Modern.az

Kəlbəcər işğal edilməzdən 5 gün öncə, 1993-cü ilin 29 martı, - CANLI ŞAHİD DANIŞIR

Kəlbəcər işğal edilməzdən 5 gün öncə, 1993-cü ilin 29 martı, - CANLI ŞAHİD DANIŞIR

29 Mart 2017, 09:58

Aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 24-cü ili tamam olacaq.

1993-cü ilaprelin 2-də Kəlbəcər, 1936 kvadratkilometr ərazisiolan bir rayon düşmənlər tərəfindən işğal olunub. 70 minə yaxın əhalisi məcburi köçkün olaraq Azərbaycanın 59 rayonuna səpələnib. 

Kəlbəcərin işğalı zamanı 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayonun işğalı zamanı Azərbaycana a 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. 

Ermənistan hərbi birləşmələrinin 1993-cü il martın 27-də həm Ermənistan, həm də işğal olunmuş Ağdərə rayonu istiqamətindən başlayan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb.

 

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kənd, həmçinin minlərlə tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevirilib.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla da, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.


Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Modern.az saytı Kəlbəcərin növbəti işğal ildönümü ilə bağlı silsilə yazılar təqdim edir. İşğal ərəfəsi günlərdə rayonda vəziyyət necə idi?..

Budəfəki müsahibimiz təqaüddə olan hərbi həkim Şahin Cəfərovdur. O, 1993-cü ilin 29 martını ürək ağrısı ilə xatırlayır. 

 

"Düşmən nizamlı orduya sahib idi..."

 

- Martın 29-da Kəlbəcərdə kütləvi şəkildə olmasa da, kiçik döyüşlər gedirdi. Müharibənin öz qanunları olur. Ona görə də kiçik müharibədə ağır xəsarət alanlarımız olurdu.

Mümkün qədər və imkanımız daxilində yaralananları özümüz müalicə edirdik. Daha ağır olanları Gəncə və Bakıdakı hospitallara  göndərirdik.

O vaxt insanların əhval-ruhiyyəsi gərgin və çətin idi.

 

Bilirsiniz bir neçə il idi ki, Kəlbəcər mühasirədə idi. Elektrik enerjisi yox idi. Eyni zamanda, rayonda ərzaq sarıdan qıtlıq hökm sürürdü. Müharibə gedirdi, biz isə dərman qıtlığından əziyyət çəkirdik. O zaman Kəlbəcərə yüksək səviyyədə köməkdən danışmağa dəyməz. Düşmən nizamlı orduya sahib idi. Arxasında bəlli ölkənin (Rusiya-red.) ordusu  dayanmışdı.

Martın 29-da artıq gərginlik hiss olunacaq dərəcədə yüksəlmişdi. Peşəkar hərbçi kimi olmasa da, hərbi hissədə çalışan həkim kimi gördüklərimi deyə bilərəm ki, Kəlbəcərin işğal oluna biləcəyinə inanmırdıq.

 

Bu, bizim üçün inandırıcı deyildi. Qorxmaz, mərd oğullar Kəlbəcərin azadlığı uğrunda canıdildən, ürəklə döyüşürdülər.

Açığını deyim, ümumi narahatlıq olsa da, rayonun işğal olunacağını gözləmirdik.

Biz ermənilərə bələd idik. Onların Kəlbəcəri işğal etmək gücü yox idi. Kəlbəcər elə bir yer idi ki, bura qorxusundan erməni girə bilməzdi.

 

"O vaxtkı döyüşçüləri qınamaq da olmur..."

 

Şahin həkimin sözlərinə görə, düşmənin ağır texnikasının qarşısında avtomatla müqavimət göstərmək çox çətin idi.

 

- Martın 29-da işlə əlaqədar Bakıya gəlmişdim. Yadımdadır ki, ailəmizdə də hər kəs Bakıdan Kəlbəcərə yardım ediləcəyinə inanırdı. Bütün rayon canlı qüvvə və texnika gələcəyini ümidlə gözləyirdi. Amma bunların heç biri olmadı. Düzdü, Kəlbəcərin işğalında özümüzü çox günahlandırırıq. Amma həqiqət odur ki, Ermənistanın Kəlbəcəri işğal etməsində  birbaşa rus qoşunlarının rolu var. Ağır texnikaya sahib olan ordunun qarşısına avtomatla çıxmaq çətin idi. O baxımdan da döyüşçüləri qınaya bilmirəm. Onlar imkanları daxilində şəraitə uyğun düşmənə müqavimət göstərirdilər. Bir qədər pərakəndəliyin, qüvvələrin olmamasını xatırlamağın özü də çətindir.

 

Həmin vaxt təkcə hərbçilər deyil, mülki əhali arasında da yaralananlar, şəhid olanlar var idi. Hətta, depresiyaya düşənlər vardı. Gərginlik səbəbindən digər xəstəliklər də üzə çıxırdı...

 

Briqada komandiri əhaliyə nə müraciət etmişdi?

 

Müsahibimiz deyir ki, yerli əhalinin orduya göstərdiyi diqqət danılmazdır.

 

- Əvvəllər Kəlbəcərdəki İstisu sanatoriyasında işləmişəm. Döyüş vaxtı könüllü olaraq həkim kimi hərbi hissəyə müraciət etdim. Rayonda tibbi müəssisələrinin hamısı hərbi hissəyə cəlb olunmuşdu. O vaxt xidməti rəisimiz vardı. Allah ona rəhmət eləsin. Peşəkar, bacarıqlı, vətənpərvər tibb işçisi, həkim mayor idi. O, lazım olan yerlərə Kəlbəcərdə yaşananlarla bağlı müəyyən yerlərə məlumat verirdi. Yaralıların köçürülməsi üçün vertolyot istəyirdi. Həmin dövr üçün cüzi də olsa kömək göstərilirdi. Amma ordudan qaçan, düşmənlə döyüşməkdən imtina edən çox az adam vardı. Yerli əhali orduya həddindən artıq yardım göstərirdi. İmkanı olmayan adam mal-qarasını kəsib orduya yedizdirirdi. Belə hallar çox idi. Yadımdadır ki, briqada komandiri əhaliyə yalvarırdı ki, belə şeylər gətirməyin. Onu da deyim ki, biz hazırlaşmadan müharibəyə cəlb olunmuşduq. Düşmən isə neçə illərin hazırlığını keçmişdi. Üstəlik rus kimi dayaqları var idi.

 

"Bu, hər bir azərbaycanlının faciəsidir..."

 

Şahin Cəfərov Kəlbəcər hadisələrindən danışarkən Ağdaban faciəsini xüsusi qeyd edib.

 

- Xocalı soyqırımından sonra 1992-ci ilin 8 aprelində Ağdaban soyqırımı törədildi. Ola bilər ki, Xocalı faciəsindən sayına görə fərqlənsin. Ağdaban hadisələrində də necə dəhşətli vəhşiliklər törədilmişdi. 80-90 yaşlı qocalara, körpə uşaqlara amansızcasına davranış sərgilənmişdi.
Təbii ki, döyüşmək istəyən insanların silahı yox idi. Döyüşçülər növbə ilə silahdan istifadə edirdi. Heç bir kəlbəcərli torpağını qoyub qaçmaq, onu itirmək barədə düşünmürdü. Kəlbəcər o cür möhtəşəm rayon, alınmaz qala idi. Kəlbəcərdən çıxanda yaxın qohumlardan dünyasını dəyişən, girov düşənlər oldu. Xalamgil vertolyota çata bilmədiyindən girov düşdülər. Kiçik qardaşım Kəlbəcəri sonuncu tərk edənlərdən oldu.

Hər halda baş verənlərə bir ailənin, bir rayonun faciəsi kimi baxmaq olmaz.

Bu, hər bir azərbaycanlının faciəsidir. Hələ də gözlədiklərimiz var. Yaxın qohumum Türkiyədə ali təhsil alıb vətənə gəlmişdi. Həmin vaxt girov götürüldü. Bu gün də ondan heç bir xəbər yoxdur.

 

Həmsöhbətimiz 1993-cü ilin martın 29-da erməni təbliğat maşınının güclü işlədiyini, o zaman Azərbaycan dilində yayımlanan erməni radiosunun kəlbəcərlilərə psixoloji təsirini də dilə gətirdi.

- Rayonda elektrik enerjisi yox idi. Təsəvvür edirsinizmi, həkimlər məcbur olub yaralıları lampa işığında əməliyyat edirdilər.

O vaxt Kəlbəcərdə insanlar məlumatları əl radiolarından alırdılar. Ermənistan elə etmişdi k, insanlar yalnız ermənilərin Azərbaycan dilində verilişlərinə qulaq asmağa məcbur idilər. O verilişlər də, insanlar arasında xof yaradırdı...

1993-cü ilin martın 29-da Kəlbəcərdə ümumi vəziyyət belə idi.

   

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?