Modern.az

Məmurlar plan doldururlar – Mal-qaranın sayını “artırır”, at-eşşəyin sayını isə “azaldır”

Məmurlar plan doldururlar – Mal-qaranın sayını “artırır”, at-eşşəyin sayını isə “azaldır”

29 Mart 2017, 15:53

Bölgələrdə fərdi heyvandarlıq təsərrüfatı ilə məşğul olan sahibkarlar, kəndlilər növbəti problemlə qarşılaşıb.

Belə ki, yerlərdəki baytarlıq idarələrinin əməkdaşları vətəndaşlara olduğundan çox mal-qara, qoyun sayının göstərilməsi üçün müraciət edirlər.

Bunun isə statistik rəqəmlərin şişirdilməsinə xidmət etdiyi hər kəsə bəllidir.

 

“Regional idarələr öz maraqlarına uyğun fəaliyyət göstərir”

 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a açıqlamasında faktı təsdiq edib. O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin regional idarələrinin yaradılması yerlərdə çox ciddi problemlərə səbəb olub:

 

“Bu idarələr kənd təsərrüfatı məhsullarının istehsalı, fermerlərin problemləri, öz funksiyalarını yerinə yetirməklə yox, statistika idarəsinin nümayəndələrilə birlikdə mövcud vəziyyəti daha yaxşı göstərmək yolunu seçiblər. Onlar müxtəlif yollarla anlaşırlar və yerli statistik idarələr onların marağına uyğun olaraq rəqəmlər hazırlayıb yuxarı təşkilatlara təqdim edirlər. Çox təəssüflər olsun ki, bu hallar sovet dövründə də var idi, indi də var.

Onlar statistik rəqəmlərdə ulaq, atın sayını azaldıb, mal-qaranın, qoyunun sayını artırıblar. Bununla da göstərmək istəyirlər ki, heyvanların baş sayında və istehsalda artım var. Yəni istehsalda artım olmasa, fermer mal-qaranın sayını artırmaz. Bunu bir növ bu formada əsaslandırmaq istəyirlər”.

 

“Ölkədə ət və süd istehsalı kəskin azalıb”

 

Ekspert reallığın tamamilə fərqli olduğu qənaətindədir:

 

“Real mənzərədə 2016 və 2017-ci ilin ilk 2 ayı ərzində ölkəyə ət idxalı 2, 2 dəfə, diri mal-qara idxalı isə 4, 5 dəfə artıb. Mal-məhsulun qiymətinin kəskin artmasına, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə baxmayaraq, ət, süd, diri heyvan idxalının artımı ondan xəbər verir ki, ölkədə eyniadlı məhsulların istehsalı azalıb.

Statistik rəqəmləri yüksək göstərməyə çalışsalar da reallığı görməmək mümkün deyil. İstehsal artsaydı, daxili bazarda qiymətlər enərdi və idxal artmazdı. Qiymətlər münasib olduğu halda hansı sahibkar xaricdən ət, süd gətirər? Bazarı həm idxal, həm də ixrac tənzimləyir”.

 

“Mal-qara saxlamağa görə cərimə tətbiq edilə bilər”

 

V.Məhərrəmov bildirib ki, aparılan monitorinqlərlə yerli istehsalda əvvəlki qədər ət və süd təklif edilmədiyi ortaya çıxıb:

“Qəssablar mal-qara, qoyun, keçi qıtlığından şikayətlənir. Bu səbəbdən də ətin qiymətində artım var. Yerlərdə fərdi qaydada heyvandarlıqla məşğul olan sahibkarlara heyvan sayının yüksək qeyd edilməsi ilə bağlı təzyiqlər edilir. Onlar bunu belə əsaslandırır:  “Onsuz da sizin saxladığınız heyvanın sayı növbəti illərdə artacaq”. Amma reallıqda qoyunların, mal-qaranın sayında kəskin azalma var.

 

İki il əvvəl mal-qaranı, qoyun, keçini kütləvi kəsimə vermişdilər. Ona görə ki, örüş sahələrini fermerlərdən alıb taxıl əkmişdilər. İndi isə örüş sahələri fermerlərdən məcburən alınaraq pambıqçılıq təsərrüfatının ixtiyarına verilib. Əlbəttə, örüş sahələri, yem olmayanda fermer mal-qaranı saxlaya bilmir. Nəticədə ət, süd azalır ki, bu da fermerlərin gəlirlərinin aşağı düşməsinə gətirib çıxarır.

 

Biz uzun müddətdir bu barədə fikir bildiririk, təkliflərimizi veririk, amma dinləyən yoxdur. Ölkədə atın, ulağın, qoyunun, keçinin, inəyin dəqiq sayını müəyyən etmək üçün hər birini uçota almaq lazımdır. Artıq bütün ölkələrdə bu proses gedir. Heyvan kəsimə veriləndə uçotdan çıxarılır, yenisi alınanda, yaxud doğulanda uçota götürülür.

 

Bizimkilər isə buna getmir, rəqəmlərlə manipulyasiya edirlər. Bizdə mal-qara, qoyun sayına görə vergi ödənilmir. Amma mütləq şəkildə mal-qaraya görə də vergi tətbiq ediləcək.

 

Çünki büdcə vəsaitlərinin formalaşmasında ciddi problemlər yaranıb. Son zaman artan cərimə sayları da buna dəlalət edir. Gözlənilir ki, bunu mal-qara saxlayan kəndlilərə də şamil etsinlər. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalçıları vergi ödəyicisi deyillər. Əslində isə olmalıdırlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu