Modern.az

Partiya sədrlərinin xanımları - kimlərin əri siyasətə qarışmağa qadağa qoyub?...

Partiya sədrlərinin xanımları - kimlərin əri siyasətə qarışmağa qadağa qoyub?...

Hadisə

29 Mart 2017, 10:11

Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərir. Ədliyyə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 55 siyasi partiya mövcuddur.
Amma araşdırmalar göstərir ki, bu partiyaların böyük əksəriyyətinin nəinki ictimai rəyə təsiretmə imkanı yoxdur, heç onların varlığı ilə yoxluğu belə, bilinmir. 

 

Siyasi partiya kimi qeydiyyata alınmış bu qurumların əksəriyyəri bir sədr və bir möhürdən ibarətdir. Hətta siyasi proseslərdən yazan jurnalistlər belə, qeydiyyatdan keçmiş əksər siyasi təşkilatların üzvləri bir yana qalsın, sədrlərini tanımırlar. Jurnalistlərin görüb-tanımadığı partiya sədrlərini isə ictimaiyyət heç tanımır...

Bir sözlə, aktiv siyasi fəaliyyət göstərən, ictimai rəyə az-çox təsir imkanlarına malik partiyalar necə deyərlər, bir əlin beş barmağı qədərdir. Siyasi partiyaların fəaliyyətinin genişlənməsində sözsüz ki, üzvlərinin çoxluğu mühüm rol oynayır. Müşahidələr göstərir ki, bütün siyasi təşkilatların üzvləri arasında sədrlərin yaxınları, qohum-qardaşı, hətta ailə üzvləri də var. Bəzən onlar partiya toplantılarında aktivlik yaradan şəxslər sırasında öndə gedənlərdən olurlar.

Maraqlıdır, partiya sədrlərinin həyat yoldaşları da siyasi toplantılara qatılırmı? Xanımlar həyat yoldaşlarının rəhbərlik etdikləri təşkilatın fəaliyyətində hansısa rola malikdirlərmi?

Modern.az saytı bu suallarla əlaqədar bir neçə siyasi təşkilatla əlaqə saxlayıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, həyat yoldaşı Fatimə xanım partiyanın toplantılarına qatılır.

“Fatimə xanım bizim əvvəllər keçirdiyimiz icazəli və icazəsiz aksiyalarımızda da fəal iştirak edib. Hətta o, bir neçə dəfə polis tərəfindən saxlanılıb da. Fiziki zorakılıqlara da məruz qalıb. Siyasətçinin ailəsi istər-istəməz siyasi həyat yaşamağa məcburdur. Onun bundan kənar bir həyatı yoxdur. Təkcə həyat yoldaşlarımız yox, övladlarımız da bizimlə birlikdə eyni taleyi bölüşürlər”.

Sərdar Cəlaloğlu bildirib ki, həyat yoldaşı müəllimdir.

“Müəllimlər də həyatın memarlarıdır. Cəmiyyətin əxlaqına və səviyyəsinə bilavasitə müəllimlər cavabdehlik daşıyır.  O baxımdan da müəllim olmaq, eləcə də ölkənin ictimai-siyasi həyatında iştirak etmək deməkdir”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmamud Mirəlioğlunun həyat yoldaşı Mehparə xanım partiyanın Sumqayıt şəhər şöbəsinin üzvüdür.

“Mən heç vaxt xanımımı vəzifəyə təyin etməzdim. Baxmayaraq ki, o, KXCP-nin üzvüdür. O, vaxtilə Azərbaycan Xalq Cəbhəsinin (AXC) də üzvü olub. Xanımım ixtisaca iqtisadçıdır”.


Müasir Müsavat Partiyasının (MMP)
sədri Hafiz Hacıyev həyat yoldaşının partiyanın toplantılarına və siyasətə qarışmasına icazə vermədiyini bildirib.

“Mən şəxsən buna icazə verməmişəm. Özüm kifayət qədər zülm çəkirəm. İstəmirəm ki, ailəm də mənimlə birlikdə zülm çəksin. Nə də icazə vermirəm ki, xanımım ölkənin ictimai-siyasi həyatında iştirak etsin”.

 

Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) sədri Əli Kərimlinin həyat yoldaşı Samara Seyidova ilə meydan hərəkatı zamanı tanış olub. Samara xanım Əli bəylə Bakı Dövlət Universitetində təhsil alıb.  Onlar sonralar siyasi proseslərdə birgə addımlayıblar. Hər ikisi ixtisasca hüquqşünas olan cütlük AXC hakimiyyəti dövründə Prezident Aparatında çalışıb. Samara Seyidova 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında əfv məsələləri üzrə şöbənin rəhbəri vəzifəsində çalışıb. Əli Kərimli isə Prezident Apatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri (1992), Azərbaycan Respublikasının Dövlət katibi (1993) postlarında çalışıb.
Partiya sədrinin xanımı sonralar aktiv siyasi fəaliyyət göstərməsə də, hazırda onun AXCP üzvü olduğu bildirilir.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa 1998-ci ildə ailə həyatı qurub. Onun həyat yoldaşı tibb bacısıdır, doğum evində çalışır. İki uşaq anasıdır.
Müsahibələrinin birində “mən həyat yoldaşıma heç nəyi qadağan etmirəm, mənə də qarşı heç bir qadağa yoxdur. Çünki mən kənarda hansı formatda və görüntüdəyəmsə, ailəmdə də o formatda və görüntüdəyəm. İkili həyat tərzinə sahib deyiləm” söyləyən F.Musatafanın xanımı siyasətlə ciddi maraqlanmır. O, heç Böyük Quruluş Partiyasının da üzvü deyil.


Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP
) sədri Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı Azəri Türk Qadınlar Birliyinin sədri kimi ictimai-siyasə nüstəvidə kifayət qədər aktiv xanımdır. Tənzilə xanım Sovet Ticarəti Texnikumunu və Moskva Kooperativ İnstitutunu bitirib. 1980-ci ildən ta bu günədək “Azərittifaq” sistemində işləyir. 1992-ci ildən “Azərittifaq”ın İdarə Heyətinin üzvü, sədrin I müavinidir. Dünyanın bir çox ölkələrində (Avstriya, Hollandiya, Kanada, ABŞ, Almaniya, İsveç və s.) Azərbaycan qadınını təmsil edib. "Xatın" jurnalının təsisçisidir. İki övlad anasıdır.
Tənzilə Rüstəmxanlı həm də həyat yoldaşının sədrlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. O, hətta 2015-ci ildə keçirilmiş parlament seçkilərində deputatlığa namizədliyini də irəli sürüb. Lakin bunu rəsmiləşdirə bilməyib.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür