
Bir köhnı BTR... Amma camaaat AXC-nin dalınca gedirdi. İnsanlar azadlıq istəyirdilər. Mərhum Elçibəyə inam çox idi insanlar arasında. Amma çox çətin şəraitdə işləyirdik...

Elçibəy mənə dedi ki, “Vahid taxıl yoxdur, nə edək?”

- 1992-ci ildə AXC hakimiyyətə gələndə hökumətin büdcəsində bir qəpik yox idi. Vəziyyət çox çətin idi. Biz Türkiyəyə müraciət etdik, ordan bir az vəsait aldıq. Elçibəy demokratik insan idi. İşləməyə imkan yaradırdı... Məni çağırdı dedi ki, “ nə edək. taxıl yoxdur”....  Rusiyaya göndərdi, getdim ora... Orada mənim tanışlarım çox idi... Baş naizr Çernomırdinlə görüşdüm. Ruslardan bir az pul ala bildik... Bizim köhnə KQB-nin sədri Vaqif Hüseynov çox kömək elədi...

Ruslarla görüşdüm, onlar vəziyyəti lap yaxşı bilirdilər, hətta kömək də eləmək istəyirdilər. Çernomırdinin Azərbaycana qarşı münasibəti çox yaxşı idi və bizə kömək eləmək istəyirdi.

Götürdüyüm kreditlə getdim Qazaxıstana oradan taxıl aldım. Bununla da taxılla bağlı kritik vəziyyəti aradan qaldırdıq. Elçibəy mənə telefonla minnətdarlığını bildirdi. Vəziyyət çətin idi. Ali Sovetin özündə də hətta iclaslar gecə saat 12-də 1-də qutarırdı. Heç evə gəlib çıxa bilmirdik. Müstəqilliyin ilk illəri Azərbaycan üçün çox ağır idi.

Hətta 93-cü ildə Heydər Əliyev də gələndən sonra keçməkeşli həyat başladı. Hər siyasi liderin öz siyasi baxışları var. Mən hamı ilə işləmişəm. 90-cı ildən parlament seçiləndən bura kimi çox siyasi liderlər olub. Onlarla işləmişəm, o cümlədən Hedər Əliyevlə...Bu siyasi rəhbərlər arasında Heydər Əliyev əlbəttə fenomen idi. Tarix belə adamları yüz ildə bir dəfə dünyaya gətirir. Heydər Əliyevin Azərbaycanda gedən bütün proseslərdən xəbəri var idi. Dünyagörüşü çox böyük idi. Özü də nizam-intizamı çox sevən adam idi. Artıq hərəkətə yol verilsin, hər hansı böyük qruplar meydana gəlsin -elə şeyləri sevməzdi.

- Siz bır sıra beynəlxalq missiyaların tərkibində də olmusunuz. 1992-ci ildə müstəqil Azərbaycanın ilk nümayəndə heyətinin üzvü kimi ATƏT-in Helsinki sammitində iştirak eləmisiniz. İlk dəfə Azərbaycan bununla dünyaya çıxdı. O dovrün siyasi şərtləri necə idi Azərbaycan üçün?

- Bəli, bu böyük hadisə idi. Azərbaycan nümayəndə heyətini Leninqradın meri Sobçak və müavini Vladimir Putin qarşıladı. Çox yüksək səviyyədə... Prezident Elçibəylə, xarici işlər naziri Tofiq Qasımovla görüşlər. Bir çox məsələlər ətrafında söhbətlərimiz oldu. Sonra oradan getdik Helsinkiyə. Helsinkidə Yekun Aktı imzalandı. Azərbaycanın ATƏT-in sənədinə qol çəkməkdə əsas məqsədi Qarabağ məsələsi ilə bağlı idi. O vaxt BMT-də işğal olunmuş torpaqlarla bağlı 4 qətnamə qəbul olundu. Sizə deyim ki, xarici işlər naziri Tofiq Qasımov, dölət müşaviri Vəfa Quluzadə bununla bağlı gecə- gündüz çalışırdılar.

O zamana qədər SSRİ-nin hər yerinin gəzmişdim. Xarici dövlətlərə çox gedib-gəlirdim. Amma əlbəttə birdən-birə belə bir məclisə getmək tamam fərqli idi. Özü də mən ora baş nazir əvəzi getmişdim. Adama bir təhər gəlirdi ki, birdən-birə müstəqil dövlət kimi arenaya çıxırsan və dünya liderləri ilə birgə sənəd imzalayırsan...Çox böyük qürur hissi keçirirdik.

- Azərbaycanın iqtisadi durumu ağır idi. Bu ağırlıq özünü daha çox nə ilə göstərirdi?

- Yeni müstəqillik əldə edən dövlətlərin hər birində belə ağır çağlar olub. Bizdə də taxılla bağlı müəyyən çətinliklər yaranmışdı. Biz o zaman Türkiyənin baş  naziri olan Süleyman Dəmirəllə görüşə getdik. Vəziyyəti ona çatdırdıq. Əvvəl o bizə 100 milyon dollar vermək istədi. Mən dedim ki, bu bizim üçün çox azdır. Bundan sonra bizə 250 milyon dollar pul ayırdılar. Azərbaycana taxıl gətirmək üçün çox əziyyətlər çəkdik. Taxılı Gürcüstan vasitəsi ilə gətirirdik. Dəmir yolu işləmirdi. Yüz problem var idi... Çox çətin günlər idi, elə vaxtlar var idi ki, iki günlük taxılımız qalmışdı. Elə vaxt olurdu ki, gündə 10 dəfə Türkiyə ilə, İranla danışırdım. Daxildə də bizə mane olmağa çalışan qüvvələr var idi. Rusiya da Azərbaycanı əldən vermək istəmirdi, hegemonluğunu saxlamaq istəyirdi.  

“Heydər Əliyevin əleyhinə işləyən adamlar bu gün vəzifə başında oturublar”   

- Milli Məclisin ən aktiv dönəmini 90-92-ci illər hesab edirlər. Bəs sizin parlament barədə fikirləriniz necə idi?

- Bilirsiniz ki, 90-93-cü ilə qədər parlament Ali Sovet idi, sonra 50 nəfərdən ibarət olamqla paritet əsasında Milli Məclis yaradıldı. Mən o 25 nəfərdən biri oldum. Kommunistlərlin namizədi kimi... Qeyd edim ki, indiyə qədər bir partiyanın üzvi olmuşam, bu Kommunist Partiyası olub. Bunda sonra heç bir partiyanın üzvi olmamışam. Partiyanın vəsiqəsini cırıb atmamışam, sənəd kimi saxlamışam.

Bəli, həqiqətən də 90-92-ci illər ərəfəsi Milli Məclis çox aktiv idi. Ali Sovetin deputatı olan 40 nəfər cəbhəçi deputat bütün məclisi hay-küynən idarə edirdilər. Onların da da aralarında sonradan səhv hərəkət edənlər oldu. Bununla yanaşı, əqidəsini qoruyub saxlayanlar da çox oldu. Sonradan ki, 50 nəfər qaldı. Onda ciddi mübarizələr gedirdi. Ümumiyyətlə, Ali Sovet çox güclü işləyirdi.

Heydər Əliyevlə bağlı parlamentdə yaranmış qalmaqalı xatırlayıram. Çox təəssüf olsun ki, o zamankı qalmaqalda Heydər Əliyevin əleyhinə işləyən adamlar bu gün vəzifə başında oturublar. Həmin iclasda Heydər Əliyevin çörək verdiyi insanların çoxu onu pis göstərməyə çalışırdılar. Belə insanlar var idi. Elə indi də var. Bilirsiniz, bəzi adamlar çox tez mövqelərini, əqidələrini dəyişirlər. İndi də elə Milli Məclisdə vaxtı ilə Heydər Əliyevi istəməyən adamlar var. Biz bu siyasətin ən ağır günlərində olmuşuq. Nə etmişiksə, öz xeyrimiz üçün deyil, millətimin xeyri üçün olub.

“Nazir işləyən dostlarıma deyirəm ki, oturduğunuz kreslo elə çörəkdir də başdan-ayağa...”

- Hazırda Milli Məlisin deputatı kimi ölkədəki siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Son zamanlar hiss olunan siyasi gərginliyin səbəblərini nədə görürüsünüz?

- Parlamentdə millət vəkili kimi mənin çıxışlarım olur. Onu qəbul edən adam da var, qəbul etməyən də. Mən həqiqəti deyirəm. YAP-çı deputatlardan özümə qarşı yaxşı münasibət görürəm. Çünki onlar bilirlər ki, mən sözün düzünü deyirəm.

Mən prezident İlham Əliyevi müadfiə etmişəm, indi də edirəm. Amma komandanı mən qəbul eləmirəm. Prezident istəyir ki, Azərbaycanda demokratik proses getsin, insanlar yaxşı yaşasınlar. Misal üçün, korrupsiyaya qarşı hərəkata başlanıldı. Bir çoxları deyir ki, bu müvəqqətidir. Mən düşünürəm ki, bu artıq dayanan deyil, bu proses nəticəsində rüşvətin qarşısı müəyyən qədər alınacaq. Ona görə, mən prezidenti belə hallarda müdafiə edirəm.

- Komandanın əsas hissəsini Nazirlər Kabineti təşkil edir. Bu komanda indiki halda keyfiyyətlidirmi, işləyə bilirmi?

- Mən sizə deyim ki, bu necə işləyir, işləmir... Buna dövlət başçısı rəhbərlik edir. Artur Rəsizadə ilə mən bir yerdə işləmişəm. Çox savadlı, ağıllı insandır. Özü də o korrupsiya və rüşvətə meyl edən insan deyil. Ola bilər müəyyən qədər yaş -filan özünü  göstərir. Amma baş nazir iqtisadiyyatı yaxşı bilən adamdır. Hökumətə gəlincə, onların arasında bilikliləri var, amma korrupsiya ölkəni yeyir.

Dostum nazirlər var. Onlara deyirəm ki, "oturduğunuz kreslo elə çörəkdir də başdan-ayağa.... Bu elə sənə çörək verir. Xalqın da vəziyyətini yaxşılaşdırmaq lazımdır"...

Azərbaycanın iqtisadi imkanı bu dəqiqə çox güclüdür. Bu yaxınlarda Ankaradan bələdiyyə sədrləri gəlmişdi. Biz onları Qubaya apardıq. Gedəndə onlar bu gözəl mənzərəni görüb mənə sual verir ki, “bu cür torpağınız, suyunuz var, bəs niyə belə yaşayırsınız?”. Dedim ki, bizdə bu imkanlar yoxdur. Biz cəmi iyirmi ildi müstəqilik. Yəni kənardan da görürlər ki, Azərbaycanın imkanı böyükdür. Biz çalışmalıyıq ki, bu imkan daxilində insanlar daha da yaxşı yaşasınlar. Çox böyük potensialımız var. Mənim yadıma gəlir ki, biz 2009-cu ildə "Gülüstan" sarayında regionların iqtisadi inkişaf proqramını müzakirə edirdik. Cənab prezident hökumətin qarşısında iki məsələ qoydu. Birincisi ərzaq təhlükəsizliyi, ikincisi də qeyri-neft sektorunun inkişafı idi. Yəni bu neftdi, qazdı daimi deyil. Bu istiqamətdə müəyyən işlər görülür. Məsələn, bizdə son zamanlar kənd təsərrüfatına diqqəti çox artırıblar.

- Quba alması ilə məşhurdur.. Amma bazarda 3 manatdan aşağı alma yoxdur. Bu sizcə Azərbaycanda monopoliyanın mövcudluğundan xəbər vermir?

- Biz keçən il almanı hətta maşınlarla çaya tökürdük. Çünki pula getmirdi. Ona görə ki, kənardan- Türkiyədən, Pakistandan və digər ölkələrdən Azərbaycana  meyvələr gətirilir, Azərbaycanın meyvə-tərəvəzi kənarda qalır. Bu monopoliyadır. Hərənin öz yiyəsi var. Cənab prezident hökumətin axırıncı iclasında korrupsiya ilə yanaşı, monopoliya məsələsini də qoydu ki, bu məsələ həll olunmalıdır. Rəqabət Məcəlləsi var- prezident 2006-cı ildən Milli Məclisə göndərib. İndiyə kimi biz onu qəbul etməmişik. Bununla bağlı neçə dəfə mübahisə etmişəm.

“Dəbdəbəli yaşamağı sevmirəm”

- Dostunuz varmı?

- Mən sizə misal gətirim. Mənim atam rayonda mühasib işləyirdi. Nazir işləyən dostu var idi.
Bizimlə bağlı məsələlərdə bir parça kağız yazıb verirdi ki, bunu o kişiyə çatdırarsan, düzələr. Dostluq o idi. Amma indi oturursan, durursan, telefonla zəng vurursan, görüşürsən məsələni həll edə bilmir. İndi dostluğun başında pul dayanır. Amma köhnə dostlar yenə də sağ olsun. Mənim özümün orta məktəbdə bir yerdə oxuduğum dostum var. 50 ildir dostluq edirik. Mənim ən çətin, dar günümdə o evimdə, yanımda oldu. Amma yoldaşlıq başqa, dost tamamı ilə başqa şeydir.

- Vəzifədə işləyəndə necə, dostlarınız olubmu?

- Vəzifədə olanda adamın bilirsən nə qədər dostu olur? Elə hamı dost olur da onda.... Vəzifə ümumiyyətlə yaxşı şeydir. Vəzifədə olasan, işləyəsən sonra çıxasan, amma təzədən qayıdıb gələsən. Bir arada mən xeyli işləmədim. Baxırdım da. Yenidən deputat seçiləndən sonra o qədər adam gəldi ki qapıma... Əziz dost kimi... Mən isə onlardan soruşurdum “bəs mənim ağır günümdə siz harada idiniz?”. Onlardan uzaq olmağa çalışıram.

- Qohumlarınıza, tanışlarınıza vəzifədə olanda kömək edirdinizmi?

- İmkan daxilində kömək edirdim. Onların arasında işləyən var, bizneslə məşğul olan adamlar var, həmçinin, çətinlik çəkənlər də var. Qohumlarım, qardaşlarım var. Hamısı bir parça çörək üçün çalışırlar. Mənim xaricdə də dostlarım çoxdur. Həmçinin, xaricdə qohumlarım da var.

- Dəbdəbəli yaşamağı sevirsiniz?

- Yox mən sevmirəm elə şeyləri. Amma mən istəyirəm bütün cəmiyyət normal yaşasın. Düzdür, cəmiyyətdə həmişə kasıb da olur, varlı da olur. Amma hamı çörək tapmalıdır...

- Evdə ailənizlə münasibətləriniz necədir?

- Evdə çox mehribanam. Mənim bir oğlum, bir qızım var. Həm də iki nəvəm var. Oğlum da hüquqşünasdır, qızım da.

- Uşaqlarınız qarşı tələbkar olmusunuz?

- Uşaqları görmüşəm ki... Tarix elə gətirib ki, uşaqlar böyüyəndə ya zavodda olmuşam, ya da Nazirlər Kabinetində.... Gecə saat 3-də 4-də evə gəlirdim. Uşaqlarımın qayğısını həyat yoldşım çox çəkib.

- Uşaqlarınız necə, adınızdan istifadə edirlərmi?

- Yox, onlar heç vaxt adımdan istifadə etməyiblər. Hətta çoxu bilmir ki, bunlar mənim uşaqlarımdır. Heç özüm də demirəm. Başqaları daha çox istifadə edirlər, nəinki mənim uşaqlarım.

- Dini baxışlarının necədir? Allaha inanırsınızmı?

- Əlbəttə, Allaha inanıram. Heç olmada ayda iki dəfə Mirmövsüm Ağanı ziyarət edirəm.

- Hansı müsiqini sevirsiniz?

- Mən daha çox Azərbaycan musiqisini çox sevirəm. Xarici musiqilərə qulaq asıram, amma öz musiqimizi daha çox sevirəm.

- Hansı mahnılara qulaq asırsınız?

- Xalq mahnılarına da, estradaya da qulaq asıram. Flora Kərimova, Alim Qasımov, Röyaya, mərhum dostum Məmmədbağırın mahnılarına qulaq asıram. Məmmədbağır çox yaxşı adam idi..

- Konsertlərə gedirsinizmi?

- Arada imkan olanda operaya gedirəm. Amma imkan daxilində. Bu imkan da təəssüf ki, çox az olur.  

-Kino ilə aranız necədir?

- Kinoya da baxıram.

- Hansı filmlərə baxırsınız?

- Xarici kinolara da baxıram. Deyim ki, Türkiyə kanallarına, onların kinolarına baxıram. Maraqlı bir məqamı sizə deyim: Mənim nəvəm balacadır, amma kinolarda davalara baxır. Uşaqlar elə öyrəniblər ki, kinoda dava axtarırlar.... Qəribədi e..

Elşad Eyvazlı
Xaqani Səfəroğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir