Modern.az

Tanrıya ovcunda torpaq aparan şəhid - FOTOLAR

Tanrıya ovcunda torpaq aparan şəhid - FOTOLAR

29 Mart 2017, 16:33

Vətəni qibləgah edən şəhidlər                    


Fevralın 25-dən 26-na keçən gecə  Xocalı soyqırımının növbəti 25-ci ildönmümünü qeyd etdiyimiz ərəfədə, erməni qəsbkarları  yenə də mövqelərimizə qarşı təxribat hazırlamışdılar. Düşmən ötən ilin aprel döyüşlərini heç cür unutmur. Və cəbhənin Füzuli-Xocavənd istiqamətiində, Nərgiztəpə ətrafında  hərbi hissələrimizin kəşfiyyat qrupu həmin təxribatın qarşısını alarkən, ordumuz 5 nəfər şəhid verdi: mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, sıravi  Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu Əhmədov.

                       
Bu xəbər yayılandan həmən sonra, aprel döyüşünün qəhrəmanı, şəhidimiz Orxan Hümbətovun anası Pərvanə xanım mənə zəng etdi. Ağlayırdı. Dedi ki, “kəndimizdən yenə də şəhid var. Dursun müəllimənin oğlu da şəhid olub. O kəşfiyyat qrupunun komandiri idi. Orxanı da yaxşı tanıyırdı...”.

Beləliklə, Modern.az saytında “Vətəni qibləgah edən şəhidlər” silsiləsindən növbəti yazını təqdim edirəm. Şəhid zabit Aqşin Abdullayev barəsində...                 


Daşlarında sirlər yatan Kiş kəndi


Bahar günəşinin ana torpağı yenicə isitməyə başladığı bu bayram günlərində evimdə qərar tuta bilmədim.  Səhər o başdan  yol tutdum Kiş kəndinə. O sirli-sehirli Kiş kəndinə. O Tanrıya, Göylərə yaxın olan, qoynunda qəhrəmanlar yetişdirən, saf  insanlar böyüdən Kiş kəndinə.

Kiş kəndinin əyri dolanabac küçələrində gəzdikcə mənə elə gəlir ki, Kiş kəndi Tanrıya ən yaxın, Tanrının ən çox sevdiyi, nəzərini üsütündən çəkmədiyi yerdir. Sirlərlə doludur hər küçəsi, dalanı, ağacı... hətta  yerə döşənmiş daşları da... Daş Vətəndir, daş tarixdir, daş sirdir. Bax elə Bakının küçələrində də var idi Kiş kəndinin yollarına düzülən qədim daşlardan. Sonra kiminsə  maşınını təkərləri  ziyan çəkməsin deyə paytaxtımızın qədim, tarixlərə sirdaş olan yollarındakı daşların üzərinə asfalt çəkdilər.  Və Bakıdakı insanaların çoxunun Tanrı ilə, kəhkəşan ilə əlaqəsi tükəndi. Qədim daşlar  Yerdən səmaya , kəhkəşana informasiya ötürür. Əksəriyyətimizi bilirik ki , o qədim daş divarların arasında yaşayanlar, o daşların üzərində addımlayanlar başqa aləmdirlər.  Kiş kəndi nəinki daşlarını, həm də  tarixini  qoruyur.  Mən kəndə gələndə məhəllələrdə, evlərdə bayram hazırlığı gedirdi.  Dünyanın kədərindən, qəmindən uzaq uşaqlar  o daş döşənmiş  dalanlarda o baş bu başa qaçışır, oynayırdılar. Torağayların səsi də gəlirdi. Baharın müğənniləridir oxuyan quşlar...

Ötən ilin aprel döyüşlərində həlak olan Orxan Hümbətovun  anası Pərvanə xanıma baş çəkdim.  Darvaza açıq idi. Həyətə keçdim. Keçən il yarımçıq tikili vəziyyətində gördüyüm özülün yerində ikimərtəbəli ev ucalırdı.  Qapını döydüm. Pərvanə xanım açdı... Sevincək boynuma sarıldı.  Evlərində süfrə başında  cüssəli oğlanlar oturmuşdular. İçəri keçdim. Pərvanə xanım  sevinclə məni onlara təqdim etdi:


“Sizə dediyim Aida xanımdır, Orxandan yazır.  Bu ötən aylarda  nə zaman dərdimi bölüşmək istəmişəmsə, ona zəng eləmişəm. İşi çox olsa da məni dinləməyə hər zaman vaxt tapır”.

Sonra Orxanın hərbi hissə yoldaşlarını göstərib “bax Aida xanım,  Orxanın hərbi hissəsində nə qədər oğul qulluq edirsə, o qədər Orxanım var. Bunlar məni tək qoymurlar.  Bayramlarda,  boş vaxtları olanda gəlib mənə baş çəkirlər. Bu gün də gəliblər ki, Orxan üçün yaratdığım ev muzeyinə baxsınlar. Həm də bayramlaşsınlar” dedi.


Müasir qurulişda tikilmiş, içərisində hər cür şəraiti olan  evin ikinci mərtəbəsinə qalxdıq. Pərvanə xanım Orxan üçün burada otaq ayırıb. Otaqda olan hər əşya, hər yadigar Orxanı  xatırladır. Pərvanə xanım:

- Orxan həmişə istəyirdi ki, özünün ayrıca, məxsusi otağı olsun. Allah deputatımız Cavanşir Feyziyevin canını sağ eləsin, heç bilmirəm, o bizim yanımızda olmasaydı, Orxanın tikməyə başladığı evin tikintisini kim başa çatdırardı.  Biz evi birmərtəbəli tikməliydik. Hamısı o Vətən oğlu Cavanşir müəllimin işidir.  Bizi və rayondakı bütün şəhid ailələrini belə şərəfləndirir.   Kimsəni heç yaddan çıxarmır. Şəhid ailələrinə, imkansız ailələrə dayaqdır bu dünyada...  Bu Orxanın paltarlarıdır... Bu şəkillərini özüm çərçivəyə salmışam... Bu onun  üzərində gəzdirdiyi əşyalarıdır. Bu  güllənin üzərinə isə Türkiyədə hərbi təlimlərdə olanda “Ya Qarabağ, ya ölüm” yazdırıb... Bu da onun çarpayısı... özü yatacaqdı... Bəy otağı bəzəyəcəkdim... Muzeyə döndü... İdi artıq kəndin məktəbliləri gəlirlər, baxırlar, Orxan haqqında, onun qəhrəmanlıqları haqqında, döyüşü haqqında soruşurlar... O günü bir dəstə 11-ci sinif şagirdi qızlar gəlmişdilər... Hamısı hüri-mələyə bənzəyirdilər... Qızlar muzeylə tanış olub getdilər... Allah hamısını xoşbəxt eləsin.... Onlara baxa-baxa fikirləşdim ki, bəlkə bu mələk qızların içərisində elə Orxanın da sevdiyi var... kaş dönüb mənə deyə ki, biz Orxanla istəkli olmuşuq. Başına dolanaram, qadasın alaram  o qızın, gedib qulluğunda dayanaram, əlindən, üzündən öpərəm.. Amma kimsə açmır bu sirri mənə...


Pərvanə xanım danışırdı... Orxanın  hərbçi yoldaşları onun kövrək  ürək yanğılarını dinləyə bilməyib, aşağı  endilər.  Və pərişan halda ana ilə sağollaşıb getdilər.... Dedilər ki, yenə gələcəklər.  Orxanın dostları kəşfiyyatçı əsgərlərimiz  baxışlarından canavara bənzəyirdilər.  Qüvvətli biləkləri, enli kürəkləri var idi. Onlar həyat dərsini də,  kəşfiyyat məktəbinin sirlərini də Azərbaycan xalqıının qəhrəman ləşfiyyatçıları Raquf Orucovdan, Vüqar Yusifovdan  və digər nümunəvi zabitlərimizdən öyrənmişdilər.  Onların dostluqlarının, yoldaşlıqlarının, sədaqətlərinin bir adı var idi: İNAM.  O kəşfiyyatçıların hər biri bilir ki, yanındakı dostu ona heç vaxt arxa çevirməyəcək,  ən ağır anlarda belə, lap ölümün gözünə dik baxa-baxa biri-digərinin ölüsünü də tək qoyan deyil. Onlar dosta arxa çevirməyi bacarmırlar. Onların düsturu belədir.


Şəhid oğluna məktub yazan ana

Pərvanə xanıma şəhidimiz Aqşin Abdullayevgilə getmək istədiyimi söylədim.  Kiş kəndinin dar-dolanbac, sirli daşlarla döşənmiş yollarıyla Aqşingilin məhəlləsinə üz tutduq.  Kəndin içərisində  yolda, dalanda  olan uşaqlar Pərvanə Hümbətovanın qabağına qaçır, ondan hal-əhval tuturdular. Pərvanə xanım dedi ki, hər gün belədir, kəndə çıxdımı  bütün məktəblilər, cavanlar qarşısına qaçıb ona ehtiram göstərir, kömək etmək istəyirlər. “Gör bir Orxan bizim ailəni hansı mərtəbəyə qaldırdı. Bundan sonra  Dursun müəllimənin də qabağına belə qaçacaq uşaqlar...”.  Yol boyu Pərvanə bacı Aqşin Abdullayevin necə dəfn edilməsindən danışdı:

- Yenə kəndimizdəki 1300 evdə olan pəpə deyəndən lələ deyənə qədər hər kəs ayaqda idi.  10 minə qədər  insan Aqşinin tabutunu bizim evin qabağından məzara  apardıllar. Çıxdım  çiyinlərdə gedən Aqşinin tabutunun önünə, ağladım, sızladım, özümü həlak elədim. Dedim ay Aqşin bala, Orxanımın yanına gedirsən... Sən də Orxanıma tay oldun, dostuna yoldaş oldun...

Qapısında bayraq  dalğalanan həyətə daxil olduq. Dursun  Cavadova   çıxdı qapıya.  İki şəhid anası bir-birinə qol boyun olub yenə ağladılar...

Dağlar dağımdı mənim.

Qəm oylağımdı mənim,

Dindirmə qan ağlaram,

Yaman çağımdı mənim...

-Ay xanım,  mən oğlumdan doymadım axı... Mən onu doyunca sevməyə də qorxurdum.  İki oğlum var. Aqil və Aqşin. 4 dəfə övlad itirmişdim. 1977-ci ildə bir uşağım, 1980-ci ildə o biri, digər isini də 1984 və 1986-cı ildə... Bir az böyüdürdüm. Əzrayıl gəlib başlarının üstünü kəsdirib alırdı balalarımı əlimdən. Ona görə bu Aqillə Aqşini sevməməyə söz vermişdim. Doyunca  saçını – boynunu da  iyləmirdim ki, Allaha acıq gedər. Təki uzunömürlü olsunlar. Əzizləməyə, sevməyə qorxmuşam onları...  Birinə atam, birinə qardaşım dedim. Aqşin 1978-ci ildə doğulmuşdu.  Özü də 7 aylıq gəlmişdi dünyaya.  Qardaş dediyin də səni yarı yolda qoyarmı? Aqşin məni yarı yolda qoydu...

Aprel döyüşlərindən danışdı Dursun müəllimə sözlərinə belə davam etdi:

- Aprel ayında o qanlı döyüşlər başlayanda gecəmiz-gündüzümüz olmadı. Orxanın da həlak olması xəbəri gələndən sonra, artıq özümü hazırlamışdım. Qorxurdum ki, Aqşinə də nəsə ola bilər. Hər dəm o acı xəbəri gözlədim. Müharibə səngiyəndən sonra, evə gəldi. Dedim “get Pərvanə xalana başsağlığı ver”. Dedi “ana, mənim üzüm gəlmir o qapını açım, gedib Pərvanə xalaya nə deyim, nə danışım ona?”. Getmədi... 
Oğum kəşfiyyat bölüyünün komandiri idi. 18 ilin zabiti idi...

Söhbətinə ara verdi şəhid anası və qarşıdakı otağa keçib oradan bir şagird dəftəri gətirdi.  Dedi ki, bu dəftərə dərdlərini yazır.  Göz yaşları içərisində elə özü də başladı həmin dəftərə yazdıqlarını oxumağa. Bu Ananın  şəhid oğluna məktubu idi:


“İnsan üçün ən ağır dərd nədir”- soruşsan hərə özünəməxsus cavab verəcək. Kimisi deyəsək ki, ata itirmək ağırdır, ana, bacı, qardaş itirən də deyəcək ki, doğmalarını itirməkdən ağır dərd ola bilməz. Bu doğmalarının hamısını itirənlər isə yalnız, balasına baxıb təsəlli taparlar. Bəs o təsəlli yeri olan balalarını itirənlər neyləsinlər... bax belə parçalandı ürəyim...
Hələ 9 ayın tamam  olanda ayaq tutub yeriyəndə, hamını heyrətə saldın Aqşinim... qorxutmuşdun məni... Nənənin evinə qaçıb  qorxu içərisində demişdim ki, “Aqşin gəzir... qorxuram...”. Tez gəzməyə ona görə başladın ki, tez böyüyüb Vətən torpaqlarını qoruyasan?! Amma heç xəyalına da gəlməzdi ki, öz Vətənində  35 yaşında düşmən güləsinə tüş gələcəksən... Sən son dəfə bizimlə vidalaşmadın. Övladların sənin yoxluğuna inanmırlar. Elə mən də səni sağ bilirəm. İndi xatirələrinlə danışıram. Yadındadır.... bir dəfə bir gül qabına bitki əkdin... Aparıb çardağa qoydun, orada ona qulluq edirdin... İstəyirdin ki, tez yetişin... Bir dəfə də səndən “dərsini oxumusanmı?” deyə sual etmişdim. Ona görə məndən küsmüşdün. Dedmişdin ki,  “elə şey ola bilərmi ki, mən dərsimi oxumayım?..”.
 Yarımçıq doğulduğundan boyun balaca idi. Məhəllədə, məktəbdə sənə “dibçək” deyirdilər.... Sən də hirslə atanın yanına gəlib deyirdin ki, ata məni dart boyum uzansın. Biz də sənin əlindən-ayağından tutub dartırdıq...

Oğul, can oğul, hər bir əsəgər, döyüşçü üçün döyüş labüddür. Döyüşə girən əsgər bilir ki, bu yolda dönüş olmaya bilər. Sən də elə döyüşlərə, elə əməliyyatlara gedirdin ki, bilirdin ki, bu döyüşdən sağ qayıtmayacaqsan.. Qorxmadın, ölümün gözünə dik baxaraq getdin...  Sən həmişə deyirdin ki, “mən əsgərlərimin qəlbində yaşayacağam, mən onlara həyat dərsi vermişəm”. Sənin çox qəribəliklərin  var idi... Bilmirəm hansından başlayım... xəyyalara dalıram, ağlayıram...ağlayıram... Bir də səni qarşımda görürəm, ayılanda baxıram ki, daha xəyalsan...əlim çatmır, ünüm yetmir.

Mən sənə təkcə oğul kimi deyil, eyni zamanda bir zabit kimi baxırdım, qorxmaz, Vətəninə dayaq bir zabit kimi... Əynindəki o zabit paltarına da qayğı ilə  yanaşırdın. İstəmirdin ki, kimisə  hərbi geyimdə həyət-baca işi görsün...

Sən nə qədər şirin idin. Hər sözdə bir məna axtarırdın.  Kiçik  yaşlarında səni gah həkim, aktyor, bioloq kimi görürdüm. Təcrübələr aparırdın, heyvanlar saxlayırdın. Ağlayanları güldürürdün, nöqsanları  üzə deyirdin. Məktəbdə hamıya mehriban  idin. Cəld, çevik, həm ciddi, həm gülməli.

Səni atama bənzədirdim. O da vüqarlı idi. Dağ kimi vüqarlı əzəmətli idi atam. Heç kəs onun sözünü iki etməzdi.  Mən dağ vüqarlı balam, səni dağ bilirdim, kəndimizdəki uca dağlar kimi vüqarlı balam, uca lçatmaz dağım. Elə bilirdim ki, sənə güllə batmaz, səni heç kim əyə bilməz, tərpədə bilməz, ancaq birdən elə bil zəlzələ oldu... dağım uçdu... namərd necə oldu səni gülləyə tiutdu. Səninlə qarşı qarşıya gəlməyə namərdin gücü çatmadı. Onlar nə bilirdi ki, necə kəşfiyyatçı olduğunu...

Yenə şəklinə baxıram, danışıram. Dodağında gülüş  var, gözlərində ağır bir yük görürəm. Elə bilirəm canlısan. Doğrudan da sən mənim üçün canlısan, ölməmisən, mənə belə yükün altına qoyub getdin... xəstə atan, 6 aylıq Ömərin yükü... o hələ danışa da bilmir... Nərmin bilirsən sənə necə məktub yazıb? “Mənim sevimli şirin atam, axı sən bu qədər gecikməzdin...”.  
Amin sənin öldüyünü bilir... Deyir ki, sənin intiqamını alacaq... Məktublarını sənin qəbrinin üstünə qoyurlar və deyirlər ki, nənə görəsən ata bu məktubları oxuyurmu?   
Suallara cavab tapa bilmirəm. Özgə torpaqlarında gözü olan bu mənfur  məxluqlar  göz yaşı tökən bu atasız körpələrin ah-naləsi tutsun sizi, ananın qəlbi göynəyir... bilmir körpələrini ovundursun, yoxsa ağsaçlı qəddi bükülmüş ataya təsəlli versin, yoxsa ki, özünün acizliyinə. Başqalarının evində, elində, yurdunda, torpağında gözü olan bu qaniçənlər, firon kimi dünya mənimdir deyənlər... görəsən onlar bilmirlər ki, Fironu da uca Tanrı yerlə-yeksan etmişdi.... Baxıb  uca Tanrıdan da qorxmurlarmı? Çoxlu suallarla üzləşib qalmışam... İnsan bilmirmi gəldi gedərdi? Bu baxıb əlvida  deyib getdiyiniz  dünyada, gözü doymayan məxluqlar nə olacaqsınız? Mənim kimi qəlbi qubar bağlamış ananın göz yaşları, mənim kimi ata adı çəkiləndə bəzən səsini içində boğan, bəzən də hönkür-hönkür ağlayan uşqqların göz yaşları... Sizə  “erməni cəlladları”-  deyən mənim kimi analar bilirsinizmi nə qədərdir?  Sürünən həşaratlar, mənim balamı əlimdən alan, üç körpəni yetim qoyan ilbizlər, bitlər, siz nə vaxta qədər qan soracaqsınız?  Mən sizi parazit adlandırdım, başqalarının hesbina yaşayanlar,  onsuz da doymayacaqsınız. Mənim gözəl balam da o parazitlərin qurbanı oldu. Kaş bu qurbanlar bitəydi... Bitməsi üçün də bu parazitlərin məhv edilməsi gərəkdir.

Yenə  şəklini qabağıma qoymuşam.  Danışıram. Həsrətlə, ümidlə gözlərinə baxıram, bəlkə mənə nəsə demək istəyirsən? Ürəyim partlayır...oğul. Yəqin, demək istəyirsən ki, ana az ağla, qoy düşmən sənin ağladığını görməsin. İndi sənin dediklərini deyir Amin mənə. Deyir evdə kimsə olmayanda ağla ki, heç kəs sənin  göz yaşını görməsin... Amin  çox ağıllıdır oğul, onun gözlərində nisgil, kədər, ağır yük var. Onlar onun gözünün dərinliyindədir.  Ozün kimidir Amin... Kimdən soruşim səni? Mənim suallarım bitmir... Hər gün səsini eşiidirəm, üzünü görə bilmirəm...

Yuxulara yalvarıram ... kaş üzünü görəydim, yalnız hərdən səsin gəlir qulaqlarıma... Kaş üzünü  bir də görəydim... Durub evləri  gəzirəm. Tapa bilmirəm səni... Bilirəm səni tapa bilməyəcəyəm, bunlar mənim qutsal diyğularımdır... Xəyallarımda bərpa etmək istədiyim balam... Bilmirəm nə vaxt ürəyimi boşaldacağam... Bir ovuc  erməni qanı içsəydim. Bəlkə onda sakitləşərdim. O gün dostlarına   demişəm bir ovuc erməni qanı gətirin. Mənə deyirlər ki, Aqşin o qədər “erməni qanı içib ki”... hara gedib səsimi ucaldım, qışqırım, hayqırım deyim ki, bitsin bu müharibə... Hara deyim, kimə deyim...”.

İki şəhid anasının dialoqu


Bütün analar belədir. Övladlarının xəyalları ilə belə danışarlar. Ta beşikdən  əbədiyyətə gedənə  kimi xatirələr yandırar valideyni, hər günü-hər saatı o xəyallarla keçər.


Dursun müəllimə: - Aqşin lap uşaq vaxtlarından deyirdi ki, hərbçi olacaq.  Rusiaynın Tolyatti şəhərində yaşayırdıq. Köçüb gəldik kəndimizə. O, sənədlərini hərbi akademiyaya verdi. Bütün qiymətləri “ 5” oldu.  Qabiliyyət imtahanında özünü sınayanda , hərbiyə keçməsin deyə, gedib onun üçün  narahat ayaqqabı aldım ki, qaça bilməsin, normativləri yerinə yetirməsin.  Ayaqqabılar ayağını qabar edir, yarı yolda onları  çıxarıb tullayır, normativi yerinə yetirir. Birinci yerə çıxır. Və beləcə qəbul oldu hərbi akademiyaya.


Pərvanə bacı: -Dursun müəllimə, Siz həm də oğlunuzun sinif müəllimi olmusunuz, Aqşinə də, Orxana da vətənpərvərliyi özünüz öyrətmisiniz...

Dursun müəllimə: -Bəli, elədir. Mən onlara həm də Vətəni sevməyi öyrətdim.  Deyirdim ki, Vətən anadır, onu sevin qoruyun!.  Bir dəfə “Kərpickəsən qocanın dastanı”nı keçirdim. Uşaqlara dedim ki, görürsünüzmü Nizami Gəncəvi necə dahi şairdir, 8 əsrdir ki, yaddaşlarda yaşayır, heç kəs onu unutmur. Böyüyəndə elə işlər görün ki, siz də yaddaşlarda qalasınız.  Bu zaman Orxan yerindən dedi ki, “müəllimə, mən elə adam olacam ki,  kimsə məni unutmasın”. Nə bilim hansı qüvvə dedizdirmişdi o uşağa həmin sözləri... İndi adı Azərbaycan tarixinə yazıldı.

Axırıncı dəfə fevralın 24-ü danışdım Aqşinlə. Vallah danışmağa da ürək eləmirdim. Çünki səsini eşidəndə üzünü görmək keçirdi könlümdən. O da ki, hər zaman Vətənin xidmətində idi. Fevralın  25- i günü  kəndin adamları, qohum-əqraba gəlib getməyə başladı. Dedilər ki, yaralıdır Aqşin. Əllərimi açdım göyə,Tanrıya  yalvardım ki, iki ayağı, iki qolu olmasın, oturub qulluğunda duraram balamın, əl arabasında ölüncə gəzdirərəm. Sonra mənə dedilər...  

Xəbəri eşidəndən sonra özümdə olmamışam.  Yuxumda gördüm ki, Aqşin əlində mənə qırmızı yemişan çayı verir ki, iç bunu.  İndi fikirləşirəm ki, yəqin mənə demək istəyir ki, ana, narahat olma ermənidən qisasımı almışam.  Özümə gələndə dedim ki,  mənə daha iynə vurmayın. Dözəcəyəm. 1984-cü ildə də  9 aylıq oğlumün ölüsün tək öüzm Bakıdan taksiyə oturub qucağımda gətirmişdim, heç sürücü bilməmişdi ki, qucağımdakı uşaq ölüdür.  Allah mənə dözüm verdi.  Axı mən bir şərəfli zabit anasıyam. Dedim ki, oğlumu son mənzilə özüm yola salacağam. Portretini də özüm tutdum əlimdə.  Tabutun önündə özüm getdim. Tabutu açdılar. Torpağa əmanət etməzdən əvvəl balamın yaralarından öpmək istədim. Qan içindəydi oğlum. Qanını Vətənin azadlığı, insanların şərəflə yaşaması üçün tökmüşdü, özünü Vətənə qurban vermişdi. Balamın bədəni düşmən güllələrindən deşik-deşik idi. Zabit olduğuna görə, hətta neytral zonada belə,  uzaqdan onun meyitini də gülləbaran etmişdi mənfur ermənilər. Bu qisas qiyamətə qalmasın gərək...

Dursun müəllimə birdən üzünü Pərvanə bacıya tutub dedi:

Dursun müəllimə: -Ay Pərvanə,  sənə təsəlli verirdim ki, yaşamağı bacar, o biri balan var onun üçün yaşa... Bu Pərvanə nə əzablar çəkib, necə çətinliklə böyüdüb o uşaqları. Həyat yoldaşım İsmayılla əmiuşağıdır Pərvanəgil.  İndi balalrımızın taleləri də cütləşdi.   Aqşin Qazax-Tovuz bölgəsindən başqa Azərbaycanın hər yerini gəzdirmişdi mənə.  Ay Pərvanə, mən ən çox unudulmaqdan qorxuram.  Görəsən neyləmək olar ki,  uşaqlarımız yaddaşlarda əbədiləşsin?  Gələcək nəsillər bilməlidir ki, belə kəşfiyyatçılarımız, hərbçilərimiz olub, qəhrəmanlarımız olub.

Pərvanə bacı: -Dursun müəllimə,  mən hər gün gedirəm onların məzarının üstünə. O gün də əlimdə iki vedrə su aparmışdım. O biri məzarların üstünü də təmizlədim. Sən bilirsən də, oradakı bütün şəhid məzarlarının üstünü Cavanşir müəllim Feyziyev dəyişdirib, Orxanın məzarına oxşadıb. Deyir ki, onların arasında fərq olmasın.  3-4-cü sinifdə oxuyan uşaqlar  gəldilər. Soruşurlar ki, sən Orxanın anasısan? Dedim bəli. Deyirlər ki, Orxan qəhrəmanlıqla həlak olub, hə, xala? Deyirəm bəli.  O boyda uşaqlar deyir ki,  nə əcəb Orxanın adını, Aqşinin adını heç yerə yazmırlar, əbədiləşdirmirlər, bəs biz gələcəkdə haradan biləcəyik ki,  onlar bizim qəhrəmanlarımızdır...  Bayramqabağı Orxanın da hərbçi dostları gəlmişdilər. Onlardan biri dedi ki, Aqşin onun rəisi olub.  Elə sözlər danışırdı ki, Aqşindən. Deyirdi li, mən həyatda öyrəndiyim çox əməllərə görə komandirimə borcluyam.

Dursun müəllimə: -Ay Pərvanə, elə bil təsəlli kimi verib o körpəni də Allah. Uşaq dünyaya gələndən sonra öz adını ona qoymaq istədi, razı olmadıq. Sonra Ömər qoydu. Birdən istəyirəm ki, yuxlayam, dərin yuxuya gedəm, barı yuxularımda  sual verib, cavablarımı alım ondan... Bircə dəfə  dəfnindən üç gün keçəndən sonra gəldi yuxuma. Gördüm ki, o həyətdəki hovuzun yanında oturub. Gedib boynunu qucaqladım.  Səsini də eşidirdim. Divandan  yıaılmaq səsinə oyandım. Gəlin də  səsə oyandı. Həyətə qaçdım.  Baxdım ki,  balacalar  yatan evdəki  soba  alov-alov yanır, elə bil bu dəqiqə partlayacaq. Tez kişini durğuzdum ki, get sobanı söndür. Sonra elə bil kimsə məni mal tövləsinə göndərdi. Ora da gedib baxdım ki, inək balalayıb. İnəyin də alt-üstünü rahatladıq ki, balasını basıb öldürməsin. Sonra da deyirlər ruh yoxdu... Aqşinin ruhu gəlib məni xəbərdar edir ki, dur evdəki qəzanın qarşısını al.


Pərvanə bacı: -Orxan da mənim yuxularıma gəlir. Keçən dəfə yuxumda elə gördüm ki, durub gecə həyəti gəzib “Orxan”  deyib çağırırdım, sonra qonşular, Kazım gəlib, aparıblar ki, Orxan nə gəzir...  adamın yuxusuna elə gəlirlər ki, elə bil ki, yaşadığın həyatdadır. Ayılandan sonra yuxu olduğunu bilirsən...  Dünən 11 nömrəli məktəbdən uşaqlar gəlmişdilər.  Muzey kimi bəzəmişəm Orxanın otağını. İndi Vüsalı gözləyirəm ki, gəlsin qalan əşyalarını da düzsün, yerbəyer eləsin.

Dursun müəllimə: -Nərminin, Aminin  üzünə baxa bilmirəm. Ömər böyüyüb “ata” deyəndə mən canımı hara qoyacağam, başımı hara götürüm gedim bu evdən...  “Ata” deyəndə hardan alıb gətirəcəyəm atasını... Nərmin 2-ci sinifdə oxuyur. Atası işdən gələnə yaxın geyinib-keçinib, bəzənib dururdu, forslanırdı ki, atası gələcək. İndi bu evdə otura bilmirlər. Oktyabrın 1-i ad günü olacaq Aqşinin...


Pərvanə bacı:
- Orxan kimi o da torpaqda bitirəcək ad gününü. Axı yara sağalmır. Böyüyəcək, başa düşəcək uşaqlar ki, ataları qəhrəman olub, heç nə... neyləyə bilərik ki...

Dursun müəllimə: - Mən də istəyirəm əşyalarını yığım, şəkillərini böyüdüm... Şəmistan Əlizamanlı gəlmişdi Aqşini dəfn edəndə. Telefon nömrəsini də verdi mənə. Dedi ki, ürəyin istəyən vaxtı zəng elə.  O gün zəng vurmuşdu. Xeyli danışdı, könlümü aldı. Söz verənlərdən zəng edən təkcə odur. Dünən də Cavanşir müəllim gəlmişdi. Mən bilmirdim ki, oğlum belə yüksək vəzifədədir. İnsanlara bu qədər köməkliyi dəyib, yaxşılıqlar edib... İndi gələnlər danışır. 

Pərvanə bacı: -Mən də bilməmişəm Orxan nə işlə məşğul olur...

Dursun müəllimə:  - Aqşin bir başqa aləm idi, möcüzəli uşaq idi.

Pərvanə bacı: - Orxan da möcüzəli uşaq idi. İkinci uşaq həmişə möcüzəli olur.  O ölənə qədər süd dişləri ağzında idi. Deyirdi ki, ana, Vüsalın toyuna gələndə dişlərimi müalicə etdirəcəm.
 

Dursun müəllimə: - Ay Pərvanə, necə dözürsən?

Pərvanə bacı: - Dursun müəllimə , bu dözmək deyil ki, bu yaşamaq deyil ki,.. ancaq o biri oğlumun xatirinə dözüb yaşamalıyam. Bəs Vüsalı neyləyim?  Orxanın iş yoldaşı var idi. Toyuna biz də getmişdik. Qabil idi adı.  Onun tabutunu aparanda, gəlin doğum evində imiş, əsgər dostları deyib ki, biz bu xəbəri o ailəyə necə çatdıraq... 

Dursun müəllimə: -Aqşin haqqında o qədər xatirələrim var ki...  yaxşı ki, gəlinim var yanımda, mən ağlayanda o mənə təskinlik verir. Xuraman deyir ki, nə yaxşı ki, Aqşinin bir kəlməsini iki etməmişəm, yoxsa, indi özümə bağışlaya bilməzdim... sən bildin də, Aqşin öləndə ovcunun içərisində torpaq bükümü olub.  Vətən torpağına şəhadət gətirib. Torpağı əlinə götürüb ki, Tanrının dərgahına yüksələndə ona desin ki, bu torpaq uğrunda 25 ildir ki, müharibə aparırırq, onu qaytarmağa bizə kömək ol, qüvvət ver.... başqa necə ola bilər ki...

İki şəhid anasının dialoqunu beləcə qələmə aldım. Şəhid analarının taleləri də, ağrıları da bir- birinə çox bənzəyir.

Söhbətimizi sona sonuclayanda Aqşin Abdullayevin atası İsmayıl və qardaşı  Aqil də gəldilər:


İsmayıl kişidən soruşdum: - Aqşin necə oğul idi?

-Qızıl bərabəri,- dedi və səsi titrədi. Kişinin göz yaşları sel olub axmağa başladı gözlərindən. Atalar nə yaman ağlayarmış... Atalar necə fağır olarmış oğulları öləndə... Fikirləşdim ki, yəqin atalar ağlayanda Tanrı görmür... Bəlkə də  başı başqa  daha yaxşı işlərə  qarışıq olur. Yoxsa ki, o göylər, bu dünya necə dayanır ataların göz yaşına, niyə qiyamət qoparıb haqqın haqq, nahaqqın nahaq payını vermir... 

– Bir gün Amini, bir gün, Pərvini yatırıram qoynumda. Aqşinin iysini onlardan alıram.- deyərək, gözlərinin yaşını toxdadıb,  söhbətinə davam etdi  İsmayıl kişi:

-Böyük nəvəm İsmayıl hər gün gedir əmisinin məzarı üstünə. Dünən nəvəm Sevinc əmisinin  şəklini götürüb düşüb alt evə, orada şəklə baxaraq ağlayıb yatıb. Anası Aqşinin şəklini qoynunda gəzdirir.  Nəvəm də götürüb bir balaca şəklini qoyub döş cibinə ki, mən də ürəyimin üstündə gəzdirəcəm ki, əmim yuxuma gəlsin... Evdə təkcə mən, gəlin və Dursun bilmirdi Aqşinin şəhid olmağıını. Bütün kənd, qohum əqraba bilib. 

Aqil Abdullayev, qardaşı:


-Biz təkcə qardaş deyildik, həm də dost idik. O xəbəri bizə çatdıranda dedilər ki, qardaşın yaralanıb. Əvvəl getdik, Beyləqanda kirayə qaldıqları evə. Gəlinin atası içəri girəndə gözləri qıpqırmızı idi. Gəlinin xəbəri yox idi. Dedik ki, təzyiqi qalxıb. Sonra bizi  korpus komandiri general-mayor Mais Bərxudarov qəbul etdi.  Təssüflə qeyd etdi ki, Aqşin kimi bir zabiti və döyüşçünü, komandiri  itirmək çox ağırdır.  Dedi ki, ATƏT və Qırmızı Xac Komitəsinin nümayəndələrinin  qərarını gözləyirlər.
“Əgər ermənilər yenə də namərdlik etsə, min dənə şəhid versəm də, əsgərlərimi orada qoymayacağam”,-komandir dedi.
Yanımdakılar danışırdılar ki, komandir ordunu tam  döyüş hazırlığı vəziyyətinə gətirmişdi ki, əgər əsgərlərin ərazidən götürülməsi baş tutmasa, hücuma keçəcək.  Və sonra ATƏT-in, “Qırmızı Xaç”ın iştirakı ilə qaytardılar... Bu ikigünlük müharibədən üç-dörd gün keçməmiş  ordumuzun həmin bölgədə olan əsgərləri  qardaşımın və onunla həlak olan 4 hərbçimizin qisasını aldılar.  Ancaq çətindir... Uşaqların heç birinin üzünə baxa bilmirəm. Oğlum İsmayıl, qızım, Aqşinin uşaqları  məktub yazıb aparıb qoyublar  məzarın altına. Elə biliblər ki, məktub gedib ona çatacaq.  Qızı  Nərmin yazıb ki, “mənim sevimli atam. Mən səni gözləyirəm. Axı sən bu qədər gecikməzdin...”, sonra torpağı qazıb qoyublar torpağın altına. Bir neçə gündən sonra gedib görüblər ki, məktub elə yerindədir.  Nərmin ağlaya-ağlaya anama deyib ki, “niyə atamın üstünü betonlamısınız, indi o bizim məktubları oxuya bilməyəcək..”.
Mənim uşaqlarım Aqşinlə nəfəs alırdılar. Aqşin gələndə onların bayramı olurdu. Gecə-gündüz onun yolunu gözləyərdilər. Onunla fəxr edirdilər. İndi  4 uşağın hamısında bir susqunluq əmələ gəlib... Hamısı kədərin böyüklüyünü, ağırlığını hiss edirlər...

Aqşinin həyat yoldaşı Xuraman xanım:

“Bizim ailə ətrafda hər kəsə nümunə göstərilirdi. O qədər xoşbəxt idim ki... .  Fevralın 23-ü günü zəng vurdum. Dedi narahat olma. Ancaq hiss etdim ki, səsində narahatçılıq var. Aprel döyüşlərində də belə olmuşdu. Həmin döyüşlərdə 15 gün evə gəlmədi. O özü zəng vurmasaydı, mən onu narahat etməzdim. Axırıncı dəfə dedi ki, rəhbərim ilə bərabərik. Məni narahat etmə.  Sonra daha zəng etmədi... Nə qədər gözlədim, xəbər çıxmadı. Artıq telefonu söndürülmüşdü. Hərbçi dostlarımızın xanımlarından soruşdum, dedilər ki, yəqin yenə düşmən tərəfə keçid olub, harda olsa qayıdar. Sonra gördüm ki, qohum-əqraba, dost-tanış gəlir. Ağlıma da gətirməzdim ki, Aqşin ölə bilər. Mən onun ölməyini heç vaxt təsüəvvür etməmişəm. O o qədər həyata bağlı, həyat eşqli insan idi ki...  Bizim elə gözəl arzularımız var idi ki... hələ də inanmaq istəmirəm... Belə olmur, belə yaşamaq olmur... Ancaq Aqşinin anasının, gələcəkdə Aqşini xatırlaya bilməyəcək balaca Ömərin, ən xoşbəxt atalı günlərini xatırlayan Aminin, Nərminin xatirinə yaşamalıyam... Aqşinin arzularını yaşatmalıyam. O övladlarına çox bağlı idi. Ürəyimdə o qədər xatirəsi var ki, o gözəl insandan saatlarla danışsam sözüm bitməz...




SÖZARDI:

Füzuli-Xocavənd bölgəsində yaşayan şəhid atası – Lələtəpə döyüşlərində həlak olmuş Ruhin Qəhrəmanovun Əşrəf Qəhrəmanov Aqşin Abdullayedən haqda:


-Fevralın 24-dən ermənilər üzbəüz səngərlərdə hazırlıqlara başlamışdılar. Bizim əsgərlər də o yerlərdə əliboş oturmurdular.  Hərbi hissəyə ermənilərin təxribat törətmək istəməsi barədə məlumat daxil olanda, Xocavəndin Nərgiztəpə istiqamətindən bizim kəşfiyyatçılar əks-müdafiə və hücum əməliyyatları hazırlayıblar. Bu döyüşdür, bu Vətəndir, əlbəttə onu müdafiə edəndə, onu qoruyanda canından da keçməyi bacarmalısan. Kəşfiyyatda işləyən, əlinə silah alıb keşikdə dayanan əsgər bilir ki, onun savaşında ayrılıq da, ölüm də var. 
Kəşfiyyat bölüyünün komandiri Aqşin Abdullayevin qrupu əks-hücuma keçir. Erməni ilə üzbəüz olan həmin ərazinin hava yolu ilə arası 250 metr ancaq olar. Dərə-təpə səngərlərdir. Aqşin Abdullayev səngərdə döyüşü idarə edir,  tapşırığa gedən öz əsgərlərini izləyir. Necə olursa bu dəfə qrup tələyə düşür, düşmən tərəf  onları görür. Komandir vəziyyəti həmin anda təhlil edərək baxır ki, əsgərləri geri qayıda bilmir, dərhal heç nə fikirləşmədən, bilə-bilə ki, bu yolda qayıtmaq yoxdur,  100 faiz ölümə getdiyini bilə-bilə şahin kimi irəliyə atılır, özünü dostlarına yetirir. Bacardığı qədər  yaralı və ya həlak olmuş əsəgərlərini arxaya gətirir. Lakin ermənilər dərhal onu gülləbaran  edirlər.  Çünki üzbəüz mövqelərdən hər iki tərəf bir-birini aydın görə bilirmiş.

Aqşin öldürüləndə əli kömək etmək istədiyi, arxaya gətirmək istədiyi əsgəri, baş cavuş Zülfi Rəhimovun əlində qalır. Aqşin bilirdi ki, bu döyüşdə geri dönməmək var, lakin özünü əsgərlərinin həyatını itirdikləri təhlükəli yerə atdı. Çünki onların hər biri döyüşdən əvvəl bir-birinə dost andı içiblər. İNAMdır o andın adı. Aqşin əsl qəhrəman kimi hərəkət etdi. Öz əsgərlərini xilas etmək və ya onların yanında ölmək üçün arxada qoyduğu üç balasını da düşünmədi.

Mən onu yaxşı tanıyırdım. Aprel döyüşlərində onun əsgərləri bir neçə erməni tankı məhv etmişdi, o döyüşlərdə də xüsusi fəallıq göstərmişdi. Aqşinin qrupu kəşfiyyat əməliyyatları ilə zaman-zaman düşmənə nə qədər itkilər verdirib.  Həmin döyüşlərdə şəxsi heyətin qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə fəxri-fərmanla təltif olunmuşdu. Aqşini də, həmin gün həlak olan zabitləri də yaxşı tanıyırdım.
İtkilər bizə məlum olandan sonra Xocavəndin icra başçısı Eyvaz Hüseynovun  tapşırığı ilə keçmiş Beyləqan batalyonunun komandiri Akif Həsənov və Qarabağ Veteranlar cəmiyyətinin sədri Tərlanəı, aprel şəhidi Ayaz Hüseynovun atası Ələkbərlə birgə hərbi hissəyə getdik. Bütün veteran əsgərlər yığışdıq ora.  Onların meyitləri neytral ərazidən çıxarılana qədər gözlədik. Orada çox pis nəticələr ola bilərdi. Ermənilər Lələtəpəni, Talış yüksəkliyini götürməyimizlə heç cürə barışa bilmirlər. Hər dəqiqə bu məğlubiyyətin acısını çıxmaq istəyirlər.  Bizim həmin cəbhə xəttində keşik çəkən korpusmuz və ordumuz hər an onların həmlələrini almağa hazırdı. Korpus komandirinin əmri ilə bizim ordumuz çoxdan döyüş və hücum vəziyyətinə gətirilmişdi. Əgər meyitləri qaytarmağa mane olsaydılar və qaytarmasaydılar, qanlı bir döyüş başlayacaqdı. General Mais Bərxudarov deyirmiş ki, “bir əsgərimi də onların  güllələri altında qoymayacağam”. Əsəblər tarima çəkilmiş halda hamı gözləyirdi... Çox ağır saatlar, anlar yaşadıq. General üçün, zabit üçün 1 əsgər min əsgərə, min əsgərin də bir əsgərə bərabər olduğu vaxtlar olur. Döyüşün qanunları belədir.
Fevralın 27-si razılıq əldə olundu və bizimkilər həlak olmuş əsgər və zabitlərimizin meyitlərini oradan çıxardılar.

Hərbi hissənin qarşısında böyük bir izdiham var idi. Eyvaz müəllim orada şəhid ataları, qohumları qaraşısında çıxış etdi, onlara ürək-dirək verdi. Aprel döyüşündə  oğul itirən mən və Ələkbər də danışdıq. Naxçıvandan  oğlunun tabutunu aparmağa gəlmiş Tural Həşimlinin atası Əbdül kişi gəlib boynumu qucaqlayıb ağladı, dedi ki, mənə həyat dərsi keçdiniz. Oğulu Vətən üçün, onu qorumaq üçün böyüdürük. Gecə saat 4-ə qədər Eyvaz müəllimin rəhbərliyi ilə axırıncı şəhidi yola saldıq. Həmin gün həlak olan əsgərlərimiz və zabitlərimizin 5-i də yeni qəhrəmanlıq səlnaməsi yazdılar. Şükür olsun ki, ordumuzun belə cəsur əsgərləri sayəsində ermənilərin növbəti təxribatının qarşısı alındı. Lakin bizim hədəfimiz işğalda olan Azərbaycan torpaqları və Xankəndidir! Onu almayınca , rahat ola bilmərik.


Aida Eyvazlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır