Modern.az

AXC liderlərindən Eldar Namazova sərt CAVAB: “İşləyən elə özü oldu”

AXC liderlərindən Eldar Namazova sərt CAVAB: “İşləyən elə özü oldu”

29 Mart 2017, 13:14

 

Tanınmış ictimai-siyasi xadim, mərhum prezident Heydər Əliyevin köməkçisi işləmiş, Eldar Namazovun Azərbaycan Xalq Cəbhəsi (AXC) liderləri haqqında dedikləri qarşı tərəfin reaksiyasına səbəb olub.

 

Qeyd edək ki, “Alimlər Klubu”nun yaradıcılarından biri, 1988-ci ildə kütləvi yürüşlərdə iştirak etməyən Eldar Namazov britaniyalı jurnalist, analitik Tomas De Vaala  deyib ki, SSRİ zamanı hakimiyyət orqanları onu ələ almağa çalışsa da, bu cəhdləri uğursuz nəticələnib (Tomas De Vaalın müəllifi olduğu “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında yazılıb).

Eldar Namazov AXC liderlərinin çoxunun Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) işlədiyinə eyham vurub.

 

Həmin hissəni təqdim edirik:

 

 “Onlar məni köhnə Lenin meydanında (indiki Azadlıq meydanı) yerləşən Hökumət Evinə dəvət etdilər... Onlar mənə, həmin mitinqlərə göndərəcəkləri tanınmış ictimai fiqurların adlarını dedilər. “Yox, sağ olun, mən belə oyunlarda yoxam” dedim. Mən kütləvi mitinq olan yerə getdim və kütlənin içinə çıxdım. Onların siyahısında olan adamlar həqiqətən də tribunaya çıxdılar və çıxış etməyə başladılar. Onların çoxu tarixə AXC liderləri kimi düşüblər”-deyə Eldar Namazov hərəkat illərini belə xatırlayır.

 

Modern.az saytı məsələnin aktuallığını nəzərə alaraq vaxtilə xalq hərəkatında iştirak edən AXC liderləri ilə əlaqə saxlayıb.

 

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov  deyir ki, Eldar Namazovun belə danışması çox təəccüblüdür.

 

“Meydan hərəkatında əsas aparıcı qüvvə Sabir Rüstəmxanlı və Nemət Pənahlı idi. Biz isə aşağılarda olurduq. Aşağılarda bir milyon adam vardı. Onların heç birini hökumət evinə dəvət etmirdilər. Eldar Namazova böyük hörmətim var. Onun belə danışması çox təəccüblüdür. Həmin KQB AXC liderlərinə divan tuturdu. Yaxşı olardı ki, Eldar Namazov ad deyəydi. Ad demirsə, dediyini bir az şübhə altına alır. 1993-cü ildən sonra AXC liderlərinin heç biri hakimiyyətdə olmadı. Əksinə, içi mən qarışıq həbsxanaya atıldı. İşləyən elə Eldar Namazov oldu. Eldar Namazov açıqlama verib ad çəksə, daha yaxşı olar. Məncə, oxu atıb yayı gizlətmək lazım deyil”.

 

AXC ilk İdarə Heyətinin üzvlərindən biri olan  Pənah Hüseynin sözlərinə görə, bu məsələyə Eldar Namazov cavab versə, daha yaxşı olar.

 

“O dövrdə “Alimlər klubu” vardı. Onun lideri də Eldar Namazov idi. O cümlədən həmin klubun fəaliyyətində də özünə yer tuturdu. Məncə, bu məsələyə Eldar Namazov özü cavab versə, daha yaxşı olar. Ədalət Tahirzadənin “Meydan” kitabı var. O dövrə aid yazılar var. O yazılara baxsanız söhbətin kimlərdən getdiyinin dairəsini müəyyənləşdirə bilərsiz. Konkret olaraq həmin şəxslərin kimliyini söyləmək isə çətindir”.

 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev isə bildirib ki,tribunaya çıxan adamları hamı tanıyırdı.

 

“KQB-nin də, Daxili işlər Nazirliyinin də, ordunun da oradan olan xeyli insanları Xalq Hərəkatına dəstək verirdilər. Milli Azadlıq Hərəkatında minlərlə insan iştirak edirdi. 1989-cu ildə Azərbaycan xalqı ilin ən mübariz xalqı adlandırılıb. Burada nəticələr var. İmperiya çökdürülüb. Ona görə də belə ittihamlar doğru deyil. KQB də,  sıravi vətəndaş da bilirdi ki, tribunada kim olacaq. Onlar populyar insanlar idi. Burada qəribə nəsə yoxdur.

KQB-nin bunu bilməsi də çox normal bir şeydir. Nəinki “Azadlıq” meydanındakı  tribunaya, hətta, əyalətlərdə belə tribunaya kimin çıxacağı bilinirdi.

Burada nəsə axtarmağa gərək yoxdur. Məncə, Milli Azadlıq Hərəkatına kölgə salmaq üçün belə üsullardan istifadə etmək doğru deyil. Milli Azadlıq Hərəkatı xalqı  müstəqilliyə aparan hərəkat idi. Belə detallar isə məsələyə xələl gətirməz”.

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir