Modern.az

Pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur

Pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur

29 Mart 2017, 00:12

“Bu il 22 rayonda pambıq əkiləcək. Mənə verilən son məlumata görə, əkin sahələri 136 min hektar olacaq. Rayonlar üzrə hektarların həcmi aşağıdakı kimidir. Mən istəyirəm bu rəqəmləri səsləndirim. Həm bunu ictimaiyyət, həm də zəhmətkeşlər bilsinlər ki, burada işləmək üçün çox böyük imkanlar yaranıb. Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvarda 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucarda 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkiləcək. Bu, yaxşı göstəricidir, keçən illə müqayisədə təxminən 3 dəfə çoxdur. Biz əlbəttə, çalışmalıyıq ki, növbəti illər üçün əkin sahələrini genişləndirək”. Modern.az xəbər verir ki, bunu Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev yekun nitqində bildirib.

 

Prezident vurğulayıb ki, orta məhsuldarlıq 20 sentner ətrafında gözlənilir: “Əlbəttə ki, çox da ola bilər, az da. Misal üçün keçən il 17 sentner olub. Ancaq keçən il, əlbəttə ki, biz bir qədər vaxt itirdik. Eyni zamanda, hava şəraiti imkan vermədi. Burada qeyd olundu ki, hətta yanvar ayında pambıq yığılırdı. Ancaq kütləvi surətdə yığım dekabr ayına qədər davam edirdi. Bu il əlbəttə ki, bütün işlər vaxtında görülməlidir. Bütün hazırlıq işləri vaxtında və əsaslı görülüb. Səpinə artıq bu gün start verildi və yığım da əlbəttə ki, vaxtında aparılmalıdır. Əgər biz hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir. Əgər biz 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir. Qısa müddət ərzində görülən işlər, bax, bu gözəl nəticəyə gətirib çıxarıb. Bu, onu göstərir ki, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda hər şeyi etmək mümkündür. Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik.

Bütün tarlalarda zəhmətkeşlər üçün yaxşı şərait yaradılmalıdır. Əkin sahələri artdıqca, əlbəttə, bütün lazımi infrastruktur, tədbirlər, tarla düşərgələri, hər şey yüksək səviyyədə təşkil edilməlidir ki, zəhmətkeşlər razı qalsınlar.

Biz itkiləri həm tarlalarda, həm də ki, yollarda minimuma endirməliyik. Pambıq sahələrinə gedən yollar əsaslı təmir edilir. Ümumiyyətlə, ölkəmizdə kənd yollarının təmiri və tikintisi, yeni yolların salınması geniş vüsət alıb. Biz son illər ərzində bir çox layihələr həyata keçirmişik. Təkcə bu il 40-dan çox layihə icra edilir və bu layihələr yüzlərlə kəndi birləşdirən layihələrdir. Mən artıq giriş sözümdə qeyd etdim, Saatlı rayonunda bir kənd yolu layihəsi qalıb, o da icra olunandan sonra bir dənə də asfaltsız, təmirsiz kənd yolu qalmayacaq. Bütün rayonlarda da bu proqram icra edilir. Bu il və gələn il buna böyük vəsait ayrılıb və ayrılacaq. Burada biz kəndləri birləşdiririk. Bu, vətəndaşlar üçün böyük rahatlıq deməkdir. Eyni zamanda, biz əsas əkin sahələrinə də yollar çəkirik ki, itkilər az olsun, yanacaq sərfiyyatı aşağı düşsün, fermerlər öz məhsullarını bazarlara, ya da emal müəssisələrinə daha qısa müddət ərzində çatdıra bilsinlər.

 

Qəbul məntəqələrində və pambıqtəmizləmə zavodlarında fasiləsiz elektrik enerjisi təmin edilməlidir. Eyni zamanda, nasos stansiyalarına da fasiləsiz enerji verilməlidir. Bu gün Saatlıda açılışında iştirak etdiyim yeni yarımstansiyanın timsalında biz yeniləşən enerji təsərrüfatını görürük. Bütün bölgələrdə yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, dirəklər dəyişdirilir. Bir sözlə, fasiləsiz elektrik enerjisi həm əhaliyə, eyni zamanda, iqtisadiyyata lazımdır. Xüsusilə pambıqçılıq sahəsi üçün fasiləsiz elektrik enerjisi mühüm əhəmiyyət daşıyır. Keçən il bu işlər yaxşı səviyyədə görülüb, bu il də ən yüksək səviyyədə təmin edilməlidir.

 

Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq. Keçən il bu rəqəm 64 min idi. Yəni, burada da iş üçün 3 dəfədən çox imkanlar yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. İşləmək istəyən vətəndaşlar özləri üçün iş tapa biləcəklər.

 

Mən artıq qeyd etdim ki, keçən il pambığın qiyməti 9 qəpik artırıldı, 10 qəpik də subsidiya verilir. Bu, bir daha göstərir ki, dövlət bu sahəyə çox böyük əhəmiyyət verir. Eyni zamanda, onu göstərir ki, dövlət, ümumiyyətlə, fermerlərə öz dəstəyini əsirgəmir. Hesab edirəm ki, fermerlərimiz üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Bizim fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Həm investisiya, həm ixrac üçün təşviq mexanizmi artıq işə salınıb. Bu da fermerlərə əlavə stimul verir, onlar üçün əlavə imkanlar yaradır. İndi demək olar ki, bütün əsas kənd təsərrüfatı sahələri, o cümlədən pambıqçılıq üçün subsidiyalar verilir”.

 

Dövlət başçısı qeyd edib ki, fermerlərə güzəştli şərtlərlə gübrələr verilir: “Fermerlər gübrənin qiymətinin cəmi 30 faizini ödəyirlər. Güzəştli şərtlərlə yanacaq və kreditlər verilir. Mən artıq qeyd etdim ki, iqtisadiyyatın real sektoruna 2 milyard manat ən aşağı faizlə kreditlər ayrılıbdır. Bu, əsasən bölgələrə gedən vəsaitdir. Metodik tövsiyələr verilir, kənd yolları, magistral yollar salınır. Yəni, bütün bu infrastruktur layihələri, bütün bunlar dövlət tərəfindən göstərilən dəstək və böyük maliyyə dəstəyidir. Bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar, fermerlər, işləyən vətəndaşlar daha çox pul qazansınlar və onların yaşayış səviyyəsi artsın. Bu il ancaq pambıq becərən 22 rayonda 200 min yeni iş yeri açılıb və növbəti illərdə bu rəqəm daha da artacaq. Odur ki, bütün aidiyyəti qurumlar, ümumiyyətlə, bizim gələcəkdə əmək resurslarımızla bağlı olan siyasəti həm təhlil etməli, eyni zamanda, təkliflər verməlidirlər.

 

Mən artıq qeyd etdim ki, uğurlu iqtisadi siyasət, sabitlik, əmin-amanlıq nəticəsində Azərbaycanda əhali artır və artacaq. Biz gərək əmək resurslarımızdan səmərəli istifadə edək. Həm yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər görülür və eyni zamanda, yaradılacaq proqnozlaşdırılan iş yerləri ilə bağlı biz əmək resurslarını səfərbər etməliyik ki, burada həm boşluq, həm əmək resurslarının çatışmazlığı yaranmasın, eyni zamanda, işsizlik də artmasın. Ona görə burada çox düşünülmüş siyasət aparılmalıdır və xüsusilə pambıqçılıqda sürətlə artan iş yerlərinin nəzərə alınması mütləq gündəlikdə olmalıdır.

 

Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni, biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır. Nə qədər və hansı istiqamətdə peşə məktəbləri olmalıdır? Kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək.

 

Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmalıdır. Bildiyimə görə, burada müəyyən qıtlıq yaşanır və biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq. Bu istiqamətdə işlər keçən il görülüb və bu il də davam edəcək.

 

Pivot suvarma sistemləri ölkəmizə gətirilib. Əvvəlki illərdə bəzi rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə etmişlər. Ancaq əlbəttə ki, onların sayı bizi qane edə bilməz. Ona görə, dövlət bu sahəyə də öz dəstəyini göstərməyə başlayıb. Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sistemlərdən Azərbaycanda əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq. Eyni torpaqda məhsuldarlıq artdıqca əlbəttə ki, həm fermerlər, həm də dövlət ancaq xeyir götürəcək.

 

Nəzərə alsaq ki, kənd təsərrüfatının inkişafı, xüsusilə suvarma, meliorasiya ilə bağlı bizim bundan sonra da böyük planlarımız olacaq və var, biz pivot suvarma sistemlərini Azərbaycanda özümüz istehsal etməliyik. Bilirəm ki, belə bir təşəbbüs artıq irəli sürülüb. Buna dəstək vermək lazımdır və dövlət qurumları dəstək versinlər ki, tezliklə biz özümüz özümüzü pivot sistemləri ilə təmin edə bilək.

 

Bütövlükdə, əvvəlki illərdə və son illər ərzində meliorasiya sahəsinə ayrılmış böyük vəsait artıq öz nəticəsini göstərir. Biz son illər ərzində 4 böyük su anbarını yaratdıq. Onlardan Taxtakörpü və Şəmkirçay ən böyük su hövzələridir. Göytəpə və Tovuzçay su anbarları da istifadəyə verilib və bunun nəticəsində on minlərlə yeni torpaqlar əkinə cəlb olunur. İndi bütün işlər görülür. Bu istiqamətdə işlər davam etdirilməlidir və suvarma ilə bağlı indi çox ciddi fəaliyyət proqramı hazırlanır. Əlbəttə ki, kanalların təmizlənməsi, yeni kanalların çəkilməsi, eyni zamanda, əkin sahələrində pivot sistemlərinin qurulması böyük məna daşıyır.

 

Eyni zamanda, ölkəmizdə pestisid istehsalı zavodunun yaradılması da çox vacibdir. Biz pestisidləri xaricdən alırıq. Valyutanı xaricə xərcləməmək üçün biz bunu daxildə təşkil edə bilərik. Bildiyiniz kimi, ölkəmizdə böyük gübrə zavodu tikilir. Gələn il fəaliyyətə başlayacaq və biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik, eyni zamanda, xaricə də ixrac edəcəyik. Pestisid istehsalı zavodunun yaradılması da zəruridir.

 

Mən artıq bu barədə keçən müşavirədə də demişəm, bir daha demək istəyirəm ki, bir neçə ildən sonra bizə yeni pambıqtəmizləmə zavodları lazım olacaq. Burada deyildi ki, İmişlidə yeni bir zavodun tikintisi nəzərdə tutulur. Ancaq biz zavodların tikintisini pambığın proqnozlaşdırılan tədarükü ilə uzlaşdırmalıyıq. Mənə verilən məlumata görə, bizdə hazırda cəmi 22 zavod fəaliyyət göstərir və o zavodların emal gücü 400 min tondur. Sovet vaxtında isə zavodların emal gücü 900 min ton idi. O zavodların bir çoxu artıq fəaliyyətsizdir, 22 zavod fəaliyyətdədir. Əgər pambıqçılığı götürdüyümüz sürətlə inkişaf etdirsək, biz təqribən bir-iki ilə 400 min tona çatacağıq. Ona görə indidən bütün işlər görülməlidir. İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi, özəl qurumlar, işləyin və mənə məlumat verin. Biz vaxt itirməməliyik”.

 

Prezident qeyd edib ki, bu il görülən tədbirlər nəticəsində 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcək: “Bu, hesab edirəm ki, tarixi nailiyyətdir. Bir il ərzində bu qədər torpaq sahəsini su ilə təmin etmək, doğrudan da böyük nailiyyətdir. Bunu biz çox operativ şəkildə, qısa müddətdə həll etdik, həm “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin xətti ilə, həm yerli icra orqanlarının fəaliyyəti nəticəsində biz buna nail ola bilmişik. Bu 150 min hektarın böyük hissəsi pambıqçılıq üçün nəzərdə tutulur və əlbəttə ki, biz bunu etməsəydik, bugünkü rəqəmlərdən danışa bilməzdik.

 

Biz işləri davam etdirməliyik. Mənə artıq gələn il üçün təkliflər təqdim olundu. İlkin hesablamalara görə, gələn il biz təqribən əlavə 90 min hektara yaxın torpaqlara su çəkə bilərik. Bu istiqamətdə işlər artıq başlayır və mütləq bu, Dövlət İnvestisiya Proqramına salınmalıdır. Bizim hələ ki, bölüşdürülməmiş ehtiyatımız var. Biz bu il də vəsait əlavə edə bilərik ki, gələn ilin əkin mövsümünə yeni torpaqlara su gətirək.

 

Əlbəttə ki, biz bu gün qarşımıza o qədər də böyük olmayan hədəflər qoyuruq. Hektardan iyirmi sentner əlbəttə ki, çox aşağı göstəricidir. Bu gün olduğum pambıq tarlasında mənə verilən məlumata görə, onlar 40 sentner götürəcəklər. Bu gün səsləndi, bəzi təsərrüfatlar 50 sentner götürür. Əlbəttə, bu, böyük göstəricilərdir. Ancaq sovet dövründə orta məhsuldarlıq 30-35 sentner idi. Yəni, biz buna çalışmalıyıq. O vaxt hələ müasir suvarma sistemləri, müasir traktorlar, kombaynlar yox idi. Ona görə bu, mümkündür və biz həm əkin sahələrini genişləndirməliyik, həm də məhsuldarlığı artırmalıyıq.

 

Keçən il 51 min hektardan 90 min tona yaxın pambıq yığılmışdır. Qeyd etdiyim kimi, bu il 136 min hektardan 270 min ton gözlənilir, bəlkə də çox ola bilər. Ancaq mən istəmirəm ki, qarşıya hansısa bir hədəf, yaxud da ki, plan qoyum. Əlbəttə ki, həyat, təbii şərait, hava şəraiti bunu göstərər. Bunun da böyük rolu var. Ancaq biz real imkanımızı bilməliyik və çalışmalıyıq ki, işlər daha da böyük səmərə ilə aparılsın.

 

Məndə olan məlumata görə, pivot suvarması ilə çox rahat surətdə hər hektardan təqribən 35-40 sentner pambıq götürmək mümkündür. Hesab edirəm ki, açıq suvarma yolu ilə 25 sentner də real rəqəm ola bilər. Hesab edirəm ki, biz 2020-ci ildə açıq suvarma yolu ilə 140 min hektarda pambıq əkə bilərik və təqribən 60-65 min hektar pivot sistemləri ilə təmin oluna bilər. Əgər biz buna nail olsaq, orta məhsuldarlıq 30 sentnerə çatacaq və bu, il ərzində 600 min ton pambıq tədarükü deməkdir. Bu, real rəqəmlərdir. Bu rəqəmlərə çatmaq üçün dövlət öz üzərinə düşən vəzifəni icra edəcək, nə qədər lazımdırsa vəsait ayrılacaq, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulacaq, əlavə texnika alınacaq, yeni kanallar çəkiləcək. Sadəcə zəhmətkeşlər, fermerlər və yerli icra orqanları buna hazır olmalıdırlar. Mən ona görə bu rəqəmləri bu gün səsləndirirəm ki, siz buna hazır olasınız. Ona görə yox ki, mən sizə indi plan tapşırığı verirəm, xeyr, o dövr artıq yoxdur. Amma biz hər şeyi gərək düzgün planlaşdıraq və belə olan halda nəticə daha da yaxşı olacaq. Nəticə etibarilə biz 200 min hektarda pambıq yetişdirə bilərik və bu işlərdə minimum 300 min insan işləyəcək və hər gün pul qazanacaq.

 

Mən texnika ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm ki, siz də biləsiniz, Azərbaycan ictimaiyyəti də bilsin. Keçən il 1800 ədəd texnika, o cümlədən 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınmışdır. Bu il 3811 ədəd texnika, o cümlədən 209 pambıqyığan kombayn və 810 traktor sifariş edilib. Bu texnikaların alınması üçün keçən il və bu il 150 milyon dollar vəsait xərclənib. Bu, dövlətin pambıqçılığa göstərdiyi real diqqətin təkcə bir əlamətidir. Əgər texnikanı, meliorasiya işlərini və digər lazımi tədbirləri əlavə etsək, görərik ki, buna nə qədər böyük diqqət göstəririk, bir məqsədlə ki, insanlar daha yaxşı yaşasınlar.

 

Əlbəttə ki, pambıqçılığın inkişafı ölkəmizə əlavə gəlir gətirəcək. Ancaq istəyirəm biləsiniz, bu gəlir neftdən əldə olunan gəlirlə müqayisə edilə bilməz. Neft satışından ölkəmizə milyardlarla dollar valyuta gəlir. Bu il əgər neftin qiyməti 40 dollar səviyyəsində olarsa, - bizim büdcədə bu rəqəm nəzərdə tutulub, - ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək. Ona görə pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir.

 

Burada, əlbəttə ki, pambığı becərən gəlir qazanır. Dövlət ancaq burada maraqlıdır ki, ölkəyə daha çox valyuta gəlsin. Amma bunu yenə də neft və qazla müqayisə etmək, əlbəttə ki, düzgün olmazdı. Ona görə bu texnikanın alınması nəticəsində, əlbəttə ki, məhsuldarlıq da, məhsulun həcmi də artacaq.

 

Bir məsələni də qeyd etmək istəyirəm. Mənə verilən məlumata görə, keçən il təqribən pambığın 50 faizi əllə, 50 faizi isə texnika ilə yığılıbdır. Əlbəttə ki, texnika ilə yığım daha da səmərəlidir və şirkətlər üçün daha da əlverişlidir. Ancaq hesab edirəm ki, ilk növbədə, biz bu sahədə yenə də sosial amili nəzərə almalıyıq. Əgər vətəndaşlar əllə yığmaq istəyəcəklərsə və daha çox insan buna cəlb olunacaqsa, şərait yaradılmalıdır ki, nə qədər mümkündürsə əllə yığsınlar. Çünki əllə yığanda pul qazanır, texnika ilə yığanda daha çox firmalar pul qazanır. Məni maraqlandıran odur ki, pambıqçılıqda işləyən vətəndaş hər gün evinə pul aparsın. Ona görə şərait yaradılmalıdır. Çünki bilirəm, keçən il bəzi yerlərdə vətəndaşlar hətta deyirdilər ki, qoy, texnika tarlalara çıxmasın, etiraz edirdilər, istəyirdilər ki, özləri yığsınlar. Burada da deyildi ki, yanvar ayında gedib yağışdan sonra açılan qozaların pambığını yığıblar. Nəyə görə? Çünki bu, gəlir gətirir. Bu il də belə olmalıdır. İmkan yaratmaq lazımdır ki, nə qədər mümkündürsə əl ilə, nə qədər mümkün deyilsə, texnika ilə yığılsın. Onda daha da ədalətli olacaqdır”.

 

Prezident pambıqçılığın inkişafının  Azərbaycanda yüngül sənayenin də inkişafına böyük təkan verəcəyini qeyd edib: “Keçən il Mingəçevirdə sənaye parkının təməli qoyuldu. Orada 9 zavod tikiləcəkdir, o cümlədən iplik zavodu. Bu ilin sonuna qədər artıq ilk zavodlar fəaliyyətə başlamalıdır. Bu da çox böyük, ciddi iqtisadi təşəbbüsdür. Bu doqquz zavodun və ümumiyyətlə, sənaye parkının fəaliyyəti nəticəsində ən azı 5 min insan işlə təmin ediləcək. Mingəçevir kimi şəhər üçün bu, çox yaxşı göstəricidir. Bilirsiniz ki, bəzi böyük şəhərlərdə işsizlik rayon yerlərindən daha da çoxdur. Ona görə Mingəçevir Sənaye Parkının yaradılması bu baxımdan da çox əhəmiyyətlidir.

 

Eyni zamanda, biz hazır məhsul satacağıq, mahlıc, iplik yox. Çalışmalıyıq ki, hazır məhsul, tekstil sataq, xarici bazarlarda özümüz üçün yer edək. Bir daha demək istəyirəm ki, mən bütün həmkarlarımla təmaslarda bu məsələni ön plana çəkirəm. Ticarət dövriyyəsinin və Azərbaycan məhsullarının ixracının artırılması məsələlərini qoyuram ki, bizim üçün yeni bazarlar açılsın. Ənənəvi bazarlar var və biz o bazarlarda işləyirik. Biz yeni bazarlara çıxmalıyıq. Ticarət evlərinin yaradılması bu məqsədi güdür. İndi mən qeyd etdim, bir daha bildirmək istəyirəm ki, yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada, Çində, Birləşmiş Ərəb Əmirliklərində ticarət missiyalarımız fəaliyyətə başlayacaq. Hesab edirəm ki, indiki mərhələdə bu, bizim üçün əsas bazarlardır. Eyni zamanda, biz Avropa İttifaqı bazarlarına da çıxmalıyıq, daha geniş çıxmalıyıq. İndi də ixrac edirik, ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil. Biz bu istiqamətdə də işləyirik.

 

Bütün bu tapşırıqları yerinə yetirmək üçün növbəti bir neçə ayda çox fəal iş aparılmalıdır. Yerli icra orqanlarının üzərinə böyük vəzifə düşür. Keçən il də onlar qısa müddət ərzində yaxşı işlədilər. Çünki keçən il biz gecikdik, sonra hava şəraiti, yağışlar imkan vermədi. Buna baxmayaraq, keçən il üçün yaxşı məhsul götürdük. Onlar bu il də bütün işləri lazımi səviyyədə təşkil etməlidirlər. Qeyd etdiyim kimi, əmək resurslarından səmərəli istifadə olunmalıdır. Texnika ilə bağlı əminəm ki, problem olmayacaq. Texnika vaxtında tarlalara çıxarılacaq. Tədarükçü şirkətlər yerli icra orqanları ilə sıx əməkdaşlıq etməlidirlər. Bizim mərkəzi və yerli orqanlar da birgə işləməlidir. İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, yerli icra orqanlarının nümayəndələri birlikdə işləməlidirlər. Ümumi rəhbərliyi və koordinasiya məsələlərini mən Prezident Administrasiyasına tapşırıram. Keçən il də mən Prezident Administrasiyasına bu vəzifəni tapşırmışdım, onlar vəzifənin icrası ilə bağlı yaxşı işlər gördülər, bu il də belə olacaq. Əminəm ki, görülən və görüləcək bütün işlər nəticəsində bu il də pambıqçılıqda yaxşı nəticələr olacaqdır”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir