Modern.az

Azərbaycanda bəstəkar qıtlığı var - Bəstəkarlar İttifaqından açıqlama

Azərbaycanda bəstəkar qıtlığı var - Bəstəkarlar İttifaqından açıqlama

29 Mart 2017, 17:34

Son 10-15 il ərzində Azərbaycan efir məkanında, eləcə də, bəzi mədəni təşkilatlar daxilində müxtəlif janrlı musiqi müsabiqələri keçirilib. Onların arasında xalq və bəstəkar musiqisi janrında olan “Xalq ulduzu”, estradanı mühümsəyən “Yeni ulduz”, “Azəristar”, “Akademiya”, muğamı yenidən dirçəldən “Televiziya Muğam Müsabiqəsi” kimi yarışmaların adını çəkə bilərik. Hətta bir neçə il bundan əvvəl telekanalların birində aşıq musiqisi müsabiqəsi də keçirildi. Daha əvvəllər isə telekanallar meyxana yarışmaları təşkil edib.

Maraqlıdır, bəs istər televiziya məkanında, istərsə də ondan kənarda nə səbəbə bəstəkarlar üçün müsabiqələr keçirilmir? Axı bütün mahnılar (muğam və xalq mahnıları xaric) məhz əvvəlcə bəstəkarlar süzgəcindən şıxır. Saysız-hesabsız mahnı müsabiqələrindən əvvəl o mahnıları yaradan bəstəkarları hər hansı müsabiqə ətrafında topmalaq, onlar arasında peşəkarlıq yarışı keçirmək olmazmı?


Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov Modern.az saytına açıqlamasında bəstəkarlar üçün müsabiqələrin niyə təşkil olunmadığının səbəblərini açıqlayıb:

“Hər hansı bir ifaçının-istər xanəndə, istər estrada müğənnisi və s.- işi müsabiqədə hazır  mahnı oxumaqdır. Onlar öyrəndikləri mahnını bir dəfə də oxuya bilər, yüz dəfə də. Bu, bir dəfə pis, növbəti dəfə isə yaxşı alına bilər. Yəni, el məsəlində deyildiyi kimi, papaqçıya dedilər köç, iynəsini papağına sancıb, dedi ki, hazıram.

Amma bəstəkarları hər hansı müsabiqəyə dəvət edəndə onun qarşısına həmin müsabiqənin şərtləri qoyulur. Həmin şərtlərin müqabilində bəstəkar aylarını sərf edərək bir mahnı, əsər ərsəyə gətirir. Bəs həmin ayların müqabilində o, nə qazanır? Onu da bir ölçüb-biçmək lazımdı. Bizim gənc bəstəkarlarımız bu gün xarici ölkələrdə keçirilən müsabiqələrdə iştirak etməyə meyillidirlər. Çünki onlar  oturuşmuş musiqi ölkələridir. Onlarda istər ifaçılıq ənənələri, istər bu tipli müsabiqələr artıq sistemli hala keçib. Bizim bəstəkarlar Hollandiya, Almaniya, Fransa və s. kimi ölkələrdə keçirilən müsabiqələrdə iştirak edirlər. Aralarında o müsabiqələrdə qalib gələnləri də var”.

Sərdar Fərəcov buna baxmayaraq, yaxınlarda gənc bəstəkarları kamera musiqisi üçün müsabiqəyə cəlb edəcəklərini bildirib. Çünki Azərbaycan reallığında hələlik yalnız kamera musiqisi janrında bəstəkarlıq müsabiqəsi keçirmək mümkündür:

 

“Mahnı müsabiqəsi ilə bəstəkarlıq müsabiqələrinin hazırlığı bir deyil, tam fərqlidir. Bəstəkarlar üçün təşkil olunacaq müsabiqələrdə müəyyən şərtlər var. Hər hansı element çatışmasa, ümumi ansamblın işi pozula bilər. Zaman gələr, bir gün Azərbaycanda da böyük bəstəkarlıq müsabiqələri keçirilə bilər. Amma biz bu gün kamera musiqisindən ibarət müsabiqə keçiririk. Bir neçə il bundan əvvəl də keçirmişik. Qalib da Rüfət Xəlilov olub.

Azərbaycanda bəstəkarlıq müsabiqəsini tez-tez keçirmək hələlik, mümkün deyil. Çünki gənc bəstəkarlar öz janrlarında mütəmadi işləmirlər. Bir də görürsən, Konservatoriyanı bitirən gənc bəstəkar mahnı janrına keçir, yaxud, seriallara mahnı yazmağa başladı. Özünü ciddi musiqiyə həsr etmək istəyən fədailər azdı. Musiqinin çox asan yönləri var ki, əsasən, ona meyl edirlər. Bu, hər kəsin öz şəxsi seçimidir. Biz də istərdik ki, Azərbaycanda ciddi bəstəkarlıq müsabiqəsi keçirilsin və yeni-yeni əsərlərin yaranma şahidi olaq. Yəqin, gələcəkdə bu, baş verəcək. İndi üçün isə hələlik, ən yaxşı variant bəstəkarlar üçün kamera musiqisi müsabiqəsi keçirməkdir; həm rahatdır, həm də daha az zaman sərfi olur”.


E.Nazimoğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...