Modern.az

Bədbəxt taleli Azərbaycan filmləri...

Bədbəxt taleli Azərbaycan filmləri...

29 Mart 2017, 15:01

Azərbaycan kino tarixində uğursuz tale, acı aqibətlə üzləşmiş xeyli filmlər var ki, bu gün onlardan tamamilə xəbərsizik. Ən yaxşı halda adlarını eşitmiş, “üzünü” isə ekranda görməmişik. Həmin filmlərdə  yaradıcı kollektivin ağır əməyi, əziyyətinin  qalmasına baxmayaraq, televiziyalar onları qətiyyən nümayiş etdirmir. Bəzən, heç telekanalların özündə də günah olmur.

Çünki haqqında danışacağımız “bədbəxt filmlər”dən bəziləri ümumiyyətlə kinoteatr və televiziyalara təqdim olunmayıb.

Modern.az saytı bu yazıda həmin filmlərdən bəhs edir:

Müqəddəs oda yanaram” - Ad yəqin, hamınıza qəribə gəldi, “yəni, belə bir filmimiz də varmı?”, deyə düşündünüz. Haqlısınız. Amm belə filmimiz olub. Özü də 1991-ci ildə, ən çətin vaxlarda min bir əziyyət hesabına çəkilib. Lakin indiyə qədər bircə dəfə də göstərilməyib. Heç filmdə çəkilmiş Yaşar Nuri, Hamlet Qurbanov, Leyla Bədirbəyli kimi sənətkarlar da o filmi görmədilər. Çünki filmə sponsorluq edən xanım - “Olimp” Ticarət Kommersiya şirkətinin rəhbəri - ekran əsəri hazır olandan sonra bütün kino lentini özü ilə götürüb xaricə getdi. Bununla da bütün məsələ bitmiş  oldu. Rejissor Gülbəniz Əzimzadə belə, filmə sonradan baxa bilmədi.

“İşgüzar səfər” – 1982-ci ildə rejissor Rasim İsmayılov tərəfindən ekranlaşdırılan filmin taleyi çox uğursuz olub. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınan filmdə kənddən şəhərə gələn, saf ruhlu, təmiz düşüncəli bir gəncin özünə qurmaq istədiyi həyatdan danışılır. Bir çox məşhur aktyorlar bu filmdə debüt etmiş, həmçinin, baş rolları canlandırmışdılar. Amma filmin uğursuz ekran taleyi həmin aktyorların bioqrafiyasına da yansımayıb. Məsələn, xalq artisti Fəxrəddin Manafov ilk dəfə bu filmlə böyük kinoya gəlsə də, hamı onu Rasim Ocaqovun “əsəri” sayır və kino taleyini “Ölsəm, bağışla” ilə başladığını bilir.

Həmçinin, Xalq artisti Hacı İsmayılov barəsində də bu sözləri demək olar. Təsəvvür edin ki, aktyor onu sənətdə məşhurlaşdıran “Həm ziyarət, həm ticarət” filmindən əvvəl “İşgüzar səfərdə” çəkilib və əsas rollardan birini canlandırıb. Lakin bu gün də hazırlanan televiziya proqramları Hacı İsmayılovun “Ad günü” və “Həm ziyarət, həm ticarət”lə kinoya gəldiyini vurğulayır.

Bundan əlavə, Mərkəz - Moskva da filmi qəbul etməyərək, bir neçə epizodu çıxartdırıb. Onların fikrincə, sovet ölkəsində zəhmətkeş insan kəndi qoyub şəhərə gəlməməlidir. Beləliklə, filmin televiziya nümayişi o vaxtdan bugünəcən sıfıra endirildi. Müstəqillik illərində demək olar ki, he bir televiziyanın yadına düşmədi.

Leyli və Məcnun” - Azərbaycan opera tarixinin ilk və ən böyük əsəri hesab edilən, həmçinin, klassik Azərbaycan, eləcə də Şərq ədəbiyyatının ən tanınmış nümunəsi olan “Leyli və Məcnun” əsasında çəkilən film dəfələrlə tənqid olunub, Azərbaycan kinosunun ən uğursuz nümunələrindən biri kimi göstərilib. Lətif Səfərovun 1961-ci ildə ekranlaşdırdığı filmdə Nizami, Füzuli, bir sözlə, bütün Şərq müdrikliyinin əks olunduğu “Leyli və Məcnun” ümumiyyətlə, yoxdu. Əsərdəki İlahi eşq, insanı Allaha bağlayan platonik münasibət, bu münasibətdə Leylinin ancaq bir illuiziv element olması faktları təbii ki, yoxdu. 1961-ci ildə -yəni, sovetin qılıncının qəbzəsinin də kəsdiyi illərdə məzmunun öldürülməsi və əsərin real zəmində baş verən hadisə kimi təqdim edilməsi anlaşılandır. Amma məzmunu bu qədər öldürmək əsla yolverilməzdir. Bu azmış kimi, baş rollara Məcnun və Leyliyə qəti yaxın gəlməyən aktyorların –Nodar Şaşıqoğlu və  Kima Məmmədovanın- dəvət edilməsi isə filmin keyfiyyətini sıfıra endirib. Təbii ki, hər ikisi gözəl aktyor olublar, amma hər bir aktyor öz cığırında daha uğurlu, daha effektivdir.
Nodar Şaşıqoğlunun yaratdığl Məcnun obrazı isə kino tariximizdə sanki yox kimidir. Təsəvvür edin ki, bu filmdə ikinci dərəcəli rolları ifa edən Ələsgər Ələkbərov, Adil İsgəndərov, Əli Zeynalov o qədər peşəkardır ki, baş rolların ifaçıları onların heç kölgəsində də qalmır.

Nəticədə film öz ekran taleyini tapa bilmədi. Televiziyalarda uzun onilliklərdi ki, nümayiş etdirilmir.

Musiqi müəllimi” - 1983-cü ildə rejissor Tofiq İsmayılovun çəkdiyi film Moskvanın mərkəzi televiziyası tərəfindən sifariş edilmişdi. Baş rolda hazırda  Moskvada yaşayan bəstəkar-müğənni Sərxan Sərxan çəkilib. Rejissor bu rol üçün o zaman təzə məşhurlaşmaqda olan Mübariz Tağıyev və Ağadadaş Ağayev kimi müğənnilərə müraciət etmək istəsə də, sonda Sərxan Sərxanı təsdiqləyib. Hələ film çəkilən ərəfədə mütəxəssislər onun uğurlu alınmayacağını dəfələrlə bildirmişdilər. Çünki rejissorun filmdə gerçəkləşdirmək istədiyi ideyaları ekranlaşdırmaq üçün xeyli maddiyyat tələb edilirdi. Məsələn, filmin sonunda əsas rollardan olan Emilin daxili dünyasını əks etdirən musiqinin tapılması üçün guya, dünyanın bir çox orkestrləri yığışır, lakin yenə də sirli insan ruhunun melodiyasını aşkarlaya bilmir. Epiloq təbii ki, bu cür bitmir, bu, heç mümkün də deyildi. Bir neçə dəqiqəlik kadrlar üçün külli miqdarda maliyyə sərf edib, orkestləri kim dəvət edərdi ki?! Amma əvəzində sönük sonluqla tamamlanır. Bu cür neqativ hallar filmdə çox olur. Bütün bunlar cəmlənərək filmə uğursuzluq gətirir. Təsadüfi deyil ki, “Musiqi müəllimi”nin heç premyerası da keçirilməyib. Əsas rollardan birini canlandıran Həmidə Ömərova və başqa aktyorlar filmə indiyədək bircə dəfə də olsun, baxmayıblar. Televiziyadakı nümayişindən isə danışmağa dəyməz.

“Səbuhi” - Böyük maarifçi Mirzə Fətəli Axundzadənin həyatından bəhs edən filmin acı aqibətinin iki səbəbi var: birincisi, dünyanın “dağılmağa başladığı” 1941-ci ildə çəkilməsi idi. Böyük rejissor Rza Təhmasib nədənsə, belə ağır illərdə “Səbuhi”ni çəkməkdə israrlı oldu. Lakin vəziyyət çox ağır idi. Belə olanda da müxtəlif qurumlarda özbaşınalıq yaşanırdı. Bu hal “Azərbaycanfilm” Kinostudiyasından da kənarda qalmamışdı. Orada məsul işlərə cavabdeh olan erməni əsilli bir nəfər başqa tarixi filmlərdə olduğu kimi, “Səbuhi”nin də bəzi vacib kadrlarını qayçıladı. Film bütün bu çatışmazlıqlara baxmayaraq, ayaq üstə dayana bildi. Lakin sonradan unuduldu. Müstəqillik illərində də ən yaxşı halda bir-iki dəfə nümayiş etdirildi. Filmin yaratdığı boşluğu doldurmaq üçün bir neçə il bundan əvvəl “Sübhün səfiri” çəkildi.

Qeyd: Modern.azuğursuz taleli Azərbaycan filmlərindən bəhs edəcək mövzunu davam etdirəcək.



 E.Nazimoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir